Məhkəmə qərarları › İş №e-2-2(113)-1013/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1013/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1013/2024 29.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və müqavilənin ləğvi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və müqavilənin ləğvi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Best Kommerse” MMC (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi və müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya (abonent kodu: 072633) əsassız olaraq hesablanmış 13340,28 manat borcun silinməsi və tərəflər arasında su təchizatına dair mövcud olan müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının mülkiyyətçisidir. Qeyd edilən yaşayış binasının sakinləri tərəfindən, həmin binanın idarə edilməsi üçün, mənzil qanunvericiliyinin tələbərinə uyğun olaraq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmişdir. xx.xx.2023-cü il tarixdə qeyd edilən binanın idarə edilməsi iddiaçı tərəfindən təhvil–təslim aktı əsasında "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilmişdir. Bununla bağlı, bu binanın su təchizatına aid (Abonent kodu: 072633) iddiaçı və cavabdeh arasında olan müqaviləyə xitam verilməsini və həmin binanın su ilə təchiz edilməsi məqsədilə "xxxx" MMMC ilə yeni müqavilə bağlanmasına etiraz etmədiyini rəsmi olaraq cavabdehə bildirmişlər. Su sayğacının iddiaçının adından "xxxx" MMMC-nin adına keçirilməsini istəmişdik. Lakin, cavabdeh tərəfindən iddiaçının istifadə etdiyi suya görə manat borcunun olması şifahi olaraq bildirilmiş və onlarınmüraciətimizə heç bir rəsmi cavab verilməmişdir. Əlavə olaraq bu məsələ ilə bağlı, “Asan kommunal” xidmətində fəaliyyət göstərən Cavabdeh ASC-nin məntəqəsinə müraciət etmişdik. Ancaq nəticə eyni oldu, yəni müqavilərinə xitam verilmədi, səbəb kimi də, qeyd edilən borclarının olmasını bildirdilər və bununla bağlı 13340 manat borclarının olması barədə elektron formada çıxarış verdilər. Sonuncu dəfə aralarında olan müqaviləyə xitam verilməsi üçün Cavabdeh ASC-nə elektron qaydada xx.xx.2023-cü il tarixdə müraciət etmişlər. Lakin,cavabdeh tərəfindən onlara heç bir cavab verilməyib. Bununla bağlı, xüsusi vurğulamaq istərdik ki, yuxarıda qeyd edilən borc nə vaxt yaranıb və nə ilə bağlıdır bizə məlum deyil. Cavabdeh ASC öz tərəfindən buna aid izah verə bilmir və yaxud istəmir, borca aid etibarlı hesab edilən heç bir sənəd təqdim etmir. Bu səbəbdən bizim müqaviləyə xitam verilmir və binanı faktiki olaraq idarə edən şirkət yeni müqavilə bağlayıb sayğacı öz adına keçirə bilmir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan müqavilənin nüsxəsini iddiaçı əldə edə bilmədiyi üçün Asan Kommunala müraciət etmiş, ona həmin müqavilənin nüsxəsi təqdim edilmişdir. İddiaçı ona təqdim edilmiş hesab-fakturalar üzrə borcu vaxtında ödəmiş, qalıq borcu qalmamışdır. Müqavilənin ləğvi ilə bağlı cavabdehə müraciət edildikdə onlara iddiaçının 13340 manat qalıq borclarının qalması bildirilmiş, lakin həmin borcun əsası onlara bildirilməmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Nuhov iddia tələbinə etiraz edib iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya hər ay sayğacın göstəriciləri nəzərə alınmaqla hesab-faktura təqdim edilir. Hazırda iddiaçının cavabdehə 13100 manat borcu vardır. Həmin borc isə sərfiyyat borcudur. İddiaçı barəsində hər hansı akt tərtib edilməmişdir, belə ki, iddiaçı əvvəlki illər üzrə istifadə edilmiş su və kanalizasiya xidmətlərinə görə az ödəniş etmiş, nəticədə qalıq borc yaranmışdır. Həmin borcun silinməsi üçün əsaslar yoxdur. Müqavilənin ləğvi isə yalnız bütün borclar ödənildikdən sonra mümkündür. Müqavilə 2002-ci ildə bağlanmış, hazırda da qüvvədədir, üzərindən uzun müddət keçdiyi üçün nüsxəsini təqdim edə bilmirlər.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Tərəflər arasında bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqaviləyə əsasən müqavilə müəssisəsinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə dövlət standartlarının tələbinə uyğun suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.

7. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixinə qalıq borcu 13340,28 manat təşkil edir.

8. İddiaçıya məxsus çoxmərtəbəli yaşayış binasının idarəetməsinin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təhvil verilməsinə dair 31 mart 2023-cü il tarixli aktdan görünür ki, iddiaçı yaşayış binasını və onun idarəetməsini "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təhvil verilməsini həyata keçirmişlər. Təhvil alan öhdəlik götürmüşdür ki, binanın idarə edilməsi ilə bağlı 01 aprel 2023-cü il tarixdən yaranacaq bütün kommunal ödənişləri təhvil alan öz hesabına qarşılayacaqdır. Təhvil verən binanın bütün kommunal borclarını (Azərişıq, Azəriqaz və Azərsu) ödəyərək təhvilini həyata keçirir. Təhvil alan 01 aprel 2023-cü il tarixdən etibarən binanın idarə edilməsi, saxlanılması, binanın yerləşdiyi torpağın icarəsi, kommunal və gələcəkdə yaranacaq hər hansı digər xərclərlə bağlı bütün məsuliyyəti öz üzərinə götürür.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası iddiaçıya məxsusdur.

10. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı 99C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq "xxxx" MMMC təsis edilmişdir. Göstərilənləri nəzərə alaraq həmin binanın su ilə təchiz edilməsi məqsədi ilə "xxxx" MMMC ilə yeni müqavilənin bağlanmasına etiraz etmir.

11. İddiaçıya məxsus abonent haqqında məlumatdan görünür ki, iddiaçının su və çirkab sularından istifadəyə görə ümumi borcu 13100 manat təşkil edir.

12. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda Bakı şəhəri, Yasamal rayonu İsmayılbəy Qutqaşınlı 99C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası 31 mart 2023-cü il tarixdən təhvil-təslim aktı əsasında YASAMAL 64 mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə edilir. Bu səbəbdən iddiaçı ilə olan 072633 saylı müqaviləyə xitam verilməsini xahis edir. Abonent kodu: 072633.

13. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

14. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun:

15. 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

16. 58-ci maddəsinə əsasən ödənişlər bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə və tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir.

17. 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara.

18. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndində də təsbit olunmuşdur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir.

19. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır.

20. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh tərəfindən ona su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış borcu mübahisələndirir.

21. Cavabdeh mübahisələndirilən borcun hesablanmış sərfiyyat borcu olduğunu bildirir.

22. Məhkəmə tərəfindən cavabdehə borcla bağlı iddiaçıya təqdim edilmiş hesabfakturaların, borcun hesablanmasını özündə əks etdirən sənədlərin, həmin borcun əhatə etdiyi dövr və borcun hansı qaydada hesablanması barədə məlumatların təqdim edilməsi dəfələrlə cavabdehə təklif etsə də, cavabdeh həmin borcla bağlı Məhkəməyə yalnız abonent haqqında məlumat təqdim edə bilmişdir.

23. Bundan əlavə, cavabdeh həmin borcun sərfiyyat borcu olduğunu, hər ay iddiaçıya borcla bağlı hesab-faktura təqdim edildiyini bildirsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim edə bilməmişdir.

24. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmiş, bundan əlavə, borcun hanı illər, yaxud aylar üzrə olduğunu göstərə bilməmişdir.

25. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının silinməsini xahiş etdiyi borcun əsaslı olmasına dair məhkəməyə ümumiyyətlə hər hansı sənəd, göstərilən borcun mövcudluğu ilə bağlı məhkəməyə əsaslı və şübhədənkənar sübut təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi borcun silinməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

26. Bununla yanaşı, abonent haqqında məlumatdan, habelə cavabdehin nümayəndəsinin izahatından məlum olmuşdur ki, iddiaçıdan hazırda tələb edilən qalıq borc 13100 manat təşkil edir.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçıya hesablanmış 13100 manat borc silinməlidir.

28. Bundan əlavə, iddia ərizəsindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini də xahiş edir.

29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.3-cü bəndinə əsasən istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir.

30. Materiallardan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli akt əsasında Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı 99C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının idarə edilməsini "xxxx" MMMC-yə həvalə etmiş, həmin MMMC bütün kommunal ödənişləri xx.xx.2023-cü il tarixdən ödəməyi öhdəsinə götürmüşdür.

31. Belə ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc silindiyindən, habelə iddiaçı müqavilənin ləğvi tələbi ilə bağlı cavabdehə müraciət etdiyindən, lakin onun tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğvi hissəsində də əsaslıdır və təmin edilməlidir.

32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 13100 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 13100 (on üç min bir yüz) manat borcun silinməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. Ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Tərəflər arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar