Məhkəmə qərarları › İş №e-2(125)-5307/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5307/2024

10.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5307/2024 10.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçıya məxsus cavabdeh tərəfindən qırılmış əşyalar olan - dəyəri 320 manat olan qaz sobası, dəyəri 550 manat olan qaz plitəsi (mətbəx üçün), dəyəri 500 manat olan su qızdırıcı (ariston), dəyəri 150 manat olan mətbəx çanağı, dəyəri 200 manat olan mətbəx şkafı, dəyəri 150 manat olan otaq qapısı, dəyəri 280 manat plafon və bütün bu əşyaların əvvəlki vəziyyətə gətirilməsi üçün ödənilməli xidmət haqqı 400 manat, yaxud bütün əşyaların dəyəri olaraq 2550 (iki min beş yüz əlli) manat məbləğində pulun, ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun, vəkilə ödənilmiş 500 manat vəkil xərcinin, 200 manat əmlakın qiymətləndirilməsi üçün ödənilən məbləğ olan cəmi 3295 (üç min iki yüz doxsan beş) manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh doğma bacı qardaşdırlar. Tərəflərin mərhum anaları X1 vəfat etməmişdən əvvəl mülkiyyətində olan ünvan 1 ünvanını (sahəsi 36.1 kv/m, yaşayış sahəsi 17.1 kv/m, yardımçı sahəsi 19 kv/m olan 1 otaqlı mənzilini) xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən qızına, iddiaçıya bağışlamışdır. İddiaçı həmin mənzili 2016-cı il tarixdə öz adına rəsmiləşdirmişdir. İddiaçı 2010-cu il tarixdə Türkiyə Respublikasına təhsil almaq üçün getmiş və orada ali təhsil almış, ara-sıra Azərbaycan Respublikasına anasına və bacıqardaşına baş çəkməyə gəlmişdir. İddiaçının anası Gülüstan 2017-ci ildə vəfat etdikdən sonra Nailə Türkiyə Respublikasına getmiş və onun ünvan 1 ünvanında qardaşı Cavabdeh ailəsi ilə birgə yaşamışdır. Həmin binada cavabdeh Ənvərin də evi var, lakin o, həmin mənzili kirayə vermiş, özü isə Nailənin evində yaşamışdır. Həmin vaxta qədər iddiaçı və cavabdehin münasibəti normal olmuşdur. 2018-ci il tarixdə iddiaçı Azərbaycana qayıtmış, o, qayıtmamışdan əvvəl telefonda qardaşı Ənvərdən onun evini boşaltmasını tələb etmişdir. Lakin Ənvər buna etiraz etmiş, qardaşı ona hər iki evi kirayəyə verib puluna Türkiyədən ev alacağını, ailəsi ilə birgə Türkiyəyə köçəcəyini demişdir. Nailə isə qardaşına kirayə pulunu özü götürəcəyini demişdir. Belə olan halda onların mübahisəsi olmuşdur. Nailə Azərbaycana qayıtdıqda evinə daxil olmaq istədikdə evin giriş qapısının açarının dəyişdiyini görmüşdür. Daha sonra Nailə qapını qonşularının köməyi ilə açmış və içəri daxil olduqda evdəki otağın qapılarının və bütün əşyaların qırıldığını, dağıdıldığını görmüşdür. İddiaçının qardaşı Cavabdeh tərəfindən onun evində aşağıdakı əşyalar qırılmışdır - 1. dəyəri 320 manat olan qaz sobası, 2. dəyəri 550 manat olan qaz plitəsi (mətbəx üçün), 3. dəyəri 500 manat olan su qızdırıcı (ariston), 4. dəyəri 150 manat olan mətbəx çanağının alınması, 5. dəyəri 200 manat olan mətbəx şkafı, 6. dəyəri 150 manat olan otaq qapısı, 7. dəyəri 280 manat plafon və bütün bu əşyaların əvvəlki vəziyyətə gətirilməsi üçün ödənilməli xidmət haqqı 400 manat. Nailə qardaşına “whatsapp” tətbiqi vasitəsi ilə evi dağıtması barədə video çəkib göndərib, niyə belə etməsini soruşub, qardaşı isə cavabında az etdiyini, gərək lap çox qırmış olduğunu demişdir. Nailə dəfələrlə qardaşı ilə münasibətini düzəltməyə çalışsa da, qardaşı hər dəfəsində aqressiv davranmışdır. Daha sonra Nailə işlə əlaqədar Türkiyə Respublikasına getmiş, həmin vaxtdan da onun qardaşı ilə münasibəti olmamışdır. Hər dəfə Nailə qardaşına evini satmaq istədiyini, yaxud evdə kirayəçi saxlamaq istədiyini dedikdə qardaşı ona evi yandıracağı ilə hədələmişdir. O, doğma qardaşını polisə, məhkəməyə şikayət etmək istəməsə də, hazırki vəziyyətdə buna məcbur qalmışdır. Evə və evdəki zərər dəymiş əşyalara hansı məbləğdə ziyan dəydiyini bilmək üçün iddiaçı “Əmlakın qiymətləndirilməsi MMC”-yə müraciət etmiş və 14 avqust 2024-cü il tarixli “məişət əşyaları və tikinti materiallarının qiymətləndirilməsi barədə mütəxəssis rəyindən” görünür ki, İddiaçı ümumilikdə 2550 manat maddi ziyan dəymişdir. İddiaçı qardaşı onun evini dağıtmasaydı, bu illər ərzində o, evini kirayə verib, gəlir əldə edə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh bacı-qardaşdır, o tərəflərlə qonşudur, başqa blokda yaşayır. İddiaçı və cavabdehin ailəsi Özbəkistandan gələrək burada məskunlaşmışlar. Tərəflərin yaşadıqları binanın 3-cü mərtəbəsində yerləşən 1 otaqlı ev Ənvərin, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı ev isə Nailənin adına olmuşdur. Lakin anaları sağ olarkən Nailəyə məxsus evdə Ənvər ailəsi ilə, Ənvərə məxsus evdə isə Nailə və anası birgə yaşamışdır. Ənvər sonradan 3-cü mərtəbədəki evi kirayə verərək Nailəyə məxsus evdə yaşamağa davam etmişdir. Ənvər özünə məxsus olan 3-cü mərtəbədə yerləşən evini bu yaxınlarda satmışdır. Ənvər Nailənin evindən köçəndən sonra, hər bir əşyasını aparmışdır, buna görə də Nailəyə məxsus evin içərisində heç nə yoxdur. Ənvər tez-tez Nailəyə hədə-qorxu gəlir ki, Nailə evdən çıxsın. Hətta Nailə özünəməxsus 4-cü mərtəbədə kirayənişin saxlamaq istədiyinə görə, həmin mənzilin əşyalarını yararsız hala salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, tərəflər Özbəkistandan köçüb gələndən bəri, təxminən 35 ildir ki, qonşudurlar, eyni blokun 1-ci mərtəbəsi onun, 3-cü mərtəbəsi Ənvərin, dördüncü mərtəbəsi Nailənindir. Ailədə 4 uşaq 2 oğlan, 2 qız olmuşlar. Anaları öləndə 2 mülkün birini Ənvərə, digərini isə Nailəyə vermişdir. Buna baxmayaraq Ənvər hər iki mülkü istəyir. Nailə Türkiyə Respublikasında təhsil alıb, hazırda da orada işləyir. Nailənin evindəki əşyalar işlək vəziyyətdə deyildi. Belə ki, soyuducu, qaz sobası, “kolonka”, həmçinin mətbəx şkafının qapıları qırıq vəziyyətdə idi. Ənvər evin qaz, su turbalarını və kanalizasiya xəttini əsas xətdən kənarlaşdırmışdı. Ənvər özünəməxsus evdə kirayənişin saxlamalaqla, Nailəyə məxsus evdə yaşamış, həmin evdən köçdükdən sonra evin qapısını bağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh onun bacı-qardaşıdır. İddiaçı və cavabdeh eyni binada yaşayırlar, həmin binada 7-ci mənzil cavabdeh Ənvərə, 10-cu mənzil isə iddiaçı Nailəyə məxsusdur. Qardaşı Ənvər özünəməxsus 7 nömrəli mənzili satmışdır. Ənvər bacısı Nailənin evindəki əşyaları yararsız hala salıbdır, evin qaz və su turbalarını söküb, hazırda evdə nə isti su, nə də qaz yoxdur. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Yəni, öhdəlik ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilənin icra edilməsi (yaxud icra edilməməsi), qüsurlu icra edilməsi və s. nəticəsində yarana bilər. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarında cavabdehin hərəkətləri və təqsiri nəticəsində iddiaçının mülkiyyətində olan mənzildəki əşyaların – 1 ədəd Türkiyə istehsalı olan qaz sobası (otaq üçün), 1 ədəd Türkiyə istehsalı olan qaz plitəsi (mətbəx üçün), 1 ədəd İtaliya istehsalı olan su qızdırıcı (ariston), 1 ədəd Türkiyə istehsalı olan mətbəx çanağı, 1 ədəd Türkiyə istehsalı olan mətbəx şkafı, 1 ədəd Azərbaycan istehsalı olan otaq qapısı və 8 ədəd Türkiyə istehsalı olan plafonların zədələnməsi ilə ona maddi zərər vurulması ilə bağlı sübutlar mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə “ASAN Xidmət” mərkəzində notariat kontorunda xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmiş 4Ə-2400 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 tam mülkiyyət üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 36,1 kv.m olan mənzili qızı İddiaçı bağışlamışdır. Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 912640 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.2017-ci il tarixdə Gəncə şəhərində “ürəyin dayanması” səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daşınmaz əmlakın dövlət reyestrində 162 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmış 230.9.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 36,1 kv.m olan **********35-05101-093061 reyestr nömrəli mənzil xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində tam mülkiyyət hüququ İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 08 oktyabr 2009-cu ildən ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyyatdır, qeydiyyatda olan digər şəxs xx.xx.1982-ci il təvəllüdlü Şahid2dır. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabatdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, 36,1 kv.m ümumi sahədən, 17,1 kv.m yaşayış sahəsindən, 19 kv.m yardımçı sahədən ibarət, 5 mərtəbəli binanın, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı mənzildə olmuş 01 ədəd su qızdırıcısı, 02 ədəd qaz sobası, 01 ədəd mətbəx çanağı, 01 ədəd mətbəx şkafı, 01 ədəd otaq qapısı, 08 ədəd plafon və onların quraşdırılması üçün aksesuarlar və tikinti materialları ilə birlikdə əvvəlki vəziyyətə gətirilməsi üçün xx.xx.2024-cü il tarixə real bazar dəyəri 2550 manat təşkil edir. Həmçinin, iş materiallarına iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində ünvan 1 ünvanda yerləşən mənzilin bəzi otaqlarının boş, əşyaların dağınıq və qırılmış vəziyyətdə olmasını əks etdirən 1 ədəd “CD” disk əlavə edilmişdir. İş materiallarında olan “Whatsapp” yazışmasından görünür ki, cavabdeh X3 ona məxsus və ya istifadəsində olan “Whatsapp” mesajlaşma mübadilə sistemində +90 (541) *** ** ** mobil nömrə vasitəsilə qeydiyyatdan keçməklə həmin profildən istifadə etmiş, iddiaçı ilə yazışmalarında etdiklərinin hələ az olduğunu, iddiaçının onun haqqına girdiyini, sözügedən evə onun xeyli xərc çəkdiyini bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh bir müddət bacısının, yəni iddiaçının mülkiyyətində olan sözügedən mənzildə yaşamaqla mənzildən və onun əşyalarından istifadə etmiş, lakin oradan çıxarkən mənzildə olan və yuxarıda qeyd edilən 7 adda əşyaları yararsız hala salmışdır. Bu hal, iş materiallarında olan sübutlarla yanaşı, iddiaçının izahatı və şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdeh istifadə etmiş olduğu (iddiaçının mülkiyyətində olan) mənzili (aşınma istisna olmaqla) yararlı vəziyyətdə təhvil verməyə borclu olduğu halda bunu etməməklə (qanunazidd əməl), mənzilə aid, iddia ərizəsində adı çəkilən 7 adda əşyaları yararsız hala salma (təqsirli hərəkət) nəticəsində mənzildəki həmin əşyaların zədələnməsinə səbəb olan (səbəbli əlaqə) mülki hüquq pozuntusu törətmişdir. Dəymiş zərərin həcminə gəldikdə isə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçıya məxsus olan, iddia ərizəsində qeyd edilən 7 adda əşyalar naturada, bu mümkün olmadıqda isə onların dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir. Belə ki, Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin, MPM-in 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabatdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən, 36,1 kv.m ümumi sahədən, 17,1 kv.m yaşayış sahəsindən, 19 kv.m yardımçı sahədən ibarət, 5 mərtəbəli binanın, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı mənzildə olmuş əşyaların – 1 ədəd Türkiyə istehsalı olan qaz sobasının (otaq üçün) real bazar dəyəri 320 manat, 1 ədəd Türkiyə istehsalı olan qaz plitəsinin (mətbəx üçün) real bazar dəyəri 550 manat, 1 ədəd İtaliya istehsalı olan su qızdırıcının (ariston) real bazar dəyəri 500 manat, 1 ədəd Türkiyə istehsalı olan mətbəx çanağının real bazar dəyəri 150 manat, 1 ədəd Türkiyə istehsalı olan mətbəx şkafının real bazar dəyəri 200 manat, 1 ədəd Azərbaycan istehsalı olan otaq qapısının real bazar dəyəri 150 manat və 8 ədəd Türkiyə istehsalı olan plafonların cəmi real bazar dəyəri 280 manatdır. Qeyd edilən mütəxəssis mülahizəsinin məhkəmə üçün sübut sayılmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh tərəf bu mülahizədə göstərilənləri təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə əşyaların dəyəri hissədə qeyd edilən mütəxəssis mülahizəsində göstərilənləri nəzərə alır. Lakin məhkəmə sözügedən əşyaların bərpası, quraşdırılması, yəni aksesuarlar və tikinti materialları ilə birlikdə əvvəlki vəziyyətə gətirilməsi üçün 400 manat xidmət haqqı tələbi hissədə iddianı əsaslı saymır. Belə ki, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Sözügedən əşyaların bərpası, quraşdırılması, yəni aksesuarlar və tikinti materialları ilə birlikdə əvvəlki vəziyyətə gətirilməsi üçün 400 manat xidmət haqqı tələbi hissədə iddiaçı hər hansı dəlilə, mötəbər sübuta istinad etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən 41,50 manat tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat üçün 200 manat, hüquqi xidmət göstərilməsi üçün vəkilə 500 manat məbləğində pul vəsaiti ödənildiyini bildirir. Lakin iş materiallarında əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat üçün, eləcə də hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş vəsaitlə bağlı hər hansı təsdiqləyici sənədlər mövcud deyil. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh bazar dəyəri 320 (üç yüz iyirmi) manat, 1 ədəd Türkiyə istehsalı olan qaz sobası (otaq üçün); bazar dəyəri 550 (beş yüz əlli) manat, 1 ədəd Türkiyə istehsalı olan qaz plitəsi (mətbəx üçün); bazar dəyəri 500 (beş yüz) manat, 1 ədəd İtaliya istehsalı olan su qızdırıcı (ariston); bazar dəyəri 150 (bir yüz əlli) manat, 1 ədəd Türkiyə istehsalı olan mətbəx çanağı; bazar dəyəri 200 (iki yüz) manat, 1 ədəd Türkiyə istehsalı olan mətbəx şkafı; bazar dəyəri 150 (bir yüz əlli) manat, 1 ədəd Azərbaycan istehsalı olan otaq qapısı və cəmi bazar dəyəri 280 (iki yüz səksən) manat, 8 ədəd Türkiyə istehsalı olan plafonlar naturada, bu mümkün olmadıqda isə həmin əşyaların dəyəri, həmçinin məhkəmə xərcinə görə 41,50 (qırx bir manat əlli qəpik) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar