Məhkəmə qərarları › İş №e-2-2(113)-143/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-143/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-143/2022 03.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin dekabr ayı üçün qaz sərfiyyatı üzrə əsassız hesablanmış 47.475 manatın etibarsız hesab edilərək silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin noyabr ayı üçün qaz sərfiyyatı üzrə əsassız hesablanmış 199870 manatın, 2020-ci ilin dekabr ayı üçün qaz sərfiyyatı üzrə əsassız hesablanmış 208825 manatın etibarsız hesab edilərək silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin dekabr ayı üçün qaz sərfiyyatı üzrə əsassız hesablanmış 47.475 manatın etibarsız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 11.03.2020-ci il tarixli qazın alqı-satqısı barədə müqavilə bağlanmış, cavabdeh tərəfindən G-4 markalı, zavod N 1102AQ**********1 olan qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin noyabr ayında 199870 manat dəyərində 314429 kub.metr qaz sərfiyyatı, 2020-ci ilin dekabr ayında isə 208825 manat dəyərində 437379 kub.metr qaz sərfiyyatı hesablanmışdır. Hesab edir ki, cavabdehin 2020-ci il noyabr, dekabr ayları üzrə birgə hesabladığı sərfiyyat əvvəlki dövrlərlə müqayisədə 70%-dən çoxdur. Bu isə mümkün deyildir, müəsissə bu qədər qaz sərf edə bilməzdi. Şirkətin mövcud qaz təcizatına görə olan borcuna görə 2020ci ilin noyabr ayında obyektə gələn qaz xətti cavabdeh tərəfindən bağlanılmışdır. Lakin şifahi razılıqdan sonra o günün səhəri qaz təcizatı bərpa olunmuş, lakin qaz yüksək atmosferlə verildiyinə görə iddiaçıya gələn ana xəttin üzərində yerləşən qaz tənzimləyici sıradan çıxmışdır. Qaz tənzimləyici dəyişdiriləndən sonra qaz təcizatınin verilişi davam etmişdir. Lakin 2020-ci ilin dekabr ayı ərzində iddiaçının qazdan istifadəsi qazanxananın təmiri və hava şəraitinin xoş keçməsi səbəbindən təqribən 15-16 gün olmuşdur. Lakin dekabr ayı üçün gələn elektron qaimədə həmin ay üçün iddiaçının qaz sərfiyyatı 87.475,80 manat qeyd olunmuşdur. İlk növbədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi sistemi tərəfindən gələn elektron qaiməni qəbul etməmişlər. Səbəb kimi bildirilmişdir ki, bir ay ərzində bu miqdarda qaz sərfiyyatı qazanxana tərəfindən texniki baxımdan mümkün deyildir. Bu hesabla 2020-ci ilin dekabr ayı üçün qaz sərfiyyatı 40.000 manatdan artıq ola bilməzdi. Belə ki, ondan əvvəlki aylarda da qaz sərfiyyatı 40.000 manatdan artıq olmamışdır. Sonra isə cavabdehə iddiaçı tərəfindən açıqlama məktubu göndərilmiş, lakin həmin məktububa cavab veriməmişdir. Ondan sonra cavabdehin Babək prospektində yerləşən X6 idarəsinin qeyd olunan məsələ ilə bağlı bir neçə vəzifəli şəxslərilə görüşülmüş və onların məsləhəti ilə qeyd olunan idarəyə ərizə ilə müraciət edərək elektron sayğacın yoxlanması üçün laboratoriyaya göndərilməsini tələb etmişlər. 2021-ci ilin mart ayında Laboratorayadan aldığı yoxlama aktına əsasən sayğac da problem aşkar olunmamışdır. İddiaçının nümayəndəsi və vəkili X2 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinin və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, sayğacda hər hansı bir qüsurun olması ilə bağlı iş materiallarında heç bir sübut yoxdur. Sayğac normal sayğacdır. Obyekt istixana olmaqla kifayət qədər iri istixanadır. Qazın nə qədər istifadə edilməsi istixananın konstruksiyasından asılıdır. Həmçinin, əkinin yetişdirilmə tempraturu və hava şəraitinə uyğun olaraq qazın sərfiyyatı sabit ola bilməz, dəyişkən olur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın və Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı 10.11.2017ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 11.03.2020-ci il tarixli, AMX-2024/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, cavabdeh iddiaçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. 11.03.2021-ci il tarixli 307ST saylı Xidmət müqaviləsindən görünür ki, cavabdeh, Xəzər rayonunda yerləşən iddiaçıya məxsus 1 ədəd turbin tipli G650 markalı 83044871 nömrəli qaz sayğacını təmir etməyi, ehtiyat hissələrinin ayrılmasını təmin etməyi və istismara yararlılığı haqqında arayışı (aktı) təqdim etməyi, iddiaçı isə xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 23.09.2020-ci il tarixli 29/1640-01420 saylı Sayğacın istismara yararlığı haqqında arayışdan görünür ki, G650 markalı 83044871 nömrəli qaz sayğacı yararlıdır. Abonentin saldosunun surətindən görünür ki, iddiaçının cavabdehə olan borcu 2021-ci ilin yanvar ayına 196927,60 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 11.03.2020-ci il tarixli, AMX-2024/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda tərəflər arasında 11.03.2021-ci il tarixli 307ST saylı Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh, Xəzər rayonunda yerləşən iddiaçıya məxsus 1 ədəd turbin tipli G650 markalı 83044871 nömrəli qaz sayğacını təmir etməyi, ehtiyat hissələrinin ayrılmasını təmin etməyi və istismara yararlılığı haqqında arayışı (aktı) təqdim etməyi, iddiaçı isə xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçının ərizəsi əsasında ona məxsus G650 markalı 83044871 nömrəli qaz sayğacı laboratoriya yoxlamasından keçmiş və sayğac yararlı olmaqla bu barədə 23.09.2020-ci il tarixli 29/1640-01420 saylı Sayğacın istismara yararlığı haqqında arayış tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı tərəfindən iddia ərizəsində sayğac tərəfindən qaz sərfiyyatının düzgün hesablanmaması qeyd edilsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə iş materiallarından görünür ki, sayğac laboratoriya yoxlamasından keçmiş, sayğac yararlı olmaqla onda hər hansı bir qüsur müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin dekabr ayı üçün qaz sərfiyyatı üzrə əsassız hesablanmış 47.475 manatın etibarsız hesab edilərək silinməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar