Məhkəmə qərarları › İş №e-2-2(113)-1287/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1287/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1287/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonent saldosu, qanunsuz qoşulma, akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı2 (bundan sonra – iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya (abonent kodu: 011573) əsassız olaraq hesablanmış 1574 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 ilə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 ("xxxx" ASC-nin) Sabunçu Rayon Sukanal İdarəsi arasında su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə dair xx.xx.2004-cü il tarixdə 011573 nömrəli müqavilə bağlanmışdır. İddiaçı suyun dəyərini qeyri yaşayış sahəsində quraşdırılan smart-kart tipli sayğac vasitəsi ilə istifadə etdiyi suyun miqdarına uyğun öncədən ödənişlər etməklə həyata keçirmişdir. 04 iyul 2024-cü il tarixli 601552 nömrəli akt tərtib etməklə Sabunçu Rayon Sukanal İdarəsinin əməkdaşları qanunsuz yoxlama və baxış keçirmiş nəticədə əsassız olaraq akt üzrə 1574 manat pul borc olaraq 011573 müqavilə koduna hesablanmışdır. Hesab edilir ki, keçirilən yoxlama qanunsuz və əsassızdır.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdeh tərəfindən iddiaçıya (abonent kodu: 011573) əsassız olaraq hesablanmış 2920 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 ("xxxx" ASC-nin ) Sabunçu Rayon Sukanal İdarəsi tərəfindən əsassız olaraq tərtib edilmiş akt əsasında 011573 nömrəli abonent kodunda olan 1574 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etdikdən sonra cavabdeh təşkilat abunə müqaviləsini elektron məhkəmə sisteminə əlavə etmiş yalnız bundan sonra məlum olmuşdur ki iddia tələbinin dəqiqləşməsi barədə ərizə verilməlidir belə ki, abonenetin saldosunda borc məbləğinin 2920 manat olması barədə məlumatlı olduqdan sonra cavabdeh təşkilatla əlaqə saxlanmışdır və həmən zaman məlum olmuşdur ki iddiaçıya məxsus qeyri yaşayış sahəsi barədə 04 noyabr 2024-cü il tarixində akt 603237 nömrəli yeni akt tərtib edilmiş və bu akt əsasında 1346 manat cərimə hesablanmışdır. Bildirilir ki, iddiaçıya məxsus qeyri yaşayış sahəsi fəaliyyət göstərmədiyi üçün sözügedən aktdan və yazılma səbəbi barədə məlumat olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi E.İsgəndərov iddia ərizəsinə etiraz edib təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə 2 dəfə baxış keçirilmiş, baxış nəticəsində sudan qeyriqanuni istifadə halı aşkar edilmiş, bu barədə müvafiq aktlar tərtib edilərək iddiaçıya ümumilikdə 5029 manat borc yazılmış, həmin borcun bir qismi ödənilmiş, qalıq 2920 manat borc ödənilməmişdir. İddiaçı hazırda həmin qalıq borcun silinməsini xahiş etsə də, həmin borcun silinməsi üçün əsaslar yoxdur. Aparılmış yoxlamar cavabdeh tərəfindən qeydiyyata alınmamışdır.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Cavabdeh tərəfindən tərtib olunmuş 03 iyul 2024-cü il tarixli 601552 saylı akta əsasən ünvan 1 ünvanda iddiaçıya məxsus obyektə baxış keçirilməsi nəticəsində diametri 15 mm olan boru vasitəsi ilə sudan qanunsuz istifadə halı aşkar edilmişdir.

9. Cavabdeh tərəfindən tərtib olunmuş 04 noyabr 2024-cü il tarixli 603237 saylı akta əsasən ünvan 1 ünvanda iddiaçıya məxsus obyektə baxış keçirilməsi nəticəsində diametri 20 mm olan boru vasitəsi ilə sudan qanunsuz istifadə halı aşkar edilmişdir.

10. Abonent haqqında məlumata əsasən iddiaçıya 03 iyul 2024-cü il tarixli 601552 saylı akta və 04 noyabr 2024-cü il tarixli 603237 saylı akta əsasən ümumilikdə 5029 manat borc hesablanmış, iddiaçının qalıq borcu 2920 manat təşkil edir.

11. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsi, ev 10 ünvanında yerləşən obyektə baxışlar keçirilmiş, baxışlar nəticəsində obyektdə sudan qeyri-qanuni istifadə halları müəyyən olunmuşdur.

13. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar boru vasitəsilə qeyri-qanuni istifadə edilməsi nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən həmin su xəttindən istifadə edildiyini təsdiq edən mötəbər sübutları (video, fotoşəkillər və sairə) məhkəməyə təqdim edə bilməmişdir.

14. Belə ki, məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən tərtib edilmiş 03 iyul 2024-cü il tarixli 601552 saylı və 04 noyabr 2024-cü il tarixli 603237 saylı aktlara münasibətdə məhkəmə hesab edir ki, həmin aktlar iddiaçı tərəfindən sudan qeyri-qanuni istifadə faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.

15. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

16. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

17. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

18. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

20. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

21. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

22. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

23. Göründüyü kimi, cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

24. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

25. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 2920 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.

26. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 2920 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 49,20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı2 əsassız olaraq hesablanmış 2920 (iki min doqquz yüz iyirmi) manat borcun silinməsi öhdəliyi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 həvalə edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 49,20 (qırx doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar