Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3937/2025 13.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdehlər Gəncə şəhər İcra şöbəsinin icra məmuru X1 və Gəncə şəhər 3 saylı notariat ofisinin notariusu X3 qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyətini maraqlı şəxs qismində göstərməklə) “notariat ofisinin aparılmış icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Gəncə şəhər İcra şöbəsinin icra məmuru X1 və Gəncə şəhər 3 saylı notariat ofisinin notariusu X3 qarşı ("xxxx" ASC-ni maraqlı şəxs qismində göstərməklə) “notariat ofisinin aparılmış icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Gəncə şəhər 3 saylı notariat ofisi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 8t-1961 saylı icra qeydinin icraatına xitam verilib ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh Gəncə şəhər icra şöbəsinin icra məmurundan ona aid qeyd etdiyi icra işinin tələb edilib, iş üzrə ekspertiza təyin edilib onun faktiki borcunun müəyyən edilməsi, bununla əlaqədar icra işinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa aid tələblər öz əksini tapmışdır. Belə ki, MPM-in 149.2.2, 149.2.3 və 149.2.5-ci maddələrinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. İddiaçı ərizəsində "xxxx" ASC-ni “maraqlı şəxs” qismində göstərmişdir. Halbuki, hazırki iş iddia icraatı qaydasında baxılmalı olan işdir və mülki-prosessual qanunvericiliyə əsasən iddia icraatı qaydasında baxılan prosesdə tərəflər (iddiaçı və cavabdeh), mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən və müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iştirak edirlər. Maraqlı şəxslər xüsusi icraat qaydasında baxılan işlər üzrə iştirakçıdır. Belə ki, MPM-in 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Məhkəmə hesab edir ki, "xxxx" ASC, iddia icraatı qaydasında baxılan mülki prosesdə maraqlı şəxs kimi çıxış edə bilməz. Bununla da iddia ərizəsində faktiki olaraq işdə iştirak edən şəxsin adının düzgün göstərilmədiyi, iddia ərizəsinin forma və məzmununa aid tələblərin pozulduğu müəyyən olunur. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı tələbində iddiaçı həm onun barəsində Gəncə şəhər 3 saylı notariat ofisi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 8t-1961 saylı icra qeydinin icraatına xitam verilməsini, həm ləğv edilməsini, həm də cavabdeh Gəncə şəhər icra şöbəsinin icra məmurundan ona aid qeyd etdiyi icra işinin tələb edilib, iş üzrə ekspertiza təyin edilib onun faktiki borcunun müəyyən edilməsi, bununla əlaqədar icra işinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş edir. Digər tərəfdən, iddiaçı ərizəsində Gəncə şəhər İcra şöbəsi icra məmuru X2 və Gəncə şəhər 3 saylı notariat ofisinin notariusu X4 cavabdehlər qismində qeyd etmişdir. Göründüyü kimi, tələblər qeyri-müəyyən olmaqla bir-biri ilə əlaqəli deyil, iddiaçı xahişinin konkret nədən ibarət olmasını, cavabdehlərin hər birinə qarşı hansı tələbin yönəldiyini, ümumiyyətlə tələbinin hüquqi şəxslərə, yoxsa fiziki şəxslərə yönəldiyini aydın ifadə etməmiş, iş üzrə ekspertiza təyin edilib onun faktiki borcunun müəyyən edilməsi tələbinin qeyd etdiyi cavabdehlərə hansı aidiyyətinin olmasını göstərə bilməmiş, icra işinin dayandırılması tələbinin iddia icraatı qaydasında baxılmalı tələb olmasını və ya bu xahişinin tələb deyil, vəsatət olduğunu əsaslandırmamışdır. Bundan başqa, iddiaçı nəzərə almamışdır ki, hazırda Gəncə şəhər İcra şöbəsi adlanan hüquqi şəxs mövcud deyil. Eyni zamanda, məhkəmə qeyd edir ki, tələbin hüquqi şəxslərə, yoxsa fiziki şəxslərə yönəldiyi aydın olmadığından hazırki işin ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını da müəyyən etmək mümkün deyil. MPM-in 152.1.1 və 152.1.7-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Gəncə şəhər İcra şöbəsinin icra məmuru X1 və Gəncə şəhər 3 saylı notariat ofisinin notariusu X3 qarşı ("xxxx" ASC-ni maraqlı şəxs qismində göstərməklə) “notariat ofisinin aparılmış icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3937/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3937/2025
13.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver