Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4709/2024 25.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh2 nümayəndəsi, Vəkil2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 177 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 500 manat pulun alınaraq İddiaçı Rafiq qızına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və onun əri Cavabdeh2 öz qardaşı qızı X4 vasitəsi ilə tanımışdır. Belə ki, cavabdehlər onun qardaşı qızı Səmayə ilə kirvə olmuşlar. 2023-cü ilin iyun ayında iddiaçının qardaşı qızı Səmayə sonuncuya kirvələri Səbinə və İsmayıl ilə iş quracağını bunun üçün ona pul verməsini xahiş etmişdir. Eyni zamanda Səmayə kirvələri ilə qurduqları işdən əldə etdikləri gəlirdən ona da verəcəyini demişdir. Belə olan halda o, həmin tarixdən müxtəlif vaxtlarda cavabdehlərin kart hesabına hissə-hissə ümumilikdə 28800 manat pul göndərmişdir. Cavabdehlər ona heç bir pul ödəməmiş, Cavabdeh1 özü əl yazısı ilə qəbz yazmışdır ki, ona olan borcun müqabilində atası Əbülfət Hüseynzadəyə məxsus evi satıb onun pulunu qaytaracaqdır. Lakin, iddiaçı pulu tələb etdikdə cavabdehlər hər dəfə müxtəlif bəhanələr gətirmişlər. İddiaçı mövcud vəziyyətlə bağlı DİN102 xidmətinə zəng edərək şikayət etmiş, daha sonra Göygöl rayon Polis Şöbəsində tərəflərin izahatı alınmış və cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərdiyi xüsusatlara uyğun izahat vermiş, həmçinin izahatında qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh2 ilə onun arasında borcla bağlı hər hansı bir razılaşma olmamışdır. Cavabdeh2 şəxsən özünə heç bir məbləğdə pul verməmişdir. Buna baxmayaraq, hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 ər arvad kimi birlikdə iş görmələri üçün qeyd edilən məbləğdə ondan borc aldıqlarından borcu birlikdə qaytarmalıdırlar. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə izahatında iddianın əsaslı olduğunu, cavabdehlərin borcu birgə nikah dövründə aldıqlarından və ailənin ümumi ehtiyacları üçün istifadə etdiklərindən birgə borclular kimi də qaytarmalı olduqlarını vurğulayaraq, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iştirak etmiş və izahatında bildirmişdir ki, iddiaçı ilə X2 vasitəçiliyi ilə tanış olmuşlar və X1 28800 manat pul almış, lakin bu barədə ərinə heç bir məlumat verməmişdir. Hətta onun kart hesabına 2000 manat pul yükləndiyi zaman da ona bunun lotereya ilə bağlı yığılmış pul olduğunu bildirmişdir. Həmin 28800 manat pulu başqa şəxsə vermiş, həmin şəxs də onu aldadaraq pulu mənimsəmişdir. Sonradan dəfələrlə həmin şəxslə əlaqə saxlayıb pulu geri qaytarmaq istəsə də, onunla əlaqə saxlaya bilməmişdir. Bu barədə ərinin məlumatı olduqda isə ailədə narazılıq yaranmış və bu səbəbdən nikahları da pozulmuşdur. Sonda həmin məbləğdə borcunu ödəmədiyini etiraf edərək borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmədə Cavabdeh2 nümayəndəsi, Vəkil2 iştirak etmiş və izahatında bildirmişdir ki, Cavabdeh2 iddia edilən borcdan ümumiyyətlə nə xəbəri, nə də bu barədə iddiaçı ilə aralarında danışıqlar olmamışdır. Cavabdeh2 arvadının ona lotereya oynaması ilə bağlı toplanmış 2000 manat pulun onun kart hesabına yükləndiyini bildirdiyindən, onun bu pulun ona borc kimi verilməsindən məlumatı olmamışdır. Cavabdeh2 bu borc məsələsi ilə bağlı məlumatı olduqda isə, ailədə narazılıq yaranmış və onların nikahları pozulmuşdur. Məhkəmə, məhkəmədə iştirak edən tərəflərin və nümayəndələrin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, irəli sürülən iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan, əlyazma sənəddən görünür ki, Cavabdeh1 X1 az-az olmaqla cəmi 28800 manat pul aldığını, bu pulu ata mülkü olan Gəncə şəhəri, Səməd Vurğun küçəsi, ev 129 olan mülkü satmaqla 10000 manatını verəcəyini, qalan pulu da hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Məhkəmədə izahat verərkən Cavabdeh1 həmin qəbzdə yazılanların doğru olduğunu bildirərək, iddiaçıdan X2 vasitəçiliyi ilə 28800 manat borc aldığını etiraf etmiş və həmin məbləğdə pulu İddiaçı qaytaracağını etiraf etmişdir. . Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla işin faktiki halları kimi müəyyən edilir ki, Cavabdeh1 iddiaçıdan 28800 manat məbləğində borc almış, lakin üzərinə götürdüyü öhdəliklərini icra etməmiş və aldığı 28800 manat borcu iddiaçıya qaytarmamışdır. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, borc alan Cavabdeh1 borcu qaytarmaq öhdəliklərini pozduğundan ,iddiaçının Cavabdeh1 borcun qaytarılmasını tələb etmək hüququ vardır. Məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq belə qərara gəlir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsaslanmaqla, iddiaçının iddia tələbində göstərilən 28800 manat pulun müştərək qaydada digər Cavabdeh2 da tutulması tələbi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı tərəfindən Cavabdeh2 hər hansı bir məbləğdə borc verilməsi barədə tərəflər arasında hər hansı bir razılaşma yoxdur. Məhkəmədə izahat verərkən də, iddiaçı izahatında Cavabdeh2 hər hansı bir məbləğdə borc verdiyini iddia etməmişdir. Bununla belə, iddiaçı hesab edir ki, borc alan Cavabdeh1 ilə Cavabdeh2 ər arvad olduqlarından və Cavabdeh1 ondan aldığı borcu Cavabdeh2 ilə birgə iş üçün istifadə etdiyindən həmin 28800 manat borc məbləği onlardan birgə qaydada alınıb ona verilməlidir. Məhkəmədə Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı ilə X2 vasitəçiliyi ilə tanış olmuşlar və X5 vasitəsilə iddiaçıdan 28800 manat məbləğində borc pul almış, lakin bu barədə ərinə heç bir məlumat verməmişdir. Hətta ərinin kart hesabına 2000 manat pul yükləndiyi zaman da, ərinə bunun lotereya ilə bağlı yığılmış pul olduğunu bildirmişdir. Həmin 28.800 manat pulu başqa şəxsə vermiş, həmin şəxs də onu aldadaraq pulu mənimsəmişdir. Bu barədə ərinin məlumatı olduqda isə ailədə narazılıq yaranmış və bu səbəbdən nikahları da pozulmuşdur. Göründüyü kimi, iddiaçıdan borc aldığını etiraf edən Cavabdeh1 izahatında ərinin bu borcun alınmasından məlumatının olmadığını və aldığı pulu özü başqa şəxsə verdiyini göstərmişdir. İddiaçı isə Cavabdeh1 məhkəməyə bildirdiyi halları təkzib edə bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Öz növbəsində məhkəmədə Cavabdeh2 nümayəndəsi, Vəkil2 iştirak etmiş və izahatında bildirmişdir ki, Cavabdeh2 iddia edilən borcdan ümumiyyətlə nə xəbəri, nə də bu barədə iddiaçı ilə aralarında danışıqlar olmamışdır. Cavabdeh2 arvadının ona lotereya oynaması ilə bağlı toplanmış 2000 manat pulun onun kart hesabına yükləndiyini bildirdiyindən onun bu pulun ona borc kimi verilməsindən məlumatı olmamışdır. Cavabdeh2 bu borc məsələsi ilə bağlı məlumatı olduqda isə ailədə narazılıq yaranmış və tərəflərin nikahları pozulmuşdur. Göründüyü kimi, Cavabdeh1 iddiaçıdan borc aldığı 28800 manat məbləğində pulu ailənin ümumi ehtiyacları üçün xərclədiyi barədə güvənli nəticəyə gəlmək mümkün deyildir və həmin borcla bağlı Cavabdeh2 heç bir məsuliyyəti yaranmır. Ona görə də, MPM-in sübutlarla bağlı tələblərini önəçəkən məhkəmə bu qənaətdədir ki, iddia Cavabdeh2 aid olan hissədə təmin oluna bilməz. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 28800 manat məbləğində pul alınıb, İddiaçı verilməli, Cavabdeh2 aid olan hissədə iddia əsassız olduğundan təmin olunmamalıdır. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəkil Nümayəndə ilə müqavilə bağlamış və hüquqi yardıma görə 500 manat ödəniş etmişdir. Həmçinin, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 176.60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci və maddəsinə əsasən, nümayəndələrə (vəkillərə) ödənilən xərclər məhkəmə xərclərinə aid edilmişdir Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərir ki, iddiaçı cavabdehlərdən 28800 manat məbləğində pul tələb etmiş, iddia Cavabdeh1 aid olan 28800 manat məbləğində pul tələbi hissədə haqlı sayılmışdır. iddia tələbi qismən-Cavabdeh1 aid olan hissədə təmin edildiyindən, məhkəmə belə qərara gəlir ki, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş xərcin əvəzi kimi 500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 176.60 manat pul Cavabdeh1 alınıb, iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş xərcin əvəzi kimi 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 176,6 (bir yüz yetmiş altı) manat 60 qəpik məbləğində pul alınıb, İddiaçı verilsin. İddia tələbi Cavabdeh2 aid olan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-4709/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4709/2024
25.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver