Məhkəmə qərarları › İş №e-2-2(113)-1915/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1915/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1915/2020 30.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: HakimƏliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı İB Cavabdeh MMC-yə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 14000,09 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli, AMX- 1629/19 saylı müqavilə əsasında Cavabdeh MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə 14.000,09 manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, AMX-1629/19 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. xx.xx.2020-ci il tarixdə cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri və ölkənin digər çoxsaylı bölgələrində yerləşən müxtəlif təyinatlı obyektlərin, o cümlədən yaşayış və qeyri-yaşayış binalarının, biznes mərkəzləri, bank baş ofis və filialları, mehmanxana və kütləvi istirahət mərkəzlərinin idarə olunması xidmətlərini göstərir və həmin obyektlərdə göstərilən kommunal xidmətlər, o cümlədən, qaz təchizatı üzrə ödənişlər vaxtlı-vaxtında tərəflərindən təmin edilir. İddiaçı və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, AMX-1629/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazm alqı-satqısı” müqaviləsi bağlanmışdır və bu müqavilə əsasında ünvan 1 ünvanında yerləşən və cavabdehin idarə etməsində olan “Vurğun Residence” yaşayış kompleksinin qazanxanasının təbii qaz təchizatı iddiaçı tərəfindən təmin edilir. Müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən cavabdeh istehlak etdiyi qazın hər kubmetrinin dəyərini hər ay qaz paylayıcısı tərəfindən ona təqdim olunmuş elektron qaimə və hesab-faktura əsasındaiİddiaçının bank hesabına nağdsız qaydada köçürmə yolu ilə ödəmişdir və təqdim olunan elektron qaimə və hesab-fakturada (söhbət 2019-cu ilin aprel ayı üzrə təqdim edilmiş ödəniş sənədlərindən gedir) real sayğac göstəricilərindən kənar süni şəkildə şişirdilmiş məbləğ əks etdirildiyi haldan başqa, digər hallarda cavabdeh tərəfindən istehlak edilmiş qazın dəyərinin ödənilməsi üzrə hər hansı gecikmə və ya ödənişdən yayınma halına yol verilməmişdir. Mübahisələndirilən borcun yaranma tarixi barədə məlumat verərkən növbəti faktı qeyd etməyi zəruri hesab edir. Borcun yaranmasının təsadüf etdiyi 2019-cu aprel ayının ikinci on günlüyünü əhatə edən dövr üçün qaz təzyiqinin zəif olması əlaqədar kompleksin idarəedilməsi sahəsində cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən İddiaçı İB-yə müraciət edilmişdir. Edilmiş müraciət əsasında xx.xx.2019-cu il tarixində İddiaçı İB-nin nümayəndəsi sayğac və tənzimləyici avadanlıqlara baxış keçirmiş və “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2019-cu il tarixli, ******* N2İİ Akt tərtib etmişdir. Aktda keçirilmiş texniki müayinənin nəticəsi kimi aşağıdakı məzmunda qeyd əks olunmuşdur: “Sayğaca baxış keçirildi, normal işlədiyi aşkar edildi. Lakin obyektin nümayəndəsi bildirdi ki, qaz zəif gəlir. Bu səbəbdən sayğac qaz xəttindən açıldı, süzgəc çıxarıldı, baxış keçirildi. Sayğac və süzgəc təmizdir, normal vəziyyətdədir. Sayğac yenidən qaz xəttinə quraşdırıldı. Normal işlək vəziyyətdə təhvil verildi. Ara qatı 100 mm-3əd., plomb-2əd., plomb simi-1.5m.”. Aktın məzmunundan da məlum olduğu kimi quraşdırılmış sayğaca hər hansı müdaxilə faktı aşkarlanmamış, sayğacın quraşdırıldığı yerdən çıxarılaraq aparılması halına yol verilməmişdir. Sözügedən borcun yaranma tarixi də məhz qeyd olunan texniki baxış və müayinənin keçirildiyi dövrə təsadüf edir. Sayğacdan kənar göstəricinin olmasını, aylar üzrə təqdim olunan göstəricilər arasında uyğunsuzluğu aydın şəkildə görmək üçün mövcud borcun yaranmasına əsas verən sayğac göstəricisinin dəqiq olaraq hansı dövrə təsadüf etməsini bilmək və həmin dövr ərzində qaz istehlakı üzrə aylıq göstəriciləri müqayisə edərək, istehlak edilən təbii qazın dəyəri və ödənilməsi dinamikasını əks etdirən cavabdehə dair abonent saldosunu nəzərdən keçirmək labüddür. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən təqdim olunmuş, mübahisələndirilən borcun yarandığı dövrü əhatə edən (borcun yarandığı aydan əvvəlki ayların göstəriciləri təsvir olunan) elektron qaimə və hesab-fakturaların göstəricilərini qeyd etməyi zəruri hesab edirlər. (müvafiq sənədlərin surətləri etiraza əlavə edilir). Belə ki, mübahisələndirilən borcun yarandığı 2019-cu il aprel ayından öncəki aylar üzrə sayğac göstəricilərinə nəzər yetirdikdə təqdim olunmuş 12.303.2019-cu il tarixli, EAAR seriyalı, 541560 N-İİ elektron qaiməyə əsasən xx.xx.2019-cu il tarixləri aralığındakı dövrdə istehlak olunan təbii qazın sərfıyyat göstəricisinin 71690 m3 (71690 m3 x 0.2 manat=ƏDV daxil 14,338.00 manat təşkil etməsinin şahidi olmaq olar. Məlum olduğu kimi, elektron qaimə və ya hesab-fakturada nəzərdə tutulan qaz sərfıyyatının həcmi (müvafiq olaraq “miqdar” sütununda göstərilir) cari aya dair sayğacda qeyd olunmuş son elektron göstərici ilə əvvəlki ay üzrə son elektron göstəricinin fərqinə bərabərdir (son elektron göstəricilər hesab fakturada əks etdirilir, hazırkı kazusa münasibətdə xx.xx.2019cu il tarixində təqdim olunmuş hesab fakturada son göstərici 285003 m3, ondan əvvəlki ayın hesab fakturasındakı son göstərici 213313 m3 təşkil edib, müvafiq olaraq real sərfıyyat iki göstəricinin fərqi əsasında hesablandıqda 285003- 213313=71690m3). xx.xx.2019-cu il tarixli, EAAS seriyalı, 829908 N2İİ elektron qaiməyə əsasən xx.xx.2019-xx.xx.2019-cu il tarixləri aralığıdakı dövrdə istehlak olunan təbii qazın sərfıyyat göstəricisi 66214 m3 (66214 m3 x 0.2 AZN=ƏDV daxil 242.80 manat təşkil edib və bu məbləğ də yuxarıda göstərilən düstur əsasında mövcud göstəricilərin nəticəsində meydana gəlib (xx.xx.2019-cu il tarixində təqdim olunmuş hesab rada son göstərici 351228 m3, ondan əvvəlki aym fakturasındakı göstərici 285003 m3 təşkil edib, müvafiq olaraq real sərfıyyat 351228-285003=66214m3). xx.xx.2019-cu il tarixli, 332 №-li hesab-fakturaya (Qeyd: müvafiq hesab-faktura Cavabdehin deyil, əvvəlki istehlakçının adına təqdim edilmişdir) əsasən xx.xx.2019-xx.xx.2019-cu il tarixləri aralığındakı dövrdə istehlak olunan təbii qazm sərfıyyat göstəricisi 36846 m3təşkil etməli olduğu halda, iddiaçı tərəfindən gerçək sayğac göstəricilərinə əsaslanmayan, formalaşma əsası və yaranma mənbəyi bilinməyən, olduqca əsassız, süni olaraq şişirdilmiş 100935 m3 qaz sərfıyyatı göstəricisi və bu yanlış hesablanmış göstəricidən qaynaqlanan 20,187.08 manat uydurma borc məbləği təsvir edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixində təqdim olunmuş hesab fakturada son elektron göstərici 388074 m3,ondan əvvəlki ayın hesab fakturasındakı son elektron göstərici isə 351228 m3təşkil etmişdir və real təbii qaz sərfıyyatının iki ardıcıl ayın sayğac üzrə son elektron göstəricilərinin fərqi əsasında hesablandığını nəzərə alsaq, real sərfıyyat 388074-351228=36846m3-əvə real sərfıyyata uyğun borc da müvafiq olaraq 36846m3 x 0,2 manat= ƏDV daxil 7,369.20 manata bərabər olmalı idi. Açıq-aşkar göründüyü kimi, cavabdehin xx.xx.2019-xx.xx.2019-cu il aralığında istehlak etdiyi 36846m3 qaz həcminə uyğun cəmi ƏDV daxil 7,369.20 manat məbləğində həqiqi borcu yaranmalı idi, buna görə də müvafiq ay üzrə 12,817.88 manat əlavə borc iddiaçı tərəfindən süni olaraq cavabdehin üzərinə yüklənilmiş məbləğdir. Əlavə olaraq bildirir ki, süni şişirdilmiş borc məbləği ilə bağlı anlaşılmazlığın meydana çıxdığı dövrdə cavabdehin istifadəsində olan kompleksin idarə edilməsi üzrə səlahiyyətli nümayəndəsi bu məsələyə dərhal reaksiya vermiş, yaranmış problemin həlli, o cümlədən problemin yaranma səbəbinin araşdırılması ilə bağlı İddiaçının rəsmi nümayəndələri ilə dəfələrlə şifahi müzakirələr, telefon danışıqları aparmışlar. Hətta kompleksin səlahiyyətli nümayəndəsi tərəfindən İddiaçı İB Bakı Regional Qazın Satışı Departamentinə mövcud anlaşılmazlığın aradan qaldırılması, borcun əsassız olaraq artırılmış hissəsinin silinməsi ilə bağlı müraciət olunmuşdur. Müraciət ilə bağlı adı çəkilən Departamentin rəis müavini Natiq Qənbərov tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli, 2065 nömrəli məktubda sorğu əsasında toplanmış materialların daimi fəaliyyət göstərən komissiyanın işçi qrupuna yönləndirildiyi bildirilmiş, veriləcək rəylə bağlı məlumat təqdim olunacağı vəd edilsə də, heç bir rəsmi məlumat verilməmiş, aparılmış araşdırmanın nəticələri, həmçinin işçi qrupun yekun rəyi ilə cavabdeh tanış edilməmişdir. Həmçinin əməkdaşları tərəfindən iddiaçının ərazi üzrə səlahiyyətli nümayəndələri ilə aparılmış şifahi danışıqlar zamanı mübahisələndirilən borcun düzgün hesablanmadığı etiraf edilmiş və müvafıq araşdırma aparılaraq qısa müddət ərzində silinəcəyi bildirilmişdir. İddiaçı ilə cavabdeh arasında müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış və məhz həmin tarixdən etibarən kompleksin qazanxanasının təbii qazla təmin edilməsinə dair xərclərin ödənilməsi üzrə məsul şəxs qismində cavabdeh çıxış etməyə başlamışdır. Bu səbəbdən də 2019-cu ilin aprel ayı üzrə əsassız və süni olaraq şişirdilmiş borcun 2019-cu ilin aprel ayının ikinci on günlüyündə müqaviləni bağlamış, cavabdehdən tələb edilməsi anlaşılan deyil, çünki 2019-cu ilin aprel ayının yarısından çoxunu əhatə edən bir dövr ərzində cavabdeh qazın alqı-satqısı üzrə müvafiq müqavilənin tərəfi olmamışdır. Üstəlik iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə cavabdehin üzərinə əvvəlki istehlakçının borclarına görə məsuliyyət daşımaq öhdəliyi qoyulmamışdır. Heç əvvəlki istehlakçı da iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlandığı tarixdən əvvəlki dövr üçün təbii qaz sərfiyyatı ilə əlaqədar sayğac göstəricilərindən kənar borcun ödənilməməsi üçün məsuliyyət daşımamalıdır. Çünki qeyd edilmiş məbləğdə borcun 2019-cu il üzrə yuxarıda qeyd edilmiş hesab-fakturalarda nəzərdə tutulmuş sərfiyyat göstəricilərindən irəli gəlməsi həm riyazi, həm hüquqi, həm də praktiki baxımdan mümkünsüzdür. Müqavilənin 2.1.13-cü yarımbəndində qaz paylayıcısının vəzifələrindən biri kimi istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyivə paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazınverilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərmək öhdəliyiqeyd olunmuşdur. Lakin işin həqiqi hallarından və iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısından məlum olur ki, cavabdehə hesab təqdim olunduqdan bir ay sonra heç bir xəbərdarlıq edilməmiş və yazılı bildiriş göndərilməmişdir. Məlum olduğu kimi “Qaz təchizatı” haqqında AR Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsini qaz paylayıcısı tələb edə bilməz. Həmçinin AR NK xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadəc Qaydaları” nın 5.2-ci bəndinə əsasən istehlakçı tərəfindən ödənilməsini qaz paylayıcısı tələb edə bilməz. Bundan əlavə, xx xxx 2020-ci il tarixində iddiaçı tərəfindən Cavabdehə təbii qazdan istifadəyə görə yaranmış 12,815.69 manat məbləğində debitor borcunun ödənilməsinin təmin edilməsi barədə iddia ərizəsi təqdim edilmişdir. Təqdim edilmiş ərizə Cavabdeh tərəfindən FMG-01/20/171 N°li, xx xxxx 2020-ci il tarixli məktub ilə cavablandırılaraq, göstərilən hallara yazılı şəkildə münasibət bildirilmişdir (qeyd olunan iddia ərizəsi və məktubun surətləri Etiraza əlavə edilir). Lakin hazırda məhkəməyə təqdim edilmiş iddia tələbində isə fərqli bir məbləğ, 14,000.09 manat (on dörd min Azərbaycan manatı, 09 qəpik) öz əksini tapmışdır. İddiaçı tərəfindən məbləğlər arasındakı fərq nisbətinin yaranma səbəbinin izah olunmasına ehtiyac olduğunu hesab edir. İş üzrə istinad olunan yuxarıdakı faktlara əsaslanaraq bildirir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin pozuntusuna yol verilməmiş, vaxtlı-vaxtında, təqdim olunmuş hesab-fakturalar üzrə aylıq olaraq istehlak edilən qazın həcmində müvafiq şəkildə ödənişlərin aparılması təmin edilmişdir. Həmçinin xüsusilə vurğulayır ki, iddiaçı ilə bağlanmış müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən hər ay, xüsusilə də qazın istehlakının yüksək olduğu payız-qış aylarında müntəzəm olaraq kifayət qədər böyük məbləğlərdə ödənişlər icra edilmiş və belə yüksək məbləğlərdə ödənişlərin icra olunduğu halda mübahisə doğuran borc məbləğinin (məlum məsələdir ki, İddiaçının qeyd etdiyi məbləğdə borcun toplanması üçün Cavabdeh tərəfindən bir neçə aylıq hesab üzrə borcun ödənilməməsi tələb olunur) yığılması üçün heç bir zəmin olmamışdır. Həmçinin iddiaçı tərəfindən xx.xx.20111999-xx.xx.2019-cu il tarixləri aralığındakı dövr üçün hesablanmış 100935 m3 qaz sərfiyyatı göstəricisi aprel ayı da daxil olmaqla, yaz-yay mövsümü üçün istifadə oluna biləcək qaz sərfiyyatının miqdarına, ümumiyyətlə mütənasib hesab edilə bilməz. Beləliklə, keçən müddət ərzində müqavilə şərtlərinə uyğun olaraq üzərlərinə götürdükləri bütün öhdəliklərin müntəzəm olaraq yerinə yetirilməsinə baxmayaraq qeyd olunan borc məbləğinin yaranmasının yeganə əsası qismində yanlış hesablamaların aparılması çıxış edə bilər. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -"İddiaçı" İB ilə Cavabdeh MMC (abonent kodu **********011001) arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2019-ci il tarixli, AMX-1629/19 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Abonent saldosundan görünür ki, **********011001saylı abonent kodu üzrə abonentə təbii qazdan istifadəyə görə 2019-cu ilin aprel ayında akta əsasən 12.815,60 manat məbləğində borc hesablanmışdır. 2020-ci ilin may ayının sonuna abonentin ödənilməmiş borcu 14.000,09 manat təşkil edir. İddiaçı xx.xx.2020-ci il tarixdə pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək, istehlak olunmuş təbii qazdan istifadəyə görə yaranmış borcun 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.“Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Cavabdeh MMC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın normal işlədiyi aşkar edilmiş, lakin obyektin nümayəndəsi qazın zəyif gəldiyini bildirmiş, bu səbəbdən sayğac qaz xəttindən açıldı, süzgəc çıxarıldı, baxış keçirildi. Nəticədə heç bir qusür aşkarlanmamış, sayğac yenidən qaz xəttinə quraşdırıldı. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı İB-yə 1.003,73 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı İB-yə 895.93 manat pul ödənilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı İB-yə 622.37 manat pul ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi, iddiaçının ödənilməsini tələb etdiyi 14.000,09 manat məbləğində borcun 12.815,60 manat hissəsi 2019-cu ilin aprel ayında akt əsasında hesablanmışdır. İş üzrə keçirilmiş məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsinə qeyd edilən borcun hesablanmasına əsas olmuş aktın məhkəməyə təqdim edilməsi təklif edilsə də, göstərilən sənədlər məhkəməyə təqdim edilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehə hesablanmış 12.815,60 manat məbləğində borcun əsaslı olmasını təsdiq edən sənədlər iddia tərəfindən məhkəməyə təqdim edilmədiyindən həmin borcun tutulması tələbinə dair hissədə iddia tələbi əsassızdır. Digər tərəfdən iddianın qalan 1184,49 manat məbləğində borcun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, abonent saldosundan da göründüyü kimi mübahisəli borc məbləği cavabdehə sayğac göstəricilərinə əsasən 2020-ci ilin iyun ayının birinə hesablanmış borcdur. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından isə müəyyən edilir ki, cavabdeh tərəfindən 2020-ci ilin iyul-avqust aylarında iddiaçıya cəmi 2522,03 manat məbləğində ödənişlər keçirilmiş, yəni iddiaçının ödənilməsi tələb etdiyi 1184,49 manat borc məbləği cavabdeh tərəfindən tam ödənilmişdir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsində ödənilməsi tələb edilən borcun 1184,49 manat hissəsi cavabdeh tərəfindən ödənildiyindən, belə olan halda isə göstərilən öhdəliyə Mülki Məcəllənin 528-ci maddəsinə əsasən kreditorun xeyrinə lazımınca icra nəticəsində xitam verildiyindən həmin hissədə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı İB-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar