Məhkəmə qərarları › İş №e-2-2(113)-177/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-177/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-177/2020 25.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının qanuni təmsilçisi X4, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən əlavə sərfiyyat adı ilə ödədiyi 12.438,22 manat məbləğində pulun qətnamə qəbul edilənədək hər ay üçün 21.000 manat əldən çıxmış fayda ilə əlaqədar vurulmuş ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı M.Şamilov İddiaçı MMC-nin direktorudur və həmin MMC Bakı şəhəri Qaradağ rayonu ərazisində fəaliyyət göstərir. Təbii ki, X2 edir və vaxtı-vaxtında sərf etdiyi elektrik enerjisinin dəyərini ödəyir. Rəhbərlik etdiyi MMC 2014-cü ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi işləmiş, sonra isə işini dayandırmışdır. Yenidən 2018-ci ilin aprel ayından sentyabr ayına qədər işləmiş və işlədiyi müddət ərzində istifadə etdiyi elektrik enerjisinin dəyərini cavabdehə ödəmişdir. Məsələn, 2014-cü ilin yanvar ayından sentyabr ayına kimi 9 aya görə elektrik enerjisinin sərfiyyatı 431880 kvts olub. Həmin rəqəmi 1 kilovatın dəyərinə (0,05 manat) vurduqda 431880x0,05=21594 manat alınır. Bunun üstünə 0,18% ƏDV-ni gəldikdə (21594x0,18%=3886,92 AZN) 25.480,92 manat təşkil edir. İddiaçı cavabdehin təqdim etdiyi hesab ödəniş vərəqələrinə əsasən sadə hesablama yolu ilə müəyyən etmişdir ki, 2014-cü ilin 9 ayı üçün sərf etdiyi elektrik enerjisinin dəyəridir və həmin 25.480,92 manat məbləği ödəmişdir. Həmin müddət üçün elektrik enerjisinin əlavə sərfiyyatı isə 181548 kilovat qeyd olunmuşdur. Həmin məbləği 0,05 manata vurduqda ƏDV ilə birlikdə 10.711,33 manat təşkil edir. Həmin məbləği də ödəmişdir. Lakin onu maraqlandıran əlavə sərfiyyat qrafasıdır. Nəyə görə əlavə olaraq 10711,33 manat ödəmişdir. Bundan sonra 2014-cü ilin sentyabr ayından 2018-ci ilin aprel ayına kimi müəyyən səbəblərdən işləməmişdir. Dörd illik tənəffüsdən sonra 2018-ci ilin aprel- sentyabr ayları üçün yenə də köhnə qayda ilə sərf etdiyi və sərf etmədiyi elektrik enerjisinin dəyərlərini ödəmişdir. Həmin məbləğlər müvafiq olaraq: sərf etdiyi -4.363,13 manat və sərf etmədiyi – 1.726,89 manatdır. Cavabdehə ərizə ilə müraciət edərək nəyə görə 12.438,22 manat artıq ödəməsinin, bu məbləğin iddiaçıdan tutulmasının qanuni olub-olmamasının izah edilməsini və qanunauyğun olmadığı təqdirdə həmin məbləğin ona qaytarılması barədə göstəriş verilməsini xahiş etmişdir. Cavabdehin Enerji Satışı Departamenti Direktorunun müavini Ə.Əliyevin imzaladığı xx xxxxxxx 2018-ci il tarixli, DX18/1822 saylı cavabında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.10 və 8.11 bəndlərinə istinad edilərək, qeyri-müəyyən cavab verilmiş və bildirilmişdir ki, xx.xx.2018-ci il tarixə olan 268,16 manat debitor borcu realdır. Ə.Əliyevin istinad etdiyi maddələri iddia ərizəsində qeyd edir: 8.10. İstehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerji təchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna olmaqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVt elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. 8.11. İstehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.10 və 8.11 bəndlərinin onun sualına heç bir aidiyyəti yoxdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ona verdiyi qanunsuz və əsassız cavabdan sonra xx xxxxxx 2018-ci il tarixdə Əliyev və Babayev soyadlı şəxslərin imzaladığı, oxunması mümkün olmayan, savadsız tərtib edilmiş 016701 saylı xəbərdarlıq almışdır. İddia ərizəsi ilə xx xxxxxx 2018ci il tarixdə Bakı 1 saylı İnzibati- İqtisadi məhkəməsinə müraciət etmiş, lakin sonradan məlum oldu ki, məhkəmə aidiyyətinə görə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etməli idi. Buna görə də xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bundan xəbər tutan cavabdehin əməkdaşları 2018-ci ilin sonunda rəhbərlik etdiyi İddiaçı MMC-nin ərazisinə çəkilmiş elektrik naqillərini kəsmişlər. İddiaçı MMC tərəfindən təqdim edilmiş arayışdan görünür ki, 1 ay ərzində MMC-nin gəliri 21.000 manat təşkil edir. Buna görə də cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona hər ay 21.000 manat əldən çıxmış fayda hesablanaraq, cavabdehdən tutulub, iddiaçıya verilməlidir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə verərək, cavabdeh “xxxx” ASC-dən əlavə sərfiyyat adı ilə ödədiyi 12.438,22 manat, cavabdehin təqsiri üzündən 2019-cu ilin yanvar ayından avqust ayına kimi 7 aya görə hər ay üçün 21.000 olmaqla 147.000 manat məbləğində əldən çıxmış fayda ilə əlaqədar vurulmuş ziyanı və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun dəyərinin, cəmi 159.468 manat alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsi ilə xx xxxxxx 2018-ci il tarixdə Bakı 1 saylı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmiş, lakin sonradan məlum oldu ki, məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etməli idi. Buna görə də iddia ərizəni geri götürmüş, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bundan xəbər tutan cavabdehin əməkdaşları Təzə il qabağı, 2018-ci ilin sonunda rəhbərlik etdiyi İddiaçı MMC-nin ərazisinə çəkilmiş elektrik naqilləri kəsmişlər. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-1668/2019 saylı qərardadı ilə iddianın təmin etmə tədbirinin təmin edilməsinə dair ərizəsi təmin edilmiş, iddia ərizəsinə baxılıb, qurtarana kimi Bakı şəhəri Qaradağ rayonu Şahqaya yatağında yerləşən İddiaçı MMC-yə fasiləsiz olaraq elektrik enerjisinin verilməsinin bərpa edilməsi və həmin ünvana fasiləsiz olaraq elektrik enerjisinin verilməsinin qarşısını ala biləcək hər hansı bir hərəkətlərin edilməsinin cavabdeh “xxxx” ASC-nin əməkdaşlarına və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bu qərardad xx xxxxxx 2019-cu il tarixdə icra edilmiş və İddiaçı MMC-yə elektrik enerjisinin verilməsi bərpa edilmişdir. 2019-cu ilin yanvar ayından xx xxxxxx 2019-cu il tarixə qədər olan müddət ərzində İddiaçı MMC-nin fəaliyyəti cavabdeh «xxxx» ASC-nin təqsiri ucbatından süni surətdə dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2. maddəsinin tələblərinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Tərəfindən təqdim edilmiş arayışdan görünür ki, 1 ay ərzində MMC-nin gəliri 21.000 manat təşkil edir. Buna görə də cavabdehin qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya 7 ay ərzində vurulmuş ziyan hər ayı 21.000 manat hesabı ilə 147.000 manat məbləğində əldən çıxmış fayda cavabdehdən tutulub, iddiaçıya verilməlidir. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Hüseynova iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi S.Alıyev iddia tələbini qismən qəbul edərək, iddiaçıya hesablanmış itkilərin faizinin yüksək olduğunu bildirmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “xxxx” ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 094850 saylı (abonent kodu 06/40-458) Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilənin: - 7-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. -10-cu bəndinə əsasən elekrtik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 k Vts aktiv elektrik enerjisinə görə ödəniş müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1.03 və üçdolaqlı transformatorlar üçün 1.05 yüksəldici əmsala vurulmalıdır. Hesablaşma elektrik sayğacları tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektirk sayğacı quraşdırıldığı yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstəricisinə əlavə edilir (yaxud çıxılır) -12-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. İddiaçı MMC-nin abonent saldosundan görünür ki, abonentə itkilərə görə 2014-cü ilin yanvar ayında 938,88; fevral ayında 902,88; mart ayında 771,84; aprel ayında 1045,44; may ayında 1425,60; iyun ayında 1764; iyul ayında 1746; avqust ayında 1284,48; sentyabr ayında 1013;76 manat məbləğində, cəmi 10.892,88 manat; 2018-ci ilin aprel ayında 113,4; may ayında 393,12; iyun ayında 545,40; iyul ayında 210,6; avqust ayında 210,6 və sentyabr ayında 253,8; cəmi 1726,92 manat məbləğində əlavə borclar hesablanmışdır. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə görə 2013-cü il dekabr ayı - 2014-cü il yanvar ayı üzrə 3.334,09 manat borc hesablanmışdır. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə görə yanvar-fevral ayları üzrə 2.938,46 manat borc hesablanmışdır. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə görə fevral-mart ayları üzrə 2.740,91 manat borc hesablanmışdır. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə görə mart-aprel ayları üzrə 3.712,50 manat borc hesablanmışdır. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə görə iyun ayı üzrə 5.364,16 manat borc hesablanmış, qalıq borcu isə 8.619,80 manat təşkil etmişdir. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə görə iyun-iyul ayları üzrə 5.309,42 manat borc hesablanmış, qalıq borcu isə 6.489,22 manat təşkil etmişdir. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə görə iyul-avqust ayları üzrə 4.561,36 manat borc hesablanmışdır. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2014-cü il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə görə avqust-sentyabr ayları üzrə 3.600 manat borc hesablanmış, qalıq borcu isə 3.600,58 manat təşkil etmişdir. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2018-ci il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə iyun-iyul ayları üzrə 922,17 manat borc hesablanmış, qalıq borcu isə 1.367,67 manat təşkil etmişdir. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2018-ci il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə görə iyul-avqust ayları üzrə 922,17 manat borc hesablanmışdır. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2018-ci il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə görə avqust-sentyabr ayları üzrə 768,32 manat borc hesablanmışdır. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2018-ci il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə sentyabr-oktyabr ayları üzrə 933,11 manat borc hesablanmış, qalıq borcu isə 1.261,27 manat təşkil etmişdir. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2018-ci il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə oktyabr-noyabr ayları üzrə 261,56 manat borc hesablanmış, qalıq borcu isə 1.522,82 manat təşkil etmişdir. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2018-ci il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 496,55 manat borc hesablanmışdır. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2018-ci il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə görə aprel-may ayları üzrə 1.380,78 manat borc hesablanmışdır. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2018-ci il tarixli hesab-fakturadan görünür ki, abonentə sayğac quraşdırılmasına görə 418,00 manat borc hesablanmış, qalıq borcu isə 1.794,42 manat təşkil etmişdir. -“xxxx” ASC tərəfindən abonent İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2018-ci il tarixli hesab-fakturadan görünür ki, abonentə elektrik enerjisinə may-iyun ayları üzrə 1.651,07 manat borc hesablanmış, qalıq borcu isə 1.945,49 manat təşkil etmişdir. - İddiaçı MMC tərəfindən tərtib eidlmiş arayışdan görünür ki, İddiaçı MMC-yə məxsus daş kəsən maşının gündəlik daş istehsalı norması 3000 ədəd daş olduğunu nəzərə alınarsa, onda 28 gün ərzində 84.000 daş istehsal edilməsi mümkün olur. Yanvar ayında hər bir daşın satış qiyməti 0,25-0,30 manat təşkil etmişsə, İddiaçı MMC-nin bir ayda itirilmiş qazancı daşına ən aşağı qiyməti ilə (0,25 manat) (84.000x0,25=21000 manat) 21.000 manat təşkil edir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, “xxxx” ASC-də EBKB mühəndis vəzifəsində çalışır. “X2 Qaydaları”nın 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır. Hazırkı işdə sayğac balans mənsubiyyəti sərhədində yerləşmədiyindən balans sərhədindən sayğacın yerləşdiyi yerədək texnoloji itkilər cavabdeh tərəfindən ödənilməlidir. Buna görə də elektrik enerjisi itkilərinə görə “xxxx” ASC cavabdeh deyil. Ümumi itkilər xətdən istifadə edən abonentlər arasında proporsional şəkildə bölünür və sayğac göstərişlərinə əlavə edilir. - “xxxx” ASC xx.xx.2020-ci il tarixli 02/xx-xx/1272 saylı məktubu ilə məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq bildirmişdir ki, 02/3-0695 koduna mənsub olan, İddiaçı MMC xx.xx.2018-ci il tarixədək daş karxanası kimi fəaliyyət göstərmişdir. Həmin tarixədək yaranmış son 3 ay üçün sərf edilmiş elektrik enerjisi borcu – 1.522,82 manat ödənilməmişdir. Abonentin qidalanması 25/6 kV-luq 506 saylı yarımstansiyadan ayrılan 6 kV-luq Səngəçal -1 xəttindədir, bu xətdən ondan başqa 6 abonent qidalanır. Həmin Səngəçal-1 6 kV-luq EVX-nin 6 kV-luq yuvasında, balans mənsubiyyəti nöqtəsində 1200 əmsala malik olan ********* seriyalı balans sayğacı quraşdırılmışdır. Hər hesabat ayının sonunda həmin sayğacın sərfiyyatı ilə, həmin xəttin üzərindəki abonentlərin sərfiyyatının cəmi arasındakı fərq %-lə hər bir abonentin sərfiyyatına mütənasib olaraq cəmlənir. Və nəticədə abonentin itkiləri 2018-ci ilin iyun ayı üzrə 21.59%, iyul ayı üzrə 61.54%, avqust ayı üzrə 61.19%, sentyabr ayı üzrə 55.69%, oktyabr ayı üzrə 59.04%, noyabr ayı üzrə 53.00% təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 10/1023 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonuna yerləşən daş karxanasının transformator məntəqəsində olan elektrik enerjisi hesablaşma sayğacı iddiaçının balansında olan 2 dolaqlı transformatordan sonra alçaq (0,4 kV-luq) gərginlik tərəfində quraşdırılmışdır. İstehlakçının transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulmadığına (yəni enerjitəchizatı müəssisəsinə məxsus olmayan digər istehlakçıların qoşulduğu 6 kV-luq elektrik hava xəttinə qoşulduğuna) və ekspertiza tədqiqatına enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti barədə akt, istehlakçıya verilmiş texniki şərt və bu xəttinə qoşulmuş istehlakçıların elektrik enerji gücləri barədə məlumatların təqdim edilmədiyinə görə, İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonunda yerləşən daş karxanasına aid elektrik enerjisi hesablaşma sayğacının balans sərhəddində quraşdırılıbquraşdırılmaması və elektrik xəttində İddiaçı MMC-yə düşən istehlak payına münasib elektrik enerji itkilərin nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırkı iddianın predmetini İddiaçı MMC tərəfindən cavabdeh “xxxx” ASC-yə artıq ödənilmiş 12.438,22 manat məbləğində pulun qaytarılması və əldən çıxmış faydaya görə 147.000 manat məbləğində pulun tutulması tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin artıq ödənilmiş pul vəsaitinin qaytarılmasına dair iddia tələbi əsassız varlanmadan irəli gələn tələbdir. Həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İş materiallarından isə görünür ki, İddiaçı MMC hazırkı iddianı 2014 və 2018-cu illərdə “xxxx” ASC tərəfindən ona faktiki sərf etdiyi elektrik enerjisinin dəyərinə əlavə olaraq texnoloji itkilərə görə borclar hesablanması və əsassız hesablanmış həmin borcların MMC tərəfindən “xxxx” ASC-yə ödənilməsi ilə əsaslandırmışdır. Məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göstərilən maddənin məzmunundan göründüyü kimi məhrum olanın əsassız varlanma obyektini geri qaytarmaq tələblərinə iki illik kəsici müddət şamil edilir. Göstərilən müddəa onu nəzərdə tutur ki, məhrum olan şəxs hüququnun məlum olduğu vaxtdan iki il keçdikdən əsassız varlanma obyektinin geri qaytarılması hüququnu itirir. İddia müddətindən fərqli olaraq kəsici müddətin məhkəmə tərəfindən tətbiq edilməsi üçün cavabdeh tərəfindən müddətin tətbiqi barədə ərizənin verilməsi tələb edilmir. Hazırkı işin hallarına münasibətdə məhkəmə qeyd edir ki, abonent İddiaçı MMC-yə təqdim edilən hər bir hesab-fakturada elektrik enerjisi sayğacının göstəricilərinə əlavə sərfiyyat olaraq hesablanmış elektrik enerjisinin miqdarı və onun dəyəri xüsusi olaraq qeyd edilmişdir. Belə olan halda isə İddiaçı MMC həmin hesab-fakturaları aldığı vaxdan ona texnoloji itkilərə görə əlavə sərfiyyat hesablanmasını, yəni öz hüquqlarının pozulmasını bilməli idi. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC yalnız iddia verildiyi tarixdən əvvəlki iki illik müddət üçün, “xxxx” ASC-yə artıq ödədiklərinin, yəni “xxxx” ASC-nin əsassız əldə etdiklərinin geri qaytarılması barədə tələb irəli sürmək hüququna malik olduğundan 2014-cü ildə artıq ödədiyi, cəmi 10.712 manat məbləğində pulun qaytarılması tələbinə dair hissədə iddia rədd edilməlidir. İddianın 2018-ci ildə iddiaçı tərəfindən artıq ödənilmiş 1726,9 manat məbləğində pulun qaytarılması tələbinə dair hissəsinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh “xxxx” ASC iddiaçıya əlavə sərfiyyatın “X2 Qaydaları”nın 8.3, 8.11-ci bəndlərinin tələblərinə əsasən texnoloji itkilərə görə hesablandığını iddia edir. AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.3-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Həmin qaydaların 8.11-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Göstərilən normaların məzmunundan göründüyü kimi elektrik enerji sayğacı balans sərhədində yerləşdikdə elektrik enerjisi sərfiyyatı yalnız həmin sayğacın göstəricilərinə əsasən hesablanır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda (abonentin balansında olan elektrik xətti üzərində quraşdırıldıqda), hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilməli və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilməlidir. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh “xxxx” ASC İddiaçı MMC-yə texnoloji sərfiyyata görə əlavə borc hesablanmasını cavabdehin elektrik enerjisi sayğacının tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmaması, balans sərhədindən sayğacın quraşdırıldığı yerə qədər elektrik enerjisi itkilərinin abonent tərəfindən ödənilməli olması ilə əsasılandırmış, lakin məhkəmə tərəfindən dəfələrlə təklif edilməsinə, o cümlədən ekspertin vəsatətində də müvafiq sənədlərin təqdim edilməsinin tələb edilməsinə baxmayaraq, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti barədə akt, istehlakçıya verilmiş texniki şərt və bu xəttinə qoşulmuş istehlakçıların elektrik enerji gücləri barədə məlumat, eləcə də mübahisəli dövrdə balans sərhədində quraşdırılmış sayğacın göstəriciləri və xəttə qoşulmuş abonentlərin sərfiyyat göstəriciləri barədə məlumatlar məhkəməyə təqdim edilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, göstərilən sənədlər məhkəməyə təqdim edilmədiyindən ekspert qarşısında qoyulmuş sualların bir qisminə cavab verilməsi də mümkün olmamışdır. MPM-nin 97.5-ci maddəsinə görə isə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Belə olan halda məhkəmə cavabdeh “xxxx” ASC iddiaçıya texnoloji itkilərə görə 2018-ci ildə hesablanmış 1726,9 manat məbləğində borcun “X2 Qaydaları”nın tələblərinə uyğun şəkildə hesablanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı həmin borca görə “xxxx” ASC-yə ödədiyi pulun qaytarılmasını tələb etməkdə haqlıdır. İddianın əldən çıxmış faydaya görə 147.000 manat məbləğində pulun tutulması tələbinə dair hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Hazırkı işdə isə İddiaçı MMC ona əldən çıxmış fayda formasında zərər vurulmasını cavabdeh “xxxx” ASC tərəfindən karxanaya elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində istehsal fəaliyyətini həyata keçirə bilməməsi ilə əsaslandırsa da, elektrik enerjisi verilişinin dayandırılmasının əsassız olduğunu, həmin dayandırmanın müddətini və elektrik enerjisinin verilişinin dayandırılması nəticəsində ona əldən çıxmış fayda formasında vurulmuş zərərin məbləğini sübuta yetirə bilməmişdir. Əksinə cavabdeh “xxxx” ASC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, iddiaçıya məxsus karxanaya elektrik enerjisi verilişi abonentin xx.xx.2018-ci il tarixli hesab-fakturada göstərilmiş, 2018-ci ilin oktyabr-noyabr ayları üçün hesablanmış 1.522,82 manat məbləğində borcu ödəməməsi ilə əlaqədar dayandırılmışdır. “X2 Qaydaları”nın 9.13-cü maddəsinə əsasən isə enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Göründüyü kimi cavabdeh “xxxx” ASC tərəfindən elektrik enerjisinin verilişi dayandırılarkən qanun pozuntusuna yol verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Digər tərəfdən cavabdeh “xxxx” ASC tərəfindən belə bir pozuntuya yol verilməsi ehtimal edilsə belə göstərilən hərəkət nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi faktı və həmin zərərin məbləği də məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçı ona əldən çıxmış fayda formasında maddi zərər vurulmasını sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi yeganə sənəd MMC-nin aylıq gəlirləri barədə arayış olmuşdur. Məhkəmə həmin arayışın iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edildiyini, eyni zamanda həmin arayışın MMC-nin əvvəlki aylarda gəlirləri barədə məlumatı əks etdirməməsini, arayışda göstərilən gəlir məbləğlərinin ehtimallara söykənməsini, eləcə də iddiaçı tərəfindən arayışda əks olunmuş aylıq gəlir məbləğinin həqiqiliyini təsdiq edən heç bir əlavə sənəd təqdim edilmədiyini nəzərə alaraq arayışın mötəbər sübut qismində qəbul ediməsini mümkün saymır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əldən çıxmış fayda formasında vurulmuş zərərin ödənilməsi tələbinə dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinin tələbinə görə iddia qiyməti 500 manatdan çox olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu ödənilir. İş üzrə keçirilmiş ekspertiza xərclərinə gəldikdə məhkəmə cavabdeh “xxxx” ASC-nin ekspertiza tədqiqatı üçün zəruri sənədləri təqdim etməməsi səbəbindən ekspertiza tədqiqatının tam keçirilməsinin mümkün olmamasını nəzərə alaraq ekspertiza xərclərinin əksər hissəsinin cavabdehdən tutulmasını ədalətli hesab edir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qismən təmin edildiyindən övlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 15 manat hissəsi isə iddiaçıya aid edilməli, eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul məbləğinin 120 manat hissəsi cavabdeh “xxxx” ASC-dən, qalan 30 manat hissəsi isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC tərəfindən cavabdeh “xxxx” ASC-yə artıq ödənilmiş 1726,9 (bir min yeddi yüz iyirmi altı manat doxsan) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” ASCdən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat pul məbləğinin 120 (bir yüz iyirmi) manat hissəsi cavabdeh “xxxx” ASC-dən, qalan 30 (otuz) manat hissəsi isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlığı Agentliyi, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar