Məhkəmə qərarları › İş №e-2-2(113)-1090/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1090/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1090/2025 13.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi, akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Nümayəndə (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 iyun 2024-cü il tarixdə cavabdehin tərtib etdiyi NİQ 001587 saylı aktın ləğv olunması, 1038,84 manat dəyərində artıq hesablanmış məbləğin şəxsi hesabdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nümayəndə ********** nömrəli VÖEN-lə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 47 ünvanda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və əsas fəaliyyət növünü digər qruplara daxil edilməyən sair qeyri-qida məhsullarının istehsalı təşkil edir, ******* nömrə isə əsas fəaliyyət növünün kodudur. İstinad etdiyi bu əsaslar əsas fəaliyyət növü və əsas fəaliyyət növünün kodu Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və uçotun Təşkili Baş İdarəsinin 28 avqust 2024-cü il tarixli məktubunda öz əksini tapıb. “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 14 nömrəli Qərarına əsasən, elektrik enerjisinin ölkədaxili tarifləri bir kilovat-saata görə qeyriəhali (2021-ci il 16 oktyabr tarixli 14 nömrəli Qərarın 8-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla) ticarət və xidmət sahələri üçün 11,0 qəpik, digərləri xidmətlərinə münasibətdə 10,0 qəpik müəyyən edilmişdir. “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 14 nömrəli Qərarı qüvvəyə mindikdən sonra 15 noyabr 2021-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən fərdi sahibkar kimi istehlak etdiyi elektrik enerjisinin bir kilovat saatına görə 11,0 (0,09 ƏDV-siz) qəpik hesablanmışdır. İstehlak etdiyi elektrik enerjisinin bir kilovat saatına görə hesablamanın səhv aparılması ilə bağlı Azərişıq ASC-yə müraciət etmiş, müraciəti təmin olunaraq, 21 dekabr 2021-ci il tarixli ********** nömrəli hesab ödəniş vərəqinə əsasən fərdi sahibkar kimi istehlak etdiyi elektrik enerjisinin bir kilovat-saatına görə 10,0 (0,08 ƏDV-siz) qəpik hesablanmışdır. Bu hesablama Tarif Şurasının digərləri xidmətlərinə münasibətdə 10,0 qəpiklə hesablanmışdır. 21 dekabr 2021-ci il tarixdən 09 avqust 2024-cü il tarixə kimi fərdi sahibkar kimi istehlak etdiyi elektrik enerjisinin bir kilovat-saatı 10,0 (0,08 ƏDV-siz) qəpik tarıflə hesablanmışdır. Bu hesablama Tarif Şurasının 16 oktyabr 2021-ci il tarixli, 14 nömrəli qərarının digərləri xidmətlərinə münasibətdə 10,0 qəpiklə hesablanmışdır. 09 avqust 2024-cü il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən fərdi sahibkar kimi istehlak etdiyi elektrik enerjisinin bir kilovat-saatı 11,0 (0,09 ƏDV-siz) qəpik hesablanmışdır. Növbəti dəfə bu yanlışlığın və pozuntunun aradan qaldırılması ilə bağlı Azərişıq ASC-yə etdiyi müraciət təmin edilməmişdir. Müraciətin araşdırılması barədə məktubda qeyd olunur ki, 08 iyun 2024-cü il tarixdə Azərişıq ASC Nəzarət İdarəsinin əmakdaşları iddiaçının fəaliyyət göstərdiyi ünvanda olublar, yoxlama zamanı guya müəyyən ediblər ki, obyektin təyinatının ticarət və xidmət olduğu müəyyən edilmiş və bu barədə qanunsuz olan NİQ 001587 saylı akt tərtib etmişlər. Düzgün olaraq Azərişıq ASCnin kompüter məlumat bazasında 12/1162 nömrəli abunə kodu sənaye və istehsal kimi qeydiyyata alındığından, elektrik enerjisinin dəyəri 1 kvt.s üçün 0.10 tarifi ilə hesablanmışdır. Obyektin ticarət və xidmət sahəsi kimi fəaliyyət göstərdiyi əsası ilə itirilmiş elektrik enerjisinin dəyərinin qaytarılması məqsədilə, enerji sərfiyyatı təyinatına uyğun olaraq 1 kvt.s üçün 0.11 tarifi ilə hesablanaraq, 9445 kvt.s üçün 1038,84 manat dəyərində hesabat ödənişi sənədi hazırlanmışdır. 08 iyun 2024-cü il tarixdə Azərişıq ASC Nəzarət İdarəsinin əmakdaşlarının tərtib etdiyi NİQ 001587 saylı akt qanunsuzdur. İddiaçı elektrik enerjisinin istehlakçısı kimi tərtib edilən aktı qanunsuz hesab edir, şərti olaraq bildirir ki, adətən müyyən olunan pozuntu sonrakı münsabətlərə münasibətdə tətbiq olunur. Aktın hüquqi qüvvəsinin geriyə şamil olunmasının əsasları və itirilmiş enerjinin dəyərinin qaytarılması-hesablanması cavab məktubunda və qəbulda olduğu vaxtlarda əsaslandırılmayıb. İddiaçı fərdi sahibkar kimi intizamlı istehlakçı kimi sərf etdiyi elektrik enerjisinin haqqını hesab ödəniş vərəqinə əsasən vaxtında, müəyyən edilmiş müddətdə ödəmişdir.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək 08 iyun 2024-cü il tarixdə cavabdehin tərtib etdiyi NİQ 001587 saylı aktın əsasında 1038,84 manat dəyərində artıq hesablanmış məbləğin şəxsi hesabdan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, NİQ 001587 saylı akta və xx.xx.2024-cü il tarixli icra vərəqinə əsasən baxış zamanı obyektin fəaliyyətinin kompyuter məlumat bazasında “Qeyri sənaye və istehsal” kimi qeydiyyata alınmasına baxmayaraq obyektin ticarət və xidmət sahəsi kimi fəaliyyət göstərdiyi müəyyən edilmiş, bu səbəblə iddiaçıya 1038,9 manat əlavə borc hesablanmışdır.

9. İddiaçıya məxsus abunə haqqında məlumatdan görünür ki, 2024-cü ilin iyul ayında iddiaçıya NİQ 001587 saylı akt əsasında 1038,84 manat borc hesablanmış, iddiaçının qalıq borcu 1053,11 manat təşkil edir.

10. Məhkəmə iddiaçının izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus obyektə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş, həmin baxış nəticəsində iddiaçı barəsində NİQ 001587 saylı akt tərtib edilərək iddiaçıya 1038,84 manat borc hesablanmışdır.

12. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

13. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

14. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

15. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

17. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

18. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

19. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

20. “7.18-ci bəndə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

21. Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə yoxlama aparılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, akt tərtib edərək borc hesablamışdır.

22. Göründüyü kimi, cavabdeh elektrik enerjisinin təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

23. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

24. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya ümumilikdə 1038,84 manat məbləğində borc hesablamaqda haqlı olmamışdır.

25. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 1038,84 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz.

26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 1038,84 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 33 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Nümayəndə əsassız olaraq hesablanmış 1038,84 (bir min otuz səkkiz manat səksən dörd qəpik) manat borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Cavabdeh "xxxx" ASC-dən 33 (otuz üç) manat dövlət rüsumu tutularaq iddiaçı Nümayəndə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar