Məhkəmə qərarları › İş №e-2(125)-898/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-898/2024

19.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-898/2024 19.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Səmədov X2 Kamran Qiyas oğluna qarşı ödənilməmiş icarə haqqının əvəzi qismində 2.740 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismidə 48 manat və ödənilmiş vəkil xərcinin əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında «Opel Omega» minik markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə Cavabdeh 10 ay müddətinə, hər ay 274 manat olmaqla, cəmi 2.740 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini müqavilə bağlanan gündən bu günə kimi icra etməmişdir. Hazırda Cavabdeh 2.740 manat borcu vardır. Lakin Cavabdeh borcunu ödəmir. Buna görə də o, pretenziya qaydasında Cavabdeh müraciət edərək 10 gün müddətində aralarında olan müqavilənin şərtlərinin icra edilməsini, əks halda pul tələbinə dair iddia ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Lakin Cavabdeh buna məhəl qoymamışdır. Buna görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi (vəkili) Vəkil mülki işə iddiaçının və nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin ona rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli, AE seriyalı 076729 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** SO *** dövlət qeydiyyat nişanlı, «Opel Omega» minik mrkalı avtomobil X1 məxsusdur. İş materiallarında olan Sumqayıt şəhər 3 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 7E-25799 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi xx.xx.2031-ci il tarixədək İddiaçı etibar etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 657 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ** SO *** dövlət qeydiyyat nişanlı «Opel Omega» minik markalı avtomobili 10 ay müddətinə, hər ay 274 manat olmaqla, cəmi 2.740 manat məbləğinə Cavabdeh icarəyə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təklifin surətindən görünür ki, Cavabdeh icarə müqaviləsinin şərtlərini könüllü icra etməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət, həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçini əqd bağlaması üçün yazılı vəkalət bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayə verən əşyanın kirayəçisinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqçar və müəssisələr ola bilər. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair» Azərbaycan Respublikası Kontitusiyası Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, etibarnamə konkret subyektə münasibətdə təmsil olunanın iradə və maraqlarının realizə və təmin edilməsi məqsədilə verilir və etibarnamə üzrə təmsilçi təmsil olunanın ifadə etdiyi iradəsinin vasitəçisi qismində çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2-ci maddəsinə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Həmin Məcəllənin 69.1-ci maddəsinə görə hər biri fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 74.1-ci maddəsinə görə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəfəqiyyətli həlli üçün zəruri olan bütün prorosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qanununvericiliyin qeyd olunan normalarının tələbinə, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bu baxımdan subyektiv hüququn üç elementinin mövcudluğu, yəni öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yoxlanılmalıdır. İddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı olmadığı halda subyektiv hüququnun digər elementləri yoxlanılmadan iddia rədd edilməlidir. Hazırda Səmədov X2 Kamran Qiyas oğluna qarşı «Opel Omega» minik markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış icarə müqaviləsinə əsasən ödənilməmiş icarə haqqının əvəzi qismində «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbinin əsası kimi yalnız «Opel Omega» minik markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 tərəfindən verilmiş həmin avtomobilə dair etibarnaməni, habelə məhkəmədə təmsilçiliyə dair etibarnaməni iddia ərizəsinə əlavə etmişdir. Halbuki, etibarnamə konkret subyektə münasibətdə təmsil olunanın iradə və maraqlarının realizə və təmin edilməsi məqsədilə verilir, etibarnamə üzrə təmsilçi təmsil olunanın ifadə etdiyi iradəsinin vasitəçisi qismində çıxış edir. Yəni hazırki halda D.Y.İbrahimova tərəfindən «Opel Omega» minik markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilə və məhkəmədə təmsilçiliyə dair verilmiş etibarnamələr yalnız D.Y.İbrahimovanın hüquq və maraqlarının həyata keçirilməsi məqsədi daşıdığı, buna görə də İddiaçı D.Y.İbrahimovanın adından məhkəmədə iddia qaldırmalı olduğu halda, İddiaçı D.Y.İbrahimovanın adından deyil, subyektiv hüququ olmamasına baxmayaraq, öz adından məhkəmədə iddia qaldırmışdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarına əsasən İddiaçı iddia tələbi üzrə subyektiv hüququnun olmamasını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar