Məhkəmə qərarları › İş №e-2-2(113)-1692/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1692/2022

06.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1692/2022 06.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçılar Villeroy & Boch A.G və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri və vəkilləri Vəkil1 və X4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar Villeroy & Boch A.G və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddiaçı Vileroy & Boch A.G.- yə məxsus “Vileroy & Boch” ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların Azərbaycan Respublikasına Cavabdeh MMC tərəfindən idxal edilməsinə və eləcə də həmin malların Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası ərazisində satışına qadağa qoyulması, “Vileroy & Boch” əmtəə nişanından qanunsuz istifadə nəticəsində İddiaçı2 QSC-yə dəymiş zərər olaraq 150,000 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 440 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq İddiaçı2 QSC-yə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar cavabdehə qarşı iddiaçı Vileroy & BochA.G.-yə məxsus “Vileroy & Boch” ticarət nişanı altında istehsal edilən malların Azərbaycan Respublikasına Cavabdeh MMC tərəfindən idxal edilməsinə və eləcə də həmin malların Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının ərazisində satışına qadağa qoyulması; əmtəə nişanından qanunsuz istifadə nəticəsində iddiaçı "xxxx" QSC-yə dəymiş zərər olaraq 150,000 manat, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 440 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı Vileroy & Boch A.G.- yə məxsus “Vileroy & Boch” ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların Azərbaycan Respublikasına Cavabdeh MMC tərəfindən idxal edilməsinə və eləcə də həmin malların Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası ərazisində satışına qadağa qoyulması, “Vileroy & Boch” əmtəə nişanından qanunsuz istifadə nəticəsində İddiaçı2 QSC-yə dəymiş zərər olaraq 150,000 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 440 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq İddiaçı2 QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Villeroy & BochA.G. tərəfindən özünə məxsus "xxxx" əmtəə nişanı altında istehsal edilən ticarət nişanlı mallarının idxalını və Azərbaycan Respublikası daxilində satışını həyata keçirmək hüququnu ******* nömrəli, 01 iyul 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-yə həvalə etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" MMC-nın hüquqi varisidir. Bununla bağlı Villeroy & BochA.G. 25.01.2021-ci il tarixli məktubunda Sonata LTD MMC-nin hüquqi varisi "xxxx" QSC-yə ünvanladığını qeyd edərək, bildirmişdir ki, hazırda Azərbaycanın pərakəndə satış bazarı üçün Villeroy & Boch üçün qab-qacaq məhsulları üzrə yeganə səlahiyyətli distribyutorun iddiaçı "xxxx" QSC-dir. Həmçinin bildirmişdir ki, artıq bir neçə ildir ki, İtaldizayn və Sonata Azərbaycanda qab-qacaq məhsullarının yeganə distribyutoru olmuşdur. Bununla da, "xxxx" QSC uzun illərdir ki, müqavilədə qeyd olunan fəaliyyətlə məşğuldur. Villeroy & Boch A.G ona məxsus əmtəə nişanı altında istehsal edilən malların Azərbaycan Respublikası ərazisində satılmasına heç bir digər şəxsə razılıq verməmişdir. Buna baxmayaraq, bu yaxınlarda məlum olmuşdur ki, Cavabdeh ilə İddiaçı1 arasında heç bir razılıq olmadan, onun əmtəə nişanı altında istehsal edilən mallarının digər ölkələrdə əldə edib, Azərbaycan Respublikası ərazisinə qanunsuz olaraq idxal edir və satışını təşkil edir. Bununla da, İddiaçı1-nin müvafiq qaydada dövlət qeydiyyatına alınmış əmtəə nişanına dair müstəsna hüququnu aşkar surətdə pozur. Eyni zamanda, cavabdehin yuxarıdakı qanunazidd hərəkətləri həmdə "xxxx" QSC-nin əmtəə nişanından müstəsna qaydada istifadə etmək hüquqlarını da kobudcasına pozur. Beləliklə, Cavabdeh MMC "xxxx" əmtəə nişanı altında istehsal olunan malları əmtəə nişanın sahibinin razılığı olmadan Azərbaycan Respublikasına idxal edir, həmin ərazidə satışını təşkil edir və bu hərəkətləri ilə "xxxx"QSC-nin müstəsna distribyutor hüquqlarını pozaraq, onun satışında əhəmiyyətli dərəcədə azalma yaradır və hər iki iddiaçıya küllü miqdarda ziyan vurur. Qeyd olunan mübahisənin həll edilməsi ilə bağlı, iddiaçılar nümayəndəsi vasitəsi ilə Cavabdeh MMC-yə 21.12.2021-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir və mübahisə üzrə nəzərdə tutduqları mediatorun təyin olunmasını təklif etmişdir. Cavabdeh MMC 23.12.2022-ci il tarixdə təklifi alsa da, 10 iş günü müddətində təklifə heç bir münasibət bildirməmişdir. Bundan sonra iddiaçılar “Mediasiya” haqqında Qanunun 21.8-ci maddəsinin tələblərinə müvafiq olaraq mediasiya prosesinin tətbiqi ilə bağlı 6 saylı Bakı Mediasiya Təşkilatına müraciət etmişdirlər. Bundan sonra, mediator qismində 6 saylı Bakı Mediasiya Təşkilatı tərəfindən X2 təyin olmuş və mediator tərəfindən 21.01.2022-ci il tarixində, saat 12:00-12:45-ə təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etmək üçün məlumat iddiaçıya və cavabdehə göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh bu səfər də, mediator tərəfindən təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı mediator tərəfindən keçirilmiş“ İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/6-132 nömrəli, 26 yanvar 2022-ci il tarixli Arayış verilmişdir. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən iddiaçı Villeroy & BochA.G.-yə məxsus olan əmtəə nişanından qeyri-qanuni istifadə edib malları Azərbaycan Respublikasına idxal edərək, satışını həyata keçirilməsinə son qoymur. Əmtəə nişanından qanunsuz istifadə nəticəsində iddiaçı "xxxx" QSC-ə 150000 manat zərər dəymişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, Cavabdeh MMC iddiaçının hal-hazırda iddia və güman etdiyi kimi onun "xxxx" AG Şirkəti ilə olan dıstribyutorluq hüquqlarını pozmamış və tam qanuni fəaliyyəti nəticəsində "xxxx" AG Şirkətinə və iddia ərizəsində iddia edildiyi kimi İddiaçı2 QSC-yə hər hansı məbləğdə maddi ziyan vurmamışdır. Buna görə də, İddiaçı2 QSC’nin "xxxx"a məxsus olan əmtəə nişanından qanunsuz istifadəyə görə dəymiş zərər olaraq 150000 manat tələb etmək hüququ və haqqı yoxdur. Həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər. Cavabdeh MMC qeyd etdiyi formada göstərdiyi qanuni fəaliyyəti ilə hər hansı bir subyektin, eləcə də iddiaçının iddia etdiyi tələblər uzrə “Vılleroy & Boch” ticarət nişanından qanunsuz istifadə etməmiş və göstərdiyi fəaliyyəti ilə İddiaçı2 QSC-yə hər hansı bir məbləğdə maddi ziyan vurmamışdır. Cavabdeh həmin malları bazardan üçüncü şəxslərdən alaraq satışını həyata keçirir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 4407008 saylı Masaüstü Qab-Qacaq Məhsullarının Azərbaycanda X5 Qeyri - X1 görünür ki, razılaşma Villeroy & Boch AG ilə "xxxx" MMC arasında bağlanmış və razılaşmaya əsasən Villeroy & Boch bununla Distribüteri distribüteri olaraq təyin edir. Distribüter Villeroy & Boch - dan aldığı Məhsulların (aşağıda 5-ci bənddə təyin edilən) yalnız Ərazinin hüdudlarında (aşağıda 3-cü bənddə təyin edilən) Bazarlarda (aşağıda 4cü bənddə təyin edilən) X5 distribüter olaraq fəaliyyət göstərməyi qəbul edir. 02.06.2022-ci il tarixli Aktdan görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində 13 yerləşən mağazasından nağd ödəniş etməklə 20 % endirimlə, cəmi 320 manat məbləğinə İddiaçı1 şirkətinə məxsus (Vileroy VB ********) qab alınmışdır. Bununla bağlı Cavabdeh MMC tərəfindən 320 manat nağd ödənilməsinə dair 014030 nömrəli, 02.06.2022-ci il tarixli mədaxil qəbzi təqdim edilmişdir. İddiaçı1 şirkətinin təsdiq məktubundan görünür ki, İddiaçı2 Qapalı Səhmdar Cəmiyyəti "xxxx" MMC-in hüquqi varisidir və hazırda Azərbaycanda pərakəndə satış bazarı üçün qab-qacaq məhsulları üzrə Villeroy & Boch üçün yeganə səlahiyyətli distribyutordur. Artıq bir neçə ildir ki, İtaldizayn və Sonata Azərbaycanda qab-qacaq məhsullarının yeganə distribyutorudur. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Geniş tanınmış əmtəə nişanının sahibi onun nişanı barədə yanlış təsəvvür yarada bilən reproduksiyadan, oxşatmadan, transliterasiyadan və tərcümə olunmuş sözdən ibarət olan əmtəə nişanının və ona aid olan əmtəələrin və xidmətlərin, geniş tanınmış əmtəə nişanına aid olan əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olduğu, qeydə alınmış əmtəə nişanının sahibi isə əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Müstəsna hüquq əmtəə nişanının müstəqil əmtəə nişanı kimi qeydə alına bilinməyən elementlərinə şamil edilmir. Həmin Qanunun 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. Əmtəə istehsalçısının və ya xidmət göstərənin əmtəə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtəə nişanından da istifadə edə bilərlər. Kollektiv nişanın sahibləri kollektiv nişanla yanaşı əmtəə və ya xidmətlərə dair özlərinin əmtəə nişanından da istifadə edə bilərlər. Eyni coğrafi göstəricidən istifadə edildikdə, istehlakçını yanıldan halların baş verməməsi üçün nişanlar təsviri elementlər və əsl coğrafi mənşəni aydın formada göstərən işarələrlə müşayiət olunmalıdır. Coğrafi göstəricinin birinci qeydiyyat tarixinə qədər eyni və ya ona oxşar olan coğrafi göstəricidən vicdanla istifadə edən şəxs istifadə hüququnu özündə saxlayır. Əmtəənin və ya göstərilən xidmətin əsas xüsusiyyətləri, o cümlədən əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsinə nəzarət, əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması barədə qərar verən və əmtəə nişanının (coğrafi göstəricinin) qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. Hüquq sahibi kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə min manatdan əlli min manatadək məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Əmtəə nişanı və coğrafi göstərici ilə qanunsuz təchiz edilmiş mallar Azərbaycan Respublikasına gətirilərkən (tranzit mallar və ya hüquq sahibinin və ya onun razılığı ilə digər dövlətin ərazisində sərbəst satışdan əldə olunan mallar istisna olmaqla) hüquq sahibinin tələbi ilə məhkəmə qərarına əsasən həmin malların gömrük orqanları tərəfindən sərbəst dövriyyəyə buraxılışı 10 iş günü müddətinə dayandırıla bilər. İxrac olunması nəzərdə tutulan kontrafakt malların gömrük ərazisindən buraxılması gömrük orqanlarının qərarı ilə dayandırıla bilər. Hüquq sahibinin nişanı ilə qanunsuz təchiz edilmiş əmtəələr Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların saxlanması üçün gömrük orqanlarına əsaslandırılmış xahişlə müraciət etmək, əmtəələrin miqdarı və ixracatçı, idxalatçı, daşıyıcı barədə məlumat almaq hüququ vardır. Malların sərbəst dövriyyəyə buraxılmaması barədə ərizəçiyə (hüquq sahibinə) bildiriş verildiyi gündən 10 iş günü müddətində kontrafakt olduğu ehtimal edilən idxal mallarının üzərinə iddianın təmin edilməsi qaydasında məhkəmə tərəfindən qoyulmuş həbs qərarından sonra cavabdeh olmayan şəxsin iddiasına əsasən məhkəmədə işə mahiyyəti üzrə baxılması barədə ağlabatan müddətdə məlumat gömrük orqanlarına daxil olmadıqda, dayandırma 10 iş günündən çox olmamaq şərti ilə uzadıla bilər. Əmtəə gömrük sərhəddində qanunsuz saxlanılarsa, onun sahibinə dəyən ziyan təqsirkar tərəfindən ödənilir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, əmtəə nişanı üzərində müstəsna hüquq mütləq hüquq deyil və qanunla müəyyən edilən şərtlərlə məhdudlaşdırılır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında "xxxx" əmtəə nişanı olan malları bazardan üçüncü şəxslərdən alaraq satışını həyata keçirdiylərini bildirmişdir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçıların cavabdeh tərəfindən maddi zərərin vurulmasına, cavabdeh tərəfindən malların idxal edilməsinə və həmin malların Azərbaycan Respublikasında satışına qadağa qoyulmasınadair iddia tələbinin dəlilləri ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçılar, cavabdeh tərəfindən "xxxx" əmtəə nişanından istifadə etməsinin və həmin əmtəə nişanı altında istehsal edilən malların satışının həyata keçirilməsinin məhz qanunsuz olmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişlər. Göründüyü kimi cavabdeh tərəfindən "xxxx" əmtəə nişanından istifadə edilməsi və həmin əmtəə nişanı altında istehsal edilən malların satışının həyata keçirilməsi qanunsuz olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar Villeroy & Boch A.G və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddiaçı Vileroy & Boch A.G.- yə məxsus “Vileroy & Boch” ticarət nişanı altında istehsal edilən qab-qacaq bölməsinin pərakəndə satış kataloqunun və pərakəndə satış qiymət siyahılarının tərkib hissəsi olan qab-qacaqların, şüşə məhsulların, mənzil məhsulların və aksesuarların Azərbaycan Respublikasına Cavabdeh MMC tərəfindən idxal edilməsinə və eləcə də həmin malların Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası ərazisində satışına qadağa qoyulması, “Vileroy & Boch” əmtəə nişanından qanunsuz istifadə nəticəsində İddiaçı2 QSC-yə dəymiş zərər olaraq 150,000 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 440 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq İddiaçı2 QSC-yə ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar