Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1294/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı “qərarın etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qərarın etibarsız hesab edilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı “qərarın etibarsız hesab edilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MTK-ya qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "K Residence Baku" coxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsvermənin nəticələri haqqında xx.xx.2024ci il tarixli qararın etibarsız hesab edilməsi, "xxxx" MMC-nin "K Residence Baku" yaşayış kompleksində yerləşən və icarə müqaviləsi əsasında onun sahibliyində və istifadəsində olan əmlaklarla bağlı hüquqlarına xələl gətirən (işçiləri, tərəfdaşları, qonaqları və digər əlaqəli şəxslər daxil olmaqla) əmlakdan istifadəni məhdudlaşdıran, birbaşa və ya dolayı yolla əngəl törədən hallara yol verilməsinin Cavabdeh MTK-ya qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə ünvan 1 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən əmlakların alqı-satqısına dair Knightsbridge Ağ şəhər MTK ilə İddiaçı MMC arasında 19 oktyabr 2021-ci il tarixində CY1 090/21 və CY1 094/21 nömrəli, 20 dekabr 2021-ci il tarixində isə CY1 119/21 nömrəli müqavilələr bağlanmışdır. İddiaçı MMC-nin ünvan 2 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən 4206 və 4208 saylı mənzilləri xx.xx.2025-ci il tarixli CY1- 090/21 və CY1-119/21 nömrəli müqavilələrə əsasən X4 və 4210 saylı mənzili isə xx.xx.2025-ci il tarixli CY1-094/21 nömrəli müqaviləyə əsasən X2 mülkyyətinə keçmişdir. İddiaçı MMC ilə X7 arasında imzalanmış xx.xx.2025-ci il tarixli və X5 ilə imzalanmış xx.xx.2025-ci il tarixli icarə müqavilələrinə əsasən 4206, 4208 və 4210 saylı mənzillər "RİCON MMC-nin istifadəsində qalmaqdadır. İddiaçı MMC-nin əmlaklara sahibliyi və ondan istifadə hüququ davam etməkdədir və iddia tələbində, o cümlədən iddiaya əlvədə qeyd edildiyi kimi “K Residence Baku” çoxmənzilli yaşayış kompleksinin mülkiyyətçilərinin qiyabi səsvermə əsasında keçirilmiş ümumi yığıncağının küçə səviyyəsindən və birinci mərtəbədən (hər ikisi daxil olmaqla) yuxanda yerləşən, lift və daxili pilləkəndən istifadə edilən mənzillərdə kommersiya fəaliyyətinin və mənzillərin qısamüddətli kirayəyə verilməsinin qadağan edilməsi İddiaçının icarəçi kimi əmlaka sahiblik və ondan istifadə hüququ da daxil olmaqla əmlaklarla bağlı hüquqlarını məhdudlaşdırır. “K Residence Baku” çoxmənzilli yaşayış kompleksinin sahə mülkiyyətçilərinin yığıncağının mənzillərdə kommersiya fəaliyyətinin və mənzillərin qısamüddətli kirayəyə verilməsinin qadağan edilməsi ilə bağlı səlahiyyəti yoxdur və qeyd olunan qərar etibarsız hesab edilməlidir. “K Residence Baku” çoxmənzilli yaşayış kompleksinin sahə mülkiyyətçilərinin yığıncağının mənzillərdə kommersiya fəaliyyətinin və mənzillərin qısamüddətli kirayəyə verilməsinin qadağan edilməsi ilə mənzillərə sahiblik və ondan istifadə edən şəxslərin hüquqları pozulmuşdur. Knightsbridge Ağ şəhər MTK və Kompleksin sahə mülkiyyətçilərinin yığıncağı tərəfindən mənzillərlə bağlı qadağa tətbiq edilərkən müqavilə və qanunvericiliyin tələbləri pozularaq mənzillərə dair əmlak hüquqları ilə bağlı ayrı-seçkiliyə yol verilmişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi X6 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
II. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 349-cu maddəsinə əsasən hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər.
IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İş materiallarına əlavə edilmiş İddiaçı MMC (müştəri) ilə Cavabdeh MTK (şirkət) arasında bağlanmış CY1 094/21 saylı xx.xx.2021-ci il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, şirkət müqavilənin əlavə N 2-də daha geniş təsvir olunan binada yerləşən 4210 saylı mənzili yaşayış məqsədi üçün müştəriyə təqdim etməyə, müştəri isə həmin mənzili yaşayış məqsədi üçün şirkətdən qəbul etməyə razılıq verir.
9. Qeyd edilmiş müqavilənin 4.1-ci bəndindən görünür ki, əmlak üçün toplam alış qiyməti 300.900 manat təşkil edir. Müştəri sözügedən məbləğin 20 faizini müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində əlavə N 5-də göstərildiyi kimi və müəyyənləşdirilmiş qrafik üzrə bank köçürməsi əsasında ödəməlidir.
10. Müqavilənin 5.2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 14.2-ci maddəsinə əsasən müştəri əmlakda peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini istifadə edə bilər o şərtlə ki, bu digər sakinlərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Müştəri əmlakın təyinatını yalnız Mənzil Məcəlləsinə uyğun olaraq müvafiq qurumlardan rəsmi icazələr aldıqdan sonra dəyişə bilər.
11. İş materiallarına əlavə edilmiş İddiaçı MMC (müştəri) ilə Cavabdeh MTK (şirkət) arasında bağlanmış CY1 090/21 saylı xx.xx.2021-ci il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, şirkət müqavilənin əlavə N 2-də daha geniş təsvir olunan binada yerləşən 4206 saylı mənzili yaşayış məqsədi üçün müştəriyə təqdim etməyə, müştəri isə həmin mənzili yaşayış məqsədi üçün şirkətdən qəbul etməyə razılıq verir.
12. Qeyd edilmiş müqavilənin 4.1-ci bəndindən görünür ki, əmlak üçün toplam alış qiyməti 318.060 manat təşkil edir. Müştəri sözügedən məbləğin 20 faizini müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində əlavə N 5-də göstərildiyi kimi və müəyyənləşdirilmiş qrafik üzrə bank köçürməsi əsasında ödəməlidir.
13. Müqavilənin 5.2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 14.2-ci maddəsinə əsasən müştəri əmlakda peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini istifadə edə bilər o şərtlə ki, bu digər sakinlərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Müştəri əmlakın təyinatını yalnız Mənzil Məcəlləsinə uyğun olaraq müvafiq qurumlardan rəsmi icazələr aldıqdan sonra dəyişə bilər.
14. İş materiallarına əlavə edilmiş İddiaçı MMC (müştəri) ilə Cavabdeh MTK (şirkət) arasında bağlanmış CY1 119/21 saylı xx.xx.2021-ci il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, şirkət müqavilənin əlavə N 2-də daha geniş təsvir olunan binada yerləşən 4208 saylı mənzili yaşayış məqsədi üçün müştəriyə təqdim etməyə, müştəri isə həmin mənzili yaşayış məqsədi üçün şirkətdən qəbul etməyə razılıq verir.
15. Qeyd edilmiş müqavilənin 4.1-ci bəndindən görünür ki, əmlak üçün toplam alış qiyməti 165.300 manat təşkil edir. Müştəri sözügedən məbləğin 40 faizini müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində əlavə N 5-də göstərildiyi kimi və müəyyənləşdirilmiş qrafik üzrə bank köçürməsi əsasında ödəməlidir.
16. Bu müqavilənin də, 5.2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 14.2-ci maddəsinə əsasən müştəri əmlakda peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini istifadə edə bilər o şərtlə ki, bu digər sakinlərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Müştəri əmlakın təyinatını yalnız Mənzil Məcəlləsinə uyğun olaraq müvafiq qurumlardan rəsmi icazələr aldıqdan sonra dəyişə bilər.
17. İş materiallarına əlavə edilmiş Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli 4 saylı iclas protokolundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ünvanda çoxmənzilli yaşayış kompleksinin (“K Residence”) idarəedici təşkilat kimi, Cavabdeh MTK təyin edilmişdir.
18. Qeyd edilmiş protokolun “qərara aldı” hissəsinin 2-ci bəndindən görünür ki, binada idarəedici təşkilat tərəfindən göstəriləcək xidmətlərin nümunəvi siyahısı bu protokola əlavə ilə təsdiq edilmişdir.
19. Həmin protokolun “qərara aldı” hissəsinin 4-cü bəndindən görünür ki, idarəedici təşkilat tərəfindən binada göstəriləcək və nümunəvi siyahısı bu protokola əlavədə müəyyənləşdirilmiş xidmətlər yerinə yetirilir.
20. İş materiallarında olan Cavabdeh MTK-nın üzvlərinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, binada satılmayan və ya pay haqqı tam ödənilməmiş 567 ədəd mənzil, 659 ədəd avtomobil dayanacağı və 5 ədəd kommersiya sahəsi MTK-nın balansındadır və həmin əmlaklara görə MTK-nın toplam 1231 səs hüququ mövcuddur. MTK-nın malik olduğu 1231 ədəd səs binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyində olan məsələlər üzrə lehinə səs verilmişdir.
21. İş materiallarına əlavə edilmiş Cavabdeh MTK-nın "K Residence Baku" coxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsvermənin nəticələri haqqında xx.xx.2024-ci il tarixli qararından görünür ki, küçə səviyyəsindən və birinci mərtəbədən (hər ikisi daxil olmaqla) yuxarıda yerləşən, lift və daxili pilləkənlərdən istifadə edilən mənzillərdə kommersiya fəaliyyəti qadağan edilməsi (1), kompleksin nüfuzunun qorunması məqsədi ilə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci maddəsinin tələbləri nəzərə alınaraq, qısamüddətli (1 aylıq və ya daha qısa müddətə) mənzil kirayəçilərinin binaya girişi məhdudlaşdırılması (2) qərara alınmışdır.
22. İş materiallarından görünür ki, İddiaçı MMC-nin müraciəti əsasında ona məxsus olan 4206 və 4208 saylı mənzillər 2025-ci ilin aprel ayının 24-25-də X4 adına, 4210 saylı mənzil isə xx.xx.2025-ci il tarixdə X2 adına rəsmiləşdirilmiş və Cavabdeh MTK ilə müvafiq müqavilələr bağlanmışdır.
23. Bundan başqa iş materiallarından görünür ki, 4206 və 4208 saylı mənzillər icarə müqaviləsi ilə X7 tərəfindən İddiaçı MMC-yə, 4210 saylı mənzil isə X5 tərəfindən icarə müqaviləsi üzrə İddiaçı MMC-yə bir il müddətinə icarəyə verilmişdir.
24. Göründüyü kimi, iddia ərizəsi ilə Məhkəməyə müraciət edilərkən qeyd edilmiş 4206, 4208 və 4210 saylı mənzillər İddiaçı MMC-yə məxsus olmuş, lakin Məhkəmə icraatı dövründə qeyd edilmiş mənzillər digər iki şəxsin adına rəsmiləşdirilmiş və İddiaçı MMC hazırda qeyd edilmiş məzillərdən icarəçi kimi istifadə edir.
25. Hazırda İddiaçı MMC, Cavabdeh MTK-nın "K Residence Baku" çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsvermənin nəticələri haqqında xx.xx.2024-ci il tarixli qararının onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneə olduğunu, Cavabdeh MTK-nın belə bir qərarı qəbul etmək səlahiyyətinin olmadığını bildirir.
26. Cavabdeh tərəf isə, iddiaya etiraz edərək, Cavabdeh MTK-nın bu cür səlahiyyətinin olmasını qeyd edir.
27. Qeyd edilməlidir ki, İddiaçı MMC hazırda qeyd edilmiş 3 sahə üzrə icarəçi olsa da, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, əmlaklardan qanuni əsasla istifadə etdiyi üçün mülkiyyətçiyə məxsus hüquqlar ona da, şamil olunur.
28. Məhkəmə qeyd edir ki, Cavabdeh MTK-nın "K Residence Baku" çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsvermənin nəticələri haqqında xx.xx.2024-ci il tarixli qararı iki hissədən yəni, küçə səviyyəsindən və birinci mərtəbədən (hər ikisi daxil olmaqla) yuxarıda yerləşən, lift və daxili pilləkənlərdən istifadə edilən mənzillərdə kommersiya fəaliyyəti qadağan edilir (1), kompleksin nüfuzunun qorunması məqsədi ilə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15-ci maddəsinin tələbləri nəzərə alınaraq, qısamüddətli (1 aylıq və ya daha qısa müddətə) mənzil kirayəçilərinin binaya girişi məhdudlaşdırılması (2) ibarətdir.
29. Məhkəmə bu xüsusda qeyd edir ki, hazırda iddiaçı tərəf qeyd edilmiş mənzillərdən icarə müqaviləsi əsasında istifadə etməklə, icarəçi statusundadır. Ona görə də, qeyd edilmiş qərarın ikinci hissəsində olan məsələni mübahisləndirməyə onun subyektiv hüququ yoxdur.
30. Qeyd edilmiş qərarın 1-ci hissəsi ilə bağlı isə nəticəyə gəlmək üçün Mənzil Məcəlləsinin normaları, Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli 4 saylı iclas protokolu və protokola əlavə edilmiş idarəedici təşkilat tərəfindən göstəriləcək xidmətlərin nümunəvi siyahısı nəzərdən keçirilməlidir.
31. Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır.
32. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər.
33. Qeyd edilmiş normalarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyəti göstərilmiş. Ancaq bu normalara nəzər yetirildikdə açıq-aydın görünür ki, binanın idarəçisinin nə mənzil mülkiyyətçisinin nə də ki, qeyd edilmiş mənzillərdən qanuni əsaslarla istifadə edən şəxslər barəsində onların kommersiya fəaliyyətinin qadağan edilməsi və yaxud əmlakdan istifadəni məhdudlaşdıran hər hansı bir qərarı qəbul etmək səlahiyyəti yoxdur.
34. Bundan başqa da, işə əlavə edilmiş Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli 4 saylı iclas protokola və protokola əlavə edilmiş idarəedici təşkilat tərəfindən göstəriləcək xidmətlərin nümunəvi siyahısına nəzər yetirildikdə görünür ki, yenə də, idarəçisinin qeyd edilmiş mənzillərdən qanuni əsaslarla istifadə edən şəxslər barəsində onların kommersiya fəaliyyətinin qadağan edilməsi və yaxud əmlakdan istifadəni məhdudlaşdıran hər hansı bir qərarı qəbul etmək səlahiyyəti yoxdur.
35. Qeyd edilmiş göstəriləcək xidmətlərin nümunəvi siyahısında idarəçi ancaq, təmizlik, texniki, təhlükəsizlik xidmətlərin görülməsi ilə mükəlləf olunmuşdur.
36. Həmçinin də, Cavabdeh MTK-nın nizamnaməsinə də, nəzər yetirildikdə görünür ki, MTK-nın nə tikinti şirkəti olaraq, nə də ki, binanın idarəçisi olaraq belə bir səlahiyyətinin olması öz əksini tapmamışdır.
37. Göründüyü kimi, Cavabdeh MTK-nın “K Residence Baku” çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsvermənin nəticələri haqqında xx.xx.2024-cü il tarixli qərarı “küçə səviyyəsindən və birinci mərtəbədən (hər ikisi daxil olmaqla) yuxarıda yerləşən, lift və daxili pilləkənlərdən istifadə edilən mənzillərdə kommersiya fəaliyyətinin qadağan edilməsi və əmlakdan istifadəni məhdudlaşdıran hər hansı tipli bir qərar qəbul etmək səlahiyyəti olmamışdır.
38. Bundan başqa Məhkəmə qeyd edir ki, azad sahibkarlığın əsasını mülkiyyət təşkil edir. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİ hissəsi).
39. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında xüsusilə vurğulamışdır ki, əsas Qanun hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o, cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir (“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 2010-cu il 29 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci 16 dekabr il tarixli Qərarlar və s.).
40. Həmçinin Konstitusiya Məhkəməsi Plenumu bir çox qərarlarında vurğulamışdır ki, sahibkarlıq fəaliyyətinin əsasını təşkil edən mülkiyyət hüququ mütləq hüquq deyil və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində dəqiq müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Həmin maddəyə görə mülkiyyət hüququna müdaxiləyə yalnız aşağıdakı hallarda yol verilir: qanunla müəyyən edilmişdirsə (1); ictimai maraq kəsb edirsə (2); Göründüyü kimi, mülkiyyət hüququna müdaxilə ilk növbədə qanunauyğunluq tələbini ödəməlidir. Konvensiyaya görə ”qanun” ifadəsi müstəqil məna daşıyaraq yalnız formal mənada “qanun” demək deyil. Bura Konstitusiya, aidiyyəti dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə qanun qüvvəli normativ aktlar da aid edilə bilər. Şəxsin mülkiyyət hüququna qanuni müdaxilə yalnız ümumi (ictimai) maraqlar üçün legitim məqsəd güdüldüyü halda əsaslandırıla bilər. Bu öhdəlik Konvensiyanın qeyd edilən maddəsində əmlakdan məhrumetmə və əmlakdan istifadəyə münasibətdə açıq şəkildə ifadə edilmişdir.
41. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” X1 2012-ci il 12 mart tarixli Qərarı).
42. Göründüyü kimi, mülkiyyət hüququna müdaxilə qanunla müəyyən edildiyi və ictimai maraq kəsb etdiyi halda, qanuni, əsaslı və mütənasib olmalıdır.
43. Qeyd edilməlidir ki, ictimai maraq ifadəsi, çoxluğun marağını üstün sayan bir anlayışdır. İctimai maraqları müdafiə edən isə məhz dövlət və müvafiq olaraq dövlət orqanlarıdır. Yəni, ictimai maraqların müdafiəsi ilə bağlı mülkiyyətə müdaxilə dövlət tərəfindən edilməsi imkanı ola bilməklə əsaslı, qanuni və mütənasib olmalıdır.
44. Göründüyü kimi, hazırkı məsələyə hətta, bu aspekdən də, yanaşılsa Cavabdeh MTK-nın bu cür səlahiyyəti olmamaqla (ictimai maraqların qorunması ilə bağlı mülkiyyətə müdaxilə ilə bağlı) yanaşı, mülkiyyət hüququna müdaxilə ilə bağlı əsaslılıq, qanunilik və mütənasiblik prinsiplərinə də, riayət edilməmişdir.
45. Belə olan halda, Məhkəmə hesab edir ki, Cavabdeh MTK-nın “K Residence Baku” çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsvermənin nəticələri haqqında xx.xx.2024-cü il tarixli qərarı “küçə səviyyəsindən və birinci mərtəbədən (hər ikisi daxil olmaqla) yuxarıda yerləşən, lift və daxili pilləkənlərdən istifadə edilən mənzillərdə kommersiya fəaliyyətinin qadağan edilməsi hissəsində etibarsız hesab edilməli və “K Residence Baku” yaşayış kompleksində yerləşən və icarə müqaviləsi əsasında İddiaçı MMC-nin sahibliyində və istifadəsində olan əmlaklarla bağlı hüquqlarına xələl gətirən, (işçiləri, tərəfdaşları, qonaqları və digər əlaqəli şəxslər daxil olmaqla) əmlakdan istifadəni məhdudlaşdıran, birbaşa və ya dolayı yolla əngəl törədən hallara yol verilməsi Knightsbridge Ağ şəhər MTK-ya qadağan edilməlidir.
46. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
V. Nəticə:
47. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MTK-nın “K Residence Baku” çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağında səsvermənin nəticələri haqqında xx.xx.2024-cü il tarixli qərarı “küçə səviyyəsindən və birinci mərtəbədən (hər ikisi daxil olmaqla) yuxarıda yerləşən, lift və daxili pilləkənlərdən istifadə edilən mənzillərdə kommersiya fəaliyyətinin qadağan edilməsi hissəsində etibarsız hesab edilsin. “K Residence Baku” yaşayış kompleksində yerləşən və icarə müqaviləsi əsasında İddiaçı MMC-nin sahibliyində və istifadəsində olan əmlaklarla bağlı hüquqlarına xələl gətirən, (işçiləri, tərəfdaşları, qonaqları və digər əlaqəli şəxslər daxil olmaqla) əmlakdan istifadəni məhdudlaşdıran, birbaşa və ya dolayı yolla əngəl törədən hallara yol verilməsi Knightsbridge Ağ şəhər MTK-ya qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov