Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1728/2020 29.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Baman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı 60612,40 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 60612,40 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış binası iddiaçı tərəfindən inşa edilmişdir. xx xxxxxx 2015-ci il tarixdə iddiaçı tərəfindən inşa edilmiş yaşayış binasında cavabdehin əməkdaşları tərəfindən “ALFASU-40” markalı, ********* saylı, B653050 plomb nömrəli sayğac quraşdırılmışdır. Həmin sayğac üzrə yaşayış binasına xx xxxxxx 2015-ci il tarixdən xx xxx 2019-cu il tarixinə qədər 41719 kub metr su verilmişdir. Bu həcmdə suya görə 81471,90 manat məbləğində pul vəsaiti hesablanmış və iddiaçı tərəfindən bu vəsait ödənilmişdir. Lakin, bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, Tarif (Qiymət) Şurasının xx xxx 2016-cı il tarixli, 6 saylı Qərarına əsasən su təchizatına görə əhali Bakı şəhəri üzrə ƏDV daxil 0,35 manat, tullantı sularının axıdılmasına görə əhali Bakı şəhəri üzrə ƏDV daxil 0,15 manat ödəməlidir. Belə olan halda ümumilikdə hər kub metrə 0,50 manat olmaqla iddiaçı tərəfindən inşa edilmiş yaşayış binasında xx xxxxxx 2015-ci il tarixdən xx xxx 2019-cu il tarixinə qədər istifadə edilmiş su təchizatına və tullantı sularının axıdılmasına görə 20859,5 manat pul ödənilməli idi. Buna baxmayaraq cavabdeh istifadə edilmiş suyu əhali qrupu tarifi ilə deyil, qeyri-əhali qrupu tarifi ilə hesablamış və hər kub metrə 2 manat tarifini tətbiq etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddia tamamilə əsassızdır. Müqavilənin şərtlərinə uyğun olaraq su və kanalizasiya xidmətləri göstərilmiş və xidmətlərin qiyməti də Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxxx 2012-ci il tarixli 093175 saylı “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün” müqavilənin surətindən görünür ki, cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçını məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, iddiaçı isə cavabdeh tərəfindən göstərilmiş xidmətlərin haqqını hesab-fakturaya əsasən ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.2-ci bəndinə əsasən su təchizatı və tullantı sularının axıdılma xidmətinin qiyməti Azərbaycan Respublikasının Tariflər (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. İddiaçı tərəfindən təsdiq olunmuş 2 ədəd arayışdan görünür ki, ünvan 1 ünvanında iddiaçı tərəfindən inşa edilmiş yaşayış binasının sakinləri tərəfindən xx xxxxxx 2015-ci ildən xx xxx 2019-cu ilə qədər sərf edilən suyun həcmi və hər kub metrə görə ödənişlər 50 qəpikdən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.2-ci və 4.1.3-cü bəndlərinə əsasən STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək və bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifələridir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixli 093175 saylı “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyriəhali istehlakçıları üçün” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı qeyri-əhali qrupu tarifinə aid edilməklə cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçını məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, iddiaçı isə cavabdeh tərəfindən göstərilmiş xidmətlərin haqqını hesab-fakturaya əsasən ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə hazırda qüvvədədir. İş üzrə mübahisənin əsasını cavabdeh tərəfindən iddiaçıdan istehlak olunmuş su təchizatı və kanalizasiya xidmətlərinə görə xidmət haqqının əhali qrupu tarifi ilə deyil, qeyri-əhali qrupu tarifi ilə alınması və artıq alınmış pul məbləğinin geri qaytarılması təşkil edir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixli 093175 saylı “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı su təchizatı və kanalizasiya xidmətlərinə görə xidmət haqqını qeyri-əhali qrupu tarifi ilə ödəmək öhdəliyini üzərinə götürmüşdür ki, hazırda da həmin müqavilə qüvvədə olmaqla iddiaçı tərəfindən mübahisələndirilməmiş, iddiaçı həmin müqavilənin şərtlərinə uyğun olaraq öhdəliyini icra etmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən olunmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı 60612,40 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "İddiaçı" Mənzil Tikinti Kooperativinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1728/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1728/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver