Məhkəmə qərarları › İş №e-2-2(113)-203/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-203/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-203/2023 17.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi, istehlakçının təqsiri, balans mənsubiyyəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavadeh Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus **********00001 nömrəli abonent koduna 21 aprel 2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 18233,25 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, cavabdehin X6 İstismarı İdarəsinin əməkdaşları iddiaçıya məxsus G-1000 markalı, 83045556 nömrəli qaz sayğacını açıb götürərək müayinə laboratoriyasında növbədənkənar dövlət yoxlaması aparmış, yoxlama nəticəsində 21 aprel 2022-ci il tarixli, ******* saylı akt tərtib edilərək iddiaçının abonent koduna 72933 kub metr itirilmiş qaz hesablanmaqla 18233,25 manat borc daxil edilmişdir. Həmin hərəkətləri qanunsuz və əsassız hesab edən iddiaçı Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 filialına müraciət etmişdir. Müraciətlə bağlı aparılmış araşdırma ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları”nın 5.2-ci və həmin Qaydaların 3 nömrəli əlavəsinin “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi”nin 2.2.5-ci yarımbəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən cavabdehə pretenziya qaydasında müraciət edilsə də, müraciətlər nəticəsiz qalmışdır. Belə olan halda isə iddiaçının hüquqları pozulur, çünki qanunvericiliyin pozulması nəticəsində borc hesablanmış, həm də bu borca əsasən iddiaçıya qazın verilməsinin dayandırılacağı bildirilir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Qaz təchizatı haqqında” Qanun) 13-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları”nın (bundan sonra Qazdan istifadə Qaydaları) 5.2-ci bəndi qeyd olunmuşdur.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, iddiaçıya məxsus G-1000 markalı, 83045556 nömrəli qaz sayğacı İddiaçı MMC-dən 2 km kənarda, Lənkəran qaz paylayıcı stansiyada yerləşir. xx.xx.2022-ci il tarixdə adıçəkilən sayğaca baxış keçirilərək çıxarılmış, həmin gün də müvəqqəti olaraq başqa sayğac quraşdırılmışdır. Sonradan laborator analiz nəticəsində mübahisə predmeti olan borc hesablanmışdır. Sayğac təmir edilərək iyun ayında yenidən quraşdırılmış, lakin həddindən artıq sərfiyyat qeydə aldığına görə sentyabr ayında X6 İstismarı İdarəsinə müraciət olunaraq sayğacın yenidən yoxlanılması xahiş olunmuş, lakin müraciətlərinə cavab verilməmişdir.

5. Cavabdehin nümayəndəsi X3 “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçıya məxsus qaz xəttinin üzərində quraşdırılmış G-1000 markalı 83045556 nömrəli qaz sayğacına baxış keçirilən zaman sayğacın qeyri-məqbul işləməsi (elektron göstəricinin mexaniki göstəricidən geri qalması) müəyyən edilmişdir. Bu səbəbdən, həmin sayğac xx.xx.2022-ci il tarixində istehlakçıların iştirakı və imzası ilə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilərək çıxarılmış, əvəzinə G-1000 markalı 83045268 nömrəli qaz sayğacı quraşdırılmış və növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in 2.13-cü bəndinə əsasən, ölçmə vasitələrinin dövri yoxlaması, həmçinin sifariş əsasında yoxlama nişanı zədələndikdə, yoxlama haqqında şəhadətnamə qüvvədən düşdükdə, uzunmüddətli saxlamadan sonra ölçmə vasitəsi istismara buraxıldıqda (yoxlamaarası interval bir dəfədən çox olduqda), təkrar tənzimləmə (yustirləmə) və ya sazlamanın aparılması, ölçmə vasitəsinə məlum və ya ehtimal edilən zərbə təsiri zamanı, həmçinin cihazın qeyri-məqbul işləməsi zamanı həyata keçirilir. xx.xx.2022-ci il tarixində qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsinin nəzarəti altında dövlət yoxlamasından keçirilmişdir. Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının 21,04.2022-ci il tarixli, SS Nq 29/1640-00824 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktına görə impuls ötürücünün nasazlığı səbəbindən mexaniki hissədən keçən 27680 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı barədə rəy verilmişdir. Nəticədə təbii qazın uçotu dövlət standartlarına uyğun aparılmamışdır. Verilmiş rəyə görə və TOCT 2939-63 standartının tələbləri nəzərə alınmaqla İİP 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq 2022-ci ilin aprel ayında 72933 m3 uçota alınmayan təbii qazın həcmi və 18233,25 manat məbləğində dəyəri müəyyənləşdirilmişdir.

6. Etirazda o da göstərilmişdir ki, G-1000 markalı, 83045556 nömrəli qaz sayğacı iddiaçının vəsaiti hesabına alınmış və təsərrüfat sahəsində quraşdırılmışdır. “Qaz təchizatı haqqında” Qanunun və Qazdan istifadə Qaydalarının tələblərinə əsasən istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Belə olan halda, iddiaçı müəssisədə istismarda olan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır.

7. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri iddiaya etirazın məzmununa uyğun izahatlar vermiş, həmçinin məhkəmənin suallarına cavab olaraq qeyd etmişlər ki, G-1000 markalı, 83045556 nömrəli qaz sayğacının elektron və mexaniki göstəriciləri arasında fərq olduğundan sayğac çıxarılaraq yoxlamaya götürülüb, nəticədə qeyd edilən nasazlıq müəyyən olunub. Sayğaca hər hansı bir müdaxilə aşkar olunmasa da, həmin sayğacın saz vəziyyətdə saxlanılmasına cavabdeh iddiaçı olmuşdur. Yoxlama dövri olaraq aparıldığından sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların qiymətləndirilməsi və məhkəmənin mövqeyi:

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.

11. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 06 aprel 2022-ci il tarixli, ******* və ******* nömrəli aktlardan görünür ki, “Turbin” tipli G-1000 markalı 83045556 nömrəli sayğac çıxarılmış, çıxarılmaya səbəb kimi müvafiq hissədə hər hansı qeyd aparılmamış, “Turbin” tipli G-1000 markalı 83045268 nömrəli sayğac quraşdırılmış, quraşdırılmanın səbəbi isə müvəqqəti əvəzetmə olmuşdur.

12. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 02073 nömrəli qüsur aktından görünür ki, qəbul olunmuş G-1000 markalı 83045556 nömrəli sayğacda batareyanın (EK 220) müddətinin az, impuls ötürücüsünün nasaz olduğu qeyd edilmişdir.

13. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 29/1640-00824 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X00824 saylı 04 aprel 2022-ci il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış G1000 markalı 83045556 nömrəli turbin tipli “ELSTER” qaz sayğacı xx.xx.2022-ci il tarixdə xətdən çıxarılmış, xx.xx.2022-ci il tarixində Metrologiya Departamenti tərəfindən yoxlanılmış və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən dövrdə impuls ötürücünün nasazlığı səbəbindən elektron göstəricinin Vt mexaniki göstəricidən 27680 m3 az olduğu, şteykerin yenisi ilə əvəz olunmalı olduğu müəyyən edilmiş, yoxlamanın nəticəsi kimi batareya və impuls ötürücünün tələb olunduğu qeyd edilmişdir.

14. İddia ərizəsinə əlavə edilmiş 21 aprel 2022-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən xx.xx.2022-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və aşkar olunmuş nöqsanlar qrafasında batareyanın istismar müddətinin sonuna 36 ay (2019) qaldığı, impuls ötürücünün nasazlığı səbəbindən elektron göstəricinin Vt mexaniki göstəricidən 27680 m3 az olduğu qeyd olunmuşdur.

15. Məhkəməyə təqdim edilmiş 29 aprel 2022-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesblanmasına dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il ******* nömrəli akt əsasında G-1000 markalı, 83045556 nömrəli sayğac üçün mexaniki hissədən keçən qaz həcminin 27680 m3, əmsal 2,55 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır (72933 m3).

16. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixinə çap olunmuş abonentin saldosundan görünür ki, 2022-ci ilin 4-cü (aprel) ayı üçün akt əsasında 18233,25 manat borc hesablanmış və xx.xx.2023-cü il tarixə ödənilməmiş 53190,70 manat borc mövcuddur.

17. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən dövlət yoxlamasının aparılması məqsədi ilə 06 aprel 2022-ci il tarixində 83045556 nömrəli sayğac çıxarılmış, həmin sayğaca 21 aprel 2022-ci il tarixdə cavabdehin Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, 21 aprel 2022-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilərək 83045556 nömrəli sayğacda impuls ötürücünün nasaz olması, batareyasının müddətinin az qaldığı, impuls ötürücünün nasazlığı səbəbindən elektron göstəricinin (Vt) mexaniki göstəricidən 27680 m3 az olduğu qeyd olunmuş, həmin akt əsasında hesablama aparılaraq 29 aprel 2022-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə ilə 72933 m3 uçotu aparılmayan qaz həcmi müəyyən edilmiş və iddiaçıya 18233,25 (72933*0.25) manat borc hesablanmışdır.

18. Məhkəmə qeyd edir ki, laboratoriya rəyindəki məlumatlardan görünür ki, iddiaçının turbin tipli “Elster” qaz sayğacında nasazlıq yaranmış, bu səbəbdən elektron göstərici düzgün işləməmişdir. Sayğacda yaranmış bu nasaslığın istehlakçının təqsiri nəticəsində baş vermədiyi işin mübahisəsiz halıdır. Belə olan halda qaz sayğacında yaranmış nasazlığa görə istehlakçıya əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşdüyü halda cavabdeh bu hesablamanın qanuni əsasını göstərə bilməmişdir.

19. Azərbaycan Respublikasında qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət “Qaz təchizatı haqqında” Qanun və Qazdan istifadə Qaydaları ilə tənzimlənir. Qeyd edilən Qanunda və Qaydalarda istehlakçının təqsiri olmadan qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır.

20. “Qaz təchizatı haqqında” Qanunun 5.2-ci maddəsinə qeyd edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçıdan ödənilməsini tələb edə bilməz.

21. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, istehlakçı tərəfindən sayğaca müdaxilə edilmədiyi hallarda qazın dəyərinin yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanması nəzərdə tutulmuşdur.

22. Abonent saldosundan görünür ki, istehlakçının hər ay istehlak etdiyi qaz sərfiyyatı, o cümlədən 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayına qədər olan sərfiyyat cavabdeh tərəfindən hesablanaraq saldoda qeyd edilmiş, iddiaçı hər ay hesablanmış borca uyğun ödənişlər həyata keçirmişdir.

23. Bundan başqa, iddiaçının qaz təchizatı sisteminə cavabdeh tərəfindən keçirilmiş baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

24. Cavabdeh tərəf bildirir ki, qaz təchizatı sisteminə cavabdeh tərəfindən keçirilmiş yoxlamanın dövri yoxlama olması səbəbindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınması zərurəti olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin arqumeti əsassızdır və bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.

25. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

26. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

27. “Qaz təchizatı haqqında” Qanunun 5-ci maddəsinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.

28. Həmin Qanunun 5-1-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

29. Həmin Qanunun 5-2-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma)hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

30. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

31. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

32. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

33. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də, qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

34. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə, bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

35. Qeyd edilməlidir ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxışın) qeydə alınmalıdır. Lakin cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.

36. O da nəzərə alınmalıdır ki, Qazdan istifadə Qaydalarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Lakin məhkəməyə cavabdeh tərəfindən sözügedən qaz sayğacının balans mənsubiyyəti sərhəddinə dair sübutlar təqdim edilməmiş, qaz sayğacının İddiaçı MMC-dən 2 km kənarda, Lənkəran qaz paylayıcı stansiyada yerləşdiyi qeyd edilməklə kifayətlənilmişdir.

37. Vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi olmadığından və bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilmədiyindən məhkəmə hesab edir ki, yoxlamanın hüquqi nəticəsi qanunsuz hesab edilməli və xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış borc silinməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçınə məxsus **********00001 nömrəli abonent koduna 21 aprel 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 18233 (on səkkiz min iki yüz otuz üç) manat 25 (iyirmi beş) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar