Məhkəmə qərarları › İş №e-2(125)-895/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-895/2024

05.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-895/2024 05.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan müddət aralığında aldığı 1000 manat nağd pul və alqı-satqı məqsədi ilə aldığı 7410 manat dəyərində qızıl-zinət əşyalarının, 8682 manat dəyərində qızıl-zinət əşyalarının, bundan başqa tanışı X2 vasitəsi ilə Habilin qeyri-rəsmi yaşadığı Dürdanə adlı qadından 2310 manat dəyərində aldığı qızıl-zinət əşyalarının məbləğinə mütənasib dəymiş ziyan, eləcə də onda hüquqi yardım göstərilməsi məqsədi ilə 100 manat, vəkilə onun nümayəndəsi qismində onu məhkəmə prosesində təmsil etməsi üçün etibarnamə verilməsinə görə çəkilmiş 17,25 manat pulun, ümumilikdə 19519,45 manat məbləğində pulun Cavabdeh tutularaq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmaq adı ilə ona məxsus olan 19402 manat dəyərində qızıl-zinət əşyalarını ondan almış və geri qaytarmamışdır. Qeyd edilən faktla əlaqədar olaraq Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru Altay Məmmədov tərəfindən onun müraciəti əsasında toplanmış materiallar əsasında 28 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, o, ara-sıra qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh ilə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olarkən tanış olmuş və Cavabdeh ilə dəfələrlə alış-verişi olduğundan Cavabdeh onu inandırmaq üçün daim nisyə olmaqla qızıl götürmüş və dediyi vaxtda aldığı qızılların pulunu qaytarmışdır. Bir müddət bu formada alış-veriş etdikdən sonra xx.xx.2022-ci il tarixində nağd formada 1500 manat pul və 7410 manat dəyərində qızıl-zinət əşyaları götürmüşdür. 18 oktyabr 2022-ci il tarixində götürdüyü qızılların pulunu həmin ilin noyabr ayında ödəyəcəyini bildirmişdir. Cavabdeh oktyabr ayında götürdüyü qızılların pulunu ödəmədən təkrarən qızıl götürmək məqsədilə bacısı X4 xx.xx.2022-ci il tarixində onun yaşadığı mənzilə, yəni Nazim İsmayılov 70-ə göndərərək onun evdə olmamasından istifadə edərək həyat yoldaşı X1 ümumilikdə 8682 manat dəyərində qızıl-zinət əşyaları götürüb 5 ay müddətinə, yəni 2023cü ilin may ayında götürdükləri qızılların pulunu ödəyəcəkləri adı ilə aldadaraq aparmışdır. xx.xx.2023-cü il tarixində Cavabdeh tanışı X2 vasitəsilə onun həyat yoldaşından 2310 manat dəyərində qızıl-zinət əşyalarını alaraq aparmış və bu günə qədər qaytarmamışdır. Cavabdeh ona ümumilikdə 19402 manat maddi ziyan vurmuşdur. Həmçinin, 28 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Cavabdeh Sabunçu Rayon Polis İdarəsində verdiyi izahatdan məlum olur ki, o, ara-sıra qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olur. X6 vasitəsilə tanımış və dəfələrlə ondan qızıl-zinət əşyalarının alış-verişini etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində 8682 manat dəyərində 750 əyyarlı qızılları alaraq 2023-cü ilin may ayına qədər ödəyəcəyinə söz vermişdir. Dediyi vaxta həmin qızılların pulunu qaytara bilməmişdir. Bundan əlavə ona 1000 manat nağd pul, 7410 manat dəyərində qızıl-zinət əşyalarının pulu, 8682 manat dəyərində qızıl-zinət əşyalarının pulu, bundan başqa tanışı X2 vasitəsilə onun qeyri-rəsmi yaşadığı Dürdanə adlı qadından 2310 manat dəyərində qızıl-zinət əşyaları almışdır. Bu günə qədər onunla aralarında daim nağd və nisyə şəklində qızıl-zinət əşyalarının alışverişi olmuşdur. Hal-hazırda ona ümumilikdə 19402 manat borcu qalmışdır. Cavabdehin qeyd etdiyi kimi ona olan borcunu yəni 19402 manat pulu təsdiq edir və gələn aya, yəni sentyabr ayına ona olan borcundan 1000 manat ödəniş olunacaq, yerdə qalan borcunu hər ay 500 manat olmaqla ödəyib bağlayacaqdır. Qeyd edilənlərə əsasən məlumdur ki, Cavabdeh tərəfindən Sabunçu Rayon Polis İdarəsində verilmiş izahatdan da göründüyü kimi cavabdehin ona 19402 manat borcu var və bunu özü də etiraf etmişdir. 28 avqust 2023-cü il tarixli “Cinayət işinin başılanmasının rədd edilməsi haqqında” qərarda öz əksini tapmış izahatda cavabdeh hər nə qədər mövcud borcdan 2023-cü ilin sentyabr ayına əvvəl 1000 manat ödəniş edəcəyini, daha sonra isə qalan məbləğdən hər ay 500 manat olmaqla ödəniş edərək borcu bağlayacağını bildirsə də, hazırkı tarixədək ümumilikdə 19402 manat məbləğdən ona hər hansı ödəniş edilməmişdir. Ondan fərqli tarixlərdə alqısatqı məqsədilə qızıl-zinət əşyaları götürüb qarşılığında isə onların dəyərini ödəməməsi nəticəsində, ona məxsus qızıl-zinət əşyalarından məhrum olmuş və bununla da ona ziyan dəymişdir. Bundan sonra İddiaçı nümayəndəsi (vəkil) Vəkil “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh iddiaçıdan götürərək (nisyə) satmaq adı ilə 19402 manatlıq qızıl-zinət əşyalarının dəyərinin, habelə məhkəmə xərci olaraq 149,40 manat, 100 manat hüquqi yardım xərci, 17,25 manat etibarnamə xərci olmaqla, cəmi 19668,65 manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək izahatında bildirdi ki, özü qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. İddiaçı ilə bir nəfər tanıdığı qadın vasitəsi ilə tanış olmuş və münasibət yaratmışdır. İddiaçının özü də qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğuldur. Bununla da İddiaçı ilə aralarında qızıl-zinət əşyalarının alış-verişi olmuş və iddiaçıdan dəfələrlə qızıl-zinət əşyaları almışdır. Əvvəllər iddiaçıdan nisyə qaydada aldığı qızıl-zinət əşyalarına olan borcunu vaxtı-vaxtında ödəsə də, lakin, sonradan maddi imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Ümumilikdə İddiaçı nisyə alqı-satqı yolu ilə aldığı qızıl-zinət əşyalarından 19402 manat dəyərində borcu qalmışdır. İddiaçıya olan borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, iddia tələbinin tam təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 avqust 2023-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən Sabunçu rayon prokrorluğuna göndərilməsi və material saxlanılması üçün Sabunçu RP-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus olan qızıl-zinət əşyalarını şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında Cavabdeh satsa da, cavabdeh iddiaçıya sözügedən qızıl-zinət əşyalarının dəyərini ödəməmişdir. Belə olan halda iddiaçı cavabdehə qarşı mövcud tələblə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi hissəsi nəzərə alınmaqla təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iddia tələbini tam etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə hazırkı iddia tələbinin düzgün həlli, yəni iddia tələbinin hüquqi əsası kimi aşağıdakı hüquq normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 44-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş şifahi formada nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı özünəməxsus olan qızıl-zinət əşyalarını cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə bugünədək qızıl-zinət əşyalarının dəyərini iddiaçıya ödəməmişdir. Cavabdeh isə iddia tələbini etiraf edərək, İddiaçı nisyə alqı-satqı yolu ilə aldığı qızıl-zinət əşyalarından 19402 manat dəyərində borcu qaldığını, bugünə qədər iddiaçıya həmin pulu ödəmədiyini və iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən, iddia təmin olunmalı, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh nisyə qaydada alınmış əşyaların dəyəri kimi 19402 (on doqquz min dörd yüz iki) manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçının xahişi nəzərə alınmaqla, həmçinin, iddia tələbi təmin edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 149,40 (bir yüz qırx doqquz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməli və həmin məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, qanunvericiliyin və iddiaçının xahişi nəzərə alınmaqla, İddiaçı tərəfindən vəkilə hüquqi xidmətə görə ödənilmiş 100 (bir yüz) manat və vəkilə iddiaçının nümayəndəsi qismində iddiaçını məhkəmə prosesində təmsil etməsi üçün etibarnamə verilməsinə görə çəkilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat pul vəsaiti də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh nisyə qaydada alınmış əşyaların dəyəri kimi 19402 (on doqquz min dörd yüz iki) manat, məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 149,40 (bir yüz qırx doqquz manat qırx qəpik) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 100 (bir yüz) manat və etibarnamə verilməsinə görə çəkilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat pul vəsaiti olmaqla, ümumilikdə 19668,65 (on doqquz min altı yüz altmış səkkiz manat altmış beş qəpik) manat alınaraq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar