Məhkəmə qərarları › İş №e-2-2(113)-1749/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1749/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1749/2024 18.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı kommersiya mübahisəsi üzrə QƏTNAMƏSİ Açar sözlər: təbii qaz sərfiyyatına görə artıq hesablanmış borcun silinməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh İB arasında təbii qaz alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh İB fərdi sahibkar İddiaçı təbii qazla təchiz edir.

2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, abonent İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesində yerləşən qeyri-yaşayış sahəsində qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni şəkildə istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçının nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir.

3. Qeyd edilən akta əsasən Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev, mühəndislər Vüsal Allahverdiyev və Ələsgər Həsənov tərəflərindən abonent İddiaçı (abonent kodu: **********00010) barəsində tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 22 may 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal saatlıq qaz sərfinin 6m3 /saat, orta günlük iş reejimi 12 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 12960 m3 qazın (6x12x180= 12960 m3) dəyərində olması müəyyən edilmişdir.

4. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli KY261928143 saylı çıxarışından görünür ki, yoxlayıcı orqan Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyekti olan İddiaçı məxsus kafedə (restoranda) sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcının şəbəkəyə qanunsuz qoşulma halının və sayğacın göstəricisinin oxunma zamanı sayğaca müdaxilənin müəyyən edilməsi əsası ilə yoxlama təyin edilmiş və yoxlamanın müddəti xx.xx.2023-xx.xx.2023-cü il olaraq qeyd edilmişdir. Yoxlama xx.xx.2023-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.

5. 100464000000015 saylı abonent İddiaçı (kommersiya) abonent saldosundan görünür ki, abonent PQ-4 (1/1), Kombi 32w (1/1) və qənaətli su qızdırıcı (1/1) adlı qaz cihazlarından istifadə edir. 2023-ci ilin may ayında abonentə akta əsasən 3240 manat məbləğində borc hesablanmışdır. 2024-cü ilin mart ayına abonentin borcu 3839,75 manat təşkil edir.

6. Məhkəmə iclasında iş materiallarında olan fotoşəkillərə əsasən müəyyən edilir ki, həmin fotoşəkillər xx.xx.2023-cü ildə saat 01:25 radələrində çəkilib və fotoşəkillər arasında iddiaçının istifadəsində olan 40381928 N-li qaz sayğacının göstəricilərini əks etdirən fotoşəkil mövcuddur.

7. 15.02.2024-cü ildə İddiaçı tərəfindən pretenziya məktubu ilə Cavabdeh İB-yə müraciət edilərək xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi və 3200 manat məbləğində təbii qaz borcunun silinməsi tələb edilmişdir.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

8. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avabdeh Cavabdeh İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi şərq hissəsi ünvanındakı (abonent kodu **********00010) sayğacla bağlı xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə əsassız hesablanmış 3200 manat təbii qaz borc məbləğin hesab kodundan (kod: **********00010) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi şərq hissəsi ünvanındakı (abonent kodu **********00010) sayğacla bağlı 3200 manat əsassız olaraq təbii qaz borcu hesablanmışdır. Hesab edir ki, Cavabdeh işciləri tərəfindən qanunsuzluqlara yol verilmişdir. Belə ki, sayğaca dair heç bir müdaxilə olmayıb, plomb sayğacın üzərində olub, sayğacda heç bir qüsür olmayıb. Akt tərtib olunarkən Cavabdeh İB tərəfindən ona heç bir rəsmi məlumat verilməmiş və akt onun imzası olmadan yazılmışdır. Cavabdeh tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt qanunsuz və əsassızdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin dekabr ayı üçün tələb olunan 31.703,09 manatdan 2.400 manat çıxılmaqla artıq hesablanmış 29.303 manatın və 18.230 manatdan 2.400 manat çıxılmaqla artıq hesablanmış 15.830 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə, Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

11. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

12. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi izaharında əlavə olaraq bildirdi ki, Cavabdeh İB tərəfindən yoxlama gecə saatlarında aparılmışdır.

13. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

14. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

IV. TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.

18. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

20. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə hesab edir ki, təmin edilməlidir.

22. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı silinməsini tələb etdiyi 3200 manat məbləğində borc abonentə məxsus qeyri-yaşayış sahəsində qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni şəkildə istifadə edilməsi ilə əlaqədar itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır.

23. Məhkəmə qeyd edir ki, Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

24. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində keçirilmiş yoxlamanın (bax. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt, dəymiş ziyanın bərpasına dair 22 may 2023-cü il tarixli tələbnamə, fotoşəkillər) nəticəsi olaraq hesablandığı halda cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli KY231928143 saylı çıxarışına əsasən yoxlayıcı orqan Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyekti olan İddiaçı məxsus qeyri-yaşayış sahəsində sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcının şəbəkəyə qanunsuz qoşulma halının və sayğacın göstəricisinin oxunma zamanı sayğaca müdaxilənin müəyyən edilməsi əsası ilə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərinə təyin edilmiş yoxlama qeydiyyata alınmışdır.

25. Göründüyü kimi İddiaçı silinməsini tələb etdiyi 3200 manat məbləğində borcun hesablanmasına səbəb olmuş abonentə məxsus obyektdə qaz sayğacından kənar təbii qazadan qeyri-qanuni şəkildə istifadə edilməsi ilə əlaqədar Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində keçirilmiş yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması müəyyən edilmir.

26. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

27. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 3200 manat məbləğində borc iddiaçının abunə hesabından (kod:**********00010) silinməlidir.

29. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 54 manat məbləğində dövlət rüsumu ödənilməli idi.

30. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun kəsiri olaraq 54 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən İddiaçı hesablanmış 3200 manat məbləğində borc abunə hesabından (kod:**********00010) silinsin. Dövlət rüsumunun kəsiri olan 54 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar