Məhkəmə qərarları › İş №e-2-2(113)-1022/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1022/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1022/2020 28.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: HakimƏliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi, İddiaçı Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Nümayəndə Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Nümayəndə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona 2019-cu il sentyabr ayında hesablanmış 7.785 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Nümayəndə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində fəaliyyət yerləşən penoplast sexi ona məxsusdur. Həmin obyektə qazın verilməsinə dair onunla cavabdeh arasında abonent müqaviləsi bağlanmış, sayğac quraşdırılaraq abonent kodu verilmişdir. Penoplast sexinə avqust ayında qaz sayğacı quraşdırılmış və sentyabr ayında sex qaz ilə təchiz edilmişdir. Bir ay sonra 7.785 manat məbləğində qazdan istifadəyə görə qəbz gəlmişdir. Sayğacın düzgün işləməməsi barədə xx.xx.2019-cu ildə Cavabdeh Binəqədi regional istismar idarəsinə yazılı olaraq müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh mühəndisləri tərəfindən iddiaçıya məxsus G65 markalı zavod nömrəsi 77057138 olan rotor tipli sayğacı dövlət yoxlaması üçün götürülmüş, yerinə müvəqəti sayğac quraşdırılmışdır. İddiaçıya məxsus G65 markalı, zavod nömrəsi 77057138 olan rotor tipli qaz sayğacına laboratoriyada texniki baxış keçirilmiş və “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” SS nömrəli 29/1640-02332 xx xxxxxx 2019-cu il akta əsasən aşağıdakılar müəyyən edilmişdir: Sayğacın daxili çirklidir. Göstəricilər arasında fərq mövcuddur. xx.xx.2019, xx.xx.2019-cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3,79 bar, korreksiya olunmuş maksimal qaz həcmi 239 m3 korreksiya olunmamış qaz həcmi 75 m3 qeydə alınmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V mexaniki göstəricidən 8697 m3 çoxdur. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı 100 impuls verildi və 100 impuls alındı. İmpuls ötürücüsü işləyir. Yoxlamanın nəticəsi - minimal sərfiyyatda sayğac hesabat aparmır. Batareya tələb olunur. Beləliklə, Cavabdeh X1 Departamentinin laboratoriyasının yuxarıda göstərilən aktına əsasən sayğacın mexaniki hissəsi 003738 m3, elektron hissəsi ********* m3 (1,10 fərq) qaz sərfiyyatı göstərir. Beləliklə, sayğacın eletron göstəricisi mexaniki göstəricidən 8697 m3 çoxdur. İddiaçı xx.xx.2019 cu il tarixdə Cavabdeh baş direktoru Ruslan Əliyevə ərizə yazaraq sayğacda yaranmış problemlə əlaqədar hesablanmış borcun silinməsini xahiş etmiş, cavab olaraq ona araşdırma aparıldığı bildirilmişdir. İddiaçıya məxsus sexə əvəzləyici qaz sayğacı qoyulduqdan sonra aylıq qaz sərfiyyatı 600-700 manat məbləğində olmuşdur. Daha sonra iddiaçı Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin avqust, sentyabr və oktyabr ayları üçün cavabdeh tərəfindən hesablanmış 7500 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərk, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Qaz paylayıcısı (cavabdeh) ilə sənaye qaz qurğusu istifadəçisi (iddiaçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AMX-4617/19 saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən qaz paylayıcı istehlakçını təbii qazla təmin etməyi, istehlakçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qaz paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Müqavilənin 4.3-cü bəndinə əsasən Nümayəndə məxsus qeyri-yaşayış sahəsinə su qızdırıcısı qazan quraşdırılması nəzərdə tutulmuşdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən müəyyən edilir ki, Nümayəndə məxsus penoplast sexində quraşdırılmış qaz sayğacının göstəriciləri arasında fərq var. Sayğac növbədənkənar dövlət yoxlamasına aparılmasına üçün çıxarılmış, əvəzinə müvəqqəti sayğac quraşdırılmışdır. xx.xx.2019-cu il tarixli, 08574 saylı Qüsur aktından görünür ki, xx.xx.2019-cu il tarixdə dövlət yoxlamasına qəbul olunmuş G-65 markalı, rotor tipli, 77057138 saylı sayğacın gövdə hissəsi yararsızdır. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” xx xxxxxx 2019-cu il tarixli, SS 29/1640-02332 saylı aktdan görünür ki, Nümayəndə məxsus penoplast sexinin qaz xətti üzərində quraşdırılmış G65 markalı 77057138 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı xx.xx.2019-cu il tarixində xətdən çıxarılmış, xx.xx.2019-cu il tarixində Metrologiya Departamentinin sayğaclarının müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş, minimal sərfiyyatda sayğacın hesabat aparmaması, eləcə də sayğacın Vt elektron göstəricisinin mexaniki göstəricidən 8.697 m3 çox olması, batareya tələb olunması müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, Nümayəndə məxsus penoplast sexində 2019-cu ilin avqust ayı üçün 1303,80 manat, sentyabr ayı üçün 4656,20 manat, oktyabr ayı üçün 2519 manat, noyabr ayı üçün 523,20 manat, 2020-ci ilin yanvar ayı üçün 807 manat, fevral ayı üçün 1514,40 manat, mart ayı üçün 1145,60 manat, aprel ayı üçün 1311 manat, may ayı üçün 1808,40 manat, iyun ayı üçün 1438,60 manat, iyul ayı üçün 1868 manat məbləğində qaz sərfiyyatı qeydiyyata alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddiaçı Nümayəndə iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Nümayəndə ilə Cavabdeh İB arasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin (penoplast sexinin) qazla təchiz edilməsinə dair xx.xx.2019-cu il tarixli, AMX-4617/19 saylı qazın alqı-satqısı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsinə G-65 markalı rotor tipli 77057138 saylı qaz sayğacı quraşdırılmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilərkən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının elektron və mexaniki göstəriciləri arasında kəskin fərqlərin olması (təxminən 10 dəfə) aşkar edilmiş və qaz sayğacı çıxarılaraq növbədənkənar dövlət yoxlamasına aparılmışdır. Laboratoriya rəyi ilə sayğacın yararsız olması və sayğacın mexaniki göstəricisi ilə elektron göstərici arasında fərqin olması müəyyən edilmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində laboratoriya rəyi ilə yararsız olduğu müəyyən edilmiş qaz sayğacının quraşdırıldığı dövrdə - 2019-cu ilin sentyabr ayında 4656,20 manat, oktyabr ayında isə 2519 manat məbləğində qaz sərfiyyatı qeydə alındığı halda müvəqqəti sayğac quraşdırıldıqdan sonra qaz sərfiyyatı kəskin aşağı düşmüş, minimal aylıq qaz sərfiyyatı 2019-cu ilin noyabrında 523,20 manat, maksimal aylıq qaz sərfiyyatı isə 2020-ci ilin iyul ayında 1868 manat olmaqla 2020-ci ilin yanvar–2020-ci ilin iyul aylarında orta aylıq qaz sərfiyyatı 1413,28 ((807+1514,4+1145,6+1311+1808,4+1438,6+1868)/6=1413,28) manat dəyərində olmuşdur. İşin yuxarıda göstərilən halları belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı Nümayəndə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacı yararsız olduğundan 2019-cu ilin sentyabr-oktyabr aylarında qaz sərfiyyatını düzgün qeydə almamışdır. Digər tərəfdən məhkəmə iddiaçının mübahisələndirdiyi 2019-cu ilin avqust ayındakı qaz sərfiyyatına münasibətdə qeyd edir ki, mübahisəli qaz sayğacı xx xxxxxx 2019-cu il tarixdə quraşdırılmışdır, quraşdırılmamışdan əvvəl yoxlamadan keçirilmişdir, eləcə də həmin ayda qaz sayğacının qeydə aldığı qaz sərfiyyatı iddiaçının 2020-ci ildə orta aylıq sərfiyyatından yüksək deyil. Belə olan halda iddiaçının qaz sayğacının 2019-cu ilin avqustunda da işləməməsi barədə dəlilləri inandırıcı görünmür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.9-cu bəndinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Hazırkı halda mübahisəli qeyri-yaşayış sahəsinin ilk dəfə 2019-cu ilin avqust ayının 9-da qazla təchiz edildiyini, yəni mübahisəli aylardan əvvəlki aylarda qaz sərfiyyatının olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, qaz sayğacının işləmədiyi dövr üçün (2019-cu ilin sentyabr-oktyabr ayları) iddiaçının qaz sərfiyyatına görə borcu 2020-ci ilin yanvar – 2020-ci ilin iyul aylarında orta aylıq qaz sərfiyyatına əsasən 2826,56 (1413,28x2ay) müəyyən edilməli, həmin aylar üçün artıq hesablanmış 4348,64 manat məbləğində borc isə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən 2019-cu ilin sentyabr, oktyabr ayları üçün iddiaçı Nümayəndə hesablanmış 4348,64 manat (dörd min üç yüz qırx səkkiz manat altmış dörd qəpik) məbləğində borc silinməlidir. Qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 15 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən 2019-cu ilin sentyabr, oktyabr ayları üçün iddiaçı Nümayəndə hesablanmış 4348,64 manat (dörd min üç yüz qırx səkkiz manat altmış dörd qəpik) məbləğində borc silinsin. İddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar