Məhkəmə qərarları › İş №e-2(125)-4294/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4294/2025

21.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4294/2025 21.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 122000 manat pulun və ödənilmiş 412 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tanışı Cavabdeh 11 sentyabr 2021-cü il tarixində 122000 manat pul borc vermişdir. Cavabdeh ona olan borcunu 11 sentyabr 2022ci il müddətdə qaytaracağını bildirmiş və onun bu öhdəliyi barədə notarial qaydada müqavilə bağlamışlar. Ancaq razılaşdırılmış müddətin bitməsinə baxmayaraq, cavabdeh pulu qaytarmır. Cavabdehə dəfələrlə bu barədə bildirsədə, cavabdeh, onu aldadaraq hər dəfə borcunu yaxın müddətdə qaytaracağını, müxtəlif bəhanələr gətirərək pulu qaytarmır, öhdəliyini icra etmir. O pulunu cavabdehdən məhkəmədənkənar ala bilmədiyinə görə məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun vəzifəsinin icrasını tələb etmək hüququ var. Məhkəmədə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla, işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi olan vəkil Nümayəndə dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan, təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2--ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1 -ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Mülki işin materiallarında olan, İddiaçı ilə Cavabdeh arasında 11 sentyabr 2021-cü il tarixdə bağlanmış və Gəncə şəhər 2 saylı notariat ofisində təsdiq edilmiş kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh 122000 (yüz iyirmi iki min) manat pul borc vermişdir, cavabdeh isə həmin borcunu 11 sentyabr 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh məhkəməyə gəlməmiş və ona qarşı irəli sürülən iddiaya heç bir etiraz bildirməmişdir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi sübutları işin hallarının müəyyən edilməsində mötəbər sübutlar kimi qəbul edərək, belə qərara gəlir ki, Cavabdeh 11 sentyabr 2021-cü il tarixdə İddiaçı 122000 (yüz iyirmi iki min) manat məbləğində pul borc alması və həmin məbləğdə borcunu qaytarmaması işin faktiki halları kimi təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia edilən 122000 manat məbləğində borcun qaytarılması tələbi əsaslıdır. Beləliklə də məhkəmə iş üzrə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 122000 manat məbləğində pul alınıb, İddiaçı verilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 412 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, iddiaçı tərərfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 412 (dörd yüz on iki) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 12200 (bir yüz iyirmi iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 412 (dörd yüz on iki) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar