Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5117/2025 07.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «ölmüş şəxsin borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «ölmüş şəxsin borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mərhum X3 vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 miras kütləsinə daxil olmuş “Mercedes VİTO” markalı avtomobilin alınaraq ona verilməsi və ya avtomobilin alınması üçün verdiyi 5050 ABŞ dolları pulun Azərbaycan manatına məzənnəsi ilə və 2000 manat məbləğində pulun alınaraq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: X6 ilə ailəvi tanışlığı olmuşdur. Mədəd Rzayev xx.xx.2022-ci il tarixdə ürəyin xroniki işemik xəstəliyi nəticəsində ölmüşdür. Mədəd Rzayevin sağlında 2012-ci ildə Gəncə-Bakı- Gəncə, Gəncə-Gürcüstan-Gəncə marşrut xətti ilə işləmək üçün avtomobil almaq məqsədilə onun xahişi ilə 5050 ABŞ dolları məbləğində borc pul vermişdir. “Mersedes Vito” markalı avtomobili Gürcüstan Respublikasından gətizdirmiş, avtomobilin gömrük rəsmiləşdirməsinə isə 3000 manat məbləğində borc pul vermişdir. Razılaşmaya əsasən qazandığı puldan ödənişlər etməli idi. Sonuncu dəfə 12 oktyabr 2022-ci ildə Gəncə-Bakı- Gəncə marşrutu ilə işləmiş, 100 manat pul ödəmişdir. Verdiyi borc puldan bu günədək yalnızca 1000 manat ödəniş etmişdir. 24 oktyabr 2022-ci ildə yaxınlarından aldığı məlumata görə xəstəlik nəticəsində ölmüşdür. Mədəd Rzayevin sağlığında dəfələrlə borcu qaytarması üçün xəbərdarlıq etsə də borcu qaytarmamışdır. Aralarında olan telefon danışıqlarında evini satışa çıxardığını, iş olmadığını və borcu qaytaracağını özü etiraf etmişdir. Mədəd Rzayevin sürdüyü avtomobil onun verdiyi borc pulla alınmışdır. Telefon danışıqlarından da görünür ki, 08 avqust 2022-ci ildə pulu qaytarmasını tələb etsə də müxtəlif bəhanələr bildirmişdir. Pulunu tələb etmək üçün yazdığım smsləri görən ikinci arvadı adını sonradan bildiyi Cavabdeh2 ona Mədəd Rzayevin nömrəsi ilə nalayiq sözlər yazmışdır. Ölümündən sonra yaxınları ilə əlaqə saxladıqda qızı və oğlu ona bildirmişdir ki, atası ikinci dəfə nikaha daxil olmuş, lakin nikah saxta sənəd əsasında bağlandığından məhkəmədə bununla bağlı iddia qaldırmışlar. Onun verdiyi pulla alınmış avtomobil miras kütləsinə daxil edilmişdir. Hazırda məhkəmə prosesləri bitmiş, miras kütləsinə daxil olan əmlaklar Mədəd Rzayevin oğlu, qızı və ikinci arvadı arasında bərabər paylara bölünmüşdür. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onunla mərhum X6 arasında çox yaxşı münasibətləri olmuşdur. Buna görə də Mədədə 2012-ci ildə maşın alması üçün 5050 ABŞ dollar və 3000 manat borc vermişdir. Bununla bağlı onların arasında yalnız şifahi müqavilə bağlanmışdır. Mədədin ona avtomaşın alacağı ilə bağlı hər hansı razılaşmaları olmamışdır. Mədədlə aralarında olan sövdələşməyə görə o, yalnız qeyd etdiyi məbləğdə pulu ondan borc almış və 4-5 il ərzində qaytaracağına söz vermişdir. Lakin Mədəd ona olan borcunu qaytarmamış və onların münasibəti pisləşmişdir. Bundan sonra o, 2021-ci ildə Mədədlə bir neçə dəfə “Watsapp” proqramında danışmış və sonuncu ona olan borcunu tamamilə etiraf etmişdir. Lakin sonradan Mədəd öldüyünə görə ona olan borcunu ödəməmişdir. Bundan sonra o, həmin pulu Mədədin oğlu Alikdən tələb etmiş, Alik atası Mədədin ona olan borcunu bildiyi üçün borcundan 1000 manatı ona qaytarmışdır. Bundan sonra öyrənmişdir ki, onunla mərhum X2 miras qalmış əmlaka cavabdehlərin miras payı məhkəmə qaydasında tanınmışdır. Ona görə də o qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq onlar heç bir üzrlü səbəb göstərməyərək məhkəmə iclasına gəlməmişdir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilmiş, lakin o məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışının iştirakı olmadan keçirilməsini, iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinin nəzərə alınmaqla iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; - Gəncə Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(125)-138/2025 nömrəli qətnaməsindən görünür ki, X2 miras qalmış əmlakın – Gəncə şəhəri, Əziz Əliyev prospekti, 32 ünvanında yerləşən 0,0418 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 74,10 kv.m olan fərdi yaşayış evindən ibarət **********08- 10301 reyestr nömrəli daşınmaz əmlak; ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54 kv.m olan mənzildən ibarət **********52-05101-093059 reyestr nömrəli daşınmaz əmlak və “X11” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/3 hissəsinə Cavabdeh3, 1/3 Cavabdeh1 və 1/3 hissəsinə Cavabdeh2 payının müəyyən edilməsi qət edilmişdir. - İddiaçının təqdim etdiyi “Watsapp” ani mesajlaşma proqramında olan mesaj mətnlərindən və səs yazılarından görünür ki, İddiaçı X2 ona olan 5050 ABŞ dolları və 3000 manat borcunu qaytarmasını tələb etmiş, X6 isə həmin borcu etiraf edərək qaytaracağını bildirmişdir. - Cavabdeh2 məhkəməyə ünvanladığı 29 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona və digər cavabdehlərə qarşı “pul tələbinə dair” iddiası üzrə e-2(125)- 5117/2025 saylı mülki iş üzrə məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixdə saat 16:00-da Gəncə Şəhər Məhkəməsində keçiriləcəkdir. Qeyd edilən məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəkdir, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini, həmçinin hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini nəzərə almaqla iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. - Cavabdeh3 EMİS vasitəsilə məhkəməyə ünvanladığı 29 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı pul tələbinə dair iddiası üzrə mülki işlə bağlı bildirmək istəyir ki, atası Mədəd Rzayev xx.xx.2022-ci il tarixdə ölmüşdür. Atasının sağlıında 2012-ci ildə avtomobil almaq məqsədilə İddiaçı 5050 ABŞ dolları və 3000 manat borc pul alması barədə məlumatı olmuşdur. Bildiyi qədəri ilə atası iddiaçıya ödənişlər etmişdir. 2022-ci ilin oktyabr ayında Bakı şəhərinə gələndə atası Mədəd ona İddiaçı borc verdiyi pulu tələb etdiyini, ona dəfələrlə sms yazdığını bildirmişdir. Bu səbəbdən borcundan vermək üçün ondan 100 manat pul istəmişdir. Avtomobil iddiaçının verdiyi borc pul hesabına alındığından avtomobilin ona verilməsinə nə bacısı nə də o etiraz etmir. Hazırda məhkəmə qətnaməsinə əsasən atasının 3 vərəsəsi müəyyən edilmişdir. - İddiaçı EMİS vasitəsilə məhkəməyə ünvanlanan xx.xx.2025-ci tarixli ərizəsindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası üzrə mülki işin baxılması ilə bağlı bildirmək istəyir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 377-ci maddəsinin digər normalarında müvafiq müqavilə öhdəliklərinin icra müddətinin şərtləri nəzərə alınmaqla, iddia müddətinin axımının başlanmasının xüsusi qaydaları öz əksini tapmışdır. Belə ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələri). O, Mədəd Rzayevə borc verdikdə onu hər hansı müddətlə şərtləşdirməmiş, sərnişin daşıma ilə məşğul olduğundan işlədikcə pulu ödəməli idi. Daha sonra pandemiya ilə bağlı pulu ödəməsində gecikmələr yaranmışdır. “Watsap” yazışmalarından da görünür ki, 2022ci ilin avqust ayında sonuncu dəfə pulu tələb etmiş, ona sonuncu ödənişi 2022-ci ilin oktyabr ayında etmişdir. Mədəd Rzayevin oğlu da etiraf edir ki, ona pul vermək üçün 100 manat atasına pul vermiş, Mədədə borc pulun verilməsini bunu tək oğlu deyil, qızı və ikinci arvadı da bilmişdir. Mədədin ölümündən sonra qızı və oğlu ona bildirmişdir ki, nikah şəhadətnaməsi saxta yolla alınıb, iş məhkəmədədir, cinayət işi üzrə araşdırma olmuş, saxtalaşdırma halı öz təsdiqini tapsa da, məsuliyyətə cəlbetmə müddəti keçdiyindən cinayət işinin başlanması rədd edilmişdir. Onların iddiası əsasında nikah akt qeydi mübahisələndirilmiş, lakin subyektiv hüquqları məhkəmə tərəfindən tanınmamışdır. Mərhumun övladları iddiası təmin olunduğu halda “Mersedes Vito” markalı avtomobili ona geri verməli olduqlarını bildirmişlər. Mədəd ona pulu ödəməyərək mənimsəmişdir. Məhkəmə çəkişmələri bitdikdən sonra mərhumun vərəsələri müəyyən edildikdən sonra o, iddia tələbini irəli sürmüşdür. Odur ki, iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında müəyyən olunan hallar: İddiaçı X5 2012-ci ildə 5050 ABŞ dolları və 3000 manat borc vermiş, lakin həmin borcdan yalnız iddiaçıya 1000 manat qaytarılmışdır. X6 24 oktyabr 2022-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra 3 vərəsəsi yəni, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qalmışdır. Gəncə Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2(125)- 138/2025 nömrəli qətnaməsinə əsasən X2 miras qalmış əmlakın – Gəncə şəhəri, Əziz Əliyev prospekti, 32 ünvanında yerləşən 0,0418 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 74,10 kv.m olan fərdi yaşayış evindən ibarət **********08-10301 reyestr nömrəli daşınmaz əmlak; ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54 kv.m olan mənzildən ibarət **********52-05101-093059 reyestr nömrəli daşınmaz əmlak və “X11” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/3 hissəsinə Cavabdeh3, 1/3 Cavabdeh1 və 1/3 hissəsinə Cavabdeh2 payının müəyyən edilməsi qət edilmişdir. Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «ölmüş şəxsin borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mərhum X3 vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 miras kütləsinə daxil olmuş “Mercedes VİTO” markalı avtomobilin alınaraq ona verilməsi və ya avtomobilin alınması üçün verdiyi 5050 ABŞ dolları pulun Azərbaycan manatına məzənnəsi ilə və 2000 manat məbləğində pulun alınaraq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəməyə ünvanladığı ərizəsində o və bacı Albinanın atası X7 Əmiraslanovaya borcunun olduğunu bildiklərini qeyd etmişdir. Digər Cavabdeh2 iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mübahisəyə dair tətbiq olunan maddi hüquq; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan norma) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan norma) əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741.1-ci maddəsinə görə bu Məcəllədə ayrı-qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yalnış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Prosessual məsələlər; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyib, cavabdehlərin iddia tələbinə dair məhkəməyə ünvanladıqları yazılı mövqeləri nəzərdən keçirib, habelə, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının “Mercedes VİTO” markalı avtomobilin cavabdehlərdən alınaraq ona verilməsindən ibarət iddia tələbinin hissəsini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı mərhum Mədəd Rzayevə vermiş olduğu və qaytarılmamış 5050 ABŞ dolları və 2000 manat borc məbləğini geri istəyir. Qeyd olunan avtomaşının iddiaçıya heç bir aidiyyəti olmamaqla yanaşı həmin əmlak cavabdehlərə miras qalmaqla məhkəmənin qətnaməsinə əsasən miras kütləsinə daxil edilmiş və sözügedən avtomaşına cavabdehlərin miras payı müəyyən edilmişdir. Bu səbəbdən iddia tələbinin həmin hissəsi qanuni və əsaslı deyildir. Lakin məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı mərhum Mədəd Rzayevə 2012-ci ildə bir neçə ilə, yəni 4-5 il ərzində qaytarmaq şərtilə 5050 ABŞ dolları və 3000 manat verməsi, lakin həmin borcdan 1000 manatı verməsi təsdiq olunmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, cavabdehlər Mədəd Rzayevin vərəsələri olmaqla yanaşı onun ölümündən sonra ondan miras qalmış əmlaka payları müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı Mədəd Rzayevin ona olan borcunu onun vərəsələrdən tələb etməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Buna baxmayaraq cavabdehlərdən yalnız Cavabdeh2 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını və işin faktiki hallarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum X3 İddiaçı olan borcunu birincinin ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri olan cavabdehlər vərəsə kimi rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdehlərdən heç biri miras qoyanın öhdəliyini icra etməmişdir. Miras qoyan Mədəd Rzayevin miras passivi isə faktiki olaraq miras aktivindən azlıq təşkil edir. Belə olan halda iddia tələbinin 5050 ABŞ dollar və 2000 manatın cavabdehlərdən müştərək qaydada tutulmasına dair hissəsi Cavabdeh2 münasibətdə iddia müddətinin keçməsi səbəbindən rədd edilməli, iş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ödəniş gününə Azərbaycan manatına məzənnəsi üzrə 5050 (beş min əlli) ABŞ dolları və 2000 (iki min) manat müştərək qaydada qalınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia yalnız Cavabdeh3 və Cavabdeh1 münasibətdə qismən təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 126 (bir yüz iyirmi altı) manat onlardan iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təm edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ödəniş gününə Azərbaycan manatına məzənnəsi üzrə 5050 (beş min əlli) ABŞ dolları və 2000 (iki min) manat, həmçinin məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 126 (bir yüz iyirmi altı) manat müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia tələbinin “Mercedes VİTO” markalı avtomobilin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq iddiaçıya verilməsinə dair hissəsi əsassız olduğundan rədd edilsin. İddia tələbinin Cavabdeh2 münasibətdə pulun tutulmasına dair hissəsi iddia müddətinin keçməsi səbəbindən rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-5117/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5117/2025
07.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver