Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-917/2023 12.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması, kompensasiya, əmlakın açıq hərracdan satılması” tələbinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması, kompensasiya, əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən ½ hissə payının naturada ayrılması, bu mümkün olmadıqda naturada pay ayrılması əvəzinə Cavabdeh tərəfindən ona 20000 (iyirmi min) manat məbləğində kompensasiyanın ödənilməsi, belə bir razılıq olmadıqda isə həmin əmlakın açıq hərracdan satılaraq satış pulunun onların aralarında bərabər şəkildə bölünməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissəsi onun, ½ hissəsi isə Cavabdeh adınadır. Mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin, mülkiyyətçi olmasına baxmayaraq, cavabdehin ucbatından öz mülkiyyətindən istifadə edə bilmir. Hazırda onlar arasında münasibət çox gərgindir və belə bir şəraitdə bir yaşamaqları qeyri-mümkündür. Bundan başqa cavabdeh özünü yeganə mülkiyyətçi kimi hiss edərək mənzildə tək yaşayır və onu mənzilə buraxmır. Elə bu səbəbdən də məcburiyyət qarşısında qalaraq onun sözügedən mənzildəki payının naturada ayrılması, bu mümkün olmadıqda naturada pay ayrılması əvəzinə cavabdeh tərəfindən ona 20000 (iyirmi min) manat məbləğində kompensasiyanın ödənilməsi (mənzilin minimum qiyməti 40000 manatdır), belə bir razılıq olmadıqda isə həmin əmlakın açıq hərracdan satılaraq satış pulunun onların arasında bərabər şəkildə bölünməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Heç olmasa özünə bundan sonra başqa yerdən ev ala bilsin. Əks təqdirdə mülkiyyətində olmasına baxmayaraq, sözügedən mənzildən istədiyi kimi istifadə edə bilməyəcəkdir. Yəni, onun mülkiyyət hüququ Cavabdeh tərəfindən pozulmuşdur və pozulmaqda da davam edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh kompensasiya verilməsi hissəsində iddia tələbini etiraf edərək izahatında bildirdi ki, yeni qaydada Gəncə şəhəri, Z.Əliyeva prospekti, M9, m2 (köhnə qaydada ünvan 1) ünvanının ½ hissəsi onun, ½ hissəsi isə İddiaçı adınadır. Mübahisəli mənzilin naturada bölünməsi mümkün deyil, eyni zamanda həmin mənzilin hərracda da satılmasını istəmir. Lakin İddiaçı mübahizəli mənzil üçün 20000 (iyirmi min) manat məbləğində kompensasiya verməyə razıdır. Odur ki, iddia tələbinin həmin hissədə təmin edilməsini, 20000 manat verməklə iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********18-05101-093012 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarıın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, yeni qaydada AZ 2001, Gəncə şəhəri, Z.Əliyeva prospekti, M9, m2 (köhnə qaydada ünvan 1) ünvanının ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh mülkiyyətindədir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2975/2019 nömrəli, 11 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MH №0020357 olan, xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh adına olan Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi ünvanında yerləşən 2 saylı binanın, 36 nömrəli mənzili tərəflərin birgə nikahları dövründə əldə edilmiş ümumi əmlakları hesab edilərək ½ (ikidə bir) hissəsi üzərində Cavabdeh, ½ (ikidə bir) hissəsi üzərində İddiaçı paylarının müəyyən olunması, paylarına mütənasib şəkildə mülkiyyət hüquqlarının qeydə alınması və X2 azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 3 ünvanında yerləşən 2 saylı binanın, 36 nömrəli mənzilinə köçürülmələri qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1112 nömrəli, 31 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, V.Xuluflu küçəsi, 2 saylı evin 36 saylı (yeni qaydada AZ 2001, Gəncə şəhəri, Z.Əliyeva prospekti, M9, m2) mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları”nın 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbul ediləndir. Beləliklə, məhkəmə iclasında iş materiallarının tam və hərtərəfli tədqiqi nəticəsində məhkəmə müəyyən etdi ki, yeni qaydada Gəncə şəhəri, Z.Əliyeva prospekti, M9, m2 (köhnə qaydada ünvan 1) ünvanında yerləşən mənzilin ½ hissəsi üzərində İddiaçı, ½ hissəsi üzərində isə Cavabdeh payı müəyyən edilmişdir. Lakin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan mənzilin ayrılması barədə öz aralarında razılığa gələ bilməmiş, həmçinin aralarında mübahisə olduğuna görə iddiaçının ümumi əmlakdan istədiyi kimi istifadə etməsi mümkün olmamışdır. Eləcə də, tərəflər payın kompensasiya ilə əvəzləşdirilməsi barədə də razılığa gələ bilməmişlər. Ona görə də iddiaçı payın naturada ayrılması, kompensasiya, əmlakın açıq hərracdan satılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Mübahisəli mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı barədə ekspert rəy vermişdir. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə kompensasiya verilməsi hissəsində iddia tələbini etiraf edərək, yeni qaydada Gəncə şəhəri, Z.Əliyeva prospekti, M9, m2 (köhnə qaydada ünvan 1) ünvanı üzərində ½ hissəsi onun, ½ hissəsi isə İddiaçı adına olduğunu, mübahisəli məzilin satılmasını istəmədiyini, İddiaçı mübahizəli mənzil üçün 20000 (iyirmi min) manat kompensasiya verməyə razı olduğunu bildirmiş və iddia tələbinin həmin hissədə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı və tələb təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı payın naturada ayrılması, kompensasiya, əmlakın açıq hərracdan satılmasını məhkəmə qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 4 aprel 2014cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqedən də görünür ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə göstərilən normaların tələbləri baxımından, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, hazırkı mübahisə predmeti olan mənzilə dair Cavabdeh tərəfindən İddiaçı 20000 (iyirmi min) manat məbləğində kompensasiyanın ödənilməsini şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdeh paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. İddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan mənzildən iddiaçının payının naturada ayrılması mümkün olmamış, cavabdeh isə iddiaçıya payının əvəzinə pul kompensasiyası verməyə razı olduğunu bildirərək həmin hissədə iddia tələbini etiraf etmişdir. Ona görə də iddiaçının tələbi əsaslıdır. Məhkəmə öz qənaətini həm də onunla əsaslandırır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün cavabdeh tərəfindən iddiaçıya payının əvəzinə pul kompensasiyası verilməsi paylı mülkiyyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı 20000 (iyirmi min) manat məbləğində kompensasiya verilməklə İddiaçı yeni qaydada Gəncə şəhəri, Z.Əliyeva prospekti, M9, m2 (köhnə qaydada ünvan 1) ünvanından mülkiyyət hüquqlarına xitam verilməlidir. Hazırkı qətnamə mübahisəli mənzildən iddiaçının mülkiyyət hüquqlarına xitam verilməsi ilə sonuncuya cavabdeh tərəfindən kompensasiyanın verilməsi (ödənilməsi) eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunu tələb etmədiyindən həmin məbləğ onun özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası iddiaçı tərəfin şifahi vəsatətinə əsasən təyin olunduğunda ekspertizanın dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı 20000 (iyirmi min) manat məbləğində kompensasiya verilməklə İddiaçı yeni qaydada Gəncə şəhəri, Z.Əliyeva prospekti, M9, m2 (köhnə qaydada ünvan 1) ünvanına mülkiyyət hüquqlarına xitam verilsin. Hazırkı qətnamə mübahisəli mənzildən mülkiyyət hüquqlarına xitam verilməsi ilə kompensasiyanın ödənilməsi eyni vaxtda icra edilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı isə Cavabdeh tutularaq, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-917/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-917/2023
12.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver