Məhkəmə qərarları › İş №e-2-2(113)-1974/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1974/2022

17.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1974/2022 17.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı “X1” MMC-nin cavabdeh Neft Kəmərləri İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərə son qoyulması və torpaq sahəsində tikinti işlərinin aparılmasına maneə törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X1” MMC-nin cavabdeh Neft Kəmərləri İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən, reyestr nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla xüsusi mülkiyyət hüququ əsasında “X1” MMC-ə məxsus olan torpaq sahəsinə (texniki pasportda göstərilən koordinatlar daxilində) cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi tərəfindən həyata keçirilən müdaxilələrin qanunsuz hesab edilməsi və bu cür müdaxilələrə son qoyulması, həmin torpaq sahəsində iddiaçı tərəfindən tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsinə, sahənin hasarının tamamlanması işlərinin aparılmasına maneə törətməməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 7.2953 ha torpaq sahəsi Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat nömrəsi ********** olan Çıxarışı əsasında Cəmiyyətin xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində müxtəlif tikinti işləri (hasarlama, abadlıq, evin damının dəyişdirilməsi və s.) aparmaq niyyətindədirlər. Bu torpaq sahəsinin şirkətlərinin xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi torpaq sahəsində tikinti işləri aparmağımıza qanunsuz olaraq mane olur və tikinti işinin aparılmasına müdaxilə edilir. Bununla bağlı bütün cəhdləri boşa çıxıb, məcbur olaraq pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edirlər. Bildirirlər ki, cavabdeh ARDNŞnin Neft Kəmərləri İdarəsinin işçilərinin bu hərəkətləri qanunsuzdur. Bununla onlar konstitusion hüquqlarını pozurlar, yəni mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olurlar. Həmin torpaq sahəsi xüsusi mülkiyyətlərindədir və bu dövlət tərəfindən tanınır. Beləliklə, cavabdeh təşkilatın bu hərəkətlərinə son qoyulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmədə verdiyi izahatlarda əlavə olaraq bildirdi ki, iddiaçının mülkiyyətində olan sözügedən torpaq sahəsinin bir hissəsi cavabdehin balansında olan neft kəmərindən 50 metrdən az məsafədən keçir. Onlar torpaq sahəsinin həmin hissəsində tikinti-abadlaşdırma işləri aparmaq istəyirlər. Lakin cavabdeh həmin hissənin neft kəmərinin mühafizə zonasına düşdüyünü əsas göstərərək həmin işlərin aparılmasına maneə törədir. Hesab edir ki, birincisi, magistral neft kəmərlərinin ətrafındakı torpaq sahələrinin mühafizə zonasına ayrılmasını tənzimləyən qüvvədə olan normativ hüquqi akt yoxdur. İkincisi, torpaq sahəsi iddiaçının mülkiyyətindədir və onların mülkiyyət hüququ qorunmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin tikinti-abadlaşdırma işlərini aparmaq istədikləri hissəsi idarənin balansında olan neft kəmərinin mühafizə zonasına düşür. Lakin məhkəmə tərəfindən qətnamə qəbul ediləcəyi təqdirdə iddiaçının həmin sahədə tikinti işlərinin aparmasına etirazları olmayacaqdır. İş üzrə keçirilmiş sonuncu hazırlıq iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etdiyini və təmin edilməsinə etiraz etmədiyini bildirdi, baxış iclasında isə iddia etiraz etdiyini bildirdi və iddia rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin N********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən müəyyən edilir ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən sahəsi 356,.6 m2 olan qeyri-yaşayış sahəsi və həmin sahənin yerləşdiyi 7,2953 ha torpaq sahəsi “X1” MMC-nin xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq kimi müəyyən edilmişdir. “X1” MMC-nin direktoru Tofiq Qocayev, MMC-nin elektriki Nahid Namazov, "xxxx" MMC-nin mühəndisi Pərviz Ağayev və İnşaat sahə rəisi Emil Ələsgərov tərəfindən tərtib edilmiş xx.xx.2022-xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, “X1” MMC-nin mülkiyyətində olan torpaq sahəsində "xxxx" MMC tərəfindən tikinti işlərinin aparılması istənilsə də, ARDNŞ-nin Neft Kəmərləri idarəsinin əməkdaşları həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına mane olmuş və tikinti işlərinin aparılmasına müdaxilə etmişlər. SOCAR Neft Kəmərləri İdarəsi tərəfindən verilmiş “Dübəndi-Suraxanı Dş300 yerüstü neft kəməri” haqqında arayışdan görünür ki, uzunluğu 33,747 km. olan Dübəndi-Suraxanı Dş300x8 mm-lik yerüstü neft kəmərinin tikintisinə 1980-ci ildə başlanmış və 1984-cü ildə tikintisi başa çatdırılaraq istismara verilmişdir. Kəmərlə SOCAR-ın “Azneft” İB-nin 28 may NQÇİ tərəfindən hasil edilən neftlər Böyük Şor NTS istiqamətində nəql olunur. Neft kəməri hal-hazırda işlək vəziyyətdədir və Abşeron istehsalat Bölümü tərəfindən istismar olunur. Neft kəməri 1980-ci ildən bu günə kimi tikildiyi marşrut üzrə yerləşir və Neft Kəmərləri idarəsinin balansındadır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İşin mübahisə edilməyən hallarından görünür ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 7,2953 ha torpaq sahəsi iddiaçı “X1” MMC-nin mülkiyyətindədir və həmin torpaq sahəsinin bir hissəsi cavabdeh Neft Kəmərləri İdarəsinin balansında olan “Dübəndi-Suraxanı Dş300 yerüstü neft kəməri”ndən 50 metrədək olan məsafədə yerləşir. Hazırda sözügedən torpaq sahəsinin neft kəmərindən 50 metrədək məsafədə yerləşən hissəsində iddiaçı “X1” MMC tərəfindən tikinti işlərinin aparılmasına cavabdeh “X1” MMC tərəfindən maneələr törədilir. İddiaçı “X1” MMC cavabdeh Neft Kəmərləri İdarəsi tərəfindən tikinti işlərinin aparılmasına törədilən maneələrin onun torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozduğunu əsas göstərərək Neft Kəmərləri İdarəsi tərəfindən həyata keçirilən müdaxilələrin qanunsuz hesab edilməsi və bu cür müdaxilələrə son qoyulması, həmin torpaq sahəsində iddiaçı tərəfindən tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsinə, sahənin hasarının tamamlanması işlərinin aparılmasına maneə törətməməsi vəzifəsi cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəlləsinin 157.4-ci maddəsi təşkil edir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ insan hüquqları sahəsində AR Konstitusiyasında eləcə də, AR-in tərəfdar çıxdığı beynəlxalq sənədlərdə təsbit edilmiş toxunulmaz, pozulmaz və ayrılmaz insan hüquqlarından biri olsa da, məhdudlaşdırmasına heç bir şərt daxilində yol verilməyən mütləq hüquqlar (məsələn, işgəncələrə məruz qalmamaq hüququ) siyahısına da daxil deyil. Yəni həmin hüququn qanunla nəzərdə tutulmuş hallarda və qaydada qanuni məqsədlərə nail olmaq üçün məhdudlaşdırılmasına yol verilir. Odur ki, konkret halda mülkiyyət hüququna müdaxilələrin mülkiyyət hüququnun pozuntusu hesab edilib-edilməsini müəyyən etmək üçün ehtimal olunan müdaxilə İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı protokolun 1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməklə müdaxilənin mövcud olub-olmaması, müdaxilənin növü və konvensiyada göstərilən məqsəd və qaydalara uyğunluğu müəyyən edilməlidir.

1. Müdaxilənin olub-olmaması. Hazırkı halda cavabdeh Neft Kəmərləri İdarəsi tərəflərindən iddiaçının tikinti işlərini aparmasına müdaxilə edilməsi faktını etiraf etmişdir. Bu baxımdan iddiaçının mülkiyyətindən dinc istifadə etmək hüququna müdaxilə edildiyi açıq-aşkardır.

2. Müdaxilə nəticəsində iddiaçı mülkiyyətdən məhrum edilmişdirmi? Hazırda mübahisəli torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir, torpaq sahəsinin bir hissəsində tikinti-abadlıq işlərinin görülməsi istisna olmaqla iddiaçının torpaq sahəsindən istifadə və sahiblik etməsi məhdudlaşdırılmamışdır. Odur ki, iddiaçı mülkiyyətindən məhrum edilməyibdir.

3. İddiaçının mülkiyyətindən istifadəyə nəzarət həyata keçirilmişdirmi? Artıq qeyd edildiyi kimi hazırkı halda iddiaçının mülkiyyət hüququna müdaxilə mülkiyyətdən məhrum edilmə sayılması üçün kifayət qədər invaziv deyildir. Digər tərəfdən müdaxilə dövlət tərəfindən həyata keçirilən istifadəyə nəzarət hesab edilə bilər. Belə ki, müdaxilə neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli sahəsində fəaliyyətin həyata keçirilməsi məqsədilə dövlət tərəfindən yaradılmış təbii inhisar subyekti (SOCAR və onun konkret halda səlahiyyətli idarəsi olan cavabdeh Neft Kəmərləri İdarəsi) tərəfindən ümumi məqsədlər (hazırda istismar olunan neft kəmərinin təhlükəsizliyinin qorunması, qəzaların qarşısının alınması və s.) naminə həyata keçirilir.

4. Müdaxilə qanunidirmi? Göstərilən məsələ ilə bağlı iddiaçının mövqeyinə görə hal-hazırda magistral neft kəmərlərinin mühafizə zonalarının müəyyən edilməsi qaydalarını tənzimləyən qanuni qüvvədə olan normativ hüquqi akt mövcud olmadığından mülkiyyətində olan torpaq sahəsinə məhdudiyyətlərinin tətbiq edilməsi üçün qanuni əsas yoxdur. Məhkəmə qeyd edir ki, hazırda magistral neft kəmərlərinin mühafizə zonalarının müəyyənləşdirilməsi və həmin zonalarda yerləşən torpaq sahəsində istifadəni tənzimləyən normativ hüquqi akt mövcud olmasa da, əvvəllər həmin sahədə münasibətlər AR Sənaye və Energetika Nazirinin 28 iyul 2010-cu il tarixli 39 saylı əmri ilə təsdiq edilmiş və xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək olan müddətdə qüvvədə olmuş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları” ilə tənzimlənirdi. AR Sənaye və Energetika Nazirinin 28 iyul 2010-cu il tarixli 39 saylı əmri ilə təsdiq edilmiş və xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək olan müddətdə qüvvədə olmuş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydaları”nın 4.1.2-ci bəndində göstərilmişdir ki, MNK-nın marşrutu boyunca-boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; * kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər

tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; *çoxxətli MNK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər

tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; * kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin

oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; * su altından keçən boru kəmərinin oxu boyunca - sahilin hər iki tərəfindən 25 metr,

çoxxətli boru kəmərlərinin boyunca kənar kəmərlərin oxlarından hər tərəfə 100 metrlik məsafədə, su səthindən suyun dibinə qədər mühafizə sahəsi təşkil edilir; * fövqəladə hallarda içərisinə neftin, neft məhsullarının buraxılması üçün xüsusi

anbarların ətrafı - bu obyektlərin sərhədlərindən hər tərəfə 50 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır; * əsas və aralıqvurma, doldurma stansiyalarının, çənlər parklarının, doldurma və

boşaltma estakadalarının və körpülərinin, neftin və neft məhsullarının qızdırılması məntəqələrinin ətrafında göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metrlik məsafədə yerləşən torpaq sahəsi şərti xətlə məhdudlaşdırılır. 4.1.3-cü bəndində göstərilmişdir ki, “Mühafizə zonasında” Sənaye və Energetika Nazirliyinin və ARDNŞ-nin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan aşağıdakıların edilməsi qadağandır: - bina və qurğuların tikintisi; - ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi; - boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi; - meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi; - hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi. Bununla yanaşı analoji sahədə boru kəmərlərin mühafizə zonalarının yaradılması və həmin zonalarda yerləşən torpaqların istifadəni tənzimləyən normativ hüquqi aktlar da mövcuddur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları" 4.1-ci bəndinə görə İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1-ci bəndinə görə "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: bina və qurğuların tikintisi; ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi; boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi; meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi; hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi. 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. 2.8. Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. 2.9. Boru kəmərlərinin mühafizə zonalarında, kənd təsərrüfatı tarla işlərinin suvarma və yığım işlərinin başlanması haqqında, torpaq istifadəçiləri mülkiyyətçilər və icarəçilər tərəfindən, boru kəmərlərini istismar edən hüquqi şəxslər əvvəlcədən məlumatlandırılmalıdırlar. 2.10. Boru kəmərlərinin mühafizə zonalarında yerləşdirilməsi, suvarılan torpaqların müvəqqəti su altında qalması ilə əlaqədar görülən işlər, torpaq istifadəçiləri, mülkiyyətçilər və icarəçilər ilə boru kəmərlərini istismar edən hüquqi şəxslər arasında razılaşma ilə aparılır. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri. MPM-in 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə olan halda məhkəmə qaz kəmərlərində və ixrac neft kəmərlərində olduğu kimi magistral neft kəmərlərinin istismarına normal şərait yaradılması və zədələnməsinin qarşısının alınmasının həm dövlət, həm də ictimai maraqlar, o cümlədən insanların həyat və təhlükəsizliyinin, ətraf mühitin qorunması baxımından zəruriliyini nəzərə alaraq hesab edir ki, magistral neft kəmərlərinin ətrafında yerləşən torpaq sahələrinə münasibətdə analoji hüquq münasibətlərini magistral qaz kəmərləri və ixrac neft kəmərlərinin ətrafında mühafizə zonalarının yaradılması qaydalarını müəyyən edən normalar tətbiq edilməlidir. Həm qaz kəmərlərinin, həm də ixrac neft kəmərlərinin ətrafında torpaq sahələrinin rejimini tənzimləyən normalara görə isə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası hesab edilir. Hazırkı halda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin tikinti-quraşdırma və abadlaşdırma işlərin aparılmaq planlaşdırdığı və cavabdehin maneələrin törətdiyi hissəsinin cavabdehin balansında olan neft kəmərinə 50 metr az məsafədə yerləşməsi və belə olan halda həmin kəmərin “mühafizə zonası”na düşməsi işin mübahisəsiz halıdır. Digər tərəfdən məhkəmənin mübahisəyə tətbiq etdiyi normativ hüquqi aktlarda boru kəmərlərinin mühafizə zonasında tikinti-quraşdırma, abadlaşdırma işlərinin yalnız müvafiq idarələrin (Energetika Nazirliyi, SOCAR və onun İdarələrinin) icazəsi (razılığı) ilə həyata keçirilməli olması nəzərdə tutulmuşdur. Odur ki, iddiaçının istismarda olan neft kəmərinin mühafizə zonasında tikinti və abadlaşdırma işlərini aparmasına istismarçı təşkilatın (SOCAR-ın və ya onun səlahiyyətli idarəsinin) eləcə də Energetika Nazirliyinin razılığı olmadığından həmin ərazidə tikinti və abadlaşdırma işlərinin aparılması qanunaziddir. Neft boru kəmərləri ilə neft və neft məhsullarının nəqlinə cavabdeh qurum olan Neft Kəmərləri İdarəsi isə balansında olan neft kəmərinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılmasını qarşısını almaqda haqlıdır.

5. Müdaxilə qanuni məqsədlərə xidmət edirmi? Qanunverici boru kəmərlərinin ətrafında yerləşən torpaq sahələrinin mühafizə zonasına ayrılmasının məqsədlərini müvafiq normativ hüquqi aktlarda aydın ifadə etmişdir – kəmərlərin istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını alınması. Digər tərəfdən aydındır ki, neft kəmərlərində qəzaların qarşısının alınması istiqamətində tədbirlər görülməsi insanların həyat və təhlükəsizliyinin qorunması, ətraf mühitin mühafizəsi kimi məqsədlərə nail olmaq üçün da zəruridir. Bu baxımdan müdaxilənin qanuni məqsədlər naminə həyata keçirilməsi də şübhə doğurmur.

6. Müdaxilənin “ədalətli balans” qaydasına uyğun olub-olmaması? Bununla bağlı məhkəmə əvvəla qeyd edir ki, istismarda olan neft kəmərinin yaxınlığında tikintiquraşdırma, abadlaşdırma işlərinin aparılmasının insanların həyat və sağlamlğına və ekoloji tarazlığa təhlükə yarada biləcəyi açıq-aşkardır. Digər tərəfdən iddiaçının mülkiyyətindən istifadəyə tətbiq edilən məhdudiyyətlər istifadənin yalnız bir növünü (tikinti işlərinin aparılması) əhatə edir və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yalnız bir hissəsinə (boru kəmərində 50 metrədək olan məsafədə yerləşən hissəsinə) şamil edilir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çxıarışdan və texniki pasportdan da görünüdüyü kimi sözügedən torpaq sahəsi ərazisində yerləşən Donuzkökəltmə sovxozu ərazisində yerləşən 356 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinə (tövlə binasına) aid olan torpaq sahəsi kimi iddiaçının mülkiyyətinə verilmiş, yəni torpaq sahəsi tikinti aparılması məqsədi ilə ayrılmamışdır. Göstərilən hallar nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həyata keçirilən müdaxilə “ədalətli balans” prinsipinə cavab verən tədbir kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki,iddiaçının mülkiyyətindən istifadə etmək hüququna cavabdeh tərəfindən həyata keçirilən müdaxilə qanunilik, qanuni məqsədlərlə həyata keçirilmə və mütənasiblik prinsiplərinin tələblərinə cavab verdiyindən həmin müdaxilənin qanunsuz hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Odur ki, iddiaçının həmin müdaxilənin qanunsuz hesab edilməsi, son qoyulması və tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsinə, sahənin hasarının tamamlanması işlərinin aparılmasına maneə törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi cavabdehin nümayəndəsi baxış iclasında iddianın rədd edilməsini xahiş etdə də, hazırlıq iclasında iddianı etiraf etməsini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən normativ hüquqi aktların məzmunundan da göründüyü kimi boru kəmərlərinin mühafizə zonasında tikintiquraşdırma, abadlaşdırma işlərinin aparılmasına yalnız səlahiyyətli idarənin mütəxəssislərin rəyinə əsaslanan razılığı ilə yol verilir. Bu baxımdan hazırkı halda cavabdehin iddianı etiraf etməsi qanunauyğun hesab edilə və məhkəmə tərəfindən qəbul edilə bilməz. MPM-in 52.5-ci maddəsinə görə ddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı “X1” MMC-nin cavabdeh Neft Kəmərləri İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərə son qoyulması və torpaq sahəsində tikinti işlərinin aparılmasına maneə törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar