Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1247/2020 17.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçı X1-in cavabdeh X2-yə qarşı X2-ni “xxxx” MMC-nin təsisçilər sırasından çıxarılmaqla, onun həmin cəmiyyətdə iştirakçılığına xitam verilməsi, X2-nin “xxxx” MMCnin nizamnaməsində göstərilən nizamnamə kapitalında 50 faiz payı X1-ə keçirilməsi, “xxxx” MMC-nin nizamnaməsinin 2.2-ci bəndində X1-in nizamnamə kapitalındakı payı “10 manat, 100%, 10 pay, pul şəklində” kimi qeyd olunması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı X2-ni “xxxx” MMC-nin təsisçilər sırasından çıxarılmaqla, onun həmin cəmiyyətdə iştirakçılığına xitam verilməsi, X2-nin “xxxx” MMC-nin nizamnaməsində göstərilən nizamnamə kapitalında 50 faiz payı X1-ə keçirilməsi, “xxxx” MMC-nin nizamnaməsinin 2.2-ci bəndində X1-in nizamnamə kapitalındakı payı “10 manat, 100%, 10 pay, pul şəklində” kimi qeyd olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 və X2, xx xxxxxxxxxxxx 2016-cı il tarixdə qeydiyyata alınmış, “xxxx” MMC-ni təsis etmişlər. Cəmiyyətin cəmi 2 nəfər təsisçisi olmaqla, hər biri nizamnamə kapitalının 50 faizinə malikdir. Cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağırılan Ümumi Yığıncağıdır. Həmin yığıncaqda iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə şəxsən iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsi ilə təmsil olunmaq hüququ var. Eyni zamanda cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklər etmək, onun nizamnamə kapitalının miqdarını dəyişmək, cəmiyyətin növbədənkənar ümumi yığıncaqlarının çağırılması hallarını və qaydasını müəyyən etmək, cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və zərəri bölüşdürmək, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək, cəmiyyətin yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul etmək, cəmiyyətin başqa təşkilatlarda iştirakı, habelə hüquqi şəxslərin, filialların və nümayəndəliklərin yaradılması, yenidən təşkili və ləğv edilməsi, cəmiyyətin icra orqanının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi, cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydasını müəyyən etmək və qanunvericiliklə müəyyən edilmiş digər məsələlərin həll edilməsi cəmiyyətin təsisçilərinin Ümumi Yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Həmçinin cəmiyyətin iştirakçılarının Ümumi Yığıncağında hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Ümumi yığıncaqda cəmiyyətin nizamnamə kapitalındakı payların 75 faizinə malik olan iştirakçıların təmsil olunduğu Ümumi yığıncaq səlahiyyətli sayılır. Cəmiyyətin ləğv edilməsi və ya yenidən təşkili barədə qərarların qəbul olunması üçün cəmiyyətin nizamnamə kapitalındakı payların 100 faizinə malik olan iştirakçılar Ümumi yığancaqda təmsil olunmalıdır. Beləliklə də, cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi, icra orqanının yaradılması, həmin orqanın üzvlərini təyin edilməsi və səlahiyyət müddətlərinini müəyyən edilməsi, həmçinin cəmiyyətin yenidən təşkil edilməsi və ya ləğv edilməsi barədə qərarlar Ümumi Yığıncaqda iştirak edən bütün təsisçilərin yekdil qərarı ilə, digər məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir. X2 Rusiya Federasiyasının vətəndaşıdır və onun Azərbaycan Respublikası ilə hər hansı bağlılığı olmadığından, o, daima Rusiyada yaşayır. Hal-hazırda cavabdehin yaşadığı və ya olduğu yer məlum deyil və onunla bütün əlaqələr kəsilmişdir. Cəmiyyətin təsis edilməsi, nizamnamə kapitalına pulun yatızdırılması və bu günədək fəaliyyətinin idarə olunması yalnız X1 tərəfindən keçirilməklə, davam etdirilir. Eyni zamanda cəmiyyət təsis ediləndən hal-hazıradək, yəni 3 il yarım ərzində, X2 tərəfindən cəmiyyətə nə maddi, nədə ki texniki dəstək göstərilməmişdir. X2-nin laqeydliyi cəmiyyətin həm inkişafında, həm də fəaliyyətində böyük problemlər və çətinliklər yaratmışdır. “xxxx” MMC-nin fəaliyyəti və inkişafı yalnız iddiaçının səyləri nəticəsində həyata keçirilmişdir. Belə ki, cəmiyyətin təsis edildiyi tarixdən, yəni 2016-cı il tarixdən bu günədək, X2 Azərbaycanda yaşamamış, hər hansı bir ünvanda da müvəqqəti də olsa qeydiyyatda olmamışdır. O, yalnız gəzinti məqsədi ilə bir neçə dəfə Azərbaycanda olduqda, onunla əlaqə yaratmaq mümkün olmuşdur. “xxxx” MMC-nin təsis edilməsindən sonra, cavabdeh X2 cəmiyyətin fəaliyyətində, həmçinin hər il azı bir dəfə çağırılan Ümumi Yığıncaqlarda heç vaxt şəxsən iştirak etməmiş, hətta nümayəndə vasitəsi ilə təmsil olunmamışdır. Hal-hazırda da o, cəmiyyətin fəaliyyəti ilə maraqlanmır. Qanunvericilik daim təkmilləşir, biznes aləmi sürətlə inkişaf edir, buna görə təsis sənədlərində müəyyən dəyişikliklərin gecikmədən edilməsinə zərurət yaranır. Lakin, “xxxx” MMC-nin nizamnaməsinə və onun fəaliyyətinə təsir göstərən qərarları qəbul etmək, yalnız cəmiyyətın çağırdığı Ümumi Yığıncağında bütün təsisçilərin yekdilliklə qəbul etdikləri qərarların qəbul edilməsi yolu ilə mümkündür. Cavabdeh X2-nin isə təsisçilər siyahısında formal olaraq qalması cəmiyyətin inkişafını, dövlət və digər şəxslər qarşısında olan öhdəliklərini yerinə yetirilməsini qeyri-mümkün edir. Buna görə də, MamedovArif Lətif oğlunun “xxxx” MMC-nin təsisçilər sırasından çıxarılmaqla, onun işitrakçılığına xitam verilməli və X2-nin nizamnamə kapitalında olan payı iddiaçıya məxsus olması müəyyən edilməlidir. Cəmiyyət təsis edildikdən, onun hüquqi ünvanı bir müddət keçdikdən sonra dəyişmişdir. Lakin, cavabdehin Azərbaycan Respublikasında olmaması, cəmiyyətin fəaliyyəti ilə maraqlanmaması, həmçinin uzun müddət ərzində onu tapmaq mümkün olmadığından, həmin müddət ərzində “xxxx” MMC-nin hüquqi ünvanının dəyişdirilmədən qalmışdır. Belə ki, cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi məsələsi ilə bağlı Ümumi Yığıncaq çağırılsa da, X2-nin Azərbaycanda yaşamaması və onu tapmaq mümkün olmaması səbəbindən həmin Yığıncaqda yekdilliklə qərarın qəbul edilməsi, daha sonra isə qeydiyyata alınması mümkün olmamışdır. Yalnız illər keçdikdən sonra cavabdehin təsadüfən Azərbaycanda olmasından istifadə edərək, nəhayət ki, Ümumi Yığıncaq çağırılmış və cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi barədə yekdiliklə qərar qəbul olunaraq, həmin dəyişiklik qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Əgər əvvəllər təyin olunmuş və hal-hazırda “xxxx” MMC-nin adından çıxış edən qanuni təmsilçi tərəfindən cəmiyyətə vurulmuş zərərə görə sonuncunun vəzifədən kənarlaşdırılması məsələsi gündəmə gəlsə, cavabdeh X2-nin olmaması səbəbindən həmin məsələnin cəmiyyətin xeyrinə qərarın qəbul edilməsi gələcəkdə mümkün olmayacaqdır. “xxxx” MMC-nin iki təsisçisinin olmasına baxmayaraq, nizamnamə kapitalınının tam dəyəri X1 tərəfindən ödənilmişdir. Belə ki, xx xxxxxxxxxxxx 2016-cı il tarixli ödəniş qəbzindən görünür ki, X1 tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökümət ödəniş portalı vasitəsi ilə “xxxx” MMC-nin nizamnamə kapitalına bütün paylar üzrə cəmi 10 manat məbləğində pul ödənilmişdir. Lakin, X2-nin cəmiyyətin fəaliyyətində iştirak etməməsi və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşaması və onun tapılması mümkün olmadığı üçün, “xxxx” MMC-nin nizamnaməsində faktiki olaraq baş vermiş dəyişiklik, yəni hüquqi ünvanın dəyişməsi, nəinki həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyata alınması, həmin dəyişikliyin baş verməsinə dair belə qərarın qəbul edilməsi mümkün olmamışdır. Cavabdeh X2-nin “xxxx” MMC-nin nizamnaməsində formal olaraq yalnız kağız üzərində qalması, cəmiyyətin gələcək fəaliyyətinə, həmçinin cəmiyyətin dövlət və üçüncü şəxslər qarşısında olan öhdəliklərin yerinə yetirilməsini mümkünsüz edir. Buna görə də, X2 “xxxx” MMC-nin təsisçiləri sırasından çıxarılmaqla, onun nizamnamə kapitalında olan payı cəmiyyətin digər təsisçisi X1-ə keçməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəylə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin və Kommersiya qurumunun Dövlət reystrindən Çıxarışın surətlərindən görünür ki, “xxxx” MMC- xx xxxxxxxxxxxx 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Nizamnamə kapitalının 50 faizi X2-yə, 50 faizi isə X1-ə məxsusdur. Nizamnamənin surətindən görünür ki, X1-in nizamnamə kapitalında payı 5 manat, 50 faiz, X2-nin nizamnamə kapitalında payı 5 manat, 50 faiz olmaqla pul şəklindədir. xx xxxxxxxxxxxx 2016-cı il tarixli qəbzin surətindən görünür ki, nizamnamə kapitalına görə 10 manat məbləğ X1 tərəfindən ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.5-ci maddəsinə uyğun olaraq, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə uyğun olaraq, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 47.3-cü maddəsinə əsasən nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin, hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.5-ci maddəsinə uyğun olaraq hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 72.5-ci maddəsinə uyğun olaraq, ortaqlığın işlərinin aparılması üzrə bir və ya bir neçə iştirakçıya verilmiş səlahiyyətlərə məhkəmə ciddi əsaslar olduqda, o cümlədən vəkil edilmiş şəxs (şəxslər) öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda ortaqlığın bir və ya bir neçə digər iştirakçısının tələbi ilə xitam verə bilər. Məhkəmə qərarına əsasən ortaqlığın nizamnaməsində müvafiq dəyişikliklər edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, tam ortaqlığın iştirakçısı nizamnamənin şərtlərinə uyğun olaraq ortaqlığın fəaliyyətində iştirak etməyə borcludur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, tam ortaqlıq iştirakçılarının ixtiyarı var ki, iştirakçılardan hər hansı birinin məhkəmə qaydasında ortaqlıqdan çıxarılmasını qalan iştirakçıların yekdil qərarı ilə və bunun üçün ciddi əsaslar olduqda, məsələn, həmin iştirakçı öz vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda tələb etsinlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 90.2-ci maddəsinə uyğun olaraq, MMC-n nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. MMC-n nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz. Həmin Məcəllənin 90.3-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətinin nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad edilməsinə yol verilmir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “xxxx” MMC xx xxxxxxxxxxxx 2016cı il tarixdə dövlət qeydiyyatına alınmış, X1-in nizamnamə kapitalında payı 5 manat, 50 faiz, X2-nin nizamnamə kapitalında payı 5 manat, 50 faiz olmaqla pul şəklindədir. Nizamnamə kapitalına görə 10 manat məbləğ X1 tərəfindən ödənilmişdir. X2 Rusiya Federasiyasının vətəndaşı olmaqla, onun yaşayış yeri məlum deyil, təsisçi kimi “xxxx” MMC-nin təsis olunduğu 2016-cı ildən cəmiyyətin faəliyyətində iştirak etməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunmuş tam ortaqlığın iştirakçılarının vəzifələri, işlərinin aparılması və iştirakçılığa xitam verilməsi qaydası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən qanunun analogiyası üzrə hazırki mübahisəyə tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, X2 “xxxx” MMC-nin təsis olunduğu 2016-cı ildən cəmiyyətin heç bir faəliyyətində iştirak etməməklə, üzərinə düşən vəzifələri icra etməmiş, habelə “xxxx” MMC-nin fəaliyyətini idarə olunmaz vəziyyətə gətirmişdir. Bundan başqa, “xxxx” MMC-nin nizamnamə kapitalınının tam dəyəri X1 tərəfindən ödənilmişdir. Belə ki, xx xxxxxxxxxxxx 2016-cı il tarixli ödəniş qəbzindən görünür ki, X1 tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökümət ödəniş portalı vasitəsi ilə “xxxx” MMC-nin nizamnamə kapitalına bütün paylar üzrə cəmi 10 manat məbləğində pul ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh formal olaraq “xxxx” MMC-nin təsisçiləri sırasında qeyd olunduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 “xxxx” MMC-nin təsisçilər sırasından çıxarılmaqla, onun həmin cəmiyyətdə iştirakçılığına xitam verilsin. X2-nin “xxxx” MMC-nin nizamnaməsində göstərilən nizamnamə kapitalında 50 faiz payı X1-ə keçirilsin. “xxxx” MMC-nin nizamnaməsinin 2.2-ci bəndində X1-in nizamnamə kapitalındakı payı “10 manat, 100%, 10 pay, pul şəklində” kimi qeyd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1247/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1247/2020
17.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver