Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6775/2025 17.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Şahlar Hüseynov küçəsi, ev 9, 35 nömrəli mənzilə vurulmuş zərərin əvəzi qismində 1000 manat pul tutularaq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak MA ******* nömrəli, 17 avqust 2011-ci il tarixli çıxarış əsasında onun mülkiyyətindədir. 2025-ci ilin iyul ayının sonlarında yaşadığı mənzildə olarkən aşkar etmişdir ki, mənzilin giriş hissəsində- divarların kəsişdiyi sahələrdə, həmçinin dəhlizin tavan və divarının bir neçə hissəsində güclü su axıntısı baş vermişdir. Bu vəziyyəti görən kimi ***-***-**-** və ***-***-**-** nömrələri vasitəsilə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 nömrəli xidmət sahəsinin rəisi Fazil bəyə şikayət etmişdir. Fazil bəy məsələni qonşu mənzilin mülkiyyətçisi ilə razılıq yolu ilə həll etməyi tövsiyə etmişdir. Əgər razılıq əldə edilməsə, akt tərtib edilərək ona təqdim olunduqdan sonra məhkəməyə müraciət etməsini bildirmişdir. Mənzili bu hadisədən əvvəl tam əsaslı təmirli vəziyyətdə olmuşdur. Lakin cavabdehə məxsus mənzildə yerləşən su bakından sızma nəticəsində mənzilində tavan və divar örtükləri, boya və dekorativ elementlər zədələnmiş, mənzil sıradan çıxmışdır. Cavabdeh yaşadığı binanın 32 nömrəli mənzilinin mülkiyyətçisi Cavabdehdur. Ona dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh yaranmış problemi aradan qaldırmaq üçün heç bir tədbir görməmişdir və məsuliyyətsiz davranış nümayiş etdirmişdir. Mənzilinin əvvəlki vəziyyətə qaytarılması üçün minimum 1000 manat məbləğində təmir xərci tələb olunur. Qonşunun məsuliyyətsizliyinə görə bu qədər vəsaiti dəfələrlə xərcləməyə maddi imkanı yoxdur. Qonşunun laqeydliyi nəticəsində mülkiyyət hüququ pozulmuşdur və bu artıq davamlı xarakter almağa başlamışdır. Bu cür hallar dəfələrlə baş vermişdir. 2011-ci ildən bu günə qədər bu sızmalar təkrarlanmış, ona maddi və mənəvi narahatlıq yaratmışdır. Cavabdehin məsuliyyətsiz davranışı nəticəsində dəfələrlə zərərə məruz qalmış və artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehin mənzilinə məxsus su çəni onun mənzilinin üzərindədir. Su axması nəticəsində evi bərbad vəziyyətə düşmüş, yaşanılacaq vəziyyətdə deyildir. Hazırda anasının evində yaşayır. Cavabdeh mənzilə dəymiş zərərə görə 300 manat təklif etmişdir. Həmin məbləğ evin təmirinə qətiyyən kifayət etmir. Mütəxəssis rəyində göstərilmiş məbləğə etirazı olmadığını göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edib, bu barədə məhkəməyə yazılı etirazını da təqdim etdiyini bildirərək, izahatında göstərdi ki, mütəxəssis rəyində göstərilmiş məbləğlər şişirdilmiş qiymətlərdir. İddiaçının evinin təmiri 80-ci illərin təmiri olmaqla aboylar köhnə, ağ aboylar olmuşdur. Üzərindən illər keçdiyinə görə istəristəməz aboy saralmışdır. O, evini 2014-cü ildə almışdır. İddiaçı isə 2011-ci ildən etibarən mənzilinə su axdığını iddia etmişdir. Evin əvvəlki sahibi mənzilin su çəninə krant qoydurmuş, digər qonşular həmin krantdan istifadə edib, su doldurduqdan sonra krantı açıq qoyduqlarına görə iddiaçının mənzilinə su axmışdır. Evin keçmiş sahibinin vurduğu zərərə görə məsuliyyət daşımır. Buna baxmayaraq, iddiaçı ilə razılaşmışdır ki, usta gətirib evi təmir edəcəkdir. Noyabr ayının əvvəlləri üçün razılaşsalar da, həmin ərəfədə böyrək əməliyyatı olduğu üçün maraqlana bilməmişdir. Evin təmiri üçün 300 manat pul verməyə maddi imkanı çatır. O, həmin binanın 3-cü mərtəbəsində, iddiaçı isə 4-cü mərtəbəsində yaşayır. İddiaçının evindəki paltaryuyan maşının şlankı cırıldığına görə onun evinə də su axmışdır. Ancaq qonşu olduqlarına görə məsələni böyütməmişdir. Mütəxəssis rəyi ilə razılaşmadığını göstərərək, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan:- xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56-05101-093025 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 9 ünvanında yerləşən 35 nömrəli mənzil xüsusi mülkiyyətdə olmaqla tam hissədə İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 10 nömrəli Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı şikayəti araşdırılmış və araşdırma zamanı mənzilin tavan və divar səthlərində köhnə su ləkələri, sızmanın yaratdığı fəsadlar müəyyən edilmişdir. Məhkəmə tərəfindən cəlb olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, CVN/Y 59-059/26 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus mənzilə dəymiş ziyanın məbləği (görülməli işlərin və istifadə edilməli materialların dəyəri) 744,5 manat müəyyən edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində cavabdehin mənzilinə məxsus su çənindən iddiaçıya məxsus mənzilə suyun axıdılması və iddiaçıya zərər dəyməsi iş üzrə araşdırılmış sübutlarla və tərəflərin izahatları ilə tam sübuta yetirilmişdir. Cavabdeh özü də qeyd edilən halı mübahisələndirməmiş, yalnız dəymiş zərərin məbləğinin çox olmasına etiraz edərək, iddianın qismən təmin olunmasını xahiş etmişdir. Həmin zərərin məbləği isə mütəxəssis rəyi ilə 744,5 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 744,5 manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu və iş üzrə mütəxəssis rəyinin verilməsi üçün 150 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 744,5 manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq İddiaçı verilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün 150 manat xidmət haqqı Cavabdeh tutularaq VÖEN: **********, Bank: "xxxx" ASC Nərimanov filialı, Bank VÖEN-i: **********, M.h: AZ03NABZ********************, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: İBAZAZ2X hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-6775/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6775/2025
17.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver