Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-107/2022 08.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə2 və İsgəndərov Vəkil Yasin oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, “Hacı Camalxan” X2 Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi və zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “Hacı Camalxan” KFT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən 2020-ci ilin noyabr-dekabr və 2021-ci ilin yanvar ayı üzrə “Hacı Camalxan” KFTnin qaz sərfiyyatı üçün əsassız hesablanmış məbləğin müəyyənləşdirilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Hacı Camalxan” X3 (KFT) Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı, istehsalı və s. fəaliyyətlə məşğul olur. Təsərrüfatın fəaliyyət sahələrindən biri də istixanada tərəvəz məhsullarının yetişdirilməsidir. İstixana sahəsi qanuni əsaslarla və standartlara uyğun qurulmuş, istixananın zəruri qaz təchizatı üçün müvafiq texniki sənədlər və icazələr alınmışdır. 2020-ci ilin payızında məlum olmuşdur ki, təsərrüfatın 2003-cü ildən çəkdirdiyi qaz xəttində illər keçdikdən sonra müəyyən problemlər yaranmışdır. Belə ki, qaz tənzimləyici klapanın sıradan çıxması nəticəsində qaz xəttində itkilər əmələ gəldiyi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Cavabdeh İB-in müvafiq qurumlarına məlumat verilmişdir. Tədbir görülmədiyini gördükdə təkrar olaraq, 13 noyabr 2020-ci il tarixdə yazılı surətdə Cavabdeh İB-in baş direktoru R.Əliyevə müraciət olunaraq göstərilən səbəblərdən qaz itkisinin qarşısının alınması üçün "xxxx" QSC tərəfindən təsərrüfatın qazlaşdırılması üçün tərtib edilmiş 7-05-O4(D1) lahiyəsinə uyğun olaraq yeni qaz tənzimləyici klapanın qaz təsərrüfatında istifadə qaydalarına uyğun olaraq quraşdırılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. Yazılı müraciətin nəticəsi olmadığından, dəfələrlə aidiyyəti quruma təkrar müraciət edilmiş, lakin yeni qaz tənzimləyici klapanın quraşdırılması Cavabdeh İB tərəfindən heç bir əsas olmadan ləngidilmişdir. Bu müddət ərzində (sonuncu yazılı müracətdən 2 ay 13 gün) qaz itkisi davam etməklə Təsərrüfata verilən qaz sərfiyyatında itkiyə məruz qalan qaz həcminə görə əsassız məbləğ hesablanmışdır. Nəhayət, xx.xx.2021-ci ildə müraciətdə iddiaçının qaldırdığı məsələ Cavabdeh İB tərəfindən müsbət həll olunmuşdur, yeni qaz tənzimləyici klapanı quraşdırılmaqla qaz itkisinin qarşısı alınmışdır. xx.xx.2021-ci ildən sonrakı dövrə qaz sərfiyyatı ilə əvvəlki dövrün qaz sərfiyyatını müqayisə etdikdə, əvvəlki aylar üçün daha artıq qaz sərfiyyatı məbləği hesablandığı məlum olur. Belə nəticə çıxır ki, Cavabdeh İB iddiaçının müraciət etdiyi dövrdə dərhal qaz tənzimləyici klapanı yenisi ilə əvəz edərək qaz itkisinin qarşısı alınsaydı, təsərrüfata daha az qaz sərfiyyatı məbləği hesablanacaqdı. Buna görə də cavabdehin təqsiri üzündən hesablanmış artıq məbləği “Hacı Camalxan” KFT ödəmək məsuliyyəti yaranmamışdır. 2020-ci ilin noyabr-dekabr və 2021-ci ilin yanvar ayı üçün hesablanmış qaz sərfiyyatı məbləğinin normadan və reallıqdan həddən artıq olmasına görə tərəflərindən həmin məbləğlər tam ödənilməmişdir. Göstərilən aylar üçün qismən ödəniş edilmiş, cavabdehin yerli qurumları ilə bu məsələ müzakirə olunmuş, əsassız hesablanmış məbləğin silinməsi məsələsinə baxılması tərəflərindən xahiş olunmuşdur. Lakin cavabdeh təşkilatın nümayəndələri real vəziyyəti, artıq hesablanmış məbləğin təsərrüfatın istifadə etdiyi qaza görə deyil, nasaz qaz tənzimləyici klapanın vaxtında Cavabdeh İB tərəfindən dəyişdirilmədiyinə görə yarandığını nəzərə almayaraq, hesablanmış məbləğin ödənilmədiyini bəhanəsi ilə xəbərdarlıq edilmədən Təsərrüfata qazın verilməsini dayandırmışlar. Təsərrüfata qazın verilməsinin dayandırılması və artıq hesablanmış məbləğin dərhal ödənilməsinin tələb edilməsi “Hacı Camalxan” KFT-nin sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması ilə yanaşı, hazırda pomidor tərəvəzi yetşdirilən istixana təsərrüfatının iflic hala düşməsinə, istixananın məhv olma təhlükəsilə üzləşməsinə səbəb olmuşdur. Bu təhlükədən yayınmaq üçün tərəflərindən alternativ yanacaq mənbələri ilə istixananın qızdırılması üçün tədbirlər görülür ki, bu da əlavə məsrəflər xərclənməsinə səbəb olur, təsərrüfat böyük maddi itkilərlə üzləşmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh İB tərəfindən 2019-cu ilin dekabr ayından 2021-ci ilin yanvar ayı daxil dövr üzrə “Hacı Camalxan” KFT-nin qaz sərfiyyatı üçün əsassız hesablanmış 31646,8 manat məbləğin silinməsi və Cavabdeh İB-dən “Hacı Camalxan” KFT-nin xeyrinə 101244 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən, “Hacı Camalxan” KFT-yə məxsus olan istixananın qaz xətti üzərində qaz sayğacından əvvəl quraşdırlmış tənzimləyici iddiaçının sifarişi əsasında layihəyə edilmiş dəyişikliyə əsasən 2018-ci ilin noyabr ayında sayğacdan sonra quraşdırılmışdır. Tənzimləyicinin sayğacdan əvvəl və ya sonra quraşdırılması istixananın qaz sərfiyyatının artıb-azalmasına heç bir təsir göstərmir. Belə ki, istixana qazlaşdırılarkən istixanada istifadə olunacaq qaz cihazlarının qaz sərfi nəzərə alınmaqla qaz sayğacı müəyyən edilir. Qaz sayğacı isə cihazların saatlıq sərfiyyatına uyğun miqdarda qaz sərfini qeydə alır. Abonentin illər üzrə müvafiq dövrlərə görə qaz sərfini müqayisə etdikdə qeyd olunan fakt öz təsdiqini tapır. İddiaçı iddia ərizəsində 2020-ci ilin noyabr, dekabr, 2021-ci ilin yanvar aylarında istixananın qaz sərfinin düzgün qeydə alınmamasını qeyd etmişdir. İddiaçı 2020ci ilin noyabr ayında 4773,60 manat, dekabr ayında 13029 manat, 2021-ci ilin yanvar ayında 6296 manat məbləğində qaz sərf etmişdir. Nəzərə alsaq ki, 2016-cı ildə tənzimləyici qaz sayğacından əvvəl quraşdırılmış vəziyyətdə olmuşdur və iddiaçı 2016-cı ilin noyabr ayında 2191,70 manat, dekabr ayında 12362 manat, 2017-ci ilin yanvar ayında 9300,40 manat qaz sərf etmişdir. 2016-cı ilin noyabr, dekabr ayları ilə 2020-ci ilin müvafiq dövrünü müqayisə etdikdə heç bir fərqin olmaması öz təsdiqini tapır. Bundan əlavə iddiaçının digər dövrlərdə də qaz sərfiyyatını müqaisə etdikdə iddiaçının bəzi dövrlərdə yaz aylarında qaz sərfiyyatının qış aylarına nisbətən artıq olması müəyyən olunur. Qeyd olunanlar qaz tənzimləyicinin qaz tənzimləyici qurğunun qaz sayğacından əvvəl və ya sonra quraşdırılmasının qaz sərfiyyatının artıb və ya azalmasına heç bir təsir göstərməməsinin birbaşa sübutudur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis və audit rəyləri formal mülahizələrlə əsaslandırılmış, heç bir əsası yoxdur. İddiaçıya məxsus istixanada qaz sərfiyyatının müəyyən dövrlərdə artması və ya azalması əkin növündən, hava şəraitindən və digər səbəblərdən baş verə bilər. İddiaçı qaz sayğacı ilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməsindən yayınmaq məqsədilə qaz sərfiyyatının artıq hesablandığını və yaranmış fərqin silinməsini tələb edir. İş materiallarında olan: - 05 noyabr 2018-ci il tarixli, AKX-1/3294 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Cavabdeh İB “Hacı Camalxan” KFT-ni keyfiyyətli qazla təmin etməyi, sononcu isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşdür. - RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsi ümumi sahəsi 3,5334 ha təşkil edən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında “Hacı Camalxan” KFT-nın adına qeydə alınmışdır. - abonent saldosunadan görünür ki, 271008,98 kub metr qaz sərfiyyatına görə akta əsasən 25684,89 manat məbləğində borc hesablanmışdır. - 27 sentyabr 2018-ci il tarixli akta əsasən “....Hacı Camalxan KFT məxsus müəssisələrin qaz xətləri üzərində tənzimləyicilərin yeri dəyişdirilərək qaz sayğacından sonraya keçirilmişdir.” - 26 yanvar 2021-ci il tarixli akta əsasən “......sahibkar Hacı Camalxana məxsus istixanaya gedən qaz xəttinin üzərindəki tənzimləyici abonentin müraciəti əsasənda yenisi ilə əvəz olunaraq sayğacdan əvvələ quraşdırılmışdır.” İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: - əsassız hesablanmış borcun silinməsi; - vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İddia üzrə borcun silinməli olması qaz tənzimləyici klapanın sıradan çıxması və cavabdeh tərəfindən vaxtı-vaxtında yenisi ilə əvəz olunmaması nəticəsində artıq sərfiyyatın hesablanması ilə əsaslanıdırlmışdır. Cavabdehin iddia tələbinə etirazını o hal təşkil edir ki, qaz tənzimləyici qurğunun qaz sayğacından əvvəl və ya sonra quraşdırılmasının qaz sərfiyyatının artıb və ya azalmasına heç bir təsir göstərmir. Qaz sayğacının tənzmləyicisinin qaz sayğacından sonra yerləşməsinin texniki şərtə uyğun, həmçinin, əlavə sərfiyyata səbəb olub – olmamasının müəyyən edilməsi, həmçinin, əlavə sərfiyyatın olduğu təqdirdə məbləğin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/778 nömrəli, 14 mart 2022-ci il tarixli rəyinə əsasən “Qaz təchizatı. Layihələndirmə normaları.” 2.13-1 AzDTN-nin 7.14 bəndinin tələblərinə və Cavabdeh tərəfindən «Hacı Camalaxan» KFT-yə verilmiş 2019-cu il tarixli «Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin («Hacı Camalaxan» KFT) qazlaşdırılması»na dair 7-05- 04(D1) nömrəli işçi layihəsinin izahat və cizgilərinə əsasən, qaz tənzimləyicisi qaz sayğacdan əvvəl quraşdırılmalıdır. Həmin qaz tənzimləyicinin qaz sayğacdan sonra quraşdırılması qeyd olunan layihələndirmə normalara və işçi layihəsinə uyğun deyildir. «İtron, TZ/FLUXİ turbin qaz sayğacı. Quraşdırma və istismar təlimatı»nda göstərilən tələblərini, eləcə də sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasındakı nisbət korreksiyasının əmsalının artırmasını nəzərə aldıqda, qaz kəmərlərində qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması, həmin sayğacların sonradan artıq xətalarla işləməsi, yəni qazın sərfiyyatının düzgün (artıq) hesablanmamasına gətirə bilər. “Hacı Camalaxan” KFT-yə məxsus fermer təsərrüfatında quraşdırılmış qaz avadanlıqlarının bir ayda istifadə edilə biləhv maksimal qaz sərfiyyatı (21282 m3) nəzərə aldıqda 01 noyabr 2019-cu il tarixindən 25 yanvar 2021-ci il tarixə kimi qaz sərfiyyatı 125786 m3 hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin; - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Ekspert rəyindən görünür ki, iddiaçıya məxsus istixananın temperaturdan asılı olaraq minimum 1-ci rejimdə 24 saat ərzində 6-7 saat, 2-ci rejimdə 10-11 saat qazdan istifadə edildiyi iddiaçının özünün təqdim etdiyi 13 dekabr 2021-ci il tarixli 29 nömrəli arayış əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddiaçının sutkalıq qaz sərfiyyatı barədə özünün təqdim etdiyi arayış mötəbər sübut hesab edilə bilməz. Bu arayış əsasında ekspert tərəfindən həyata keçirilmiş hesablamanın düzgün olmadığı eyni zamanda bununla təsdiq olunur ki, ekspert istixanada quraşdırılmış qaz avadanlıqlarının maksimal aylıq qaz sərfiyyatının 21282 m3 olduğunu müəyyən etsə də, abonent saldosunda görünür ki, iddiaçının aylıq sərfiyyatı 2018-ci ilin dekabr ayında 27019 m3, 2019-cu ilin noyabr ayında 27358 m3, 2019-cu ilin dekabr ayında 45133 m3, 2020-ci ilin yanvar ayında 48481 m3, 2020-ci ilin dekabr ayında 65145 m3, 2021-ci ilin noyabr ayına 21854 m3 olmuşdur. Göründüyü kimi, iddiaçıya məxsus istixananın suqızdırıcı qazanlarının və digər qaz sərf edən qurğularının maksimal aylıq qaz sərfiyyatının 21282 m3 olduğuna dair ekspert rəyi əsassızdır. Məhkəmə iddiaçıya məxsus obyektin (istixananın) qaz borusunun üzərindəki qaz tənzimləyicinin əsaslı zərurət olmadan texniki şərt verilərkən tərtib edilmiş layihədə nəzərdə tutulmuş yerinin dəyişdirilərək sayğacdan sonra quraşdırılmasının texniki tələblərə və qaydalara uyğun olmadığına dair iddiaçının dəliləri ilə razılaşsa da hesab edir ki, işdə mübahisələndirilən dövrdə iddiaçıya məxsus obyektin qaz sayğacına baxış keçirilməklə sayğacın düzgün işləmədiyi və mübahisəli dövrdə qaz sərfiyyatını artıq qeyd etdiyini təsdiq edən mötəbər sübut (laboratoriya rəyi və s) olmadığından, sayğacın mübahisələndirilən dövrdə qaz sərfiyyatını düzgün qeyd etmədiyinə dair işdəki rəylər isə (mütəxəssis və ekseprt rəyi) ehtimallara və iddiaçının özünün təqdim etdiyi məlumatlara və iddiaçının direktorunun verdiyi məlumatlara istinad olunaraq əsaslandırılmışdır. Qeyd edilən ehtimala əsaslanaraq qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırıldığı bütün dövr üçün qaz sərfiyyatının artıq qeyd edildiyinə dair nəticəyə gəlmək düzgün hesab edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçı ona qazın verilməsinin dayandırılması nəticəsində ziyan dəydiyini, həmin ziyanın cavabdehin müqavilə ilə üzərinə düşdüyü öhdəliyi yerinə yetirməməsi ilə əlaqələndirmişdir. İddianın məzmunundan görünür ki, qazın dayandırılması nəticəsində dəymiş 101244 manat maddi zərər, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 19350 manat real zərər kimi, istixana dərmanlarına və gübrələrə xərclənmiş 6000 manat real zərər kimi, qazın dayandırılması səbəbindən məhsuldarlığın azalması nəticəsində 75894 manat isə əldən çıxmış fayda kimi əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olduğu təqdirdə iddiaçı tərəfindən məhkəməyə real zərər kimi qiymətləndirdiyi məbləğin xərcləndiyini və ya xərclənməli olduğunu təsdiq edən rəsmi sənədlər, əldən çıxmış fayda kimi tələb etdiyi məbləğlə bağlı adi mülki dövriyyə şəraitində əvvəlki dövrlərdə nə qədər gəlir əldə etməsi, məhz cavabdehin təqsiri üzündən bu gəlirləri əldə edə bilməməsi ilə bağlı sübutlar təqdim olunmalı idi. Lakin qeyd olunan xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır və buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissələrdə də rədd edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalı, məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “Hacı Camalxan” X2 Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi və zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Məhkəmə mühəndis texniki ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaiti “Hacı Camalxan” X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-107/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-107/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver