Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-5193/2025 22.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi ilə, İddiaçı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X2 18 mart 2000-ci ildə Goranboy rayonunun Şıxlar kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxx 1950-cı ildə Goranboy rayonunun Şıxlar kəndində anadan olmuşdur. Məhkəməyə təqdm etdiyi Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 iyul 2025-cı il tarixli,D/Ş 47126 nömrəli arayışdan görünür ki, anası X4r. Ölüm faktını müəyyən etdirmək isdədiyi Qəhramanova (Mamedova) Mələk Nağdəli qızı onun anası olmuşdur. O, 1922-ci ildə Goranboy rayonunun Şıxlar kəndində anadan olmuşdur. Valideyinlərinin rəsmi nikahı olmamışdır, birgə yaşadıqları müddətdə bir uşaqları, yəni Vəliyeva (Mamedova) Ulduz Məmməd qızı olmuşdur. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İcra Hakimiyyəti Başçısınım Kələk kənd İnzibati Ərazi Darəsi Üzrə Nümayəndiliyin 11 avqust 2025-ci il tarixli,71 nömrəli məktubundan görünür ki, anası X3 18 mart 2000-ci ildə Goranboy rayonu, Şıxlar kəndində vəfat etmişdir və kənd qəbrstanlığında dəfin olunmuşdur. Bu günlərdə bilmişdir ki, anasının ölümü qeydiyyata alınmamışdır və ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də Goranboy rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək anamın ölümü haqqında şəhadətnamənin verilməsini xahiş etdi. Məhkəməyə təqdim etdiyi Qeydiyyat şöbəsinin 12 avqust 2025-ci il tarixli 3-16-5/8-15-281/2025 saylı məktubundan görünür ki, ərizəsi müsbət həll olunmamışdır, yəni anasının ölümü haqqında akt qeydi şöbənin arxivində və Ədliyyə Nazirliyinin “X1 Sistemində” aşkar edilməmişdir. Ona məsləhət olunur ki, ölümün qeydə alınması faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etsin. İndi istəyir ki, X2 ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilsin. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ...259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Belə ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Lakin istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn ,miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir. Məhkəmə kollegiyası MPM-in yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən həmçinin izah edir ki, İddiaçı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-5193/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-5193/2025
22.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver