Məhkəmə qərarları › İş №e-2(125)-7113/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-7113/2024

09.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-7113/2024 09.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdehlər “Sosial Xidmət Agentliyi” X6, Cavabdeh2 və Cavabdeh3 qarşı “övladlığa götürmə” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər “Sosial Xidmət Agentliyi” X6, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 noyabr 2020-ci il təvəllüdlü X1 onun övladlığına verilməsinə və doğum haqqında şəhadətnamədə uşağın ana adının dəyişdirilərək müvafiq olaraq “ata qrafasında” Cavabdeh2, “ana qrafasında” İddiaçı kimi qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Аzərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri pozulmuş və mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafıq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-in 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsi aidiyyətlə bağlı ümumi qayda müəyyən edərək göstərir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qanunvericilik bu ümumi qaydadan fərqli olaraq həm də iddiaçının seçməsinə görə (36-cı maddə), hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi (37-ci maddə), fiziki və hüquqi şəxslərin müflisləşməsinə dair işlərin aidiyyəti (38-ci maddə), müstəsna aidiyyət (39-cu maddə), müqavilə aidiyyəti (40-cı maddə) və sair aidiyyət qaydalarını da müəyyən edir. MPM-in 345-ci maddəsinə əsasən uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir. “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli, 01/2009 nömrəli Qərarının 1-ci bəndinə əsasən övladlığa götürmə barədə işlər övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə aiddir. Uşağın övladlığa götürülməsi barədə ərizələrin məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların uşaqların övladlığa götürülməsi barədə ərizələr onların valideynlərinin yaşayış yeri üzrə məhkəmələrə verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. «Yaşayış yeri» və «olduğu yer» məfhumlarının anlayışı da qanunla müəyyən olunmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2- ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanuna görə, şəxsin olduğu yer dedikdə - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İş materialları ilə müəyyən olunur ki, övladlığa götürülən uşaq X2 xx.xx.2020-ci il təvəllüdlü olmaqla dörd yaşına çatmışdır. Həmçinin, övladlığa götürülən uşağın bioloji valideynləri Cavabdeh2 Bərdə rayonu, Təbriz küçəsi, ev 9, Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, övladlığa götürülən uşağın bioloji valideynlərinin qeydiyyat ünvanı Bərdə və Göyçay rayonlarının inzibati ərazisi olduğundan hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına əsasən Gəncə Şəhər Məhkəməsində baxılmalı deyil. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bununla belə, prosessual qənaət prinsipi baxımından məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş xüsusi icraat qaydasında baxılmalı olan işdir, yəni ərizənin məzmununa görə əslində ərizəçi övladlığa götürmək arzusunda olduğu uşağın ata və ana adının dəyişdirilməsini xahiş edir. Lakin ərizənin adı səhvən iddia ərizəsi kimi, maraqlı şəxslər isə ərizədə cavabdehlər kimi qeyd edildiyindən, iş məhkəmənin icraatına iddia icraatı kimi daxil edilmişdir. MPM-in 305.1.9-cu maddəsinə əsasən övladlığa götürmə haqqında ərizələrə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Şərh olunanlara əsasən və MPM-in 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər “Sosial Xidmət Agentliyi” X6, Cavabdeh2 və Cavabdeh3 qarşı “övladlığa götürmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar