Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1073/2025 08.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş ziyanın əvəzinin ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, X1 ilə Cavabdeh arasında çox yaxın münasibətlər olmuşdur. Cavabdeh qadın salonu işlədirdi, razılığa gələrək birgə istifadə məqsədləri üçün xx.xx.2018-ci il tarixində “Araş” firmasından şərikli qaydada 13.000 avro olan “SY-17/Ultrasun i8 Solary” aparatını almışlar. Qarşılıqlı razılığa əsasən aparat cavabdehə məxsus “Nuray” gözəllik salonunda işlənmə üçün qoyulmuşdur. Razılığa əsasən bu aparatdan gələcək gəlir tərəflər arasında bərabər bölünməli idi. SY-17/Ultrasun İ8 Solary aparatı hal-hazırda cavabdehin istifadəsindədir. Cavabdeh uzun müddətdir ki, öz müqavilə öhdəliklərinə və arada mövcud olan qarşılıqlı razılaşmalara əməl etmir. Eyni zamanda solyari avadanlığı hər şərikli biznesi olsa da, cavabdeh həmin avadanlıqdan pul qazanır, lakin illər oldu heçnə ödəmir. 2023-cü ildə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, SY-17/Ultrasun İ8 Solary aparatına ikidə bir paya mülkiyyət hüququnun tanınması, “SY-17/Ultrasun İ8 Solary” aparatının dəyərinin 18.000 manat məbləğində qiymətləndirilməklə açıq hərracdan satılması və ikidə bir paya mülkiyyət hüququna mütənasib surətdə 9000 manat məbləğində vəsaitin ödənilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli № e-2-2(113)-78/2024 saylı qətnaməsinə əsasən “SY-17/Ultrasun İ8 Solary” aparatı (aromasız) üzərində bərabər paylar müəyyən edilərək, həmin apartın açıq hərracdan satılması və əmlakın satışından əldə olunan pul vəsaitinin bərabər surətdə bölüşdürülməsi qət edilmişdir. 2 ildən artıqdır ki, cavabdeh aparatdan gələn gəlirdən heçnə vermir, halbuki həmin aparatı aldıqda razılaşdı ki, hər ay əldə olunan gəliri bölüşəcəyik. Bununla da, ona maddi zərər yetirmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştiran edən İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
8. İddiaçı tərəf iddiasında, “SY-17/Ultrasun İ8 Solary” aparatının şərikli alındığını, gələn gəlirin də, şərikli qaydada bölünməli olması barədə cavabdehlə razılıq olduğunu, lakin 2022-ci ilin may ayından ona heç bir pul verilmədiyini bildirərək, 30.000 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh tərəf iddiaya etiraz edərək, “SY-17/Ultrasun İ8 Solary” aparatının işlək vəziyyətdə olmadığını, 2023-cü ilin fevral ayına qədər iddiaçıya ödənişlər edildiyini, sonradan tərəflər arasında mübahisə olduğunu, aparatın iddiaçı tərəfindən yararsız hala salındığını, aparatın istifadəsi ilə bağlı qarşı tərəfə təkliflər edildiyini, hər zaman və indi də, aparatın götürülməsi təklifinin edildiyini ancaq iddiaçının bir razılığa gəlmədiyini bildirir.
10. İş materiallarına əlavə olunmuş, qanuni qüvvəsin almış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-78/2024 saylı qətnaməsindən görünür ki, “SY-17/Ultrasun İ8 Solary” aparatı (aromasız) üzərində İddiaçı 1⁄2, Cavabdeh 1⁄2 hissədə payının müəyyən olunması, “SY-17/Ultrasun İ8 Solary” aparatı (aromasız) açıq hərracdan satılması və əmlakın satışından əldə olunan pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında bərabər surətdə bölüşdürülməsi qət edilmişdir.
11. Məhkəmə həmçinin qeyd edir ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, “SY-17/Ultrasun İ8 Solary” aparatının şərikli alınması, qeyd edilmiş aparatın istifadəsindən gələn gəlirin yarıbayarı bölünməli olması barədə tərəflərin razılığı olmuşdur.
12. İş materiallarına əlavə edilmiş Arash Company tərəfindən verilmiş xx.xx.2023cü il tarixli aktdan görünür ki, “SY-17/Ultrasun İ8 Solary” aparatı işləməyə yararlı deyildir.
13. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2022-ci ilin may ayından 22 noyabr 2024-cü il tarixinədək Cavabdeh (VÖEN **********) tərəfindən əldə olunan gəlirin miqdarı barədə məlumatın verilməsi ilə bağlı göndərilmiş məktuba cavab olaraq bildirilmişdir ki, Cavabdeh xx.xx.2022-xx.xx.2024-cü il tarixləri üzrə sadələdirilmiş vergi bəyannəmələrinə əsasən dövriyyə məbləği 2.000 manat təşkil etmişdir.
14. Məhkəmə iclasında hər iki tərəfdən qeyd edilmiş salonda solyari aparatından başqa hansı xidmətlərin göstərildiyi soruşulmuş, hər iki tərəf, dırnaq ustası, saç ustası, masaj ustası, lazer aparatı olduğunu bildirmişlər.
15. Bundan başqa Məhkəmə iclasında hər iki tərəfdən qeyd edilmiş qeyri-yaşayış sahəsinin icarə haqqının nə qədər olması halı soruşulmuş, hər iki tərəf təxmini aylıq icarə haqqının 2.000 manata yaxın olduğunu bildirmişlər.
16. Vergi orqanı tərəfindən də, verilmiş cavabdan görünür ki, cavabdehin 05.2022xx.xx.2024-cü il tarixləri üzrə dövriyyəsi cəmi 2.000 manat olmuşdur.
17. İddiaçı tərəf bunu, Cavabdeh vergidən yayınması ilə izah etmişdir.
18. Bu xüsusda Məhkəmə qeyd edir ki, iddiaçı tərəf əldən çıxmış fayda (zərər) olaraq tələbini sübuta yetirə bilməmişdir. Belə ki, qeyd edilmiş salonda başqa fəaliyyət növləri olmaqla, işçilərin əmək haqqları, məcburi dövlət ödənişləri, kommunal xidmət haqları, icarə haqqı da, nəzərə alındığında məhz qeyd edilmiş “SY-17/Ultrasun İ8 Solary” aparatının istifadəsi nəticəsində cavabdeh tərəfinin hər hansı bir gəlir əldə etməsi halı öz təsdiqini tapmamışdır.
19. Beləliklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov