Məhkəmə qərarları › İş №e-2(125)-5598/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-5598/2024

23.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-5598/2024 23.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyənetdi: İddiaçı MMC cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3186 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa aid tələblər öz əksini tapmışdır. Belə ki, MPM-in 149.2.2, 149.2.3 və 149.2.5-ci maddələrinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. MPM-in 150.1.2-ci maddəsinin tələbinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.3-cü maddəsinin tələbinə görə iddia ərizəsinə “iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla)” əlavə edilməlidir. MPM-in 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Məcəllənin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Həmin Məcəllənin 73.1 və 73.4-cü maddələrinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. MPM-in 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi hüquqi şəxs olan İddiaçı adından verilərək X3 tərəfindən imzalanmış, lakin iş materiallarında nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya cəmiyyətin təsis sənədləri mövcud deyildir. Belə ki, qanuni təmsilçinin səlahiyyətini təsdiq edən nizamnamə və onun cəmiyyətin rəhbəri olmasına dair hüquqi şəxslərin dövlət reyestrindən çıxarış iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi, Zaur Hüseynzadə iddia ərizəsini imzalamaq səlahiyyətinə malik deyil. Həmçinin, iddia ərizəsində iddiaçı qismində X3, cavabdeh qismində isə X2 göstərilmiş, lakin onların şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya fin kodu) iddia ərizəsində göstərilməmiş və həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi üçün iddia ərizəsinə hər hansı bir sənəd əlavə edilməmişdir. Həmçinin, iddia ərizəsinə iddia ərizəsinin surəti, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı əlavə edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş hazırki iddia qiymətləndirilən iddia ərizəsidir və qiymətləndirilən iddia ərizəsinin verilməsi üçün 51,86 manat dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada - Gəncə Şəhər Məhkəməsinin balansına ödənilməli idi. Bundan başqa, qeyd edilməlidir ki, iddia ərizəsi İddiaçı tərəfindən imzalanmasına baxmayaraq iddiaçı qismində X3 göstərildiyindən iddiaçının kim olması qeyri-müəyyənlik yaradır. MPM-in 152.1.1, 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, məhkəmə qeyd edir ki, belə halda hazırki işin ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını da müəyyən etmək mümkün deyil. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Şərh olunanlara əsasən və MPM-in 149-152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar