Məhkəmə qərarları › İş №e-2-2(113)-1371/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1371/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1371/2020 05.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borc məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” ASC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti 15 ünvanında yerləşən “xxxx” ASC-yə əsassız hesablanmış 19.980 manat məbləğində borcun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, “xxxx” ASC xx.xx.2012-ci il tarixdə Vergilər Nazirliyində ********** saylı VÖEN-lə dövlət qeydiyyatına alınmışdır. “xxxx” ASC tərəfindən qonaqlara yüksək səviyyəli xidmət göstərilməklə bütün dövlət vergi ödənişləri və kommunal ödənişlər vaxtlı-vaxtında ödənilmişdir. “xxxx” ASC ilə cavabdeh “xxxx” ASC arasında bağlanmış müqavilə ilə istehlakçı işıqla təchiz edilmiş və onlara 06/10-068 nömrəli abonent kodu verilmişdir. İstifadə edilmiş elekrik enerjisinin dəyəri sayğaca müvafiq qaydada dövlətə ödənilmişdir. Bütün bunlara baxmayaraq məlumat üçün bildirir ki, 2018-ci ildə müəssisənin işçisi olmuş Vüqar Abdiyev adlı şəxs tərəfindən kommunal ödənişlər etmək adı altında müəssisədən 50.000 manatdan artıq nağd pul alınmış və onun tərəfindən 2018-ci ildə işıq pulu ödənişi ilə bağlı pul ödənilməmişdir. Vüqar Abdiyev bu əməllərini hazırda işdən azad olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsində barələrində cinayət işi başlanılmış “xxxx” ASC-nin Nərimanov Rayon Enerji Təhcizatı və Satışı İdarəsinin aparıcı mühəndisi İlham Məmmədov və idarənin kəsim şöbəsinin mühəndisi olmuş İlkin Hüseynovun vasitəsi ilə (saxta, şişirdirilmiş rəqəmlərdən ibarət bildirişlərdən istifadə etməklə) törədərək ASC-yə hazırda borc kimi görünən 19.000 manat məbləğində maddi ziyan vurmuşdur. Bu halın əsas sübutu ondan ibarətdir ki, qeyd olunan abonent kodu üzrə aylıq ödəniş edilməməsinə baxmayaraq bir il ərzində “xxxx” ASC-də elektrik enerjisi təchizatı dayandırılmamışdır. Sonradan bu hal onlara məlum olduqdan sonra Vüqar Abdiyevdən ona ödənilmiş pullar geri tələb edilmiş, o ödəmədiyindən onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edilmişdir. Hal-hazırda da idarədə araşdırma davam etdirilir. Göründüyü kimi tərəflərindən ədalətin bərpası üçün məcburiyyət qarşısında qalıb həm hüquq mühafizə orqanlarına, həm də borc məbləğinin dəqiqləşdirilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 2-2(81)-212/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə aralarında olan mübahisə baxılmamış saxlanılmışdır. Ərizənin baxılmamış saxlanılmasının əsas səbəbi də aralarında olan şifahi razılaşma olmuşdur. Həmin razılaşmaya görə mübahisəli məbləğlə bağlı hüquq-mühafizə orqanlarında iş yekunlaşana kimi ancaq aylıq sərfiyyatlar ödənilməli idi. Onlar həmin şərtə müvafiq olaraq ödənişləri etmişlər. Sonuncu aylıq sərfiyyatı - 5.650 manat pulu xx.xx.2020ci il tarixdə 2 qəbzlə ödəmişlər. Buna baxmayaraq cavabdeh heç bir xəbərdarlıq etmədən ödəniş edildikdən bir gün sonra, yəni xx.xx.2020-ci il tarixdə elektrik enerjisi təchizatını dayandırmışdır. Cavabdehin əsassız hərəkətlərinin qarşısını almaq məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədilər. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai prospekti 15 ünvanında yerləşən “xxxx” ASC-yə verilən elektrik enerjisi təchizatının dayandırılmasının “xxxx” ASC-yə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1371/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş Bakı şəhəri, Xətai prospekti 15 ünvanında yerləşən “xxxx” ASC-yə elektrik enerjisinin verilməsinin dayandırılması cavabdehə qadağan olunmuşdur. Cavabdeh “xxxx” ASC xx.xx.2020-ci il tarixdə həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1371/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadın ləğv edilməsini, iddianın təmini tədbirinin tətbiqinə dair ərizənin rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-361/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh “xxxx” ASC-ninşikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1371/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 06/10-068 saylı abunəçi “xxxx” ASC-nin abunə haqqında məlumatdan görünür ki, iddiaçı elektrik enerjisindən istifadəyə görə borc məbləğləri sayğac göstəricilərinə əsasən hesablanmış, elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə aktlara əsasən hesablanmış borcları yoxdur. 06/10-068 saylı abunəçi “xxxx” ASC -yə təqdim edilmiş xx.xx.2017-ci il tarixli hesabfakturadan görünür ki, abunəçiyə elektrik enerjisinə görə avqust-sentyabr ayları üzrə 8.102,70 manat borc hesablanmışdır. Həmçinin hesab-fakturadan görünür ki, abunəçinin əvvəlki aylar üzrə qalıq borcu qalmamışdır. 06/10-068 saylı abunəçi “xxxx” ASC -yə təqdim edilmiş xx.xx.2017-ci il tarixli hesabfakturadan görünür ki, abunəçiyə elektrik enerjisinə görə sentyabr-oktyabr ayları üzrə 4.794,03 manat borc hesablanmış, qalıq borcu isə 9.886,79 manat təşkil etmişdir. 06/10-068 saylı abunəçi “xxxx” ASC -yə təqdim edilmiş xx.xx.2017-ci il tarixli hesabfakturadan görünür ki, abunəçiyə elektrik enerjisinə görə oktyabr-noyabr ayları üzrə 3.943,53 manat borc hesablanmış, qalıq borcu isə 9.036,29 manat təşkil etmişdir. 06/10-068 saylı abunəçi “xxxx” ASC -yə təqdim edilmiş xx.xx.2017-ci il tarixli hesabfakturadan görünür ki, abunəçiyə elektrik enerjisinə görə noyabr-dekabr ayları üzrə 3.221,19 manat borc hesablanmış, qalıq borcu isə 8.313,95 manat təşkil etmişdir. 06/10-068 saylı abunəçi “xxxx” ASC -yə təqdim edilmiş xx.xx.2017-ci il tarixli hesabfakturadan görünür ki, abunəçiyə elektrik enerjisinə görə fevral ayı üzrə 4.726,35 manat borc hesablanmış, qalıq borcu isə 22.526,92 manat təşkil etmişdir. 06/10-068 saylı abunəçi “xxxx” ASC -yə təqdim edilmiş xx.xx.2020-ci il tarixli hesabfakturadan görünür ki, abunəçiyə elektrik enerjisinə görə 2020-ci ilin iyun ayı üzrə 2.793,6 manat borc hesablanmış, qalıq borcu isə 20.203,32 manat təşkil etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı “xxxx” ASC 2018-ci ildə elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədilə V.Abdiyev adlı işçisinə pul verdiyini, lakin V.Abdiyevin “xxxx” ASC-nin işçiləri olmuş İlham Məmmədov və İlkin Hüseynovla əlbir olaraq həmin pulu “xxxx” ASC-yə ödənilmədiyini əsas göstərərək “xxxx” ASC tərəfindən “xxxx” ASC-yə hesablanmış 19.980 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı xxxx” ASC tərəfindən xxxx” ASC-yə hesablanmış mübahisəli borc məbləğinin əsassız olmasını təsdiq edən heç bir faktiki hala istinad etməmişdir, iddiaçının istinad etdiyi hallar, yəni iddiaçının işçisi tərəfindən aldadılması isə həmin borcun silinməsi üçün əsas vermir. Digər tərəfdən iş materiallarına əlavə edilmiş abonent saldosundan da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği iddiaçıya elektrik enerjisi sayğacının göstəricilərinə, yəni iddiaçının faktiki sərfiyyatına uyğun olaraq hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı mübahisəli borcun hansı dövrdə yaranmasını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməsi barədə vəsatət vermişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş hesab-fakturalardan da göründüyü kimi “xxxx” ASC sonuncu dəfə 2017-ci ilin iyul ayında elektrik enerjisindən istifadəyə görə tam ödəniş həyata keçirmişdir. Belə ki, 2017-ci ilin avqust ayı üçün tərtib edilmiş hesab-fakturadan müəyyən edilir ki, əvvəlki aylar üzrə abunəçinin borcu qalmamışdır. Digər tərəfdən mübahisə predmeti olan borcun 2018-ci ildə yaranması iddiaçının iddia ərizəsində istinad etdiyi dəlillərdən (2018-ci ildə işçisi V.İbadova elektrik enerjisinə görə borcun ödənilməsi məqsədilə pul vermələri, lakin həmin pulun “xxxx” ASC-yə ödənilməməsi) də aydın görünür. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan borcun hansı dövrdə yaranmasını müəyyən etmək üçün məhkəmə ekspertizasının keçirilməsi zərurəti mövcud deyildir. Beləliklə, məhkəmə İddiaçı ASC-nin silinməsini tələb etdiyi borcun sayğac göstəricilərinə əsasən hesablanmış borc olduğunu, eləcə də iddiaçının həmin borcun əsassız olduğunu təsdiq edən hər hansı hala istinad etmədiyini nəzərə alaraq hesab edir ki, borcun silinməsi tələbinə dair iddia əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar