Məhkəmə qərarları › İş №e-2-2(113)-1790/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1790/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1790/2020 13.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı2 Mənzil Tikinti Kooperativinın cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə kommerisya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “Yasamal” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə (“xxxxxxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixli, NİQ 000122 və 000123 saylı aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış 4095,09 manat borcun İddiaçı2 Mənzil Tikinti Kooperativinin (İddiaçı2 MTK) 04/12-201, 10008138 saylı abunə hesabından silinməsinin “xxxxxxxx” ASC-yə həvalə edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 ilk iddiçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə İddiaçı1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin əsl İddiaçı2 MTK ilə əvəz edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilərək ilk iddiaçı əsl iddiaçı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası İddiaçı2 MTK tərəfindən inşa olunmuşdur. İddiaçı2 MTK tərəfindən inşa olunmuş bina tikilib təhvil verildikdən sonra binanın kommunal təsərrüfatının idarə olunması binada yaşayan sakinlər tərəfindən təsis olunmuş İddiaçı1 tərəfindən həyata keçirilir. İddiaçı2 MTK tərəfindən bina tikilərkən onlar tərəfindən həmçinin həmin binanın elektrik təczihatını həyata keçirmək üçün 2764 saylı Transformator Məntəqəsi tikilib istifadəyə verilmişdir. Binanın kommunal təsərrüfatının idarəsi hazırda İddiaçı1 tərəfindən həyata keçirilsə də, binanın işıq sayğacları İddiaçı2 MTK-nın adına olan sayğaclar vasitəsi ilə qeydiyyata alınmış, “xxxxxxxx” ASC tərəfindən təqdim edilən hesab-ödəniş vərəqələri həmin müəssisənin adına göndərilmiş vəödənişlər də həmin müəssisənin adına aparılmışdır. 2764 saylı Transformator Məntəqəsi həm Bakışəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının, həm Yasamal Rayon Polis İdarəsinin, həm “xxxxx” MTK-nın tikdiyi yaşayış binasının, həmin yaşayış binasında yerləşən “Bravo” marketin, həm də “xxxxxxx” MTK-nın tikdiyi binanın elektrik təhcizatını həyata keçirir. 2764 saylı TM-ə mütəmadi olaraq cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən baxış keçirilir və bundan sonra aylıq işıq sərfiyyatlarına dair hesab ödəniş vərəqələri təqdim olunur ki, tərəflərindən həmin ödəniş həyata keçirilsin. İddiaçı1 tərəfindən təqdim olunmuş həmin hesab ödəniş vərəqələrinəəsasən müvafiq ödənişlər heç bir gecikdirilmə olmadan hər ay cavabdeh təşkilatın hesabına keçirilir. xx xxxxxx 2020-ci ci tarixdə cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları S.Nəsirov, M.Əmirov, A.Rəsulov və E.Əliyev tərəfindən axşam saat 7-8 radələrində 2764 saylı Transformator Məntəqəsinə yaxınlaşılaraq İddiaçı2 MTK və “xxxxx “MTK-ya məxsus elektrik sayğaclarına baxış keçirmək istədikləri bildirildi. Cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən əvvəllər də dəfələrlə iş saatından kənar vaxt sayğaclara baxış keçirildiyi, onlara həssaslıqla yanaşılaraq bu barədə onlara heç bir problem yaratmadıqlarına görə yenə də iş saatından kənar vaxt gəlmələrinə hər hansı bir müdaxilə etmədilər və onlara baxış keçirmələri üçün şərait yaratdılar. Qeyd edir ki, 2764 saylı TM-nin ayrıca tikilidir və kənar şəxslərin girib-çıxmamasıüçün qapısı bağlı vəziyyətdə saxlanılır. Cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları baxış keçirərkən İddiaçı2 MTK və “xxxxx “MTK-ya məxsus elektrik sayğaclarında texniki nasazlıq olduğunu bildirərək, həmin sayğacların dəyişdirilməsi barədə protokollar tərtib etdilər. Onlara sonradan təqdim olunmuş 000123 saylı aktı nəzərdən keçirərkən sayğacın üzərinə “MAGA” sözü yazıldığını, bu səbəbdən də sayğacın dəyişdirildiyini müəyyən etdilər. Halbuki, onlar tərəfindən sayğacın üzərinə “MAGA” sözü yazılmamış və belə bir mənasız və izahı olmayan sözün yazılmasına da hər hansı bir zərurət olmamışdır. Digər 000122 saylı sayğacda isə pozuntu kimi baxış tablosunda gərginlik göstəricilərinin itməsi faktı göstərilmişdir. Halbuki, qeyd etdiyi aktlardan sonra sayğaclar protokol tərtib olnumaqla cavabdeh təşkilat tərəfindən dəyişdirilmiş və dəyişdirilmədən əvvəlki aylıq ödənişləri yeni sayğacın yazdığından xeyli çox olmuşdur. Bu hal özü tərəfindən sayğaclara hər hansı bir müdaxilə olunmamasını sübut edir. Əksinə, demək olar ki, əvvəlki sayğaclar düzgün işləmədiyindən daha az işıq sərfiyyatı istehlak etdikləri halda, düzgün işləməyən sayğacların tərəflərindən istehlak edilən elektrik sərfiyyatını daha çox hesablamış, bu səbəbdən tərəflərindən daha çox məbləğlər ödənilmiş, bu da onların uzun müddətdən bəri maddi zərərə düşmələrinə səbəb olmuşdur. Bildirir ki, onlar tərəfindən həmin sayğaclara hər hansı bir müdaxilə olmamış vəəgər belə bi müdaxilə varsa da, 2764 saylı Transformator Məntəqəsində mütəmadi baxışları keçirən cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən olmuşdur. Sonradan “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən İddiaçı1nə təqdim olunan hesab-ödəniş vərəqlərində onlara ümumilikdə 4095,09 manat əlavə enerji haqqı borcunun yazıldığını müəyyən etdilər. Qeyd olunan təşkilata verilmiş sorğuya əsasən cavabdeh təşkilat tərəfindən təqdim olunmuş İddiaçı2 MTK-ya aid abunə haqqında invoysda və digər sənədlərdə elektrik enerjisi qaydalarının pozulmasına görə 000123 saylı akt əsasında 3512,97 manat, 000122 saylı akt əsasında isə 582,12 manat əlavə enerji haqqı borcunun hesablandığı müəyyən olunmuşdur. Bildirir ki, bu borcdan sonra dəfələrlə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən və həmin borc tezliklə ödənilmədiyi halda elektrik verilişinin əlavə xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmiş, hətta bir dəfə binanın işığını kəsməyə cəhd göstərmişlər. Qeyd olunan borcun silinməsi ilə bağlı cavabdeh təşkilata tərəflərindən yazılı müraciət edilsə də, onlara həmin borcun silinməsinin mümkün olub-olmaması barədə hər hansı bir cavab verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi üzrə mübahisələdirilən aktlar tamamilə qanunauyğun sürətdə tərtib edilmiş və real hərəkətli təsdiq edir. Eyni zamanda qeyd olunan aktlar əsasında hesablanmış məbləğlər itirilmiş elektrik enerjisinin dəyərinin qaytarılması üçün düzgün hesablanmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - xx xxxxxx 2020-ci il tarixli, NİQ seriyalı 000122 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən İddiaçı2 MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın baxış tablosunda “A” fazasında gərginlik göstəricisi itmişdir, Sayğac “A” fazasından keçən yükü qeyd etmir. - xx xxxxxx 2020-ci il tarixli, NİQ seriyalı 000123 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti, 78V ünvanında yerləşən İddiaçı2 MTK-ya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın üzərində, baxış tablosunda yad cisim izləri var. Sayğacın ekranında “MAGA” yazılmışdır. Sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. - Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokolun surətindən görünür ki, sayğacın dövlət möhürü normaldır. Sayğac xəta ilə işləyir. Xüsusi proqram əlavəsi ilə aparılan yoxlama zamanı xx.xx.2020-ci il tarixdən etibarən “A” fazasında gərginlik zəifləmələri aşkar olundu. - Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli 180468 saylı protokolun surətindən görünür ki, sayğacın dövlət möhürü normaldır. Sayğac xəta ilə işləyir. Sayğaca müxtəlif vaxtlarda qısa müddətli neodin maqnit təsiri göstərilmişdir. - Hesab fakturalardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx xxxxxx 2020-ci il tarixli, NİQ seriyalı 000122 saylı akta əsasən xx.xx.2020-ci il tarixdə 582.12 manat, xx xxxxxx 2020-ci il tarixli, NİQ seriyalı 000123 saylı akta əsasən xx.xx.2020-ci il tarixdə 3512.97 manat, cəmi 4095,09 manat məbləğində borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, borcun silinməsinə dair iddia təmin olunmalı, aktların ləğv edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə yoxlama keçirilmiş və obyektə məxsus elektrik sayğacın baxış tablosunda “A” fazasında gərginlik göstəricisinin itməsi, sayğacın “A” fazasından keçən yükü qeyd etməməsi aşkar olunaraq xx xxxxxx 2020-ci il tarixli, NİQ seriyalı 000123 saylı akt tərtib edilmişdir. Həmçinin sayğacın üzərində, baxış tablosunda yad cisim izlərinin olması, sayğacın ekranında “MAGA” yazılması aşkar olunaraq xx xxxxxx 2020-ci il tarixli, NİQ seriyalı 000123 saylı akt tərtib olunmuş, həmin sayğac yenisi ilə əvəz olunmuşdur. Xüsusi proqram əlavəsi ilə aparılan yoxlama zamanı xx.xx.2020-ci il tarixdən etibarən “A” fazasında gərginlik zəifləmələri aşkar olunmuş, sayğacın dövlət möhürü normal olmuş, lakin sayğac xəta ilə işləmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya xx xxxxxx 2020-ci il tarixli, NİQ seriyalı 000122 saylı akta əsasən xx.xx.2020-ci il tarixdə 582.12 manat, xx xxxxxx 2020-ci il tarixli, NİQ seriyalı 000123 saylı akta əsasən xx.xx.2020-ci il tarixdə 3512.97 manat, cəmi 4095,09 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydalarının” 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqı-satqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. Enerjitəchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerjitəchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerjitəchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların: - 5.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur; - 7.6-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.13-cü bəndinə əsasən hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. - 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. - 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdım etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi qanunvericilik, elektrik enerjisinə görə hesablaşmaların tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış elektrik sayğacının göstərişinə əsasən hesablanmalı olmasını müəyyən etmiş, elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkilərini (texnoloji sərfiyyat) şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid etmiş, elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehliyi isə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktına əsasən həmin qurğuların balans daşıyıcısı olan təşkilatın üzərinə qoymuşdur. Belə ki, “xxxxxxxx” ASC məhkəməyə iddiaçının qeyri-qanuni hərəkəti nəticəsində elektrik enerjisinin itirilməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı cavabdeh tərəfindən tələb edilən 4095,09 manat borcun ödənilməsini mübahisələndirdiyinə görə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qeyd edilən məbləğin iddiaçı tərəfindən ödənilməli olmasını sübuta yetirmək cavabdehin vəzifəsidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin məbləğin necə və hansı əsaslara istinad olunaraq hesablanmasını əsaslandıra bilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, borcun silinməsinə dair iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı2 Mənzil Tikinti Kooperativinə xx xxxxxx 2020-ci il tarixli, NİQ 000122 və 000123 saylı aktlar əsasında hesablanmış 4095,09 (dörd min doxsan beş manat sıfır doqquz qəpik) manat məbləğində borc İddiaçı2 Mənzil Tikinti Kooperativinin abunə hesabından (04/12-201, 10008138 saylı) silinməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə-sinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 Mənzil Tikinti Kooperativinın cavabdeh “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı2 Mənzil Tikinti Kooperativinə xx xxxxxx 2020-ci il tarixli, NİQ 000122 və 000123 saylı aktlar əsasında hesablanmış 4095,09 (dörd min doxsan beş manat sıfır doqquz qəpik) manat məbləğində borc İddiaçı2 Mənzil Tikinti Kooperativinin abunə hesabından (04/12-201, 10008138 saylı) silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar