Məhkəmə qərarları › İş №e-2(125)-316/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-316/2024

23.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-316/2024 23.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində cavabdehin əldə etdiyi 1000 (bir min) manat məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 08 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri, 48-ci məhəllə üvanında yerləşən “Milliön” terminalı vasitəsilə pul köçürmə əməliyyatı həyata keçirərkən səhvən 1000 manat məbləğində pulu cavabdehə məxsus hesaba köçürmüşdür. Bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə 20 iyul 2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsi araşdırma zamanı 4169-7388-5910-0806 nömrəli hesabın Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Cavabdeh məxsus olması müəyyən edilmişdir. Cavabdeh Gəncə şəhərində yaşamasını, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmasını, yaralanmasını, hazırda müalicə almasını, maddi vəziyyətinin pis olmasından kömək üçün müraciət etməsini və həmin hesabına köçən 1000 manat məbləğində pulun maddi yardım olmasını zənn edərək xərcləməsini və qaytara bilməyəcəyini bildirmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X1 01 avqust 2023-cü il tarixli qərarına əsasən onun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmçinin iddiaçıya izah olunmuşdur ki, ona məxsus 1000 manat məbləğində pulun səhvən cavabdehə məxsus hesaba köçürülməsi ilə bağlı müvafiq olaraq banka və dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət edilə bilər. Hazırda iddiaçıda olan məlumata əsasən, cavabdeh həmin pul vəsaitini Gəncə şəhəri ərazisində nağdlaşdıraraq mənimsəmişdir. Göründüyü kimi cavabdeh heç bir hüquqi əsası olmadan, iddiaçının səhvi nəticəsində əsassız varlanmışdır. Bu səbəbdən də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış kabineti vasitəsilə məhkəməyə ərizələr ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirməklə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, onu da əlavə etmişdir ki, yolun uzaqlığı və maddi imkansızlıq səbəbindən məhkəmə iclaslarında iştirak edə bilmir. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək iddiaçı tərəfindən onun kart hesabına 1000 manat məbləğində pul köçürüldüyünü etiraf etmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, iddiaçının pulunu nağd şəkildə verə bilməyəcək, hazırda işləmir. Maddi imkansızlığı ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə yaxınlaşmış, bundan sonra kartına 1000 manat məbləğində pul gəlmiş, həmin pulu ona dövlət tərəfindən verildiyini zənn edib xərcləmiş, 1 ay sonra isə iddiaçı tərəfindən pulun səhvən köçürülməsi barədə ona zəng gəlmişdir. Bununla belə, məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə, məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş, «eManat»a məxsus 86671 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, terminal nömrəsi 383, terminal ünvanı Sumqayıt şəhəri, Koroğlu prospekti, 18-ci MKR dairəsi olan “eManat” ödəniş vasitəsi ilə xx.xx.2023cü il tarixdə, saat 13:31-də, hesab nömrəsi ********************, Kapitalbankİd ********************, əməliyyat nömrəsi ********** olmaqla Cavabdeh məxsus 4169-7388- 5910-0806 nömrəli “KapitalBank” bank kartına 1000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı qeyd edilən 4169-7388-5910-0806 nömrəli hesabın Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Cavabdeh məxsus olması müəyyən edilmişdir. Cavabdeh Gəncə şəhərində yaşamasını, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmasını, yaralanmasını, hazırda müalicə almasını, maddi vəziyyətinin pis olmasından kömək üçün müraciət etməsini və həmin hesabına köçən 1000 manat pulun maddi yardım olmasını zənn edərək xərcləməsini, qaytara bilməyəcəyini bildirmişdir. Həmçinin sözügedən qərar ilə İddiaçı ona məxsus 1000 manat məbləğin səhvən Cavabdeh hesabına köçürülməsi ilə bağlı müvafiq olaraq müvəkkil banka və dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırki iş üzrə iddiaçının səhvən cavabdehin bank kartına 1000 manat məbləğində pul vəsaitini göndərməsi və cavabdehin həmin pul vəsaiti hesabına əsassız varlanması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh məhkəmənin hazırlıq iclaslarında iştirak edərək iddiaçıdan səhvən onun bank kartına 1000 manat məbləğində pul vəsaiti köçürüldüyünü, lakin həmin pul vəsaitini xərclədiyini və maddi imkanı olmadığından nağd qaydada qaytara bilməcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmənin qənaətinə görə, cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan, ümumiyyətlə özünə məxsus olmayan pul vəsaitinin səhvən iddiaçı tərəfindən onun kart hesabına köçürülməsi ilə əsassız varlanmışdır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, iddia tələbi təmin edilməlidir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Məhkəmə xərcinə görə 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar