Məhkəmə qərarları › İş №e-2(125)-3737/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3737/2023

26.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3737/2023 26.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22000 manat borcun, vəkil xidməti üçün ödədiyi 200 manatın və ödənilmiş 157 manat dövlət rüsumunun, ümumilikdə 22357 manat pul vəsaitinin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Rusiya Federasiyasının Rostov şəhərində tanış olduğu, daimi qeydiyyat və yaşayış yeri Gəncə şəhəri olan cavabdehə 2022-ci ilin dekabr ayının əvvəllərində alver etmək məqsədilə öz aralarında razılaşaraq 27000 manat dəyərində meyvə-tərəvəz malları vermişdir ki, həmin malları satıb, ona borclu olduğu 27000 manat pulu qaytarsın. Lakin cavabdeh 2022-ci ilin dekabr ayının 5-də, verdiyi meyvə-tərəvəzləri satmasına baxmayaraq borcunu qaytarmamış və ondan xəbərsiz satdığı meyvə-tərəvəzlərin pulunu da götürərək Azərbaycan Respublikasına qayıtmışdır. O, bu olanlar barədə məlumat aldıqdan sonra dəfələrlə cavabdehə zəng edərək pulunu istəmişdir, cavabdeh isə hər dəfə müxtəlif vədlərlə və bəhanələrlə onu aldadaraq pulunu verməmişdir. Sonradan cavabdeh 27000 manat borcundan ona cəmi 5000 manatını qaytarsa da, qalan 22000 manat borcunu isə bugünədək qaytarmamışdır. Cavabdehin ona olan 22000 manat borcu ilə bağlı Yevlax rayon Polis şöbəsinə şikayət etmiş, lakin həmin şikayətinə mülki xarakterli olduğu üçün baxılmamış və ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmənin hazırlıq iclasında ərizə verərək iddianı qismən qəbul etdiyini bildirmiş, ailə vəziyyətini, himayəsində üç uşağının olmasını və atası-anasının xəstə olmasını nəzərə alaraq pulun hissə-hissə ödənilməsinə kömək edilməsini məhkəmədən xahiş edərək əlavə etmişdir ki, iddiaçı onunla alver edibdir, o Azərbaycana gəldikdən sonra aldığı malları iddiaçı Rostova qaytarıb, malları sata bilməyib, bundan sonra isə ondan 27000 manat pul tələb etməyə başlamışdır. Onun iddiaçıya olan borcu 14000 manat olub, həmin borcundan isə 5000 manatını qaytarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, borcunun olduğunu qəbul edir, amma borcu iddiaçının tələb etdiyi miqdarda deyil. Belə ki, iddiaçı ilə Bakıda görüşmüşdür, onu polis bölməsinə aparıb, izahatını alıb buraxmışlar. İddiaçıdan nağd pul almamışdır, mal götürüb satmışdır. Onun iddiaçı ilə arasında 9000 manat borcu qalıb, həmin borcu da ididaçıya qaytaracaq. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsində hazırki iş üzrə iddiaçının müraciəti əsasında toplanmış materiallara dair Şöbənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı iddiaçı ərizəsində və izahatında bildirmişdir ki, cavabdehlə 6 ay bundan qabaq Rusiyanın Rostov şəhərində bazarda meyvə-tərəvəz satarkən tanımışdır, 2022-ci ilin dekabr ayında cavabdehi RF-nin Rostov şəhərində 22 min manat dəyərində meyvətərəvəz mallarını satması üçün vermişdir, 2022-ci ilin dekabr ayının 5-də həmin malların satılmasına baxmayaraq bugünədək həmin malların pulunu qaytarmayıb, dəfələrlə ona zəng etsə də, yalan vədlər verərək borcunu qaytarmamışdır, həmin pulun alınıb qaytarılmasında ona köməklik edilməsini xahiş etmişdir. Həmin material üzrə Yevlax Rayon Polis Şöbəsində verdiyi izahatında cavabdeh bildirmişdir ki, Rusiya Federasiyasının Rostov şəhərində meyvə-tərəvəz alveri etmişlər, 2022-ci ildə iddiaçı ona 22000 manatlıq meyvə-tərəvəz vermişdir ki, onun pulunu satıb qaytarsın. Sitrus meyvələri olduğundan onları sata bilməmiş, meyvələr məhv olmuşdur. İddiaçı bunları özü bilir, özü də görüb ki, o, yəni cavabdeh ziyana düşmüşdür. Əvvəlcə Rusiyada işləyib, pulu az-az qaytaracağına razılaşmışlar. Həmin borcundan 5000 manatı qaytarmışdır, sonra uşağı və atası xəstə olduğuna görə Azərbaycana gəlmişdir, burda isə maddi imkanı yaxşı olmadığına görə borcunu ödəyə bilməmişdir. İddiaçı ilə razılaşmışdır ki, may ayının 15-dən 20-dək Rusiya Federasiyasına gedib əvvəlki kimi işləyib, Rusiyada borcunu qaytaracaq. İş materiallarından görünür ki, qeyd edilən məktubla, eləcə də xx.xx.2023-cü il tarixli arayışla Şöbə tərəfindən iddiaçıya, araşdırma zamanı müraciətdə göstərilən xüsusatların mülki xarakterli olmasının müəyyən edildiyi bildirilmişdir. Hazırki işə baxılarkən cavabdeh izahatında və yazılı ərizəsində Rusiya Federasiyasında iddiaçı ilə alış-veriş etdiklərini, iddiaçıdan meyvə-tərəvəz aldğını, ona 14000 manat borcunun qaldığını və həmin məbləğdən də 5000 manatını qaytardığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Rusiya Federasiyasında cavabdehin iddiaçıdan meyvətərəvəz alması, yəni tərəflər arasında meyvə-tərəvəzlə bağlı nisyə alğı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh məhkəməyə təqdim etdiyi ərizəsində müvafiq qeydlər apararaq Rusiya Federasiyasında iddiaçı ilə alış-veriş etdiklərini, iddiaçıdan meyvə-tərəvəz aldığını etiraf etmişdir. Beləliklə, tərəflər arasında “nisyə alğı-satqı müqaviləsi”nin bağlanması işin müəyyən edilmiş halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (maddə 427.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (maddə 529.1). Hazırki iş üzrə tərəflər arasında yalnız malın dəyərinin qaytarılması ilə bağlı mübahisə vardır. Belə ki, iddiaçı 27000 manat dəyərində meyvə-tərəvəz üzrə cavabdehin borcundan cəmi 5000 manatını qaytardığını, qalan 22000 manat borcunu qaytarmadığını iddia edir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi ərizəsində və izahatında iddiaçıdan meyvə-tərəvəz aldğını, ona 14000 manat borcunun qaldığını və həmin məbləğdən də 5000 manatını qaytardığını bildirir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından qeyd edilən müqavilə üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsini iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh məhkəmədə 14000 manat borcunun qaldığını və həmin məbləğdən də 5000 manatını qaytardığını bildirsə də yuxarıda adı çəkilən material üzrə Yevlax Rayon Polis Şöbəsində verdiyi izahatında Rusiya Federasiyasının Rostov şəhərində iddiaçı ilə meyvə-tərəvəz alveri etdiklərini, 2022-ci ildə iddiaçının ona 22000 manatlıq meyvə-tərəvəz verdiyini, sitrus meyvələri olduğundan onları sata bilmədiyini, meyvələrin məhv olduğunu, həmin borcundan yalnız 5000 manatını qaytara bildiyini qeyd etmişdir. Məhkəmə nəzərə alır ki, MPM-ə əsasən hakim iddia ərizəsini icraata götürdükdən sonra 5 gün müddətində iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən şəxslərə göndərilməsini və ya rəsmi qaydada verilməsini təmin edir (maddə 168.1). İşdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (maddə 184.2). MPM, həmçinin müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Eyni zamanda, MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə tərəfindən işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər cavabdehə rəsmi qaydada verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etmiş, məhkəmə işdə mövcud olan sübutlar əsasında işə çəkişmə şəraitində baxmışdır. Öz tələblərinin və etirazlarının əsası kimi istinad olunan halları sübut etmək yükü müvafiq tərəfin üzərinə düşür. Tərəflərin iş üzrə toplanmış digər sübutlarla təsdiq olunan izahatları sübut növlərindən biri kimi çıxış edir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya sözügedən müqavilə üzrə 22000 manat borcunun qalması faktının cavabdehin polis şöbəsində verdiyi izahatı ilə təsdiq olunması iddiaçını bu faktı sübut etmə vəzifəsindən azad edir. Məhkəmə qeyd edir ki, baxılan iş üzrə iddiaçının sübutlarının mötəbər olmadığını, iddiaçıdan 22000 manat deyil, 14000 manat dəyərində meyvə-tərəvəz aldığını və həmin məbləğdən də 5000 manat qaytardığını sübut etmək yükü cavabdehin üzərində olmuş, lakin cavabdeh məhkəmə prosesində iştirak etsə də bununla bağlı hər hansı mötəbər sübuta istinad etməmiş, etirazını yalnız sözlə ifadə etməklə kifayətlənmişdir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə təhvil verilmiş, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni iddia tələbində qeyd edilən məbləğdə borcunu ödəməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin iddiaçı tərəfindən 200 manat məbləğində vəkilə çəkilən xərclərin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1.-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən, eləcə də hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğin müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən məbləğ ağılabatan olduğundan, həmin 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 156 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 22000 (iyirmi iki min) manat, vəkil xidməti üçün ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 156 (bir yüz əlli altı) manat, ümumilikdə 22356 (iyirmi iki min üç yüz əlli altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar