Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5708/2024 06.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi vəsaitin əvəzi qismində 1.017 manat 29 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 122 manat 92 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat 41 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli birbank umico debet (kredit) müqaviləsi və xx.xx.2022-ci il tarixli X2 kartına dair müqavilələr bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh tərəfindən aparılan əməliyyatlara cashbacklər hesablanaraq İddiaçı ASC tərəfindən Cavabdeh hesabına köçürülə bilər. Cavabdeh umico platforması vasitəsilə məhsul alarkən həmin kartla ödənişlər edərək cashback əldə etmişdir. Lakin daha sonra həmin məhsulun alışından imtina edərək istifadə etdiyi vəsaiti geri qaytarmışdır. Bu zaman həmin əməliyyat üzrə İddiaçı ASC tərəfindən hesablanmış cashbacklər də geri qaytarılmalı idi. Lakin texniki nasazlıq səbəbindən cavabdehin hesabına köçürülmüş cashbacklər geri qaytarılmamışdır. Cavabdeh bundan sui-istifadə edərək qeyd olunan əməliyyatı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixlərində dəfələrlə edərək (6) faktiki ödəniş etmədiyi və mal almadığı halda 1.017 manat 29 qəpik məbləğində cashback əldə etmişdir. Bu səbəbdən cavabdehin cashback hesabında mənfi balans yaradılmış, sonradan aparılmış ödənişlərə görə qazanılan məbləğlər həmin mənfi balansdan silinmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X1 mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixdə bağlanmış BBUM3390304A104 nömrəli «birkart umico debet (kredit)» müqaviləsindən görünür ki, bu müqaviləyə görə Bank Müştəriyə «Birkart Umico» ödəniş kartı verir, Müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır, həmin Kartdan və (və ya) kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır,Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı,əsas və faiz borcu, dəbbə pulu və.s),habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. İşdə olan xx.xx.2022-ci il tarixdə bağlanmış BRCB6034050A299 nömrəli «X2 kart» müqaviləsindən görünür ki, Bu Müqaviləyə görə Bank Müştəriyə «X2» ödəniş kartı (bundan sonra - «X2 Kart» və ya «Kart») verir, Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə miiəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Əməliyyatların xarakterindən irəli gəldiyi hallarda, habelə Bankın və ya Müştərinin seçiminə uyğun olaraq əməliyyatlar aparılarkən, Kart, habelə Bank tərəfindən Müştəriyə daha əvvəl təqdim edilmiş digər ödəniş kartları Müştəri tərəfindən bu Müqavilənin 3.1 -ci bəndində nəzərdə tutulan və ya Müştərinin artıq Bankda mövcud olan hesab(lar)ından hər hansı birinə bağlanıla bilər. Karta kredit xəttindən kənar mədaxil edilmiş hər cür öhdəliklərdən azad pul vəsaiti qanunvericiliyə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə bağlanmış BRCB6034050A299 nömrəli “X2 kart” müqaviləsinin şərtlərini qəbul etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh istifadəsində olan İddiaçı ASC-yə aid plastik karta texniki nasazlıq səbəbindən cavabdehin hesabına köçürülmüş cashbacklər geri qaytarılmamış və həmin pul vəsaiti Cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh qeyd olunan pul vəsaitini İddiaçı ASCyə qaytarmalı olmasına baxmayaraq, onu İddiaçı ASC-yə qaytarmamışdır. Bununla da Cavabdeh İddiaçı ASC-nin hesabına hüquqi əsas olmadan pul vəsaiti əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 1.017 manat 29 qəpik və hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 122 manat 92 qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat 41 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 1.017 (bir min on yeddi) manat 29 (iyirmi doqquz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 122 (bir yüz iyirmi iki) manat 92 (doxsan iki) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat 41 (qırx bir) qəpik, cəmi 1.171 (bir min bir yüz yetmiş bir) manat 62 (altmış iki) qəpik məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-5708/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5708/2024
06.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver