Məhkəmə qərarları › İş №e-2-2(113)-1125/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1125/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1125/2021 10.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun əsassız hesab edilərək, ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 14019,50 manat borcun əsassız hesab edilməsi və həmin borca görə İddiaçı KM tərəfindən ödənilmiş 14.019,50 manat pulun cavabdehdən tutularaq, İddiaçı KM-nə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən **********10000 saylı abonent kodu olan çörək bişirmə sexi fəaliyyət göstərir. Həmin sex Cavabdeh tərəfindən qazın alqı- satqısı müqaviləsi əsasında 2010-cu ildən təbii qazla təmin edilmişdir. Tərəflər arasında 24.01.2018-ci il tarixdə qazın alqı-satqısı müqaviləsi yenilənərək AKX-1/563 saylı müqavilə bağlanmışdır. Sexdə istifadə edilən təbii qazın dəyəri vaxtlı- vaxtında ödənilmişdir.Ayrı-ayrı tarixlərdə cavabdeh təşkilat iddiaçı müəssisəyə əsassız borclar hesablamışdır. Belə ki, 2011-ci ilin mart ayında 1368 manat, 2012-ci ilin yanvar ayında 9561,60 manat, 2015-ci ilin may ayında 1100, iyun ayında 1388,30, iyul ayında isə 601,60 manat, ümumi 14019,50 manat məbləğində əsassız borc hesablanmışdır. İllərdir əsassız borcun silinəcəyinə vəd verən cavabdeh təşkilat əksinə 2020-ci ilin iyul ayında Müəssisəyə qarşı iddia qaldıraraq borcun tutulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.09.2020-ci il tarixli, e-2-2-1911/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir, qeyd edilən iş üzrə qarşılıqlı iddia ilə müraciət edilsə də məhkəmə silinməsi tələb edilən borcun artıq ödənildiyindən yəni ərizədə silinməsi üçün göstərilən 14.019,50 manat borc ödənildiyi üçün mövcud olmadığından qarşılıqlı iddianı rədd etmişdir. Cavabdeh İB ölkə ərazisində təbii qazın satışı sahəsində inhisarçı orqandır. Hesablanmış borcu əsassız hesab etmələrinə baxmayaraq, “Birlik” qazın dayandırılması xəbərdarlığı ilə borcun ödənilməsini məcbur edir. Fəaliyyət sahələrindən də göründüyü kimi təbii qaz olmadıqda istehsal dayanır, məhsul sifarişçilərə vaxtında çatdırılmır və nəticədə sifarişçi öz sifarişlərindən imtina edir bu da müəssisənin külli miqdarda ziyana uğraması deməkdir. Bu səbəbdən İddiaçı KM hesablanmış borcu əsassız hesab etsə də ödəmə məcburiyyətində qalmışdır. İllər ərzində əsassız hesablanmış borcun yaranma əsaslarını araşdırılsa da, bununla bağlı cavabdeh təşkilat hər hansı sənəd təqdim etməmişdir. Lakin bu məsələnin araşdırılacağını və artıq hesablanmış borcun silinəcəyi vədləri vermişlər. Əfsuslar olsun ki, bu yalnız sözdə qalan vədlər olmuşdur. Abonent saldosundan da göründüyü kimi sayğac tam saz vəziyyətdə olduğu və hesabatı dəqiq apardığı halda sayğac göstəricisindən əlavə əsassız borclar hesablanmışdır. Hesablanmış borclarla bağlı sənədləri istədikdə cavabdeh tərəfindən heç bir sənəd təqdim edilə bilməmişdir. Təsəvvür edilsə ki, qaz sayğacı işləmədiyi üçün müəssisəyə əlavə borc hesablanıb lakin saldodan da göründüyü kimi əlavə borc mütəmadi deyil bəzi aylarda yazılmışdır. İl ərzində sayğac dəyişmədən, sayğacın işləməməsi səbəbindən bir ay əlavə borcun hesablanması absurddur. Cavabdeh təşkilat heç bir hüquqi əsası olmayan sayğac göstəricisindən əlavə borc hesablamış və öz inhisarçı vəziyyətindən istifadə edərək həmin borcu İddiaçı KM-nə məcbur ödətdirmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etmişdir ki, müəssisələri çörək istehsalı ilə məşğul olur, 2011, 2012, 2015-ci illərdə onların nümayəndələrinin iştirakı olmadan əsassız olaraq onlara Cavabdeh tərəfindən borc yazılmışdır. İddiaçının nümayəndəsi əlavə etmişdir ki, onların Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Azərbaycan Respubliksaı Müdafiə Nazirliyinin hərbi hissələri, Təhsil Nazirliyinin təşkilatları qarşısında tender öhdəlikləri olmuşdur. Bu səbəbdən tender öhdəliklərini həyata keçirmək üçün məcbur olaraq qazın dayandırılmaması üçün ödənişləri etmişdilər. İddiaçı qeyd olunanlara və iddia ərizəsinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək qeyd etdi ki, iddiaçı tərəfindən mübahisələndirilən borclar qanuni əsaslarla tərtib olunan aktlar əsasında yazılmışdır. Həmin aktlar əsaslı olduğundan iddiaçı tərəfindən borc məbləği tam olaraq ödənilmişdir. Həmin məbləğlərin indi mübahisələndirilməsi əsassızdır. Cavabdehin nümayəndəsi izahatına əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş materiallarında olan "Cavabdeh" İB ilə istehlakçı İddiaçı arasında imzalanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 24 yanvar 2018-ci il tarixli, AKX- 1/563 saylı müqavilədən görünür ki, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: “Abonentin saldosu” çıxarışının surətindən məlum olur ki, **********10000 saylı abonent olan İddiaçınə 2011-ci il üzrə 1.368 (bir min üç yüz altımış səkkiz manat) manat, 2012-ci il üzrə 9.561,60 (doqquz min beş yüz altımış bir manat, altımış qəpik) manat və 2015-ci il üzrə 3.089,90 (üç min səksən doqquz manat, doxsan qəpik) manat borc hesablanmışdır. -08 iyun 2021-ci il tarixli **********10000 saylı abonentin adına yazılmış aktlara dair məlumatdan aydın olur ki, 2011-ci il tarixində 301 nömrəli qəza bərpa aktına əsasən 1.368 (bir min üç yüz altımış səkkiz manat) manat, 2012-ci il tarixində 017073 nömrəli qəza bərpa aktına uyğun olaraq, 9.561,60 (doqquz min beş yüz altımış bir manat, altımış qəpik) manat, 2015-ci ilin 30 may, 29 iyun, 30 iyun tarixlərinə uyğun olaraq, sayğacın dövlət yoxlanılmasında olduğu dövrdə 19, 64, 42, saylı aktlara əsasən, müvafiq olaraq 1100 (bir min yüz manat) manat, 288,30 (iki yüz səksən səkkiz manat, otuz qəpik) manat, 1.100 (bir min yüz manat) manat, 2015-ci ilin 13 iyul tarixlərinə əsasən 12 nömrəli dövlət yoxlaması aktına əsasən 601.6 (altı yüz bir manat, altımış qəpik) manat məbləğində olmaqla, ümumilikdə 14.019,5 (on dörd min on doqquz manat, əlli qəpik) manat məbləğində ödənilməli olan pul iddiaçının hesabına yazılmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İş materiallarından görünür ki, iddiaçıya 1368 manat, 9561,6 manat,118 manat qəza bərpa aktına uyğun, 1110 manat , 288,30 manat, 1110 manat sayğacın dövlət yoxlamasında olduğu dövr üçün olan sərfiyyatına uyğun hesablanmışdır. Məhkəmə hesab edir ki, bu halda borcu əsassız hesab edilməsi və ödənilmiş vəsaitin geri qaytarılması tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “İddiaçı" Kiçik Müəssisəsinin Cavabdehnə qarşı ödənilmiş borcun əsassız hesab edilməsi və ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “İddiaçı" Kiçik Müəssisəsinin Cavabdehnə qarşı ödənilmiş borcun əsassız hesab edilməsi və ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar