Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1007/2021 11.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Bağırov Seymur Ədalət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı xx.xx.2019-cu il tarixli, MXD-11012 saylı akt əsasında hesablanmış 1098 manat borcun silinməsi, hesabın balansından silinmiş 148 manatın balansa bərpa edilməsi vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə İddiaçı MMC arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair xx xxxxxxx 2012-ci il tarixli, 111073 (2012- 0654) saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə sudan istifadənin ölçülməsi və hesabat smart-kart tipli suölçən cihaz vasitəsi ilə təmin edilir. Cavabdeh ASC-nin Qaradağ Sukanal İdarəsinin borcun ödənilməsi haqqında xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu və ona əlavə edilmiş sənədlərdən bəlli olmuşdur ki, xx.xx.2019-xx.xx.2020-ci il tarixlərini əhatə edən dövr üçün 1098 m3 sərfiyyata görə 1098 (bir min doxsan səkkiz) manat borc hesablanmış, xx.xx.2020-ci il tarixinə 950 (doqquz yüz əlli) manat borcun olduğu bildirilmiş və borcun ödənilməsi tələb edilmişdir. Su təchizatı və kanalizasiya müəssisəsi ilə hesablaşmalarımız smart-kart tipli suölçən cihaz vasitəsi ilə və avans qaydasında öncədən pul ödənilməsi ilə təmin edildiyindən, xx.xx.2019-xx.xx.2020-ci il tarixlərini əhatə edən dövr üçün sərfiyyat hesablanaraq bizdən borc tələb edilməsini əsassız və qanunsuz hesab edirik. Belə ki, quraşdırılmış su sayğacı smart-kart tipli olduğu üçün balansında vəsait olduğu halda suyun verilməsi davam edir, əks halda suyun verilməsi yeni məbləğ yüklənənə qədər dayandırılır ki, bu halda borc yaranması mümkün deyil. Göründüyü kimi, istifadə etmədiyimiz suya görə əsassız və qanunsuz borc yazılmış, balansımızda olan avans vəsait bu borcun bir hissəsinin silinməsinə yönəldilmişdir. Tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə xx.xx.2019-xx.xx.2020-ci il tarixlərini əhatə edən dövr üçün 1098 m3 sərfiyyata görə hesabınmış 1098 (bir min doxsan səkkiz) manat əsassız və qanunsuz borcun silinməsini, balansımızdan silinmiş məbləğin balansımıza bərpa olunmasını və sudan istifadəyə qoyulmuş bütün məhdudiyyətlərin aradan qaldırılması xahişi ilə xx.xx.2020-ci il tarixli, 19305 saylı pretenziya məktubunu cavabdehə göndərmişik. Cavabdehin xx.xx.2020-ci il tarixli, 03/01-7/6/16434 saylı cavab məktubundan məlum olmuşdur ki, su xəttinə baxış keçirilən zaman su xəttindən sayğacdan kənar qeyri-qanuni istifadə aşkar edilmiş və xx.xx.2019-cu il tarixli, MXD-11012 saylı akt tərtib olunmuş, 1098 m3 (1098 manat) dəymiş ziyan hesablanmışdır. Məktuba əlavə edilmiş aktın surətindən görünür ki, xx.xx.2019-cu il tarixində baxış keçirilməsi nəticəsində qeyri-qanuni su xətti çəkilib istifadə olunması iddia edilir. İlk öncə onu qeyd etmək lazımdır ki, sahibkarın nümayəndəsinin iştirakı olmadan aparılmış bu baxış qeyri-qanuni olmuş, baxış zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri pozulmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Nəticələri mübahisələndirilən bu baxış zamanı cavabdeh tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 13-cü və 20.1-ci maddələri pozulmuş, yoxlama yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmiş, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməmiş, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verilməmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus obyektdə quraşdırılmış su xəttinə və sayğaca baxış keçirərkən qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməmişdir. Su sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində (radio-baza stansiyasında) istifadə olunan suyun uçotu, “Sudan istifadə Qaydaları”na (EEİQ) riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq iddiaçıya məxsus obyektə quraşdırılmış su sayğacına baxış keçirərək “müdaxilə” adı ilə su sərfiyyatında borc hesablanmışdır. Bütün bunlardan savayı, baxış keçirilməsi ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tələbləri də pozulmuşdur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Digər tərəfdən, cavabdehin bizə 1 il sonra göndərdiyi, tərtib edilməsində iştirakımız və dinlənilmək hüququmuz təmin edilməyən şəraitdə hazırlanmış sənədlərdə bizim hər-hansı qeyri-qanuni qoşulmaya yol verməyimiz öz təsdiqini tapmır və sübut edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarı il təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 6.1-ci maddəsinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Antiinhisar və X2 Dövlət Agentliyi (bundan sonra–AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Qaydaların 4.1.4-cü bəndinə əsasən istehlakçı balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıyır. Qaydaların 2.1.1-ci bəndinə əsasən STKM balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etməlidir. Su təchizatı və kanalizasiya müəssisəsi və istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyət sərhədi nəzərə alınmaqla qeyri-qanuni qoşulmanın məhz iddiaçının balansında olan hissədə baş verməsini sübut edən hər-hansı dəlil olmadığına görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulmaya görə hesablanmış 1098 manat borc əsassızdır və silinməlidir. İddiaçı tərəfindən xəttə və sаyğаcа hər hаnsı müdаxilə edilməsi sübut edilmədiyi halda, borc hesablanması yolverilməzdir. Həmçinin baxış və onun nəticələrinin rəsmiləşdirilməsi cavabdehin əməkdaşları tərəfindən qanunsuz şəkildə icra edildiyindən hesablanmış borc qanunsuz və əsassız olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirdi ki, su xəttinə baxış keçirilən zaman su xəttindən sayğacdan kənar qeyri-qanuni istifadə aşkar edilmiş və xx.xx.2019-cu il tarixli, MXD-11012 saylı akt tərtib olunmuş, 1098 manat dəymiş ziyan hesablanmışdır. İddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh ASC ilə İddiaçı MMC arasında xx.xx.2012-ci il tarixdə su təchizatı və kanalizasiya xidmətlərinə dair 111073 (2012-0654) saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC İddiaçı MMC-ni içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, İddiaçı MMC isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli, MXD-11012 saylı inventar aktından görünür ki, Cavabdeh ASC-nin Qaradağ Sukanal İdarəsinin əməkdaşlrı tərəfindən 111073 (2012-0654) saylı müqavilə üzrə abonent nömrəsi 11/144 olan istehlakçının obyektinə baxış keçirilmiş, qeyri-qanuni su xəttinin çəkilməsi aşkar olunmuşdur. Aktın obyektin nümayəndəsi qrafasında “imtina" sözü yazılmışdır. - Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, qeyd olunan akt üzrə 1098 m3 su sərfiyyatı üçün 1098 manat məbləğində dəymiş ziyan hesablanmışdır. - Cavabdeh ASC-nin Qaradağ Sukanal İdarəsi iddiaçıya xx.xx.2020-ci il tarixli borcun ödənilməsi haqqında xəbərdarlıq məktubu ünvanlayaraq, xx.xx.2019-xx.xx.2020ci il tarixlərini əhatə edən dövr üçün 1098 m3 sərfiyyata görə 1098 (bir min doxsan səkkiz) manat borc hesablandığını, xx.xx.2020-ci il tarixinə 950 (doqquz yüz əlli) manat borcun olduğu bildirilmiş və ödənilməsi tələb edilmişdir. - İddiaçının cavabdehə ünvanladığı xx.xx.2020-ci il tarixli, 19305 saylı pretenziya məktubundan görünür ki, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə 1098 m3 sərfiyyata görə hesabınmış 1098 (bir min doxsan səkkiz) manat əsassız və qanunsuz borcun silinməsi, balansdan silinmiş məbləğin balansa bərpa olunması və sudan istifadəyə qoyulmuş bütün məhdudiyyətlərin aradan qaldırılması xahiş edilmişdir. - Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli cavab məktubunda hazırda borcun 950 manat təşkil etdiyi qeyd olunaraq, ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Abunə haqqında məlumatdan (xx.xx.2021-ci il tarixə) görünür ki, iddiaçının cari tarixə qalıq borcu 950 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh” ASC ilə İddiaçı MMC arasında su təchizatı və kanalizasiya xidmətlərinə dair xx xxxxxxx 2012-ci il tarixli, 111073 (2012-0654) saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə sudan istifadənin ölçülməsi və hesabat smart-kart tipli suölçən cihaz vasitəsi ilə təmin edilir. Cavabdeh ASC-nin Qaradağ Sukanal İdarəsinin əməkdaşlrı tərəfindən iddiaçının obyektinə baxış keçirilmiş, qeyri-qanuni su xəttinin çəkilməsi aşkar olunmuş və xx.xx.2019-cu il tarixli, MXD-11012 saylı inventar aktı tərtib olunmuşdur. Obyektə baxış keçirilən və akt tərtib olunan zaman iddiaçının nümayəndəsinin iştirakı təmin olunmamışdır. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı ilə qeyd olunan akt üzrə 1098 m3 su sərfiyyatı üçün 1098 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmin məbləğin 148 manatı iddiaçının avans olaraq ödədiyi məbləğdən çıxılmış, qalan 950 manatın ödənilməsi iddiaçıdan tələb edilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı il təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın: 5.1.1-ci maddəsinə əsasən qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək istehlakçının hüquqlarına aid edilmişdir. 3.1.1-ci maddəsinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüquqlarına aid edilmişdir. 9.11.3-ci maddəsinə əsasən təsərrüfat-məişət kanalizasiya sisteminə qanunsuz qoşulmalar aşkar edildikdə STKM yazılı xəbərdarlıq etdikdən sonra və akt tərtib edərək onun bir nüsxəsini istehlakçıya vermək şərtilə istehlakçını təsərrüfat-məişət kanalizasiya şəbəkəsindən ayırmaq hüququna malikdir. Həmçinin müəyyən olunmuşdur ki, mübahisəli akt tərtib edilərkən "Sudan istifadə Qaydaları"nın qeyd olunan normalarının tələbləri pozulmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 1098 manat borc hesablanmış, həmin məbləğin 148 manatı avans olaraq iddiaçı tərəfindən ödənilən məbləğdən çıxılmış və 950 manat borc qalmışdır. İddia tələbini akt əsasında hesablanmış 1098 manat borcun silinməsi, hesabın balansından silinmiş 148 manatın balansa bərpa edilməsi vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması təşkil edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı ona qanunun tələblərinə əməl etmədən tərtib olunmuş akt əsasında hesablanan məbləğin silinməsini tələb etməkdə haqlıdır, lakin həm 1098 manat məbləğin silinməsi, həm də eyni zamanda ödənilən 148 manat məbləğin balansa bərpa edilməsini tələb etməkdə haqlı deyil. Ona görə də məhkəmənin qənaətinə əsasən iddia tələbi qismən, 1098 manat məbləğində borcun ödənilməmiş qalan hissəsi, yəni 950 manat məbləğində borcun silinməsi, 148 manat məbləğində ödənilən hissənin iddiaçının hesabının balansına bərpa edilməsi vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması hissəsində təmin edilməli, qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq, ödənilmiş 30 manat dövlət rüsumunun 26 manatı cavabdehə, 4 manatı iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli, MXD-11012 saylı akt əsasında hesablanmış 950 (doqquz yüz əlli) manat məbləğində borc İddiaçı hesabından silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə İddiaçı hesabının balansından silinmiş 148 manatın balansa bərpa edilməsi vəzifəsi qoyulsun. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş dövlət rüsumuna görə 26 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 4 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1007/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1007/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver