Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-100/2023 09.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya hüququ) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən subroqasiya qaydasında "xxxx" ASC-nin xeyrinə 74.290 manat sığorta ödənişinin və 400 manat mediasiya təşkilatına ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 məxsus ünvan 1 ünvanında yerləşən əmlak xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Rəfili, S.Rüstəmov və S.Əsgərov küçələrinin kəsişməsindəki məhəllədə bünövrə çalasının qazıntı işlərinin aparılması nəticəsində X2 məxsus əmlaka zərər dəymişdir. Qiymətləndirmə mərkəzi tərəfindən tərtib olunmuş qiymətləndirmə aktına əsasən dəymiş zərər məbləği 74.780 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən 490 manat azadolma çıxılmaqla 74.290 manat məbləğində sığorta ödənişinin həyata keçirilməsi qərara alınmış və zərərçəkmiş şəxsin şəxsi hesabına köçürülmə həyata keçirilmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Rəfili, S.Rüstəmov və S.Əsgərov küçələrinin kəsişməsindəki məhəllədə bünövrə çalasının qazıntı işlərinin aparılması nəticəsində ünvan 2 ünvanda yerləşən urologiya mərkəzinin inzibati binası texniki vəziyyətdən qəzalı vəziyyətə düşmüşdür. Hadisə ilə bağlı "xxxx" ASC tərəfindən zərərçəkən şəxsə sığorta ödənişinin olunması həmçinin ödənilmiş sığorta məbləğinin geri ödənilməsi barədə Cavabdeh MMC-yə bildiriş ünvanlanmışdır. Cavabdeh tərəfindən ödənilmiş sığorta məbləğinin sonradan Cavabdeh MMC-dən geri tələb olunmasının hüquqi əsası olmadığı bildirilmişdir. Əlavə olaraq şirkətə ünvanlanmış 05 aprel 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, dəymiş zərərin Cavabdeh MMC-yə aydiyyatı yoxdur. Həmçinin sözügedən məktubda bildirilmişdir ki, qəzalı əmlak alqı-satqı müqaviləsi ilə zərərçəkəndən alınmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin şirkətə ünvanladığı məktubdan da görünür ki, dəymiş zərər zərərvuran tərəfindən ödənilməmişdir. Tərəflər arasında yalnız alqı-satqı müqaviləsi bağlanmışdır. Bu isə sığortalının sığorta ödənişinin alınmasını məhdudlaşdırmır.
3. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 1096.1, 1097.1 və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir
12. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
13. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, ******* nömrəli xx.xx.2009-cu il tarixli çıxarışdan göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi 0.1583 ha torpaq sahəsində yerləşən 12 nömrəli 958.6 kv.m ümumi, 531.7 kv.m əsas, 426.9 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası (təsərrüfat hesablı respublika uroloji xəstəxanası) paylı mülkiyyət hüququ üzrə X3 1/3 hissə, X1 1/3 hissə, X4 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
14. İş materiallarına əlavə edilmiş BB seriyalı 418732 nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın icbari siğorta şəhadətnaməsinə əsasən ünvan 3 ünvanında yerləşən X2 məxsus daşınmaz əmlak sığorta məbləği 93.144 manat, azadolma məbləği 490 manat olmaqla xx.xx.2021-ci il tarixinədək İddiaçı ASC tərəfindən icbari qaydada sığortalanmışdır.
15. İddiaçı tərəf hazırda xx.xx.2020-ci il tarixində Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, M.Rəfili, S,Rüstəmov və S.Əsgərov küçələrinin kəsişməsindəki məhəllədə bünövrə çalasının qazıntı işlərinin aparılması nəticəsində X2 məxsus əmlaka zərər dəydiyini, baş vermiş hadisə ilə əlaqədar İddiaçı ASC tərəfindən 74.290 manat məbləğində siğorta ödənişinin həyata keçirildiyini bildirərək, qeyd edilmiş pulun Cavabdeh MMC-dən tutulmasını xahiş edir.
16. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının qeyd etdiyi əmlakda yaranmış çatların və vurulmuş ziyanın Cavabdeh MMC-nin apardığı tikinti işləri nəticəsində yaranmadığını bildirir.
17. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam X2 məxsus ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka "xxxx" MMC tərəfindən aparılan qazıntı və söküntü işlərinin nəticəsində zərərin vurulubvurulmamasını müəyyən etməkdir.
18. Məhkəmə tərəfindən şığortalı əmlaka dəymiş ziyanın "xxxx" MMC tərəfindən aparılan qazıntı işlərinin nəticəsində olub-olmaması və dəymiş ziyanın məbləğin nə qədər təşkil etməsi ilə bağlı ekspertiza təyin edilsə də, ekspertiza təyin edildiyi zaman əmlak mövcud olsa da, sonradan yəni işin eksertizada olduğu müddətdə sığortalı əmlakın sökülməsi səbəbindən rəyin verilməsi mümkün olmamışdır.
19. Həmçinin o da, qeyd edilməlidir ki, sığortalı olmuş əmlak Cavabdeh MMC tərəfindən alqı-satqı müqaviləsi əsasında alınmış və yerində çoxmərtəbəli binanın tikilməsi məqsədi ilə sökülmüşdür.
20. Bu xüsusda məhkəmə qeyd edir ki, Məhkəmə tərəfindən ekspertiza təyin edildikdən sonra sığortalı olmuş əmlakın məhz hazırkı Cavabdeh MMC tərəfindən sökülməsi rəyin verilməsini mümkünsüz etmişdir.
21. İş materiallarında olan AR FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu ilə göndərilmiş aktda qeyd olunmuşdur ki, “Baxış zamanı urologiya mərkəzinin bünövrə çalasına yaxın olan otaqlarının əsas yükdaşıyan divarlarında, hörgü birləşmələrində, qapı və pəncərə boşluqları ətrafında və döşəmədə eni 5-30 olan keçici çatlar müşahidə olunur. Urologiya mərkəzində yaranmış çat və zədələnmələrin yaxınlıqda aparılan tikinti-quraşdırma işlərinin nəticəsində, svaylar vurulduqdan sonra bünövrə çalasının qazıntısı zamanı svay və rostvelkin horizontal təzyiqinin təsirindən öz şaquli vəziyyətindən əyilməsi nəticəsində yaranmışdır....
22. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf etirazının dəlillərini təsdiq edən sübut kimi “X5” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyinə istinad etsə də, qeyd edilmiş rəyinə nəzər yetirildiyində aydın olur ki, sığortalı olmuş əmlaka dəymiş ziyanın məhz Cavabdeh MMC tərəfindən aparılmış qazıntı və söküntü işləri ilə əlaqədar olmamasına dair hər hansı bir nəticəyə gəlinməmişdir.
23. Göründüyü kimi, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka yaxınlıqda aparılan tikitni-quraşdırma işlərinin nəticəsində zərər dəymişdir.
24. Məhkəmə qeyd edir ki, mübahisənin həlli baxımından digər müəyyən edilməli olan məqam Bakı şəhəri, Mikayıl Rəfili küçəsi, 12-də yerləşən daşınmaz əmlaka dəymiş zərərin məbləğinin nə qədər təşkil etməsidir.
25. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli siğorta aktına əsasən Bakı şəhəri, Mikayıl Rəfili küçəsi, 12-də yerləşən daşınmaz əmlaka dəymiş zərərin məbləği 74.780 manat məbləğində müəyyən olunmuşdur.
26. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 001AZ**********9 nömrəli ödəniş sənədinə əsasən Paşa Siğorta ASC tərəfindən X1 etibarnamə üzrə nümayəndəsi X3 hesabına 490 manat azadolma məbləği çıxıldıqdan sonra 74.290 manat məbləğində siğorta ödənişi həyata keçirilmişdir.
27. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin vermiş olduğu sığorta ödənişini sığorta hadisəsinin baş verməsində məsuliyyətli olan Cavabdeh MMC-dən tələb etməyə əsası yaranmışdır.
28. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia 74.290 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və Cavabdehndən 74.290 manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
29. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC tərəfindən mediasiya xərci olaraq 400 manat məbləğində pul Bakı 6 saylı Mediasiya Təşkilatına ödənilmişdir.
30. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
VI. Nəticə:
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 74.290 (yetmiş dörd min iki yüz doxsan) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspetiza xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdehndən tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov