Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-5060/2023 02.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək öhdəlikləri olmadığı təqdirdə cavabdehə ödənilmiş 1081 (bir min səksən bir) manat miqdarında vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 sonradan iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 1081 (bir min səksən bir) manat miqdarında pulun, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat pulun, dövlət rüsumu olaraq ödənilmiş 35 (otuz beş) manat pulun və cavabdehlər tərəfindən iddiaçıya yol xərcinin əvəzi olaraq 30 (otuz) manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Nümayəndə2 iddia ərizəsinə əlavə verərək qeyd etmişdir ki, işçiyə xx.xx.2023-cü il tarixdə ödənilən 452,75 manat və xx.xx.2023-cü il tarixdə ödənilən 628,25 manat artıq ödənilmiş məbləğlər olmaqla ümumilikdə 1081 manat ödəmə olmuşdur. Ona görə də hesab edir ki, həmin ödəmə heç bir müqavilə və ya əqd əsası olmadığına görə əsassız varlanma hesab olunur və işçidən tutularaq işəgötürənə ödənilməsi zərurəti yaranmışdır. Məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak etmiş cavabdeh isə iddia tələbinə etiraz etmiş, iddiaçının işçisi olduğunu, tələb edilən məbləğin isə əmək haqqı kimi ona ödənildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsinə əsasən mediasiya əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 27.1.1-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn fərdi əmək mübahisələri bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Qeyd edilən müddəalardan da göründüyü kimi əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin hüquqi əsası kimi əsassız varlanmaya istinad edərək cavabdehdən pul tələb edir. Cavabdeh isə tələb edilən pulun ona ödənilməli əmək haqqı olduğunu bildirir. Hazırki halda, tələb edilən pul məbləğinin cavabdehə hər hansı müqavilə və ya qanuni əsas olmadan verildiyini, yaxud da əmək haqqı kimi verildiyini müəyyən etmək mümkün olmasa da ilkin vəziyyətdə görünən odur ki, tərəflər arasındakı mübahisə fərdi əmək mübahisəsi ola bilər. Belə ki, iddiaçının iş materiallarına əlavə etdiyi əmək müqaviləsinin və əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətlərindən məlum olur ki, tərəflər əmək münasibətlərində olmuşlar. Lakin iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmənin hazırlıq iclasında, göstərilən tələblərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi müəyyən edildiyindən və bu hal iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas olduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Ona görə də, ərizə baxılmamış saxlanılmalı, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq mediasiya prosesində iştirak etmək üçün iddiaçıya Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət etməsi tövsiyə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-5060/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-5060/2023
02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver