Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1992/2020 24.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh X3 iştirakları ilə, İddiaçı İB-nin cavabdeh X4 qarşı “borcun tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB-nin cavabdeh X4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 təbii qazdan istifadəyə görə yaranmış 15219,80 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı İB xx.xx.2019-cu il tarixli AMX- 7169/19 nömrəli müqavilə əsasında X4 məxsus müəssisəni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2020-ci il 15219,80 manat borcu yaranmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməy müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli AMX-7169/19 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X2 təbii qazdan istifadə nəticəsində yaranmış 11019,80 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini qismən qəbul edərək, sərfiyyat üzrə yaranmış borcu ödəyəcəyini, lakin aktlar üzrə borcu qəbul etmədiyini bildirdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı (Paylayıcı) ilə X5 (İstehlakçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli AMX-8260/19 saylı “Qaz paylayıcıları ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən hesab İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. - X3 (abonent kodu:**********00068) saldosundan görünür ki, abonentə 2017-ci il üçün 4200 manat, 2018-ci il in yanvar ayı üçün 1180,60 manat akt əsasında borc yazılmışdır. - İddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx xxx 2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, X4 məxsus istixanaya xx.xx.2017-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı İddiaçı İB-nin29/1640-00233 saylı qeyri-əhali qaz sayğacı yoxlanılmış və dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. - ******* saylı aktdan görünür ki, X4 məxsus istixanada qaz sayğacının işləmədiyi 29.11.-06.12 tarixləri üçün yanvar 2018-ci il tarixdə hesablanmış qaz sərfinin məbləği 691.20 manat təşkil edir. - ******* saylı aktdan görünür ki, X4 məxsus istixanada qaz sayğacının işləmədiyi 24.01-31.01 tarixləri üçün yanvar 2018-ci il tarixdə hesablanmış qaz sərfinin məbləği 489,40 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “İddiaçı (Paylayıcı) ilə X5 (İstehlakçı) arasında “Qaz paylayıcıları ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd olunan müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir. Hazırki iddia tələbi ilə İddiaçı İB 11019,80 manat borcun cavabdeh tərəfindən ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə məxsus istixanaya baxış keçirilmiş, akt tərtib edilmiş və həmçinin bu aktlar əsasında borc hesablanmışdır. Abonentin saldasunda da aktlar əsasında yazılmış borc məbləği 5380,60 manat olaraq göstərilmişdir. Məhkəmə ilk öncə həmin aktlara münasibət bildirir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 1.6-1.-ci bəndinə əsasən, qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkarlıq fəaliyyətinin subyekti məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda qeyd olunan maddi huquq normalarının tələblərinə əsasən məhkəmə iddiaçı tərəfindən cavabdehin mülkiyyətində olan istixanaya quraşdırılmış sayğaca texniki baxışın keçirilməsi halına qiymət verərək bildirir ki, xx.xx.2017-ci il tarixdə və 2018-ci ilin yanvar ayında cavabdehin istifadəsində olan istixanaya xidmət edən qaz sayğacına baxış keçirib akt tərtib edilmişdir. Sözügedən baxış yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən müvafiq reyestrdə qeydiyyata alınması şərtləndirilmiş yoxlamaların dairəsinə aid edilmişdir. Lakin iddiaçı tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi, yoxlamanın keçirilməsinə dair müvafiq bildirirşin cavabdehə təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübutlar təqdim edilməmişdir. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin istifadəsində olan istixanada quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin sahibkarlıq fəaliyyəti göstərdiyi istixanaya quraşdırılmış sayğac qanunvericiliyin pozulması ilə yoxlanıldığından ******* saylı, ******* saylı və ******* saylı aktlar əsasında abonentə artıq hesablanmış 5380,60 manat borc əsassızdır və cavabdehdən tələb edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq, qeyd edir ki, iddiaçı cavabdehə məxsus obyekti təbii qazla təmin edir və hazırda cavabdehdən 11019,80 manat pulun tutulmasını xahiş edir. Məhkəmə iclasında müəyyən edildi ki, həmin məbləğdən 5380,60 manat əsassız hesablanmış borc əsassızdır və cavabdehdən tələb edilə bilməz. Lakin 5639,20 manat (11019,80-5380.60=5639.2) cavabdehin öz öhdəliklərini lazımi qaydada yerinə yetirməməsinin nəticəsidir. Bu halı məhkəmə iclasında cavabdeh X5 da etiraf edir. Belə ki, cavabdeh sərfiyyata görə yaranmış borcun mövcudluğunu qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi aktlara əsasən yazılmış borc məbləği çıxılmaqla, yalnız cavabdehdən sərfiyyata görə yaranmış 5639,20 manat məbləğində borc tələbi ilə bağlı hissədə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 təbii qazdan istifadə nəticəsində yaranmış 5639,20 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 təbii qazdan istifadə nəticəsində yaranmış 5639,20 (beş min altı yüz otuz doqquz manat iyirmi qəpik) manat əsas borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh X2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1992/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1992/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver