Məhkəmə qərarları › İş №e-2-2(113)-146/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-146/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-146/2024 09.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun tutulması, abonent saldosu, öhdəliyin üçüncü şəxslərə təsiri, "pacta sunt servanda") Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı İB) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 114 102,46 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 404,10 manat pulun tutularaq İddiaçı İB-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, S.W.İ.F.T. bik İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı İB xx.xx.2017-ci il tarixli, AKX- 1/026 saylı müqavilə əsasında Cavabdeh məxsus qeyri-yaşayış sahəsini təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 114 102,46 manat borcu yaranmışdır. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın (bundan sonra “Qazdan istifadə qaydaları”) 5.2 bəndi, Azərbaycan Respublikası Mülk Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443.1-ci maddələri qeyd olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahatlar vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, tələb olunan borc məbləği sərfiyyat əsasında hesablanmışdır. Qazla təmin olunan obyekti cavabdeh üçüncü şəxs X4 istifadəsinə vermiş, lakin həmin şəxsin iddiaçı ilə qazdan istifadəyə görə müqaviləsi olmamışdır. Qazdan istifadəyə görə müqavilə cavabdehlə bağlanmış, cavabdeh də borcu ödəməlidir. Cavabdeh üçüncü şəxs X5 qarşı tələb irəli sürərək hazırda ondan tələb olunan qazdan istifadəyə görə yaranmış borcu zərər kimi tələb etmiş, iddiası təmin olunmuş, qətnamə qanuni qüvvəyə minmişdir.

6. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək rədd olunmasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, cavabdeh qeyriyaşayış sahəsini X1 vermiş, borc məbləği də qeyri-yaşayış sahəsinin sonuncunun istifadəsində olduğu dövrdə yaranmışdır. Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırda tələb olunan borc məbləğini X3 tələb etmiş, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə iddia təmin olunmuş, borc məbləğinin həmin şəxsə aid olması təsdiqini tapmışdır. Məhkəmənin qeyd olunan qətnaməsi icra mərhələsindədir. Qətnamə icra olunaraq X3 pul məbləği alınan zaman həmin məbləği cavabdeh iddiaçıya ödəyəcəkdir. Ümumiyyətlə, iddiaçı qarşısında məsuliyyəti X7 daşımalıdır.

7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirakı etməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə olunan "Azəriqaz" İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AKX-1/026 saylı müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.2 və 2.3.8-ci bəndlərinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməli və Qaydalarda nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir; 3.4cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

12. Müqavilənin 7.2 və 7.3-cü bəndlərinə əsasən müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilir. İstehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanması tələb olunmur.

13. Cavabdeh abonent saldosundan görünür ki, 2020-ci ilin oktyabr ayının əvvəlinə borc qalığı 30 000 manat olmuş, həmin ay 30 000 manat ödəniş edilmişdir. Həmçinin 2020-ci ilin oktyabr ayına 1454,40 manat, noyabr ayına 19934,60, dekabr ayına 26931,20 manat, 2021-ci ilin yanvar ayına 26682 manat, fevral ayına 23164 manat, mart ayına 33871,80 manat, aprel ayına 3902,20 manat, oktyabr ayına 3692,60 manat, noyabr ayına 26636,28 manat, dekabr ayına 49805,14 manat, 2022-ci ilin yanvar ayına 23021,24 manat olmaqla 2020-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayını, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayını əhatə edən dövr üzrə cəmi sərfiyyatın məbləği 239095,46 manat təşkil edir. Qeyd olunan sərfiyyat məbləğindən 124 993 manat ödəniş edilmiş, 114 102,46 manat borc qalmışdır.

14. İş materiallarında olan və qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli е-2-2(11З)-2876/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qazdan istifadəyə görə yaranmış 114102,46 manat məbləğində pulun və ödənilmiş 410 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmiş, məhkəmə tərəfindən Cavabdeh ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında qeyri-yaşayış sahəsinin X2 və istifadəsində olduğu dövr üzrə sonuncunun təbii qazdan istifadəyə görə 114 102,46 manat borcunun yarandığı müəyyən olunmuş, iddianın təmin olunması qət olunmuşdur.

15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, "Azəriqaz" İB ilə istehlakçı Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, iddiaçı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüş, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək cavabdehi qazla təmin etsə də, sayğacının göstəricilərinə uyğun olaraq 2020-ci ilin oktyabr ayına 1454,40 manat, noyabr ayına 19934,60, dekabr ayına 26931,20 manat, 2021-ci ilin yanvar ayına 26682 manat, fevral ayına 23164 manat, mart ayına 33871,80 manat, aprel ayına 3902,20 manat, oktyabr ayına 3692,60 manat, noyabr ayına 26636,28 manat, dekabr ayına 49805,14 manat, 2022-ci ilin yanvar ayına 23021,24 manat olmaqla 2020-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayını, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayını əhatə edən dövr üzrə hesablanmış cəmi sərfiyyatın məbləğini təşkil edən 239 095,46 manat məbləğindən 124 993 manat ödəniş edilmiş, 114 102,46 manat borc Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır.

16. İddiaçı qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AKX-1/026 saylı müqaviləyə əsasən cavabdehdən 114 102,46 manat məbləğində pulun tutulmasını xahiş edir.

17. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, qeyd olunan borc məbləği qeyriyaşayış sahəsinin X2 və istifadəsində olduğu dövr üzrə sonuncunun təbii qazdan istifadəsinə görə yaranmışdır, ona görə də məsuliyyəti həmin şəxs daşıyır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, е-2-2(11З)-2876/2023 saylı qətnaməsi icra olunaraq qət olunan 114 102,46 manat məbləğ X3 alındığı zaman borcu iddiaçıya ödəyəcəkdir.

18. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.

19. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. Həmin Qanunun 13.8-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

23. "Azəriqaz" İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AKX-1/026 saylı müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və həmin Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.

25. Həmin Qaydaların 5-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Məhkəmə cavabdehin etirazını əsassız hesab edir və etirazının əsasını təşkil edən hallarla bağlı qeyd edir ki, iddiaçı ilə qazın alqı-satqısına dair müqavilə bağlayaraq iddiaçı tərəfindən təchiz edilmiş qazın dəyərini ödəmək öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. Məhz Mülki Məcəllənin 387.3-cü maddəsinə də təsbit olunmuşdur ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh ilə X7 arasında bağlanmış icarə müqaviləsi həmin müqavilənin iştirakıçısı olmayan İddiaçı İB-nin xx.xx.2017-ci il tarixli, AKX-1/026 saylı müqavilədən irəli gələn tələb hüququnu məhdudlaşdırılması əsası kimi çıxış edə bilməz.

29. Məhkəmə Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən qeyd edir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda iddiaçı haqlı olaraq müqavilə kontragenti kimi cavabdehdən istehlak olunmuş qazın dəyərini tələb edir.

30. Belə ki, Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

31. Həmçinin işin müəyyən olunmuş hallarından da görünür ki, Cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qazdan istifadəyə görə yaranmış 114102,46 manat məbləğində pulun tutulmasını xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, е-2-2(11З)-2876/2023 saylı qətnaməsi ilə iddianın təmin olunması qət olunmuşdur.

32. Məhkəmə hesab edir ki, qazın alqı-satqı müqaviləsi üzrə iddiaçının təchiz etdiyi qazın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə və qanunvericilikdə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan Cavabdeh istehlak edilmiş qazın dəyərini təşkil edən qalıq 114102,46 manat borcu iddiaçıya ödəməlidir.

33. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin olunmalı və 114102,46 manat borc məbləği Cavabdeh tutularaq İddiaçı İB-nə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

34. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 404,10 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

35. Məhkəmə müəyyən edir ki, iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 404,10 manat təşkil edir. İddiaçı ilkin mediasiya xərci olaraq 400 manat, dövlət rüsumu olaraq 4,10 manat ödəniş etmişdir.

36. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

38. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

39. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

40. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Məhkəmə hesab edir ki, iddia tam təmin olunduğundan mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4,10 manat pul Cavabdeh tutularaq İddiaçı İB-nə ödənilməlidir.

V. Nəticə:

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 114 102 (yüz on dörd min yüz iki) manat 46 (qırx altı) qəpik məbləğində pul tutularaq İddiaçı bank hesabına (ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, S.W.İ.F.T. bik İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ72İBAZ********************) ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 (dörd) manat 10 (on) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar