Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1100/2024 03.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: ödənilmiş pulun geri qaytarılması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə Santexdetal LTD tərəfindən ödənilmiş 5.127.10 manat pulun qaytarılması və məhkəmə prosesinə nəzərdə tutulmuş dövlət rüsumu və mediasiya xərclərinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2015-ci il tarixli 1045 saylı sərəncamına əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2015-ci il 190 saylı qərarına əsasən "xxxx" ASC fəaliyyətə başlamışdır. 15 may 2015-ci il tarixə qədər Santexdetal LTD MMC istifadə olunmuş elektrik təhcizatının sərfinə görə Azərenerji ASC-nin qaimə-faktura sənədlərinə görə elektrik enerjisinin sərfiyyatının dəyəri “Sumqayit Regional Elektrik şəbəkəsi MMC-yə tam şəkildə ödənilmişdir. Lakin, "xxxx" ASC ödənilmiş pul məbləğini almasına baxmayaraq, "xxxx" ASCyə debitor borclarının siyahısında onu borclu kimi göstərən siyahı ötürmüşdür. Beləliklə, Santexdetal LTD MMC-nin "xxxx" ASC-nin maliyyə hesabatında istifadə olunmuş elektrik enerjisinə görə 5.127.10 manat məbləğində əsassız kreditor borcu yaranmışdır. Yuxarıda qeyd edildiyi kimi, həmin məbləğ iddiaçı tərəfindən 01 may 2015-ci il tarixli 06 saylı, 01 may 2015-ci il tarixli 07 saylı ödəniş tapşırığına əsasən (3758.64 man,+1368.46 man.cəmi 5127.10 manat tam şəkildə ödənilmişdir. Bu barədə dəfələrlə "xxxx" ASC-yə və "xxxx" ASCyə yazılı şəkildə müraciət edilsə də heç bir nəticə əldə edilməmişdir. Azərenerji Sumqayıt REŞ MMC ilə arasında bağlanmış müqavilənin 7-ci bəndinə, Enerji təhcizatı müəssisəsi bu müqavilə ilə nəzərdə tutulan elektrik enejisinin göstəricilərinə əsasən abonenti elektrik enerjisi ilə təmin edir. Həmin müqavilənin 11-ci bəndinə əsasən enerji təhcizatı müəssisəsi hesablaşma dövründə abonentə buraxılmış elektrik enerjisinə görə ödəniş sənədini növbəti hesabat dövrünün 5-dək abonentə təqdim edir, sonrakı bir ay ərzində hesablaşma dövründəki elektrik enerjisinin haqqı abonent tərəfindən ödənilir. Yəni bütün ödənişlər Sumqayıt REŞ MMC-nun faktura qaimələrinə əsasən və ödəniş tapşırıqlarına əsasən köçürülmüşdür və həmin dövrdə müəssisənin "xxxx" ASC-yə borcu qalmasa da bu ödənişlər "xxxx" ASC-yə ötürülməməsi səbəbi ilə onlar eyni enerji üçün iki dəfə ödəniş etməyə məcbur edilərək ziyana düşmüş və maddi zərər çəkmişlər. "xxxx" ASC 2015-ci ildən 2023-cü ilin iyun ayına qədər, 8 il ərzidə ödəniş tələb etməmiş, məsələni "xxxx" ASC ilə həll edəcəyini desə də, sonda 5.147 manat pul məbləğinə dair üzləşmə aktını "xxxx" ASC-dən almadan qeyd edilən pul məbləğini enerjini kəsmək hədəsi ilə onlardan almağı üstün tutmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. "Elektrik enerjisindən istifadə Qaydaları"nın: - 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. - Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
9. Məhkəmə qeyd edir ki, işin müəyyən olunmuş halı ondan ibarətdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə “enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmiryolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi imzalanmışdır.
10. Məhkəmə hazırlıq iclaslarında iştirak edən iddiaçı tərəf məhkəməyə iddia ərizəsinin məzmununa uyğun məlumatlar verərək, 15 may 2015-ci il tarixə qədər Azərenerji ASC-nin qaimə-faktura sənədlərinə əsasən elektrik enerjisinin dəyərinin "xxxx" ASC-yə ödənilməsinə baxmayaraq, "xxxx" ASC-yə debitor borclarının siyahısında onu borclu kimi göstərən siyahı ötürüldüyünü, daha sonra "xxxx" ASC-nin məcburi tələbi əsasında eyni elektrik enerjisinə görə təkrar 5.127 manat ödəniş edildiyini bildirərək həmin pul məbləğinin geri qaytarılmasını xahiş etmişdir.
11. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə "xxxx" tərəfindən pul köçürülən zaman "xxxx" ASC-nin bank hesabının bağlandığını, pulun onların hesabına keçmədiyini bildirmişdir.
12. Cavabdeh tərəf isə məhkəmə hazırlıq və baxış iclaslarına gəlməməklə yanaşı, iddiaya da, münasibət (etiraz) bildirməmişdir.
13. İş materiallarından görünür ki, Sumqayıt REŞ MMC "xxxx" MMC-yə hesab ödəniş vərəqi ünvanlayarq xx.xx.2015-ci il tarixinə qədər istifadə olunan 5.127,10 manat məbləğində elektrik enerjisi haqqının ödənilməsini tələb etmişdir.
14. İş materiallarında olan 01 may 2015-ci il tarixli, 06 saylı ödəniş tapşırığına əsasən 3.758,64 manat, 01 may 2015-ci il tarixli, 07 saylı ödəniş tapşırığına əsasən 1.368,46 manat olmaqla, cəmi 5.127 manat məbləğində pul "xxxx" MMC tərəfindən Sumqayıt Regional Enerji Təchizatı MMC-yə ödənmişdir.
15. Bundan başqa, işdə olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən 126,19 manat, xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən 5.000 manat məbləğində pul Santexdetal Ltd” MMC tərəfindən "xxxx" ASC-nin hesabına ödənmişdir.
16. Həmçinin iş materiallarına əlavə olunmuş abonent saldosundan görünür ki, iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmişdir.
17. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş abonent saldosundan görünür ki, xx.xx.2015-ci il tarixinə inteqrasiya dövr borcu 5.242,30 manat təşkil edir.
18. "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməsi müəyyən edilmişdir.
19. Bundan başqa qeyd edilmiş Sərəncamdan görünür ki, iki ay müddətində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmışdır.
20. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq edilmişdir.
21. Göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti faktiki olaraq 14 may 2015-ci il tarixindən sonra fəaliyyətə başlamış və qeyd edilən tarixdən sonra elektrik enerjisini almaqla istehlakçıların təmini və istifadə edilmiş elektrik enerjisinə görə haqların yığılması fəaliyyətini həyata keçirmişdir.
22. Qeyd edilmiş tarixə qədər isə, bu funkisiyanı "xxxx" ASC və onun regional qurumları həyata keçirmişlər.
23. İş materiallarına əlavə edilmiş 01 may 2015-ci il tarixli, 06 saylı ödəniş tapşırığına (3.758,64 manat) və 01 may 2015-ci il tarixli, 07 saylı ödəniş tapşırığına (1.368,46 manat) nəzər yetirildikdə görünür ki, qeyd edilmiş pullar Sumqayıt Regional Enerji Təchizat MMC-yə ödənilmişdir.
24. Qeyd edilmiş qəbzlərdə olan Sumqayıt Regional Enerji Təchizat MMC-nin ********** saylı VÖENi üzrə axtarış həyata keçirildikdə görünür ki, hal-hazırda da, həmin qurum dövlət reyestrində qalmış və adı Sumqayıt Regioanal Elektrik Şəbəkəsi MMC kimi qeyd edilmişdir.
25. Göründüyü kimi, iddiaçı tərəf hər zaman ödəniş etdiyi kimi 01 may 2015-ci il tarixində Sumqayıt Regionu üzrə məsul olan quruma ödənişini həyata keçirmiş olsa da, borc məbləği silinməmiş və abunə haqqında məlumatın 3-cü səhifəsində isteqrasiya dövrü borcu olaraq 5.242,3 manat qeyd edilmişdir.
26. Yuxarıda qeyd edilmiş hallardan görünür ki, "xxxx" ASC-nin elektrik enerjisinin istifadə haqqlarının yığılması üzrə səlahiyyətli olduğu dövrdə iddiaçı tərəf 5.127 manat ödəniş etmiş olsa da, qeyd edilən məbləğdə borc siliməmişdir. Bundan sonra iddiaçı tərəf elektrik enerjisinin verilməsinin dayandırılması kimi halların qarşının almaq məqsədi ilə məcbur qalaraq ödəniş etmişdir.
27. Bununla bağlı məhkəmə qeyd edir ki, iki dövlət qurumu arasında olan kreditor və debitor borcları barədə sənədlərin biri-birinə tam təhvil verilməməsi və yaxud hesabatın düzgün aparılmamasını nəticəsində vətəndaşların hüquqlarının pozulması halı yolverilməzdir.
28. Ona görə də, 01 may 2015-ci il tarixdə ödəmiş olduğu pulu yenidən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəməsi artıq ödənilmiş pul kimi qiymətləndirilməli və iddiaçıya geri qaytarılmalıdır.
29. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 110 manat məbləğində pul Bakı 3 saylı Mediasiya Təşkilatına ödənmişdir.
30. Ona görə də, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 110 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənməlidir.
31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 5.127 (beş min bir yüz iyirmi yeddi) manat, 10 (on) qəpik məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 110 (bir yüz on) manat məbləğində pul "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov