Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-544/2025 29.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək Cavabdeh 40000 manat pulun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı mərhum X1 hüquqi varisidir. Cavabdeh xx.xx.2016-cı il tarixdə törətdiyi avtoqəza nəticəsində iddiaçının qızı Xanım Əliyeva vəfat etmiş, nəticədə Cavabdeh təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(088)-72/2017 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib, ona 04 il müddətinə nəqliyyat vasitələrii idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun qızı mərhum X6 ilə X7 rəsmi nikahdan xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X18 adlı iki uşaqları doğulmuşdur. Cavabdeh X19 Məhkəməsinin hökmündən apellyasiya şikayəti vermiş və apellyasya məhkəməsində mərhumun hüquqi varisi hazırda iddiaçı olan İddiaçı ilə razılığa gəlmişdir ki, mərhum Xanım Əliyevanın uşaqlarının saxlanması üçün hər ay 500 manat olmaqla ümumilikdə 40000 manat pulun ona ödəyəcəkdir. Həmin razılığı o, notariat qaydasında təsdiq edilmiş ərizə ilə vermişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və mərhumun uşaqlarının saxlanması üçün heç bir köməklik göstərməmişdir. Onun mərhum qızı vəfat etməmişdən əvvəl əri X13 ilə rəsmi qaydada ayrılmışlar. Uşaqlara maddi və mənəvi mərhum özü baxırdı. Cavabdeh tərəf iddiaya etiraz təqdim edərək, iddianın rədd olunmaısnı xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tələb olunan məbləğin miqdarını nəzərə aldıqda həmin razılğın ərizə (əqd) formasında bağlanması yolverilməzdir. Belə ki, pul sövdələşməri Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən yazlı formada bağlanmalı borc və yaxud kredit müqaviləsi olmalıdır. Lakin iş materiallarından da görünür ki, qeyd olunan məbləğlə əlaqədar nə borc müqaviləsi nə də ki, kredit müqaviləsi mövcuddur. Belə olan halda əldə olunmuş razılıq əqdin etbarsızlığını ehtiva edir. Hesab edir ki, iddia əsasızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azəbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli qərarına əsasən formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin hansı tələblərə tətbiq edilməli olması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Belə ki, Əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız olduğundan, həmin əqdin predmeti daşınmaz əşya olduğunda həmin daşınmaz əşya qarşı tərəfin mülkiyyətinə keçmir və burada müddət tətbiq olunmayacaqdır, istənilən müddətdə iddia qaldırıla bilər. Əhəmiyyətsiz əqdin predmetini daşınar əşya təşkil etdikdə isə, daşınar əşya qarşı tərəfin mülkiyyətinə keçərək onun əmlakına qarışdığından hüququ pozulan şəxs əsassız varlanan şəxsdən bir il müddətində əmlakı geri tələb etmək hüququna malikdir. Yəni 354.1-ci maddədə nəzərdə tutulmuş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış daşınar əşyalarla bağlı əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Cavabdeh tərəf həmçinin iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia müddəti keçdiyindən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə razılıqla bağlı ərizə xx.xx.2018-c il tarixində bağlanmışdır. Həmin tarixdən bu günədək iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Belə olan halda İddiaçı təfəfindən verilmiş iddianın iddia müddətini ötürdüyü görünür. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçisi iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etdi. İddiaçının təmsilçisi həmçinin bildirdi ki, təmsil etdiyi şəxsə 40000 manat tam ödənilməmişdir, lakin əldə edilmiş şifahi razılığa əsasən, cavabdehin cəzasının yüngülləşdirilməsi üçün iddiaçı müvafiq qərarda göstərilmiş məzmunda izahat vermişdir, lakin Cavabdeh məhkəmə icraatından sonra pulun ödənilməsi barədə öhdəliyini yerinə yetirməmişdir, bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin təmsilçisi iddiaya etirazda və iddia müddətinin tətbiqi barədə ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli AZ-İİ 424051 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X8 atası X13, anası X2r. İş materiallarında olan xx.xx.2011-ci il tarixli AZ-İİ 708919 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X11 atası X13, anası X4r. İş materiallarında olan xx.xx.2018-ci il tarixli AZ-İ 950819 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-ci ildə nəqliyyat travması səbəbindən ölmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2017-ci il tarixli 7E-2378 reyestr nömrəli ərizəyə əsasən, İddiaçı yazıb bildirir ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomaşında olan qızı X5 vəfat etmişdir. Cavabdeh ilə mərhum qızı rəfiqə olublar. Onların arasında heç bir ədavət olmayıb. Hadisə ehtiyatsızlıqdan baş verib. Cavabdeh mərhum qızı ilə dostluq münasibətini və onun himayəsində azyaşlı uşaqların olmasını nəzərə alıb Cavabdeh bağışlayır. Xahiş edir qərar çıxararkən yuxarıda göstərilənləri nəzərə alasınız. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(088)-72/2017 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CMin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib, ona 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi; Cavabdeh həbsdə saxlama müddəti təyin olunmuş cəza müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli xx.xx.2016-cı il tarixdən hesablanması, ona əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanması; Cavabdeh cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdiriməməsi; verilmiş iddianın təmin olunması, 7057 manat Cavabdeh alınaraq mülki iddiaçı X10 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 7E-26237 reyestr nömrəli ərizənin surətinə əsasən, Cavabdeh bildirir ki, o, CM-nin 263.-1.3-cü maddəsi ilə məhkum edilmiş, hal-hazırda onun cinayət işi verilmiş apellyasiya şikayəti ilə bağlı Gəncə Apellyasiya Məhkəməsindədir. O, məhkəmə gedişatında zərəçəkmiş şəxsin hüquqi varisi İddiaçı ilə belə razılığa gəldi ki, onun mərhum qızı - X3 iki azyaşlı uşaqlarının saxlanması üçün hər ay maddi köməklik göstərmək məqsədilə 500 manat olmaqla, cəmi 40000 manat pulu ona ödəyəcək. Əgər bu məbləği ona ödəməsə, onda gələcəkdə zərərçəkmiş şəxsin hüquqi varisi onu məhkəməyə verib mülki qaydada ondan göstərilən, yəni 40000 manat pulun tələbini edə bilər. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(104)-165/2018 nömrəli qərarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(088)-72/2017 nömrəli hökmündən verilmiş apellyasiya protesi təmin edilməmiş, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərara əsasən, məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsi hüquqi varisi İddiaçı göstərdi ki, birinci instansiya məhkəməsində işə baxılarkən təqsirləndirilən şəxs Cavabdeh ona maddi yardım göstərmiş və bundan sonra da hadisə nəticəsində həlak olmuş qızının uşaqlarının saxlanılması üçün ona maddi yardım göstərməkdə davam edəcəyini bildirmiş, buna görə də onu bağışlamış və məhkəmə hökmündən apelyasiya şikayəti verməmişdir. Cinayət işinə baxıldıqdan sonra Cavabdeh ilə əlaqə saxlamağa çalışmış, lakin sonuncu onun telefonlarına cavab verməmiş, atasına etdiyi müraciəti də cavabsız qalmışdır. Cavabdeh vəd etdiyi kimi ona uşaqların saxlanması üçün ona maddi yardım göstərməkdən yayındığını güman edərək Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir. Hazırda işə təkrarən apellyasiya qaydasında baxılarkən Cavabdeh vurulmuş maddi zərəri ona tam məbləğdə ödəmişdir. Buna görə də Cavabdeh qarşı heç bir şikayəti və tələbi yoxdur. Onu azyaşlı uşaqlarına bağışlayır və cəzasının ağırlaşdırılmasını istəmir. Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən, 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı iş üzrə iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzinin tutulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ətrafdakılar üçün yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsini idarə edərkən zərəçəkmiş şəxsin ölümü ilə nəticələnən ziyan vurulmuşdur və qanuni qüvvəyə minmiş yekun məhkəmə aktına əsasən həmin yolnəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmişdir. İddiaçı tələbinin sübutu qismində cavabdeh tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə 40000 manat pulun ödəniləcəyi barədə ərizəni təqdim edir. Cavabdeh tərəf əqdin etibarsız hesab edilməli olduğu və iddia müddəti tətbiq edilməli olduğunu bildirərək tələbə etiraz edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı zərərçəkmişin hüquqi varisi maddi zərərin tam ödənildiyini, bu səbəbdən Cavabdeh qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan izahatı bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində məhkəmə icraatından sonra cavabdeh ziyanı ödəyəcəyini vəd etdiyini bildirsə də, bu barədə hər hansı sazişin olması barədə sübut təqdim edilməmiş, digər tərəfdən, müvafiq ərizədə gələcəkdə iddia qaldırıla biləcəyi göstərilsə də, həmin ərizədən sonra - xx.xx.2018-ci il tarixli məhkəmə qərarında göstərilən, ziyanın ödənildiyi barədə izahat verildikdən tələb hüququnun saxlanıldığını təsdiqləyən hər hansı sübut təqdim olunmamışdır. Bundan başqa, vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlardan olan, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3351/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, “51. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. 52. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir.” Məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd edir ki, iddiaçı maddi ziyanın tam ödənildiyini bildirdiyindən həmin pulun tutulmasını tələb etmək hüququ olmadığı üçün, belə hüququn pozulması və pozuntudan qorunmaq məqsədilə məhkəməyə müraciət edilməsi üçün müddətin tətbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli Qərarındə əks olunmuş hüquqi mövqeyə əsasən, İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelllyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-544/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-544/2025
29.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver