Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1763/2021 01.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçınin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 03.09.2020-ci ildə tərtib edilmiş 007405 saylı akt əsasında İddiaçı sudan istifadəyə görə artıq hesablanmış 4104 manat borcun silinməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi ilə əlaqədar vəkilə ödədiyi 145 manat pul vəsaitinin əvəzinin Cavabdeh ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-ci ilin avqust ayınadək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ondan sonrakı müddətdə fəaliyyətini tamamilə dayandırmış və bu barədə aidiyyəti üzrə vergi orqanına müraciət etmişdir. Buna baxmayaraq, Cavabdeh ASC-nin 2 nəfər işçisi 03 sentyabr 2020-ci il tarixdə qanunsuz akt tərtib edib, ünvan 1 ünvanında yerləşən uşaq baxçasına baxış keçirilərkən obyektdə sayğacdan kənar d 20 mm boru vasitəsilə sudan qeyri-qanuni istifadə edilməsinə istinad edib, bu qeyri-qanuni istifadənin kim tərəfindən və necə aparıldığını müəyyən etmədən, iddiaçıya 4104 manat əlavə su sərfiyyatı hesablamışlar. Halbuki 03.09.2020-ci il tarixdə iddiaçı təsadüfən həmin ərazidə olmuş və özünü Cavabdeh ASC-nin əməkdaşı kimi təqdim edən 2 nəfər şəxs onun qohumlarına məxsus obyektə gəlib ərazidə baxış keçirdiklərini bildirmişlər. Orada su ilə bağlı hər hansı qanunsuz qoşulma halının olmamasına baxmayaraq, iddiaçının təsadüfən orada olduğunu görüb, onun həmin ərazidə əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı onlara məlum olduğu üçün, elə onun tərəfindən qanunsuz su xəttindən istifadə etdiyini deyib getmişlər. Bu barədə sonradan şikayət etdikdə isə iddiaçıya 03.09.2020-ci il tarixli akt təqdim edilmiş, sonda isə ona 4104 manat əlavə sərfiyyat hesablandığını bildirmişlər. Bu barədə cavabdeh təşkilata rəsmi qaydada müraciət edib, əsassız hesabladıqları borcu silmələri barədə xahiş etməsinə baxmayaraq, iddiaçıya ünvanladıqları 13.11.2020-ci il tarixli cavab məktubunda ümumi söz birləşmələrindən istifadə edib, öz hərəkətlərinə qanuni don geyindirməyə cəhd etmişlər. Hesab edir ki, cavabdehin akt tərtib etmə və əlavə su sərfiyyatı tətbiq etməsi ilə bağlı hərəkəti tamamilə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh ASC-nin əməkdaşları hər ay mütəmadi olaraq rayon ərazisində yoxlamalar təşkil edir və ərazidə olan yaşayış və qeyri-yaşayış obyektlərində sudan qanunsuz qoşulmalara nəzarət edirlər ki, bu zaman hər hansı qoşulmanın mövcud olması imkansızdır. Bundan əlavə, iddiaçı 2015-ci ildən sahibkar qismində fəaliyyətini tamamilə dayandırmış və hazırki vəziyyətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmur ki, hər hansı formada sudan qeyri-qanuni istifadə etsin. Cavabdehin əməkdaşları tərtib etdikləri 007405 saylı aktda qeyd edirlər ki, Nizami küçəsi, ev 60 (21) ünvanda yerləşən uşaq baxçasına baxış keçirilərkən məlum oldu ki, obyekt sayğacdan kənar d 20 mm boru vasitəsilə sudan qeyri-qanuni istifadə edir, kənar xətt tərəflərindən kəsilərək ləğv edildi. Bu təşkilat nəzərə almır ki, nə uşaqlar üçün bağçası var, nə də ki o, uşaq bağçasında hər hansı fəaliyyətlə məşğul olmur. Ən gülməli hal ondan ibarətdir ki, cavabdehin işçiləri aktda qeyd etmişlər ki, hansısa uşaq bağçasında sudan qeyri-qanuni istifadə ilə bağlı hal aşkar ediblər, ona ünvanladıqları hesab-fakturada isə fəaliyyətini ünvan 2 qeyd edirlər. İddiaçı tərəfindən, eləcə də cavabdeh tərəfin istinad etdikləri market və uşaq bağçasında hər hansı formada qeyri-qanuni istifadə halı baş verməmişdir. Aktda istinad olunan uşaq bağçasının fəaliyyət göstərməsi və hansısa bağçanın sudan qeyriqanuni istifadəsi ilə bağlı qeyd etmək istərdi ki, bütün ölkəni qorxu içərisinə salan koronavirus pandemiyası (COVİD-19) dünyada əksər təhsil müəssisələrinin bağlanmasına səbəb olub. O cümlədən Azərbaycanda fəaliyyət göstərən məktəb və bağçaların da 03 mart 2020-ci ildən aktın tərtib edildiyi 03 sentyabr 2020-ci il tarixədək olan dövrdə fəaliyyəti tamamilə dayandırılmışdır. Aktda göstərilən ünvanda 1 dənə yeyinti məhsullarının satışını həyata keçirən “Zakir” market fəaliyyət göstərir ki, bu marketdə sudan hər hansı formada qanuni və ya qanunsuz istifadə edilməsinə heç bir zərurət yoxdur. Sonda isə aktda qeyd edirlər ki, obyektin nümayəndəsi kimi o, yəni iddiaçı aktı imzalamaqdan imtina etmişdir. Əgər həqiqətən də o, obyektin nümayəndəsi qismində aktı görmüş və aktı imzalamaqdan imtina etmişdirsə, aktı tərtib edərkən ən azı 2 nəfər bitərəf şahidin iştirakı ilə aktı tərtib edə bilərdilər. Sonradan verdikləri aktın kserosurətindən isə müəyyən olunur ki, həmin aktı 2 nəfər əməkdaş özləri yazıb, özləri də qol çəkiblər ki, bu da aktın saxtalığına dəlalət edir. Cavabdehin aktda istinad etdiyi Lökbatan qəsəbəsi, Nizami küçəsi, 21a saylı ev DƏDRXni 1 saylı Bakı Ərazi idarəsi tərəfindən 26.07.2013-cü ildə verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən qardaşı X1 mülkiyyətindədir. Eləcə də, belə bir qoşulma halı var idisə, bu halda cavabdeh təşkilat bununla əlaqədar hər-hansı bir araşdırma aparmalı idi. Lakin göründüyü kimi, heç bir araşdırma aparmadan, ümumiyyətlə heç bir qoşulma olmadan yuxarıda göstərilmiş akt qeyri-qanuni tərtib edilmişdir. Özləri ilə gətirdikləri və ya hardansa tapdıqları, iddiaçıya məlum olmayan bir ədəd su şlanqının şəklini fotoaparatla çəkib akta əlavə etməklə özlərinin qeyri-qanuni əməllərini qanuni hesab elətdirməyə çalışmışlar. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Cavabdeh təşkilatın nümayəndələri isə göstərilən ünvanda yoxlama və belə yoxlamanın qeydiyyatı ilə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, su xəttinə baxış keçirilən zaman su xəttindən sayğacdan kənar qeyri-qanuni istifadə aşkar edilmiş və 03.09.2030-cu il tarixli, 007405 saylı akt tərtib olunmuş, 4104 manat dəymiş ziyan hesablanmışdır. İddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - 03.09.2020-ci il tarixli, 007045 saylı aktdan görünür ki, Cavabdeh ASC-nin Qaradağ Sukanal İdarəsinin əməkdaşları tərəfindən 111023 saylı müqavilə üzrə abonent nömrəsi 11/92 olan istehlakçının obyektinə baxış keçirilmiş, qeyri-qanuni su xəttinin çəkilməsi aşkar olunmuşdur. Aktın obyektin nümayəndəsi qrafasında “imtina" sözü yazılmışdır. - Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, qeyd olunan akt üzrə 2052 m3 su sərfiyyatı üçün 4104 manat məbləğində dəymiş ziyan hesablanmışdır. - Cavabdeh ASC-nin Qaradağ Sukanal İdarəsi iddiaçıya 07.10.2020-ci il tarixli borcun ödənilməsi haqqında hesab faktura ünvanlayaraq, 2052 m3 sərfiyyata görə 4104 (dörd min yüz dörd) manat qalıq borc olduğu bildirilmiş və ödənilməsi tələb edilmişdir. - Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanan 13.11.2020-ci il tarixli cavab məktubunda hazırda borcun 4104 manat təşkil etdiyi qeyd olunaraq, ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Abunə haqqında məlumatdan (01.06.2021-ci il tarixə) görünür ki, iddiaçının cari tarixə qalıq borcu 4104 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ASC-nin ünvan 3 ünvanda yerləşən uşaq baxçasına baxış keçirilmiş, qeyri-qanuni su xəttinin çəkilməsi aşkar olunmuş və 03.09.2020-ci il tarixli, 007045 saylı inventar aktı tərtib olunmuşdur. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı ilə qeyd olunan akt üzrə 2052 m3 su sərfiyyatı üçün 4104 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı il təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın: 5.1.1-ci maddəsinə əsasən qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək istehlakçının hüquqlarına aid edilmişdir. 3.1.1-ci maddəsinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüquqlarına aid edilmişdir. Göründüyü kimi, dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKMin hüquqlarına aid edilmişdir. Hazırkı halda isə iddiaçının təqsirkar şəxs olması öz təsdiqini tapmır. Belə ki, ziddiyyətli məqamlardan biri də ondan ibarətdir ki, mübahisəli aktda Nizami küçəsi, ev 60 (21) ünvanda yerləşən uşaq baxçasına baxış keçirilməsi və qeyri-qanuni su xəttinin çəkilməsinin aşkar olunduğu qeyd olunmuş, iddiaçıya göndərilən hesab fakturada isə obyekt olaraq Nizami küçəsi, 60 ünvanda yerləşən “Zakir” mağazası qeyd olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 4104 manat borc hesablanmışdır. İddia tələbini akt əsasında hesablanmış 4104 manat borcun silinməsi vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması təşkil edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı ona qanunun tələblərinə əməl etmədən tərtib olunmuş akt əsasında hesablanan məbləğin silinməsini tələb etməkdə haqlıdır. Ona görə də məhkəmənin qənaətinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 03.09.2020-ci il tarixli, 007405 saylı akt əsasında hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində borc İddiaçı şəxsi hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı 20 saylı Bakı şəhəri Arbitrum Vəkil Bürosuna 039 saylı müqavilə üzrə 10.02.2021-ci il tarixdə 145 manat ödənişin edilməsi ilə bağlı qəbz təqdim etmişdir. İddiaçının nümayəndəsi tərəfindən həmin müqavilə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 30 manat və hüquqi xidmət haqqına görə 145 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 03.09.2020-ci il tarixli, 007405 saylı akt əsasında hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində borc İddiaçı şəxsi hesabından silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş dövlət rüsumuna görə 30 manat və hüquqi xidmət haqqına görə 145 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1763/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1763/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver