Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3651/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «qeyri-yaşayış sahəsinin boşaldılması» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınmaqla tam boşaldılaraq, mülkiyyətçi olan iddiaçıya təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ş.İ.Abdullayev iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC 26 may 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 8 kv.m, ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini alaraq tam mülkiyyət hüququ əldə etmişdir və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir. Hazırda iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin cavabdehin istifadəsində olması iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və iddiaçının mülkiyyətində olan daşınmaz əmlak üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən o hesab edir ki, qeyri-yaşayış sahəsi tamamilə boşaldıİmalıdır. İddiaçı ASC tərəfindən Cavabdeh qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə rəsmi məktub ünvanlansa da, daşınmaz əmlak boşaldılaraq iddiaçıya təhvil verilməmişdir. Sonda Ş.İ.Abdullayev iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli 2(043)-1890/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 25 fevral 2015-ci il tarixli 01 nömrəli kredit müqaviləsinə əsasən 3.623 ABŞ dolları 79 sent əsas borc, 1.116 ABŞ dolları 38 sent faiz borcu, cəmi 14.740 ABŞ dolları 17 sent kredit borcu qətnamə icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsinə uyğun ödənilməklə və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı ASC-nin xeyrinə verilməsi, borcun tutulmasının ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli 2(043)-1890/2016 nömrəli qərardadın surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli, 2(043)-1890/2016 saylı icra sənədindəki yanlışlığın düzəldilməli və həmin icra vərəqəsində tutmanın Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 30.000 manat müəyyən edilməsi qeyd olunmalıdır. İşdə olan 26 may 2022-ci il tarixli, 144/22 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun surətindən görünür ki, 26 may 2022ci il tarixdə Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi İddiaçı ASC tərəfindən 19.125 manat məbləğinə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışından görünür ki, hazırda ünvan 1 ünvanında yerləşən 8 kv.m, ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin mülkiyyətindədir. İşdə olan 28 mart 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh bildirilmişdir ki, hazırda banka məxsus qeyri-yaşayış sahəsinin Cavabdeh istifadəsində olması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan daşınmaz əmlak üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Cavabdeh ünvan 1 ünvanında yerləşən 8 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini 5 gün ərzində tam boşaldaraq Banka təhvil verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh məxsus olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi kredit öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnaməsinə əsasən kredit borcu üzrə tutma həmin qeyri-yaşayış sahəsinə yönəldilmiş və həmin əmlak iddiaçının mülkiyyətinə keçmişdir. Lakin qeyriyaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsindən 1 ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmiş, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh özünə məxsus olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etməklə qanundan irəli gələrək öz üzərinə tutma ipoteka predmetinə yönəldildikdə və qeyri-yaşayış sahəsi başqasının mülkiyyətinə keçdikdə oranı tərk etmək və yeni mülkiyyətçiyə təhvil vermək öhdəliyi götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 8 kv.m, ümumi sahədən ibarət qeyriyaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılmalı və İddiaçı ASC-yə təhvil verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti iddiaçıdan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. ünvan 1 ünvanında yerləşən 8 kv.m, ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılsın və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-3651/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3651/2023
21.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver