Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3759/2024 28.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona olan etimadından sui-istifadə edərək onu aldadaraq ələ keçirdiyi 17000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla yaxın münasibətdə olan, əvvəllər onunla birlikdə xarici ölkələrdən Azərbaycana avtomobil gətirərək satmaqla məşğul olduğu Cavabdeh 2021-ci ilin sentyabr ayında ona bildirmişdir ki, Ukrayna Respublikasından ucuz qiymətə şəkər tozu gətirərək satıb gəlir əldə edə bilərlər. Cavabdeh iddiaçıya bunun üçün müəyyən miqdarda pul lazım olduğunu və həmin pulu taparaq onunla biznesə qoşulmağa, şəkər tozu alverinə qoşulacağı halda xeyli miqdarda qazanc əldə edəcəyinə inandırmışdır. O cavabdeh ilə əvvəllər xarici ölkələrdən Azərbaycana avtomobil gətirərək satdıqlarından, onunla yaxın münasibətdə olduğundan ona etibar edərək səmimiyyətinə inanmışdır. İddiaçı özünün pulu olmadığından xalası X1 9000 manat (doqquz min) borc pul alaraq cavabdehə Ukraynadan şəkər tozu gətirməsi üçün vermişdir. Cavabdeh ona verdiyi 9000 manatın müqabilində ona həmin pulun dövriyyəsindən hər ay 1000 manat qazanc verəcəyini vəd etmiş və ilk 4 ayda ona hər ay 1000 manat vermişdi. O, isə həmin 1000 manat pulun 500 manatını 4 ay müddətində hər ay xalası X2 vermişdir. Eyni zamanda iddiaçının qohumu olan X7 ona özünə maşın almaq istədiyini bildirmiş və cavabdehin xarici ölkədən maşın gətirərək satdığını bildiyindən cavabdehə özünə maşın gətirməsi üçün onun vasitəsi ilə 7000 manat pul vermişdi. Bundan başqa, cavabdeh ona xarici ölkədən avtomobil gətirəcəyini və bunun üçün əlavə pula ehtiyacı olduğundan ona pul tapmağı, pul verəcək adamla əldə ediləcək qazancı üç yerə böləcəklərini demişdir. İddiaçı qohumu və dostu Ramin Ramazanova cavabdehin təklifini bildirmiş, Ramin Ramazanov həmin təkliflə razılaşaraq cavabdehə onun vasitəsi ilə 8000 manat pul vermişdir. Cavabdeh xarici ölkədən gətirdiyi avtomobili satıb onlara bildirmişdir ki, həmin satışdan 700 manat gəlir əldə edib, avtomobil Raminin verdiyi pul ilə gətirildiyindən Raminə 400 manat, ona 150 manat vermiş və guya 150 manat da özünə qalmışdı. Lakin cavabdeh müxtəlif bəhanələrlə X5 gətirəcəyi avtomobili üzə çıxarmadıqda və telefonları söndürərək onunla əlaqəni kəsdikdə o, başa düşmüşdür ki, cavabdeh onu aldadıb və nə qohumu X5 avtomobil gətirib, nə də Ukraynadan şəkər tozu gətirib. Əslində cavabdeh iddiaçının ona olan etimadından sui-istifadə edərək onun vasitəsi ilə digər şəxslərdən pul alaraq dələduzluqla məşğul olub, heç bir kommersiya fəaliyyəti ilə məşğul olmayıb, ondan aldığı pullardan istədiyi kimi istifadə edərək müxtəlif yollarla xərcləmiş, həmin pullardan ilk aylarda ona cüzi məbləğdə pul verərək guya həmin pulların dövriyyəsindən olan qazanc kimi qələmə verərək onu inandırıb. O aldadıldığını başa düşdüyü andan cavabdehin dələduzluq əməllərindən zərərçəkmiş digər şəxs X6 və anası X4 ilə cavabdehin evinə gedərək onun pulunu cavabdehdən tələb ediblər. Lakin cavabdeh Gəncədən qaçdığı üçün valideynləri qapını açmadığından anası Həsənova Gülayət səsküy salmışdır. Bundan sonra Cavabdeh valideynləri qapını açmışlar. Qədir və anası Elvinin valideynlərindən Elvinin ondan aldadaraq aldığı 24000 manatı tələb etdikdə Elvinin anası Vəfa onlara həyətində olan “Mercedes-Benz” markalı avtomobilin açarlarını vermişdir. Qədir isə həmin avtomobili sürərək onlara gətirmiş və o, həmin avtomobili 7000 manata sataraq həmin pulun üzərinə 1250 manat (cavabdehin Babayev Elvinə guya gətirəcəyi avtomobil gömrük baxışında vaxtından artıq müddətə qaldığı üçün hesablanmış cərimə) əlavə edib Elvin Babayevə olan 8250 manat borcu ödəmişdir. Ramin Ramazanov isə ondan cavabdehə verdiyi pulları və həmin pulların qaytarılmaması səbəbindən çəkdiyi zərəri tələb etdiyindən o, Ramin Ramazanova bankdan kredit götürərək, borca girərək 11300 manat pul ödəmişdir. Daha sonra o cavabdeh ilə görüşərkən cavabdehdən onu aldadaraq ondan aldığı pulların bir hissəsi olan 17000 manat pulu tələb etmişdir. Cavabdeh ona 17000 manat pul borclu olduğunu görüş zamanı etiraf etmiş və evini sataraq həmin pulu ona ödəyəcəyini demişdir. Cavabdehin eyni dələduzluq əməllərindən zərərçəkmişlər kimi o və digər şəxslər olan X6, X3, X7, X8 birlikdə xx.xx.2022 tarixində Gəncə şəhər Baş Polis İdarəsinə şikayət etmişlər və şikayətə əsasən Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən AR CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə cinayət işi başladılaraq istintaq davam etdirilmiş və ittiham aktı tərtib edilərək Gəncə şəhər Prokurorluğuna göndərilmiş, cavabdeh barəsində polisin nəzarətinə verilməklə Gəncə Şəhər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi başlamışdır. Gəncə Şəhər məhkəməsinin xx.xx.2024 tarixli, 1(125)-38/2024 saylı hökmü ilə Əliyev cavabdeh barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması qərarı qəbul edilmişdir. Məhkəmə hökmündə ona dəymiş zərərin ödənilməsi üçün mülki məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin əsaslı olduğunu bildirdi və əlavə etdi ki, hazırkı tələb tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədardır, bununla belə işin kommersiya məhkəməsinə göndərilməsinə etiraz edir, həmçinin hazırda sahibkarlıq fəaliyyətini dayandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, hazırda işin kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyət məsələsini həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına əsasən MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (bənd 13). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, tərəflər fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Belə ki, vergi uçotuna alınmış İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və fəaliyyət istiqaməti – avtomobillərin komisyon agentləri tərəfindən pərakəndə satışı fəaliyyətidir (VÖEN: **********). Həmçinin, vergi uçotuna alınmış Cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və şəxsi maşınların sürücü ilə icarəsi ilə məşğul olur (VÖEN: **********). İddia ərizəsinə görə, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN: **********) ilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN: **********) arasında olan hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar müqavilə münasibətlərindən yaranmışdır. Göründüyü kimi, tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və iddia ərizəsinə görə tərəflərin aralarındakı münasibətlər birgə sahibkarlıq fəaliyyəti ilə əlaqədar müqavilə münasibətlərindən yaranmışdır, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisədir. Beləliklə, hazırkı mübahisənin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər arasında sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya mübahisəsi olduğu müəyyən olunur. Həmçinin, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə kommersiya mübahisəsi hesab edildiyindən ona ümumi məhkəmədə deyil, müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə tərəfindən işin məhkəmə aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Məcəllənin 403-1.2ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-in 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 35, 263, 264 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası barədə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət edilməklə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3759/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3759/2024
28.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver