Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4656/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «müqavilənin ləğv edilməsi və pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə "xxxx" ASC Cavabdeh qarşı Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli BPM**********66 nömrəli «Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilə»nin ləğv edilməsi, 357 saylı depozit seyfinin açılaraq orada olan əmlakın "xxxx" ASC-nin saxlancına verilməsi, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 770 manat məbləğində depozit seyfinin icarə haqqının və dövlət rüsmunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, BPM**********66 nömrəli «Depozit seyfinin icarəyə verilməsi haqqında müqavilə»dən görünür ki, Bank «Seyf» adlanan 357 saylı depozit seyfini, seyfin açarlarını 3 ay müddətində Müştərinin istifadəsinə verməyi, Müştəri isə müqavilə üzrə müəyyən edilmiş komisyon haqqı ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli, 352 nömrəli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli, BPM**********66 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş 770 manat borc yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 10 gün müddəti ərzində seyfin boşaldılaraq banka təhvil verilmədiyi və hesablanmış icarə haqqı ödənilmədiyi halda seyfin bank tərəfindən məcburi qaydada açılması və həmin vaxtadək ödənilməmiş icarə haqqının ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli. BPM**********66 nömrəli balansdankənar məxaric orderinin surətindən görünür ki, 357 saylı depozit seyfi "xxxx" ASC tərəfindən Cavabdeh təhvil verilmişdir. İşdə olan sübutlarla təsdiq olunur ki, 357 saylı depozit seyfi tərəflər arasında 1 il müddətə bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********66 nömrəli «Depozit seyfinin icarəyə verilməsi haqqında» müqaviləsinə əsasən müqavilənin imzalandığı andan etibarən "xxxx" ASC tərəfindən Cavabdeh 3 ay müddətə icarəyə verilmişdir. "xxxx" ASC öz öhdəliyini tam şəkildə yerinə yetirməsinə baxmayaraq, Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, icarə müddəti bitdikdən sonra "xxxx" ASCyə getməmiş və ötən müddət üzrə ödənişlər etməmişdir. Bununla da "xxxx" ASC Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.2-ci maddəsinə uyğun olaraq borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 944.1-ci maddəsinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 946.1-cı maddəsinə görə bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********66 nömrəli «Depozit seyfinin icarəyə verilməsi haqqında» müqavilə ləğv edilmiş hesab olunmalı, "xxxx" ASC-də olan 357 saylı depozit seyfi açılaraq orada olan əmlak "xxxx" ASC-nin saxlancına verilməli və Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2025-ci il tarixədək ödənilməmiş icarə haqqının əvəzi qismində 770 manat pul vəsaiti tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********66 nömrəli «Depozit seyfinin icarəyə verilməsi haqqında» müqavilə ləğv edilmiş hesab olunsun. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 357 saylı depozit seyfi açılaraq orada olan əmlak "xxxx" ASC-nin saxlancına verilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********66 nömrəli «Depozit seyfinin icarəyə verilməsi haqqında» müqavilə üzrə xx.xx.2025-ci il tarixədək ödənilməmiş icarə haqqının əvəzi qismində 770 (yeddi yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-4656/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4656/2025
08.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver