Məhkəmə qərarları › İş №e-2-2(113)-1688/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1688/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1688/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına olan kod üzrə hesablanmış 5.183,89 manat borc məbləğinin cavabdeh "xxxx" ASC tərəfindən silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sabunçu rayonu ərazisində yerləşən, ünvan 1 ünvan: Neftçilər küçəsi 19) Sabunçu Ticarət İctimai İaşə Birliyinə aid uçot nöqtələrindən biri olan 2 saylı Su Köşkündə sahibkarlıq fəaliyyəti göstərir. Həmin ünvan xx.xx.2001-ci il tarixindən dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən, X3 və X1, sonuncu ona icarəyə, etibarnaməli idarəçiliyə vermişdir. Bugünə kimi kommunal xidmətlərə görə olan bütün ödənişləri vicdanla, vaxtında etmiş, heç bir idarə ilə problemi olmamışdır. Lakin, Sabunçu Rayon Enerji Təchizatı və Satış Şöbəsi əsassız olaraq borc hesablanmış və elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bugünə qədər cavabdehə olan müraciətlər cavabsız qalmış, qanunsuz olan borcun silinməsi üçün hər hansı tədbir görülməmişdir. İddiaçıya aid olan 2 saylı X11 Ticarət X8 tərkibində olmaqla, əvvəldən onunla birlikə 11 ədəd uçot nöqtəsi fəaliyyət göstərmiş və hər uçot nötqəsinin də elektrik enerjisindən istifadə üçün öz ayrıca hesablaşma nömrəsi olmuş və bu "xxxx" ASC-yə məlum olmuşdur. Məsələn iddiaçının hesablaşma nömrəsi **********90019 olmuş, buna baxmayaraq, Sabunçu Ticarət X8 bir abunə kodu olmuş və həmin kod (09/K035 ) ümumi, yəni bütün uçot nöqtələrinə aid olmuşdur. Bu səbəbdən Sabunçu Ticarət İctimai İaşə Birliyinə aid olan bütün fəaliyyət subyektləri tərəfindən elektrik enerjisinə görə aparılan bütün ödənişlər, hansının tərəfindən edilməsi nəzərə alınmadan 11 ədəd subyekt (uçot nöqtələri) arasında bölünərək onların borclarına mütənasib surətdə hər birinin hesablaşma hesablarından (yəni ümumi borcdan) silinmişdir. 2018-ci ilə kimi ödənişlər bu qaydada olmuşdur. Yalnız 2018-ci ildə onlara şikayət etdikdən sonra, ilk dəfə iddiaçıya ayrıca abunə kodu (09/4222) verilmişdir. Həmin vaxtdan etibarən onun elektrik enerjisinə görə həyata keçirdiyi ödənişlər nəhayət ki, tam olaraq (yəni, 100% hissədə) ona aid edilmiş və əvvəlki kimi digərlərinin deyil, yalnız onun istifadə etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsinə yönəlmişdir. Buna qədər isə, "xxxx" ASC iddiaçı tərəfindən aparılan bütün ödənişləri ayrıca ona aid **********90019 saylı ödəyici (və ya uçot nöqtəsi) hesabına aid etmək əvəzinə, Sabunçu Ticarət X8 ümumi ödənişi olaraq qəbul etmiş, onun ödədiyi vəsaitin yalnız cüzi hissəsini iddiaçıya aid etməklə, qalan hissəsini digər uçot nöqtələrinin borcundan çıxmışdır. Yəni iddiaçı tərəfindən 2018-ci il tarixinə kimi aparılan bütün ödənişlər bu cür azaldılaraq, başqalarının borclarının ödənilməsinə silinmiş, iddiaçı isə ödəniş etdiyi halda borclu qalmışam. Halbuki bütün ödəniş qəbzləri var və sübut edir ki, o istifadə etdiyi elektrik enerjisinin dəyərini tam ödəmişdir. Azərişıq ASC tərəfindən iddiaçıya təqdim olunan xx.xx.2023-cü il tarixli Üzləşmə Aktına əsasən, Sabunçu Ticarət X8 xx.xx.2018-ci il tarixinə ümumi 23.378,78 manat borcu yaranmışdır ki, bunun 18174.75 manat hissəsi Sabunçu Ticarət və X8 köhnə borcu olmuş, 5204.02 manat hissəsi isə iddiaçıya aid olmuşdur. Qeyd edilməlidir ki, bu 5204.02 manat borc məbləği iddiaçı tərəfindən ödənilən, lakin silinməyən borclar hesabına süni olaraq yaranmışdır. Həmin üzləşmə Aktından həmçinin o da məlum olur ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixinə (yəni bügünə) kimi olan müddət ərzində iddiaçı tərəfindən cəmi 2182.87 manat dəyərində elektrik enerjisi istifadə olunmuşdur ki, bunun da dəyəri artıqlamasıyla 2203.0 manat iddiaçı tərəfindən "xxxx" ASC-yə ödəniş edilmişdir. Həmçinin qeyd edilməlidir ki, Sabunçu Ticarət İctimai İaşə Birliyinə daxil olan 11 ədəd uçot nöqtəsindən 1-i başqa koda keçirilmiş, 6-sı 2012-ci ildən, 1-i isə 2015-ci ildən fəaliyyət göstərmir. Yalnız 3-ü fəaliyyət göstərir. Nəticədə, qalmış 10 uçot nöqtəsindən 7-si fəaliyyət göstərmir ki, onların külli miqdarda borcları qalmış, bugün "xxxx" ASC həmin borcları əsassız olaraq fəaliyyət göstərən digər subyektlərdən tələb edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçıya məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. "Elektrik enerjisindən istifadə Qaydaları"nın: - 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 8.3-cü bəndinə görə, ... enerjitəchizatı müəssisəsi ilə abonent arasında ... elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. - 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.

10. İş materiallarına əlavə olunmuş xx.xx.2001-ci il tarixli, 001190 nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməyə əsasən ünvan 3 ünvanında yerləşən 2 saylı su pavilyonu X2 və X7 məxsusdur.

11. İş materiallarında olan 985226 nömrəli etibarnaməyə əsasən X4 ünvan 3 ünvanında yerləşən 2 saylı su pavilyonunun ona məxsus olan hissəsinə dair onu bütün dövlət və qeyri-dövlət orqanlarında və s. təşkilatlarda təmsil edərək bütün sənədləşdirmə işlərini aparmağı, ərizələri və digər sənədləri imzalamağı, rüsumları ödəməyi və s. hərəkətləri etməyi İddiaçı etibar etmişdir.

12. İş materiallarına əlavə olunmuş, "xxxx" ASC ilə İddiaçı arasında 2021-ci ilin aprel ayında bağlanmış “enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssiəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssiəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nin 7-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. 9-cu bəndə əsasən elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır.

13. Göründüyü kimi, elektrik enerjisinin alqı-satqısı müqaviləsinin tərəfi İddiaçı olduğundan, hazırkı iddianı qaldırmaqda sübyektiv hüququ vardır.

14. İddiaçı tərəf ona əsassız olaraq 5183,89 manat borc hesablandığını bildirərək, borcun silinməsini xahiş edir.

15. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, 09/4222 nömrəli abunə kodunun iddiaçıya xx.xx.2018-ci il tarixdə verildiyini, abunə haqqında məlumat vərəqinə əsasən abonentlərin xx.xx.2018-ci il tarixdə ayrıldığını, xx.xx.2018-ci il tarixli hesab-fakturaya əsasən 09/4222 nömrəli abunə kodu üzrə abonentin xx.xx.2018-ci ilə qalıq borcunun 4977,86 manat təşkil etdiyini, abonentin ümumi səfiyyatının 11,032,68 manat təşkil etdiyini, abonentin isə ümumilikdə həmin borc məbləğindən 5882,92 manat ödəniş etdiyini, hazırda isə abonentin elektrik enerjisindən istifadəyə görə 5183,89 manat ödənilməmiş borcunun olduğunu, iddiaçının iddiada qeyd etdiyi 5867,56 manat ödənişin borcdan silindiyini bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir.

16. Göründüyü kimi, abunə haqqında məlumat vərəqinə əsasən abonentlər xx.xx.2018-ci il tarixdə ayrılmış və 09/4222 nömrəli abunə kodu üzrə xx.xx.2018-ci il tarixə qalıq borcu 4977,86 manat borc sistemə daxil edilmişdir.

17. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda silinməsini xahiş etdiyi 5.183,89 manat borcun 4977,86 manat hissəsi məhz xx.xx.2018-ci il tarixədək hesablanmış olan borcdur.

18. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən abonentin xx.xx.2018-ci il tarixə qalıq borcu 4977,86 manat təşkil edir.

19. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1688/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə **********90019 saylı abonə kodu üzrə elektrik enerjisindən istifadəyə görə xx.xx.2018-cı il tarixə nə qədər sərfiyyat hesablandığını və hesablanmış sərfiyyata görə nə qədər ödəniş edildiyini, hesablanmış sərfiyyata görə borc qalmışdırsa, borcun nə qədər təşkil etdiyini müəyyən etmək məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

20. xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən **********90019 saylı abunə kodu üzrə elektrik enerjisindən istifadəyə görə xx.xx.2018-ci ilədək 110.875 KVTS sərfiyyat hesablanmış və hesablanmış sərfiyyata görə ümumilikdə 7.322,49 manat məbləğində ödəniş edilməsi müəyyən olunmuşdur.

21. Ekspert rəyindəki həmin dövrə borcun qalıb-qalmaması ilə bağlı rəydəki aydın olmayan ifadəni dəqiqləşdirmək üçün ekspert məhkəmə iclasına dəvət olunmuşdur.

22. Məhkəmə iclasında rəy vermiş olan ekspert X5 bildirmişdir ki, xx.xx.2018-ci ilədək hesablanmış olan 110.875 KVTS sərfiyyata görə ümumilikdə 7.322,49 manat məbləğində ödəniş edilmiş və həmin tarixə borc qalmamışdır.

23. Belə olan halda məhkəmə qeyd edir ki, ekspert abonentə hesablanmış olan sərfiyyata görə tam olaraq ödəniş edildiyini və borcunun olmadığını qeyd etsə də, cavabdeh tərəf iddiaçıya aid olan abonent kodu üzrə hansı əsasla 4977,86 manat məbləğində borcun hesablandığını sübut edə bilməmişdir.

24. Ona görə də, əsassız olaraq hesablanaraq sistemə daxil edilmiş 4977 (dörd min doqquz yüz yetmiş yeddi) manat, 86 (səksən altı) qəpik məbləğində borc silinməldir.

25. Digər hissədə isə iddia təmin edilməməlidir. Belə ki, silinməsi tələb olunun borcun digər hissəsi elektrik enerjisindən istifadəyə görə sonradan yaranmış borc təşkil edir.

26. Belə olan halda, məhkəmə hesab edir ki, iddianın qismən təmin olunması barədə qətnamə qəəbul edilməlidir.

VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09/4222 saylı abunə kodu üzrə hesablanmış 4977 (dörd min doqquz yüz yetmiş yeddi) manat, 86 (səksən altı) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar