Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1156/2024 28.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 2.764,80 manat boclun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddia ərizəsi onunla əsaslandırılmışdır, iddiaçı quş emalı zamanı elektrik enerjisi və təbii qazadan istifadə olunur. İstehsal zərurəti və fabrikin iş gücü nəzərə alınmaqla həm elektrik enerjisinin, həm də təbii qazın verilişi müəyyən olunmuş xüsusi normalarla təmin edilməlidir. Həmin normalara uyğun olmayan təchizat istehsal prosesini mümkünsüz edir, o cümlədən istehsal olunmuş quşların məhv olmasına səbəb ola bilər. Quş istehsalı mövsümi amillərdən asılı olaraq tələb olunan tepmeratur, işıqlandırma və sair standartların mövcudluğunu zəruri edir. İddiaçı ilə cavabdeh arasında 014528 nömrəli, 05 yanvar 2023cü il tarixli enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə imzalanmışdır. Eyni zamanda müssisəyə smart tipli yeni sayğac quraşdırılmış və sərfiyyat həmin sayğac üzrə aparılır. Hazırda həmin sayğacdan istifadə, eyni zamanda elektrik enerjisindən istifadə və ona hesablanmış borcla bağlı tərəflər arasında mübahisə mövcuddur. Müəssisəyə fəaliyyət göstərdiyi müddətdə 3 sayğac quraşdırılmışdır. Hazırki borcun hesablandığı dövrü əhatə edən sonuncu sms-smart tipli sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. Həmin sayğacın, eyni zamanda cəryan transformatorlarının quraşdırılması zamanı təcihzatçının, yəni müəssisənin enerji tələbatı, ən əsasə isə əvvəlki dövrlər üzrə mövcud olmuş sərfiyyat göstəriciləri nəzərə alınmamış, quraşdırılmış cərəyan transformatorlarının və kontaktorların gücü müəssisənin tələbatına uyğun müəyyən edilməmişdir. Bu isə belə bir problemi ortaya çıxarır ki, gücün artması və azalması baş verəndə, həmin cərəyan tansformatorları zədələnir və sıradan çıxır. Quş istehsalı stabil sərfiyyata əsaslanmır. Tələb olunan güc dövri istehsaldan, həva şəraitindən (kəsilmiş quşların saxlanması üçün soyuducunun temperaturu) və sair birbaşa asılıdır. Belə olan halda tələb olunan gücdən az gücə hesablanmış cəryan transformatorlarının və 180 amper kontaktorların quraşdırılması həm texniki baxımdan uyğunsuz olmaqla, həm də müəssisənin maraqlarına və mənafeyinə uyğun olmamışdır. Bu səbəblə sayğac quraşdırılarkən müəssisə rəhbərliyi müvafiq akt imzalamamış, həmçinin aidiyyəti üzrə Energetika Nazirliyinə müraciətlər ünvanlanmışdır. Sayğac quraşdırıldıqdan sonra müəssisəyə əsassız borc hesablanmışdır. Hər iki problemlə bağlı X1 X4 tərəfindən qaynar xətt vasitəsilə verilmiş müraciətlərinə üç dəfə cavab verilmiş və hazırda məsələnin araşdırıldığı qeyd olunmuşdur. X1 X3 müəssisəyə ünvanladığı sonuncu (may 2023) məktubda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli KY********** nömrəli Çıxarışla MMCnin istifadəsində olan 02819305 nömrəli elektrik sayğacına baxış zamanı sayğacın keçən yükü düzgün qeyd etməməsi barədə 050643 saylı akt tərtib olunmuş, xx.xx.2023-cü i tarixində isə naməlum 50% xəta ilə işləyərək 8880 kVtşst elektrik enerjisini qeyd etməsi və həmin dövrdə qalan 50% elektrik enerjisini qeyd etməməsi əsas gətirilərək MMC-nin təqsiri sübuta yetirilmədən yanlış hesabat aparılmış və 880.00 manat məbləğində əsassız borc enerji hesabına daxil edilmişdir. Bununla da ETM-ni komissiyası tərəfindən Qaydaların 8.16-cı bəndinin tələbləri pozulmuşdur. Qeyd olununları nəzərə alıb xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək transformator itkisinə görə hesabata daxil edilmiş əsassız borca Qaydaların 8.10-cu bndinə, 045503 nömrəli və 050643 nömrəli aktların hesabatına isə qaydaların 8.16-cı bəndinə uyğun olaraq yenidən baxılması üçün "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, 3-15-2-5/2-155/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3- 15-2-5/2-M-5-157/2023 nömrəli məktublar göndərilmişdir. Həmin məktublara "xxxx" ASCnin cavab məktublarında transformatoritkisinə görə hesabata daxil edilmiş 403.70 manat borcun enerji hesabatndan silindiyi, ******* və ******* nömrəli aktların hesabatına isə yenidən baxılmasının məqsədə uyğun hesab edilmədiyi bildirilmişdir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən aparılmış araşdırmanın nəticəsində də əsassız borc hesablandığı müəyyən olunmuşdur. Hazırki vəziyyət ondan ibarətdir ki, quraşdırılmış sayğacda səhifələmə funksiyasını işlətmək və məlumat almaq mümkün deyil. Yəni sayğac quraşdırıldıqdan sonrakı dövr üzrə artırılmış balans barədə dəqiq informasiyaya malik deyilik. Üstəlik balansın artırılması üçün ödənilmiş pulların sayğacın balanasına yüklənməməsi kimi hal mövcud olduğundan, sayğacın göstəricilərinə, xüsusilə də ishelak olunan elektrik enerjisinin hesablanması və yaxud real sərfiyyata müdaxilə imkanı da mövcuddur və hazırki vəziyyətdə bu ciddi ehtimala əsaslanır. Təbii inhisarçının yerli nümayəndələri, satış idarəsi və regional idarə də onlara bu məlumatları vermək gücündə deyil. Bu baxımdan transformator itkisinə görə hesablanmış 2.454,41 manat əsassız borcdan əlavə olaraq da balansın artırılması üçün ödənilmiş vəsaitin bir hissəsi də sayğacın balanasına əlavə edilməmişdir. İddiaçının mövcud olan ödəniş sənədlərinə əsasən müəyyən olnuru ki, sayğac quraşdırıldıqdan sonra 9.674,30 manat ödəniş edilmiş, lakin həmin məbləğinin hansı hissəsinin balansa əlavə edilməsin barədə dəqiq məlumat yoxdur. Bu baxımdan işin gedişində silinməsi tələb olunan borc məbləğinə dair dəqiqləşdirmə veriləcəkdir. Lakin hazırda silinməsi tələb olunan məbləğ 2.454,41 manatdır.
3. Cavabdeh yazılı etiraz təqdim edərək, iddiaçı tərəfindən qaldırılmış iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Zaqatala rayonu, Makov kəndində broyler istehsalı ilə məşğul olan "xxxx" MMC-yə məxsus obyektin uçot dəstinə baxış keçirilən zaman elektrik sayğacının ekranının oxunmadığı aşkar edilmişdir. Baxış zamanı xx.xx.2021-ci il tarixli R 045503 nömrəliakt tərtib edilmişdir. Pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə Qaydaları”nın tələbinə uyğun olaraq xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 40kvt x 0,09 manat = 2764,80 manat. Həmçinin, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Zaqatala rayonu, Makov kəndində broyler istehsalı ilə məşğul olan İddiaçı MMC-yə məxsus obyektin uçot dəstinə baxış keçirilən zaman elektrik sayğacının üçüncü fazadan keçən yükü qeyd etməyi aşkar edilmişdir. Baxış zamanı xx.xx.2023-cü il tarixli R050643 nömrəli akt tərtib edilmişdir. Pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə Qaydaları”nın tələbinə uyğun olaraq. xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 8880kvt x 20% x 50% = 8880 kvt.s Dəyəri: 8880 kvt.s x 0.10= 888 manat. Yoxlama aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmaqla Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Tərtib edilmiş aktlar və icra vərəqələrindən göründüyü kimi aktlar qanuni əsaslı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğlər cərimə deyil, iddiaçının ay üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış və ödənilməmiş borc məbləğidir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda iddiaçı tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 045503 saylı akt mübahisələndirilir. Həmin akt iddiaçının xəbəri olmadan tərtib edilmiş, yoxlama dövlət reyestrində qeydə alınmamışdır.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 045503 saylı aktın tərtib edilməsinin səbəbi iddiaçıya məxsus sayğacın ekranının oxunmaması olmuşdur. İddiaçıya əvvəlki dövrlər üzrə sərfiyyat nəzərə alınmaqla əlavə borc hesablanmışdır. xx.xx.2021-ci il tarixdə aparılmış yoxlama dövlət reyestrində qeydiyyata alınmamışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı və cavabdeh arasında 05 yanvar 2023-cü il tarixli 014528 nömrəli enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır.
9. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agaentliyinin Şəki filialı tərəfindən cavabdehə verilmiş 10 iyul 2023-cü il tarixli cavab məktubundan görünür ki, MMC-nin istifadəsində olan elektrik sayğacı baş transformatordan sonra gərginlik tərəfdə quraşdırılmasına baxmayaraq enerji təchizatı müəssisəsi tərəfindən elektrik enerjisindən istifadə Qaydalarının 8.10-cü bəndinin tələbləri pozularaq xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 590 kvt.st (bir ay isə 619 kvt.st) elektrik enerjisinin dəyəri transformatr itkisi adı ilə **********3 (**********51032) nömrəli abonent kodu üzrə enerji hesabatına daxil edilmişdir. MMC-nin istifadəsində olan 73309545 zavod nömrəli elektrik sayğacının ekraının oxunmaması barədə RTM-in nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixində 045503 nömrəli akt tərtib olunmuş və təqsirsiz olmadan ETM-in komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə 64 gün üçün 30720 kvt.st elektrik enerjisi hesablanmış və 2764,80 manat əsassız borc enerji hesabına daxil edilmişdir. Bundan əlavə xx.xx.2023cü il tarixində ETM-in nümayəndələri tərəfindən (xx.xx.2023-cü il tarixli KY231883935 nömrəli çıxarış-la) MMC-nin istifadəsində olan 02819305 zavod nömrəli elektrik sayğacına baxış zamanı sayğacın keçən yükü düzgün qeyd etməməsi barədə 050643 saylı akt tərtib olunmuş, xx.xx.2023-cü il tarixində isə naməlum 50 % xəta ilə işləyərək 8880 kvtst elektrik enerjisini qeyd etməsi və həmin dövrdə qalan 50 % elektrik enerjisini qeyd etməməsi əsas gətirilərək təqsiriniz sübuta yetirilmədən yalnış hesabat aparılmış və 888 manat məbləğində əsassız borc enerji hesabına daxil edilmişdir.Qeyd olunanları nəzərə alıb xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək transforamtor itkisinə görə hesabata daxil edilmiş əsassız borca Qaydaların 8.10-cu bəndinə, 045503 nömrəli və 050643 nömrəli aktların hesabatına isə Qaydaların 8.16-cı bəndinə uyğun olaraq yenbidən baxılması üçün "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli 3-15-2-5/2-155/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-15-2-5/2-M-5-157/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-15-2/2- M-5-41/2023 nömrəli məktublar göndərilmişdir. "xxxx" ASC-nin cavab məktublarında transformator itkisinə görə hesabata daxil edilmiş 403,70 manat borcun və 050643 nömrəli akta görə aparılmış hesabatın 544 manat hissəsinin silindiyi, 045503 nömrəli aktın hesabatının isə Qaydalara uyğun aparıldığı bildirilmişdir. Beləliklə, "xxxx" ASC tərəfindən 045503 nömrəli akta görə enerji hesabınıza daxil edilmiş 2764,80 manat borc barədə hər hansı bir tədbir görülməmişdir.
10. İddiaçı tərəfindən tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli, 045503 nömrəli aktdan görünür ki, EEİQ-na əsasən obyektin elektrik sayğacına baxış keçirilən zaman məlum oldu ki, sayğacın ekranı oxunmur. Sayğacdan axan yük ampermaşor vasitəsilə ölçüldü. J-60A, J2= 62A, J3=60A Jor=60,6A. Sayğac yeni sayğacla əvəz edilsin.
11. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qeyri-əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahə üzrə tələblər dair icra vərəqəsindən görünür ki, iddiaçıya 30720 kvts x 0.09 manat = 2764,80 manat məbləğində borc hesablanmışdır.
12. Cavabdehə məxsus abunə haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən 2021-ci ilin fevral ayında 1000 manat, mart ayında 500 manat, may ayında 1000 manat, iyul ayında 1000 manat və 599 manat, avqust ayında 2500 manat və 2000 manat, oktyabr ayında 930 manat və 2000 manat, dekabr ayında 1400 manat ödənilmişdir.
13. Cavabdehə məxsus abunə haqqında məlumatdan görünür ki, iddiaçının 454,79 manat məbləğində qalıq borcu var.
14. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş, baxış nəticəsində sayğacda nasazlıq olması halı müəyyən edilmiş, bu barədə akt tərtib edilərək iddiaçıya 2764,80 manat borc hesablanmışdır.
15. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən sayğacda yaranmış nasazlıq səbəbindən sayğacın xətdən axan yükü qeydə almamasına istinad edilməklə hesablanmış borcdur.
16. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən aktda istinad etdiyi hallar borcun hesablanmasının düzgün hesab edilməsi üçün əsas vermir.
17. Belə ki, Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
18. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun.
19. Materiallardan görünür ki, cavabdeh həmin aktla sayğacın yararlı olmaması ilə əlaqədar ona dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, tərəflər arasında bağlanılmış müqavilədə istehlakçının sayğacda mövcud qüsurlara görə təqsirindən asılı olmayaraq məsuliyyət daşımalı olmasını nəzərdə tutan müddəa yer almamış, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi isə materiallarda olan sənədlərlə öz təsdiqini tapmamışdır.
20. Belə ki, cavabdeh tərəfindən sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edilməsini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
21. Məhkəmə həmçinin qeyd edir ki, “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus sahədə quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda həmin borcun hesablandığı müddət üçün iddiaçıya “Elektrik enerjisindən istifadə qaydaları” və müqavilənin tələblərinə əsasən istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış borclar iddiaçı tərəfindən ödənildiyindən iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassızdır.
23. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
24. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
25. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
26. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
27. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
28. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
29. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
30. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
31. “7.18-ci bəndə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
32. Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə elektrik sayğacının yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilmiş, akt tərtib edərək borc hesablamışdır.
33. Göründüyü kimi, cavabdeh elektrik enerjisinin təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
34. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.
35. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya ümumilikdə 2.764,80 manat məbləğində borc hesablamaqda haqlı olmamışdır.
36. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 2.764,80 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz.
37. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında olduğundan və həmin aktın tərtib edilməsinə əsas olmuş halların mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin akta görə iddiaçının abonent hesabına hesablanmış ümumilikdə 2764,80 manat məbləğində borc silinməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 2764,80 (iki min yeddi yüz altmış dörd manat səksən qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASCyə həvalə edilsin. Ödənilmiş 60 (altmış) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova