Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4809/2025 19.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 46500 manat məbləğində pulun və məhkəməyə ödədiyi 230 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı köməklik etmək məqsədilə cavabdehə özünə ev alması üçün 46500 manat pul vermiş, pulu verərkən daha sonra pulu ona geri qaytarmasını da cavabdehə bildirmişdir. Lakin cavabdeh bu günədək iddiaçıya olan borcunu qaytarmamışdır. Bu barədə polisdə araşdırma aparılmış, cavabdeh izahatında həmin evin pulunu həqiqətən də Elçinin verdiyini etiraf etmiş, həmin pulu artıqlaması ilə Elçinə geri qaytardığını bildirsə də, evdə nəğd şəkildə verdiyini və heç bir qəbzə qol çəkdirmədiyini göstərmiş, pulu iddiaçıya geri qaytarmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib məhkəməyə yazılı etiraz da təqdim etdiyini bildirərək, izahatında göstərdi ki, ev 2018-ci ildə alınmış, cavabdeh öz şəxsi vəsaiti hesabına almışdır. Əgər iddiaçının xeyirxahlıq etmək niyyəti var idisə, evi öz adına alıb, cavabdehə verə bilərdi. Belə olan halda cavabdehin aldığı evin pulunu verməsi ağlabatan deyildir. Həmçinin iddiaçının təqdim etdiyi polisdə alınmış izahatlar sübut kimi qəbul edilməməlidir, əks təqdirdə mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Belə ki, evin alınmasından 7 ildən artıq vaxt keçmiş, 7 il sonra iddiaçı pulunu tələb etmək qərarına gəlmişdir. İddia tələbinin əsassız olduğunu qeyd edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki iş mteriallarında olan:- Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisində bağlanılmış xx.xx.2018-ci il tarixli, 4Ə-871 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 şəhəri, Heydər Əliyev prospekti, bina 58, 61 nömrəli mənzili alqı-satqı qiyməti 30000 manat müəyyən edilməklə alıcı Cavabdeh satmışdır. İddiaçı Cavabdeh barəsində Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə şikayəti əsasında toplanmış materialların surətlərindən görünür ki, Cavabdeh izahatında İddiaçı ona aldığı evin 36500 manat pulunu verməsi barədə ona verilmiş suala cavab olaraq, həmin evin pulunu Elçinin verdiyini, ancaq iş yoldaşları ilə lotoreya oynayaraq, həmin pulu artıqlaması ilə evdə olan zaman Elçinə nəğd şəkildə geri qaytardığını, heç bir sənəd və ya qəbz tələb etmədiyini göstərmişdir. Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin polis sahə rəisi Xəyyam Qurbanov tərəfindən tərtib olunmuş arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək Xalidə adlı şəxsin adına ev almasını və həmin evə vermiş olduğu pulu ondan tələb edən zaman sonuncunun onu narahat etməsini bildirmiş və Xalidənin barəsində müvafiq tədbir görülməsini bildirmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı iddia etmişdir ki, köməklik etmək məqsədilə cavabdehə ev alması üçün 46500 manat pul vermiş, pulu verərkən daha sonra pulu ona geri qaytarmasını da cavabdehə bildirmişdir. Lakin cavabdeh bu günədək ona olan borcunu qaytarmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında olan hüquq münasibətləri iddiaçı tərəfindən cavabdehə mənzilin bağışlanması ilə bağlı olmuşdur. Belə ki, iddiaçı özü də DİN-in «102 xidməti» zəng mərkəzinə müraciət edərkən onun tərəfindən cavabdehə ev almasını göstərmişdir. Bununla yanaşı iddiaçının cavabdehin barəsində Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə şikayəti əsasında toplanmış materialların surətlərindən görünür ki, Cavabdeh izahatında İddiaçı ona aldığı evin 36500 manat pulunu qaytardığını göstərmişdir. Bununla belə iddiaçı özü biləvasitə cavabdehə mənzil verməmiş həmin mənzilin alınması üçün pul vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-789/2025 nömrəli qərarı) tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MM-in 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-789/2025 nömrəli qərarı) bağışlama hədiyyə verənin hədiyyə alanla olan münasibətlərinin hər hansı pozuntusuna görə ləğv edilə bilməz. Məhz yuxarıda sadalanan konkret əsasın mövcudluğu özü də qanunla müəyyən edilmiş bir illik kəsici müddət daxilində hədiyyə verənin müqaviləni ləğv etdiyi sübuta yetirildikdə bağışlamaqdan imtinaya yol verilir. Məhz bu halda hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borclu olur. Əks təqdirdə bağışlanmış əmlakın geri tələb edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəməyə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 230 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş 230 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-4809/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4809/2025
19.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver