Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1669/2020 16.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Baman qızının katibliyi ilə, İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Azərişıq” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli hesab-fakturaya əsasən hesablanmış 4097,79 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı Bakı şəhəri, Yasamal rayonu, 556/557 məhəllə, H.Cavid prospekti ev 79 və 81, B.Şahtaxtinski küçəsi ev 64, 66 və 68 ünvanında yerləşən binaların yaxınlığındakı 3178 saylı transformator məntəqəsində (TM) gücü 1600 kVA, gərginliyi 6/0,4 kV olan iki ədəd güc transformatorunun cavabdehin balansına keçirilməsi, həmin ünvanda binaların ümumi istifadəçiləri üçün cavabdeh tərəfindən ayrıca sayğacların quraşdırılması və cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli hesab-faktura əsasında iddiaçıya hesablanmış 4097,79 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli hesab-fakturaya əsasən hesablanmış 4097,79 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 556/557 məhəllə, H.Cavid prospekti, ev 79 və 81, B.Şahtaxtinski küçəsi, ev 64, 66 və 68 ünvanında “Maliyyəçi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən yüksək mərtəbəli yaşayış binaları inşa edilmişdir. Həmin binalar hazırda bu əmlak kompleksinin sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılan iddiaçı tərəfindən idarə olunur. Binaların elektrik enerjisi ilə təchizatı cavabdeh tərəfindən təsdiq olunmuş TX- 15/0219 saylı xx.xx.2015-ci il tarixli texniki şərtə uyğun olaraq həyata keçirilir. Texniki şərtə əsasən binaların yaxınlığındakı 3178 saylı transformator məntəqəsində (TM) gücü 1600 kVA, gərginliyi 6/0,4 kV olan iki ədəd güc transformatoru quraşdırılmışdır. Transformatorlar “Maliyyəçi” məhdud məsuliyyətli cəmiyyətitərəfindən alınmış və standartlara uyğun olaraq inşa edilən və təhlükəsizlik tələblərinə uyğun şəkildə tikilidə yerləşdirilmişdir. Həmin binalardakı bütün mənzillər və obyektlər sayğaclarla təmin edilmiş, mənzil və obyektlərdə elektrik enerjisinin sərfiyyatı həmin sayğacların göstəricilərinə əsasən həyata keçirilir. Binaların ümumi istifadədə olan enerji istifadəçilərinin istifadə etdiyielektrik enerjisinə görə sərfiyyat isə transformatorların çıxışında quraşdırılan balans-hesabat sayğaclarının göstəricilərinə əsasən həyata keçirilir. Halbuki texniki şərtə əsasən bu işlədicilər üçün sayğac panelləri binada quraşdırılmalı və ümumi işlədicilər üçün ayrıca sayğaclar qoyulmalıdır. Təchizatçı təşkilat isə binaların ümumi işlədiciləri üçün ayrıca sayğac qoymamış, mənzil və obyektlər üçün qoyulan sayğacların göstəricilərini balans-hesabat sayğacının göstəricisindən çıxaraq qalan sərfiyyat üçün hesablaşmanı iddiaçı ilə aparır. Bu isə iddiaçıya qarşı əsassız olaraq hər ay artıq sərfiyyatın hesablanmasına səbəb olur. Belə ki, xx.xx.2019-cu il tarixdə binanın elektrik enerjisindən istifadəyə görə 4097,79 manat məbləğində hesab-faktura təqdim olunmuşdur. Sərfiyyatın bu qaydada hesablanması əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, sərfiyyat sayğac göstəricisinə əsasən hesablanır və hər ay səfiyyat artır. Transformator da iddiaçının balansındadır. Cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Qeyri-kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti xx xxxx 2019cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxx 2019-cu il tarixli ********* saylı Hesab ödəniş vərəqinin surətindən görünür ki, iddiaçının xx xxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək istifadə olunan elektrik enerjisinə görə 4097,79 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.25-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının cavabdehə olan 4097,79 manat borc iddiaçının sərf etdiyi elektrik enerjisi üzrə yaranmış sərfiyyat borcudur. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən borc, istehlak olunmuş elektrik enerjisinə görə yaranmış borcdur və həmin borcun silinməsi üçün heç bir qanuni əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən olunmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət büdcəsinin nəfinə 10 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli hesab-fakturaya əsasən hesablanmış 4097,79 manat məbləğində borcun silinməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1669/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1669/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver