Məhkəmə qərarları › İş №e-2-2(113)-1555/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1555/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1555/2024 18.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi, plandankənar yoxlama üzrə reyestrin aparılma qaydası, qanunsuz qoşulma) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən iddiaçıya (abonent kodu: **********00003) əsassız hesablanmış 4490,76 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən abonent kodu **********00003 olan fərdi evin mülkiyyətçisidir. Sözügedən obyektə cavabdeh tərəfindən qanunsuz olaraq maye qazın istifadə edilməsi ilə bağlı olaraq şişirdilmiş məbləğdə borc yazılmışdır. Borc məbləğinin yazılmasının səbəbi iddiaçı tərəfindən təkrarən xx.xx.2023-cü il tarixində baxış zamanı yenidən qeyri-qanuni istifadə aşkar olunması və bunun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt olmuşdur. Bununla əlaqədar, sorğu əsasında cavabdehdən alınmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, həmin aktla iddiaçıya məxsus ünvanda təkrarən xx.xx.2023-cü il tarixində baxış zamanı yenidən qeyri-qanuni istifadə aşkar olunmuşdur. İddiaçının abonent saldosundan görünür ki, abonentin ünvanında xx.xx.2023-cü il tarixdə “Zenner G6T” “smart-kart” tipli qaz sayğacı quraşdırılmış və onun 2023-cü ilin may ayına “qalıq və aktlar” üzrə 4490,76 manat borcu yaranmışdır və həmin borcun yaranma anı 2023-cü ilin mart-dekabr aylarına təsadüf edir. 2.2. Göründüyü kimi, hal-hazırda təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt mövcuddur və həmin akta əsasən iddiaçıya 4490,76 manat məbləğində borc hesablanmışdır. İddiaçı istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və qanunsuz qaz xətti çəkilməmişdir. Hazırkı dövrdə “smart-kart” tipli sayğac vasitəsilə hər hansı ödəniş edildikdə qanunsuz olaraq həmin ödəniş məbləği borc əvəzi olaraq cavabdeh tərəfindən tutulacaqdır. 2.3. Cavabdeh təbii inhisar subyektidir və iddiaçının alternativ qaz alacağı başqa bir qurum yoxdur. Qazsız qalacağı təqdirdə soyuq qış fəslini çətinliklə keçirəcəkdir. İddiaçı mülkiyyətçisi olduğu əmlaka dair cavabdeh tərəfindən hesablanmış borc məbləği ilə razı deyildir. Həmin borc qanunsuz və əsassız olaraq hesablanmışdır. Belə ki, müqaviləyə uyğun olaraq istifadə olunan qazın dəyəri qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim olunan hesaba əsasən vaxtlı-vaxtında ödənilmişdir. Cavabdeh mübahisəli yoxlama barədə məlumatı Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinin tam mənasında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. 2.4. İş materiallarında olan cavabdehin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli KY231908016 saylı çıxarışından görünür ki, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Yoxlama müddəti isə xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri müəyyən edilmişdir. Göründüyü kimi, baxış xx.xx.2023-cü il tarixdə keçirilsə, mövcud akt xx.xx.2023-cü il tarixdə tərtib edilsə də, plandankənar (növbədənkənar) yoxlama müddəti isə xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri kimi müəyyən edilmişdir ki, bu da aparılmış yoxlamaya əsassız don geydirmək niyyətinin göstəricisidir. Qanunvericiliyin tələbinə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.3-cü bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 5.5, 6.7ci və s. bəndləri göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1555/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz etdi və eyni zamanda bildirdi ki, iddiaçı istehlakçı kimi qeydə alınmadan qanunsuz qoşulma qaydasında qazdan istifadə etmişdir. Belə ki, iddiaçı qaz təchizatı üçün cavabdehə müraciət etmiş, əsas xətdən onun obyektinə cavabdeh tərəfindən qaz boruları çəkilmişdir. Lakin iddiaçı qaz sayğacının quraşdırılmasını gözləmədən qazın istehlakına başlamışdır. Bu zaman baxış keçirilmiş, müvafiq hal müəyyən edilmiş, iddiaçıya akt əsasında iddia tələbi həcmində deyil, məhz 3801,6 manat məbləğində borc yazılmışdır.

7. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, qanunsuz qoşulma hallarında həmin qoşulmanın müddətini müəyyən etmək çətinlik yaratdığından hesablama müddəti 60 gün götürülür. Həmçinin qaz sərfiyyatı hesablanarkən digər meyarlar nəzərə alınmaqla maksimal saatlıq qaz sərfiyyatına əsaslanılır.

8. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin olunmasını xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İş materiallarında olan sübutlar əsasında müəyyən olunur ki, 15 mart 2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən, xx.xx.2022-ci il tarixdə istixananın təbii qazdan sayğacsız və qeydiyyatsız, qeyri-qanuni olaraq istifadə olunması aşkar edilmiş, təkrarən xx.xx.2023-cü il tarixində baxış zamanı yenidən qeyri-qanuni istifadə aşkar olunmuşdur. Həmin aktla dəymiş ziyanın hesablanması və ödənişin təmin edilməsi tələb edilmişdir. 24 aprel 2023-cü il tarixdə dəymiş ziyanın bərpa edilməsi barədə tələbnamə tərtib edilərək 17280 kub metr itirilmiş qaz sərfi hesablanmış və 2023-cü ilin 4-cü ayı üçün abonent saldosunun “qalıq və aktlar” sütununa 3801,6 manat məbləğində borc daxil edilmişdir.

13. İddiaçı qanunsuz qoşulma aparmadığını bildirir, bu əsasla borcun yazılmasını yoxlama hesab edir və yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi olmadığını qeyd edir.

14. Cavabdeh iddiaçının qanunsuz qoşulma apardığının müəyyən olunduğunu, bu əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edildiyini və 3801,60 manat məbləğində borc yazıldığını göstərir və iddianın rədd olunmasını xahiş edir.

15. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

17. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

18. “Qaz təchizatı haqqında” Qanunun 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.

19. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

20. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

21. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

22. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

23. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

25. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

26. Qeyd edilməlidir ki, qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxış) qeydə alınmalıdır.

27. Lakin hazırkı iş üzrə yoxlama, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. KY231908016 nömrəli xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində (yoxlamanın müddəti) sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə plandankənar yoxlama təyin edilmişdir.

28. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.11-ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır.

29. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.3-1-ci bəndinə əsasən, Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2- 3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.

30. Həmin Əsasnamənin 4.4-cü bəndinə əsasən, yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır.

31. Göründüyü kimi, qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma hallarında təyin edilmiş yoxlama barədə müvafiq məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməli, sonuncu tərəfindən dərhal qeydiyyata alınmalıdır.

32. Hazırkı halda isə baxışın keçirilməsi, müvafiq pozuntunun aşkar olunması, akt əsasında itirilmiş sərfiyyatın müəyyən olunduğu xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində yoxlamaların vahid məlumat reyestrində hər hansı qeydiyyat aparılmamışdır.

33. Bundan başqa, 24 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən L-şəkilli istilik sistemi maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.

34. Həmin qaydada hesablama zamanı (60 gün üçün) müəyyən edilmiş qaz sərfiyyatı (3801,6 manat) isə sayğacın quraşdırıldığı tarixdən sonra 2023-cü ilin 10-cu ayından 2024-cü ilin 4-cü ayına qədər sayğac əsasında 6 ay üçün hesablanmış qaz sərfiyyatından (2086,7) çoxdur. Bu isə hesablamanın hüquqi əsası olmadığı kimi, faktiki əsasa da malik olmadığını göstərir. Digər tərəfdən, qanunsuz qoşulmanın müəyyən edildiyi yoxlamanın (baxışın) yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıldığından hüquqi nəticəsi yoxdur və bu səbəbdən qanunsuz qoşulma faktına əsaslanmaqla iddiaçı üçün hər hansı sərfiyyat hesablana bilməz.

35. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, 15 mart 2023-cü il tarixli akt əsasında borc əsassız hesablanmışdır və hüquqi qüvvəsi yoxdur.

36. İddiaçı ümumilikdə 4490,76 manat məbləğində borcun silinməsini tələb etsə də, abonentin saldosundan 15 mart 2023-cü il tarixli akt əsasında hesablanmış borc məbləği istisna olmaqla digər borcların birbaşa sayğac göstəricisinə əsaslandığı görünür. İddiaçı isə iddiasının faktiki əsası kimi yalnız 15 mart 2023-cü il tarixli akta istinad etmiş, sayğac göstəriciləri əsasında hesablanmış 689,16 manat məbləğində borcun əsassızlığı və ya qanunsuzluğu barədə hər hansı sübut təqdim edə bilməmişdir.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən İddiaçı məxsus **********00003 nömrəli abonent koduna abonent koduna 15 mart 2023-cü il tarixli akt əsasında hesablanmış 3801,6 manat məbləğində borc silinməlidir. V. Nəticə:

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus **********00003 nömrəli abonent koduna 15 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3801 (üç min səkkiz yüz bir) manat 60 (altmış) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar